Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2516/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin veriıməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1465/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi və sonrada iddia tələbinin dəqiqlşdirilməsi barədə ilə məhkəmədə iddia qaldıraraq, 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun göstərmiş olduğu səbəblərin əsassız sayılmasını və həmin ödəməni 4 ay (aprel, may, iyul və avqust) hesabı hesablanmaqla 760 manat ödənişin ona verilməsini məhkəmədən xahiş etmişdir (İş vərəqi 94). İddianın əsaslarına görə COVİD-19 (koronavirus) pandemiyasının yayılması ilə əlaqədar Azərbaycanda xüsusi karantın rejimi tətbiq olunur və əksər iş yerləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara görə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən işsizlər üçün 190 manat birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara görə Azərbaycan Respublikasının 13 şəhər və rayonunda sərtləşdırılmiş karantin rejimi 31 avqust 2020-ci il tarixədək uzadılmışdır. Həmin şəhərlərdən biri də Gəncə şəhəridir ki, iddiaçı Gəncə şəhərində yaşayır. 2020-ci ilin aprel ayından 190 manatın alınması üçün cavabdehə müraciət etsə də, ona imtina cavabı gəlmişdir. Həmin imtinaların birində göstərilmişdir ki, guya ki əmək pensiyası alır ona görə ona 190 manat birdəfəlik ödəniş düşmür, digərində isə qeyd edilmişdir ki, 10 aprel 2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır və birdəfəlik ödəmə yalnız işsiz şəxslərə verilir. Məlumat üçün qeyd edir ki, atası hərbçi olmuş və 2015-ci ildə ölmüşdür. Buna görə də 2015-ci ildən 2017-ci ilə qədər o, valideynin vəfat etməsinə görə pensiya almış və universiteti bitirdikdə pensiya ödənişi 2017-ci ildə dayandırılmışdır. Həmçinin imtinada qeyd edilmişdir ki, işaxtaran kimi qeydiyyatda olduğundan “Məşğulluq haqqında” Qanuna uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək, lakin qanununun tələbinə əsasən bugünədək ona hər hansı iş təklif olunmamış və 190 manat ödəniş edilməmişdir. Məlumat üçün bildirir ki, DSMF-nin Şəmkir rayon şöbəsinə də müraciət etmiş, oradan ona cavab verilmişdir ki, heç bir sosial müavinət və əmək pensiyası almır. “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən “şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır". 10 aprel 2020-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınsa da ona nə iş təklif olunmuş nə işsiz kimi qeydiyyata alınmış, nə də ki 190 manat müavinət verilməmişdir. Bununla da müvafiq icra hakimiyyəti orqanı hərəkətsizliyə yol vermiş, onun hüquqlarını pozmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddianın mümkün sayılmaması məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na müvafiq, olaraq nazirliklərin, habelə digər dövlət orqan və təşkilatların, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla aparılan araşdırma zamanı onun pensiya aldığı və qeyd edilən dövr üçün işsiz statusunun olmadığı aşkarlandığına görə həmin Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriya şəxslərə aid olunmamış, ona birdəfəlik ödəmənin verilməsindən qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1465/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı X2 işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə (2020-ci ilin beş ayı üzrə) aylıq 190 manat, ümumilikdə 950 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərar qanunsuz və əsassızdır. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi və buna uğun vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 "ömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmə Məşğulluq haqqında Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir . «X3 Agentliyi tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmsına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədi ilə SMS-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Mərkəzdə iş aparılır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədi ilə özünü məşğulluğa cəlb edir. Məhkəmə qanunvericiliyin imkanından istifadə etməyərək dövlətin əlavə maliyyə yükünə səbəb olur. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən T.Vəliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş İddiaçı1 məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından, o cümlədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işaxtaran kimi qeydə alınmış, lakin qanunvericilikdə nəzərdə tutulan müddətdə ona hər hansı iş təklif olunmamış və lakin işsiz statusu da qeydə alınmamışdır. Halbuki, “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən “şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır". Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda, iddiaçı xx.xx.2020-ci il tarixdə işaxtaran kimi qeydə alındığı tarixdən 5 gün sonra, yəni, xx.xx.2020-ci il tarixdən “işsiz” statusuna malik şəxs hesab olunur. Bu baxımdan, cavabdehin iddiaçının işsiz statusunun olmaması ilə bağlı olan dəlilləri əhəmiyyətsizdir. İş materiallarının 5-ci vərəqində olan, cavabdehin iddiaçıya ünvanladığı “SMS” bildirşinə əsasən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixində (20:42) onun əmək pensiyasçısı olduğu əsas gətirilərək COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına müvafiq olaraq ona 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan “pensiyaçı olması” əsası ilə COVİD-19 pandemiyası ilə bağlı ödəmənin verilməsindən iddiaçıya imtina olunması tamamilə əsassızdır. Belə ki, iddiaçı birdəfəlik ödəmə ilə bağı müraciət edərkən, bundan sonra və halhazırda onun sosial müavinət və əmək pensiyası alması iş materiallarına əsasən sübut olunmur və cavabdeh tərəfindən əslində, bu hal hazırkı apellyasiya şikayətində mübahisələndirildiyi də müəyyən olunmur. İddiaçının, iddia ərizəsində hərbçi atasının 2015-ci ildə ölməsi ilə əlaqədar 2015-ci ildən ailə başçısını itirməyə görə ona ödənilən pensiya 2017-ci ildə dayandırıldığını bildirərək bunun təsdiqi olaraq Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin məktubuna istinad edir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, 2020-ci ildə iddiaçının ailə başçısını itirməyə görə pensiya alması heç ağlabatan deyil. Belə ki, onun işdə olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1996-cü il tarixdə doğlmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.3-cü maddəsi isə nəzərədə tutur ki, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək vəfat etmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçının 2020-ci ildə pensiyaçı olması istisna olunur. Belə olan halda, cavabdeh orqan tərəfindən elektron informasiya sisteminin göstəriciləri dəyiqləşdirmədən, həqiqətə uyğun olmayan və təhrif olunmuş məlumatlar əsasında iddiaçıya pandemiya ilə əlaqədar birdəfəlik ödəmənin verilməsindən imtina olunması əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planına və 2020-ci il 7 aprel tarixli 127 "nömrəli Qərarı ilə təsdiq edilmiş “Qayda”ya müvafiq olaraq (190 manat) birdəfəlik ödəmənin verilməsi proqramının hazırda başa çataraq icrası müddəti bitdiyini və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödənildiyini əsas tutaraq iddiaçının tələbini mümkün hesab etməməsi ilə bağlı dəlillərini də əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı nəzərdə tutur ki, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması və ödəmənin cavabdeh nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş“Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” aşağıdakıları nəzərdə tutmuşdur: “...1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Eyni zamanda, "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin: - 23 iyun 2020-ci il tarixli, 216 №-li, 7 avqust 2020-ci il tarixli 283 №-li, 23 dekabr 2020-ci il tarixli 506 №-li Qərarları ilə nəzərdə tuulmuşdur: « Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” nəzərdə tutur ki, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.» İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı faktiki olaraq Məşğulluq haqqında Qanunun 5.5-ci maddəsinin tələbinə müvafiq olaraq işsizlik statusuna malik olduğu və Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq olunmuş «Qayda»nın 2.3cü bəndində sadalanan ödəmələri almadığı halda, cavabdeh orqan Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin 190 manat məbləğində birdəfəlik ödəmələrin 2020-ci ilin aprel-may aylarında həyata keçirilməsinə və 600 min şəxsi əhatə etməklə buna uyğun vəsaitin ayrıldığına və həmin vəsaitin ödəniş müddətinin bitdiyinə istinadən iddianın mümkün iddia hesab etmədiyini vurğulayaraq birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1465/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Qeyd edilənlərə əsasən və İPM-in 52, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1465/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2516/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2516/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver