Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2517/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində göstərilməklə “hərbi xidmət keçməyə dair arayışın verilməsi ” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinə (bundan sonra mətndə SHXÇÜDX Bakı şəhəri Yasamal Rayon İdarəsi) qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası (bundan sonra mətndə MHHK) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1992-ci il tarixdən 06 fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçməsinə dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, 1 yanvar 1992-ci ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Cahangir Kərimovun komandir olduğu Tər-Tər-Bakı “Qurtuluş” könüllülər batalyonuna yazılmışdır. Batalyonları əvvəlcə N №-li briqadanın tərkibində olan N №-li hərbi hissəyə birləşdirilmişdir. Sonradan isə N saylı hərbi hissədə siravi əsgər kimi xidmətini davam etdirmişdir. Bu batalyonun tərkibində Laçın-Kəlbəcər rayonunda döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixində KəlbəcərLaçın yolu “Qayğı” qəsəbəsinin yanında gedən döyüşlərdə sağ qolundan ağır yaralanmışdır və Şuşa şəhərinə gətirilmişdir, ilk yardım göstərildikdən sonra xx.xx.1992-ci ildə Bakı şəhəri hərbi hospitalına gətirilmişdir. Hospitalın travmatologiya şöbəsində cərrahi əməliyyat keçirərək və müalicə olunmuşdur. xx.xx.1992-ci ildə hospitaldan çıxmışdır. Ciddi müalicəyə ehtiyacının olması ilə bağlı olaraq hərbi hissədən N günlük ezamiyyətə buraxılmışdır. Vəziyyətinin ağırlaşması ilə bağlı yenə də hərbi hospitalda müalicələr almışdır. Sonra Hərbi Hospitalın göndərişi əsasında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin xəstəxanasında yataraq müalicə almışdır. Xəsarətinin ağır olması ilə bağlı 2 qrup əlillik təyin edilmişdir və bu səbəbdən də hərbi hissəyə qayıda bilməmişdir. Bu barədə Binəqədi rayon hərbi komisarlığına məlumat vermişdir. Yaralanmağını və əlilliyini təsdiq edən bütün sənədləri qaydasında olduğu üçün 1-ci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil kimi qeydiyyatdadır və bütün imtiyazlarla və mənzillə təmin edilmişdir və hər hansı bir problemi olmamışdır. Lakin Azərbaycan Respublikası Prezidenti tərəfindən ayrılmış sığorta məbləğini almaq üçün SHXÇÜDX Bakı şəhəri Yasamal rayon idarəsinə müraciət etməsi ilə bağlı ona bildirilmişdir ki, SHXÇÜDX Bakı şəhəri Yasamal rayon idarəsinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, vətəndaşın xəstəliyinə səbəb əlaqəsinin müəyyən edilməsi və tibbi şəhadətləndirilməsi üçün MHHK-ya onun döyüş əməliyyatları zamanı yaralanması barədə sənədlər və xidmət illərinin təsdiq edən arayış təqdim olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində onun xidməti barədə məlumat aşkar edilmədiyinə görə tərəflərindən sənədlərin müvafiq komissiyaya təqdim olunması mümkün deyil. Onda olan sənədləri təqdim etməsinə baxmayaraq belə bir cavab verilmişdir. Qeyd olunan imtinanı əsassız hesab edir belə ki, o üzərinə düşən bütün lazımi addımları atmışdır, sənədlərinin qeydə alınmaması onun günahı deyildir. Bununla yanaşı bu günə qədər sənədləri ilə bağlı olaraq hər hansı bir problem olmadığı halda yenidən hansısa sənədin olmaması barədə ona məhdudiyyət qoyulması onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, döyüşdə yaralanmağı ilə bağlı olaraq N günlük məzuniyyətlə bağlı və sığorta məbləğinin alınmasına dair -32095- saylı Hərbi hissənin xx.xx.1992-ci il tarixli N №li 4 ədəd arayışı, müalicə almaq üçün Müdafiə Nazirliyinin hospitalına daxil olması ilə bağlı xx.xx.1992-ci il tarixli 169/ok №li məktub, İİ qrup əlilliyi ilə bağlı Binəqədi rayon hərbi komissarlığının 21.05.93-cü il tarixli arayışı qeyd olunanları bir daha təsdiq edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı ildə Kəlbəcər rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1989-cu ildə Kirov rayon Hərbi Komissarlığı tərəfindən uçota alınmış, xx.xx.2005-ci ildə uçotdan çıxarılmış, xx.xx.2005-ci il tarixdə Yasamal rayon Hərbi Komissarlığında uçota alınmışdır (Hərbi biletin 26-cı səhifəsi). 08 oktyabr 1984-cü ildən 06 mart 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - Kirov (hazrkı Binəqədi) rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 77 №-li, xx.xx.1993-cü il tarixli ararışda (surəti) qeyd olunmuşdur ki, 1966-cı ildə Bakı şəhərində doğulmuş X1 rayonu ərazisində ermənilərə qarşı döyüşlərdə ağır yaralanmışdır. - Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N №-li, xx.xx.1992-ci il tarixli arayışda qeyd olunmuşdur ki, noyabr 1991-ci ildən N №li hərbi hissənin sıravi əsgəri olan İddiaçı hərbi xidmət keçmə zamanı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi əməliyyatlar nəticəsində yaralandığı müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup (müddətsiz ) əlildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 4/2-8077 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il və yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmətləri barədə və yaralanmaqları barədə məlumat aşkar olunmamışdır. 18211 №-li, N №-li, N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin yanvar xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən barələrində xx.xx.2018-ci il tarixli 9/2-19198 №-li məktubla ünvanlarına cavab göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 2970 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması barədə adına tərtib olunmuş arayış ünvanınına göndərilir. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin xəstəxanasının tibbi sənədləri Müdafiə Nazirliyinin Baş X2 Tibbi Arxivinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı stasionar müayinə və müalicədə olması barədə məlumat verə bilmirlər. Məktuba əlavə olunmuş 2970 №-li, xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sağ dirsək sümüyünün odlu silah sınığı. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1992-ci ilə məxsus 1 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 74-cü səhifəsində olan 723-cü sayındakı qeyd. -hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan SHXÇÜDX Bakı şəhəri Yasamal Rayon İdarəsinin M/2184 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmudur ki, vətəndaşın xəstəliyinin səbəb əlaqəsinin müəyyən edilməsi və tibbi şəhadətləndirilməsi üçün MHHK-ya onun döyüş əməliyyatları zamanı yaralanması barədə sənədlər və xidmət illərini təsdiq edən arayış təqdim olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində onun xidməti barədə məlumat aşkar olunmadığına görə tərəflərindən sənədlərin müvafiq qaydada komissiyaya təqdim olunması mümkün deyil. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu. 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə. 3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin predmetini hərbi xidmət keçməsinə dair müvafiq arayışın əldə edilməsi təşkil edir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində iddiaçının xidməti barədə məlumat aşkar olunmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi vətəndaşların hərbi xidmət dövrü deyilərkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları günədək olan dövr nəzərdə tutulur. Hazırkı iş üzrə iddiaçının hərbi xidməti barədə məlumatın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2517/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2517/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver