Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2518/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhəri 26 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X5 (03.02.1964-cü il tarixdə Amasiya rayonunun Yeniyol kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) ) “icra sənədinin icrası ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi və qiymətləndirməyə göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)- 6161/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC 12.04.2019-cu il tarixində cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı Yasamal rayon İca və Probasiya Şöbəsinin 2(103)-9284/2017 saylı, 07.11.2017ci il tarixli icra sənədi üzrə 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktubu ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X7” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, müvafiq qərarının ləğv edilməsi və Cavabdeh üzərinə borclu X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh icraatında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, 07.11.2017-ci il tarixli icra sənədi vardır. Həmin icra sənədi üzrə icra şöbəsi tərəfindən borclu X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2018-ci ilin may ayında qiymətləndiriciyə göndərilmişdir. Əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən 18.09.2018-ci il tarixli, QR-1293 saylı qiymətləndirmə rəyi (qiymətləndirmə hesabatı) verlmişdir. Həmin Qiymətləndirmə rəyində göstərilən 8.700.000 manat məbləğini əsas götürən icra şöbəsi 17/52-51756/18-31789 nömrəli, 09.10.2018-ci il tarixli təkliflə daşınmaz əmlakı İddiaçı MMC-yə təklif etmişdir. Lakin, İddiaçı MMC həmin Təklifdən imtina edərək, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsinin real bazar qiymətlərinə tamamilə uyğun olmamasının və bazar qiymətindən dəfələrlə yuxarı olmasını qeyd etmişdir, həmçinin həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsini və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. Lakin, icra şöbəsi cavabında bildirmişdir ki, İddiaçı MMC-nin qiymətləndirmə rəyini məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Buna baxmayaraq, icra şöbəsi 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktub göndərərək icra sənədi üzrə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X7” MMC-yə göndərdiyini bildirmişdir. İcra Şöbəsinin bu qanunsuz hərəkəti tələbkar kimi, İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Belə ki, İddiaçı MMC məktubunda da, bildirdiyi kimi, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun deyil. Bazar qiymətindən dəfələrlə yuxarıdır, həmçinin həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Hal-hazırda həmin qiymətlə daşınmaz əmlakın hərraca göndərilməsi özü-özlüyündə etibarsızdır. Çünki, qiymətləndirmə rəyində də, qeyd edildiyi kimi, “Tərtib edilmiş qiymətləndirmə rəyi 3 (üç) ay müddətində hüquqi qüvvəyə malikdir. Müddət başa çatdığı gündən rəyi tərtib etmiş qiymətləndirmə şirkəti və mütəxəssislər heç bir məsuliyyət daşımır”. Beləliklkə, 18.12.2018-ci il tarixində öz hüquqi qüvvəsini itirən qiymətləndirməni əsas götürərək icra şöbəsi tərəfindən daşınmaz əmlakın satılması üçün hərraca göndərilməsi yolverilməzdir və qanunsuzdur. Bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlər davam etməkdədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2043/2019 saylı, 07.05.2019-cu il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı MMC-nin iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1777/19 saylı, 11 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər C.Yusifov,V.Ağayev,A.Nuriyeva) İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2043/2019 saylı, 07.05.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-11/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov,S.Hüseynova,K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyul tarixli, 2-1(103)-1777/2019 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6161/2021 saylı, 10.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan 10.06.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 2(103)-9284/2017 saylı, 07.11.2017-ci il tarixli icra sənədi üzrə 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktub ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X7” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X4 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəyişdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icra işinə əsasən - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9284/17 saylı, 07 noyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş, 02 fevral 2018-ci il tarixli icra vərəqəsi (hakim E.Həsənov) icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən icra vərəqəsinə əsasən İcra Şöbəsi tərəfindən X1 1.600.000 (bir milyon altı yüz) (mətnə uyğun) manat və ödənilmiş dövlət rüsumu hesabına 15 (on beş) manat, cəmi 1.600.015 (bir milyon altı yüz on beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi təmin edilməlidir. - Cavabdeh 27.02.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, 07.11.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə tələbin könüllü icrası barədə borclu X4 bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən icra sənədinin icrası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə icra olunmamışdır. İcra məmuru tərəfindən icra sənədinin icrası üzrə zəruri tədbirlər davam etdirilmişdir (iddiaçının adında daşınmaz əmlak, nəqliyyat vasitəsinin olması və s. ilə bağlı sorğular verilmiş). - İddiaçı MMC 19.03.2018-ci il tarixdə, borclu X3 etibarnamə üzrə nümayəndəsi X9 isə 02.04.2018-ci il tarixdə Cavabdehnə müvafiq ərizələrlə müraciət edərək, icra sənədi üzrə mübahisəli borc məbləğinin X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən ümumi sahəsi 2566.86 kv.m olan qeyriyaşayış sahəsinə və 0.16775 ha torpaq sahəsinə yönəldilməsini xahiş etmişlər. Sözügedən ərizələr nəzərə alınaraq, icra məmuru tərəfindən “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimat tərtib olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-524/2018 saylı, 18.04.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və borclunun sözügedən əmlaklarının üzərinə həbs qoyulmuşdur. -Cavabdeh 07.05.2018-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarı ilə sözügedən icra sənədinin icrası üçün hərracda satılmalı olan əmlakın qiymətləndirilməsində yaranmış zərurətlə əlaqədar "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş, sözügedən əmlakların mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. -"xxxx" MMC tərəfindən QXM/1293 nömrəli, 18.09.2018-ci il tarixli məktubla, Cavabdeh 07.05.2018-ci il tarixli qərarı icra olunaraq, sözügedən əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilmiş və 18.09.2018-ci il tarixə bazar dəyəri 8 700 000 (səkkiz milyon yeddi yüz min) manat müəyyən edilmiş, bununla bağlı qiymətləndirmə rəyi İcra Şöbəsinə təqdim edilmişdir. - Cavabdeh tərəfindən "xxxx" MMC-nin qiymətləndirmə rəyi İddiaçı MMC-yə təqdim edilmiş, İddiaçı MMC 25 dekabr 2018-ci il tarixli məktubu ilə həmin qiymətləndirmə rəyi ilə razı olmadığını, həmin məbləğə daşınmaz əmlakın alınmasından imtina etdiklərini və həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsi və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin həmin məktubuna cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən 17/72-51756/18-2038 nömrəli, 04.01.2019-cu il tarixli məktubla cavab verilərək, "xxxx" MMC-nin müvafiq qiymətləndirmə rəyini məhkəmə qaydasında mübahisələndirmək hüquqları olduğu bildirilmişdir. Bundan sonra 51756/18 saylı sifariş məktubu ilə “X7” MMC-yə hərracın keçirilməsi haqqında 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktubu göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyin edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, hazırkı iş üzrə iddia tələbini cavabdehin hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X7” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X4 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyinin qoyulması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin sözügedən icra sənədinin icrası ilə əlaqədar icra məmuru əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. İcra məmuru mübahisəli əmlakın hərrac vasitəsi ilə satılması üçün zəruri hərəkətlər edərək, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndiriciyə sifariş vermiş və sonuncu da verilmiş sifariş əsasında əmlakın qiymətləndirilməsini həyata keçirmişdir. Qanuna görə, icra məmuru tələbin borclunun əmlakına yönəldilməsi prosedurları çərçivəsində əmlakın hərracda satılmasını təmin edə bilmək üçün əvvəlcə onun qiymətləndirməsini təşkil etməli və müvafiq rəy almalıdır. Bundan sonra isə o, hərracın keçirilməsinə dair ixtisaslaşmış müəssisəyə sifariş verməli və bu zaman həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiymətini göstərməlidir. Hərracı keçirən təşkilat isə bununla bağlı bildirişində digər məlumatlarla yanaşı habelə hərracın başlanğıc qiyməti barədə məlumat verməlidir. İcra məmurunun sifarişi əsasında keçirilən hərraclardakı belə başlanğıc qiyməti kimi isə onun hərracın keçirilməsi ilə bağlı ixtisaslaşmış müəssisəyə verdiyi sifarişdə göstərdiyi ilkin qiymət çıxış edir. Mülki qanunvericilikdə icra məmurunun sifarişindən sonra həmişə hərracın keçiriləcəyi barədə imperativ müddəa yoxdur. Əksinə, müəyyən şərtlər daxilində hərracın keçirilməməsi də mümkündür. Hərrac baş tutduqda isə müqavilə qüvvəsinə malik olan hərracın nəticələri haqqında protokol imzalanır. Mülki qanunvericilik həmçinin həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyini təsbit edir. Beləliklə, müəyyənləşdirilməli hal ondan ibarətdir ki, iddiaçı MMC-nin hüququna müdaxilə nə zaman baş vermiş olur - əmlakın qiymətləndirilməsinə dair rəy verildikdə, ilkin satış qiyməti göstərilməklə hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verildikdə, yoxsa hərrac keçirilməklə əmlak satıldıqda. Məhkəmə hesab edir ki, icra icraatının gedişində əmlakın qiymətləndirilməsinə dair verilmiş rəy (hesabat) özü-özlüyündə iddiaçı MMC ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də, gəlmək mümkün deyildir. Belə ki, digər növbəti icra hərəkətləri aparılmadığı halda yalnız əmlakın qiymətləndirilməsi faktının mövcudluğu özü-özlüyündə tələbkarın və ya borclunun hüququnun pozuntusunu yaratmır. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətlərini aparmalı olduğuna dair imperativ norma yoxdur. İcra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni qiymətləndirmə təyin etməkdə və əldə edilmiş həmin yeni qiymətə əsasən növbəti icra hərəkətlərini aparmaqda sərbəstdir. Nəzərə alınmalıdır ki, icra məmurunun vəzifəsi istənilən qiymət əsasında hərracı keçirməyə nail olmaqdan ibarət deyildir. O, məhkəmə qərarının icrasını təmin edərkən tələbkarın və borclunun əsaslı mənafelərini də gözləmək vəzifəsi daşıyır. Buna görə də, onun hərraca çıxarılacaq əmlakın real dəyərini müəyyən etmək vəzifəsinin olduğu qəbul edilməlidir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin müddəalarından çıxış etməklə icra icraatının tərəfləri özlərinin əldə etdikləri qiymətləndirmə rəylərini icra məmuruna təqdim etməklə, həmin qiymətin ilkin satış qiyməti kimi götürülməsini xahiş edə, eləcə də icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mülahizələrini təqdim edə bilərlər. Tərəflərin rəylə bağlı əsaslı dəlillərinin icra məmuru tərəfindən nəzərə alınmaması düşünülə bilməz. Bu, hüquqi dövlətin ümumi prinsiplərinə və ümumən inzibati icraatın əsas prinsiplərindən biri olan mötəbərlik prezumpsiyasına ziddiyyət yaratmış olar. Sözügedən prinsiplər tələb edir ki, dövlət orqanları qərar qəbul edərkən baxılan məsələnin mahiyyəti ilə sıx bağlı olan maraqlı tərəflərin təqdim etdiyi dəlillərin qəbul edilibedilməməsinə dair prosessual təminatları da gözləməklə əsaslandırılmış münasibət bildirməlidirlər. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qiymətləndirmə rəyinin mövcudluğu digər icra hərəkətləri (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi və hərrac keçirilməklə əmlakın satılması) edilmədikdə müstəqil olaraq hər hansı hüquqi nəticə doğurmur. Ayrılıqda həmin rəy əsas götürülməklə əmlakın taleyi həll edilə bilməz. Əmlakın hüquqi müqəddəratı ilə bağlı məsələ yalnız digər növbəti icra hərəkətlərinin (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi və hərrac keçirilməklə əmlakın satılması) başa çatması nəticəsində həll edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı qiymətləndirmə rəyi ilə razılaşmayaraq, hərracın keçirilməsi barədə sifariş verilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərini mübahisələndirsə də (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi onun üçün hüquqi nəticə doğurur), o, nə inzibati icraat zamanı, nə də ki, məhkəmə araşdırması zamanı icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mötəbər sübut, əsaslandırılmış mülahizə təqdim edə bilməmiş, sadəcə öz formal mülahizəsinə əsaslanaraq, əmlakın qiymətinin bazar dəyərindən artıq olmasına istinad edərək, hərracın keçirilməsi barədə sifariş verilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərinin qanunsuz sayılmasını və əmlakın yenidən başqa qiymətləndiriciyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2518/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2518/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver