Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2519/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, nümayəndəsi vəkil X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2021 saylı 07.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 12.11.2020-ci il tarixli **********1 saylı əmrindən ibarət inzibati aktının ləğv edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...O, 24 aprel 2004-cü ildən 12 noyabr 2020-ci il tarixinə kimi cavabdeh nazirlik yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi - əmək müfəttişi vəzifəsində xidmət etmişdir. 12.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin eyni tarixli, **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinin tələbləri əsas götürülməklə guya əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmiş və onunla 26 may 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr aşağıdakılara əsasən qanunsuz və əsassızdır Belə ki, cavabdeh əmr verilərkən adı çəkilən Qanunun 25.6-cı maddəsinin tələblərini pozmuş və əmək funksiyalarının icrasında guya yol verdiyi nöqsanlara görə AR ƏƏSMN Aparatı Daxili nəzarət və audit şöbəsinin 21 oktyabr 2020-ci il tarixli **********3 nömrəli xidməti məruzəsini əsas götürmüşdür. Xidməti məruzə birtərəfli qaydada, heç bir konkret sübut və əsas olmadan tərtib edilmişdir və onun surəti qanunla müəyyən olunmuş qaydada ona təqdim edilməmişdir. Halbuki, aprel 2004-cü ildən 12 noyabr 2020-ci il tarixinə kimi X6 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi vəzifəsində qulluq keçdiyi müddət ərzində barəsində heç bir cəza tədbiri görülməmiş, əksinə hər zaman vəzifə funksiyalarını layiqincə və yüksən səviyyədə yerinə yetirmişdir və rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 05 oktyabr 2020-ci il tarixindən 11 noyabr 2020-ci il tarix də daxil olmaqla növbəti əmək məzuniyyətində olmuşd, məzuniyyətdə olduğuna baxmayaraq, 07 oktyabr 2020-ci il tarixdə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq, avqust 2020ci ildə icraatında olmuş X1 öz anası Arzu Səfərovaya məxsus "xxxx" MMC-də özünün xəbəri olmadan işə qəbul edilməsi barədə şikayət ərizəsinin araşdırılmasının gedişatından narazı qaldığı və bu barədə Nazirliyə şikayət etməsi ona bildirilmiş və ondan izahat tələb olunmuşdur. Bununla bağlı qısa izahatı ilə bildirmişdir ki, şikayətçinin ərizəsinin araşdırılması başa çatmışdır. "xxxx" MMC-nin direktoru Arzu Səfərova barəsində toplanmış sənədləri İdarənin sektor müdiri və rəis müavini ilə müzakirə edərək, onların dərkənarını aldıqdan sonra İXMnin 192.4 və 192.6-cı maddələri ilə İXH-da protokol tərtib etmişdir. Rəhbərlik tərəfindən Arzu Səfərovanın iştirakı ilə tərtib etdiyi protokola baxılmış, Arzu Səfərova barəsində toplanmış sənədləri İdarənin sektor müdiri və rəis müavini ilə müzakirə edərək, onların dərkənarını aldıqdan sonra İXM-nin 192.4 və 192.6-cı maddələri ilə İXH-da protokol tərtib etmişdir. Rəhbərlik tərəfindən Arzu Səfərovanın iştirakı ilə tərtib etdiyi protokola baxılmış, Arzu Səfərova 1.500 (bir min beş yüz) manat inzibati qaydada cərimə edilmişdir. Bu barədə DƏMX tərəfindən müvafiq dərkənar verilmiş, “işə tikilsin” dərkənarı veriləndən sonra şikayətçiyə hazırladığı cavabı rəhbərlik tərəfindən imzalanaraq göndəriləcəyini bildirmişdir. Əmrdə işdən azad edilməsinin xidməti məruzədə göstərilən əsasları ona təqdim edilməmişdir. Əmr formal mülahizələrə və əsassız ehtimallara əsaslanaraq verilmişdir....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2021 saylı 07.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Qərar qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq olunmalı hüquq normaları tətbiq edilməmişdir. Belə ki, A.Səfərovanın əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi aşkarlanmamışdır. Çünki şikayətçi G.Məmmədzadənin əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi barədə elektron informasiya sistemindən çıxarılmış bildiriş vardır. Bundan əlavə AR İXM-də cərimənin məbləği barədə qərar vermək idarə rəisi və ya müavinin səlahiyyətlərinə daxildir. Çünki ana-bala iki şəxs arasındakı ziddiyyət ikincinin dediklərini tam həqiqət kimi qəbul etməyə əsas vermir. Ona görə ki, Gündüz Məmmədzadənin özünə lazım olan sənədləri, o cümlədən, sosial müavinət pulunu əldə etmək üçün anasının yanına Bakıya gəlib-getməsi onun özünün dedikləri ilə də təsdiq olunur. Əgər gəlib-getməsini özü təsdiq edirsə, onda əmək müqaviləsini də özü tərəfindən imzalanması və sonra da anasını evdən çıxatdıqdan sonra həmin müqaviləni digər sənədlərlə birlikdə oğurlanması da inkar oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndində deyilir ki, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. A.Səfərova da G.Məmmədzadənin əmək müqaviləsini elektron informasiya sistemində qeydiyyata almışdır. Onun adına əmək müqaviləsi olduğu üçün aztəminatlı ailələrə verilən 190 manatı ala bilmədiyinə görə anasının rəhbərlik etdiyi şirkətin bəzi sənədlərini, o cümlədən əmək müqaviləsini gizli götürmüş, sonra da anasından şikayət etmişdir. Anasının guya kiminləsə telefonla danşaraq ilkin olaraq 5000 manat, sonra da 4000 manat pul verəcəyi ilə bağlı arvadının eşitdiklərini uydurmaqla, öz dediklərini həqiqətə bənzətməyə çalışmışdır. A.Səfərova barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə 1500 manat cərimə olunması ilə bağlı qəbul edilmiş qərardan narazı qalaraq Səbail rayon məhkəməsinə etdiyi şikayətə baxılarkən şikayət qismən təmin edilmiş və qərar ləğv edilərək iş baxılması üçün X6 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmiş və bildirilmişdir ki, İdarənin 25 sentyabr 2020-ci il tarixli MN 646418 saylı “İnzibati tənbehvermə haqqında” qərar qəbul edərkən yuxarıda qeyd olunan halların tam araşdırılmaması, Məcəllənin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Daha sonra, Xidmətin Nazirliyə ünvanladığı 23.11.2020-ci il tarixli (əmri veriləndən sonra) “Xidməti məruzə”də göstərilmişdir ki, (həmin xidməti məruzədən hal-hazıra kimi xəbəri yoxdur) vətəndaş G.Məmmədzadə Xidmətin Bakı şəhər İdarəsinin məsləhətçi əmək müfəttişi İddiaçı qanunsuz hərəkətləri ilə bağlı Nazirliyin Daxili nəzarət və audit şöbəsində baxılmış, araşdırma zamanı "xxxx" MMC-nin direktoru Arzu Səfərova tərəfindən G.Məmmədzadənin əmək müqaviləsinə xitam verilməsi zamanı İXM-in 192.4-cü və 192.6cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi aşkar faktla əlaqədar A.Səfərova barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Nazirliyin araşdırması zamanı A.Səfərovanın və G.Məmmədzadənin izahatlarından sonuncunun əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi’’ altsisteminə 27.07.2020-ci il tarixdə daxil edildiyini nəzərə alaraq inzibati xəta faktının mövcud olduğu təsdiq olunsa da inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata başlamaq mümkün olmamışdır. Buradan göründüyü kimi, Xidmət əvvəl qəbul etdiyi qərarı inkar edir. Nəzərə almaq lazımdır ki, G.Məmmədzadənin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona necə xitam verilə bilər ki, Xidmət tərəfindən yenidən adı çəkilən müraciət araşdırılaraq inzibati xəta faktının mövcüdluğu təsdiq olunmuşdursa, onda İXM-nin 38-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini xitam verilmə tarixindən hesablanmışdır. Bu faktların həqiqətə və qanuna uyğun olmadığına məhkəmə tərəfindən qiymət verilməmişdir. Digər tərəfdən yuxarıda qeyd etdiyi kimi, məhz həmin zamanı "xxxx" MMC-yə məxsus bir qrup sənədlərin, o cümlədən yazılı əmək müqaviləsinin oğurlanması barədə A.Səfərovanın 41-ci Polis bölməsinə yazılı müraciəti onu deməyə əsas verir ki, A.Səfərova ilə G.Məmmədzadə ararsında yazılı əmək müqaviləsi olmuşdur və bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və bu barədə elektron məlumat alınmışdır. Əks halda, şirkətin bir qrup işlərinin görülməsinə G.Məmmədzadə cəlb edilə bilməzdi. Nəhayət, belə bir vəziyyətdə barəsində sərt intizam tədbiri görülməsinə gəldikdə, cavabdeh mənim barəmdə çıxarılmış əmrin əsası kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə istinad etmişdir. Həmin normaya görə dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Göründüyü kimi, Qanunun bu hissəsində imperativlik yoxdur. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa hal nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində aşağıdakı intizam təbehi tədbirlərindən biri tətbiq edilə bilər; 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaçının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Bu Qanunun25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərədə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Tərəfindən bu Qanunun 20-ci maddəsinin tələblərinə riayət edilməməsi baş verməyib. Dövlət qulluğundan azad edilməsi bəndinə gəldikdə, hesab edirəm ki, Qanunun bu bəndinin tətbiq edilməsinə heç bir hüquqi əsas yoxdur. Belə ki, o, şikayət olunan şəxsi intizam məsuliyyətindən kənarda qoymamışadur. Bu intizam məsuliyyətini də o, təkbaşına seçməmiş və qəbul etdiyi qərar kollegial qəbul edilmişdir. Əgər protokolu düzgün tərtib etməmişdimsə onda ona viza verən və qərar qəbul edən rəhbərlik tərəfindən ona lazımi göstərişlər verilə bilərdi. Lakin bu olmamış, həmin müraciətin araşdırılmasının başa çatmasını təsdiq edən vizalar və imzalar mövcüddür. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən qanunları düzgün tətbiq etməli olduğu halda bunu etməmiş, cavabdehin təqdim etdiyi saxta məlumatlarla yanlış nəticəyə gələrək hazırkı mübahisə edilən məhkəmə aktını qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi vəkil M.Məmmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev apellyasiya şikayətinə etirazını bildirərək, məhz, iddiaçı tərəfindən aparılmış araşdırmanın nəticələrinə görə səhv tərtib olunmuş protokol əsasında inzibati xəta haqqında qərar qəbul olunduğunu və araşdırma aparmaq və düzgün protokol tərtib etmək məsuliyyətinin iddiaçının üzərinə düşdüyünü vuruğulayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Xidmətin 2019-cu ildə yaradılmış Bakı şəhər İdarəsində sektor müdiri vəzifəsini icra edir. İddiaçı həmin sektorun əməkdaşı olub. G.Məmmədzadənin ərizəsi üzrə araşdırmanın aparılması iddiaçıya tapşırılmışdır. Həmin ərizə idarəyə daxl olduğu və iddiaçı tərəfindən həmin ərizə üzrə araşdırma aparılarkən, yəni, 2020-ci ilin avqust ayının 4-dən sentyabr ayının 9-na qədər əmək məzuniyyətində olmuşdur. 9 sentyabrda işə çıxdıqda artıq avqust ayında (28-də) iddiaçı G.Məmmədzadədən müvafiq izahatlar almışdı. Apardığı araşdırma ilə bağlı iddiaçı ona məlumat verdi və artıq araşdırmanı başa çatdırdığını bildirərək işi bağlamaq, yəni, xitam vermək istədiyini dedi. O isə materiallarla tanış olduqda burada inzibati xəta əlamətlərini gördüyünü iddiaçıya bildirərək ona göstəriş verdi ki, araşdırmanın davam etdirsin. İddiaçı tərəfindən araşıdırma davam etdirildi və iddiaçı tərtib etdiyi, G.Məmmədzadə ilə əmək müqaviləsinə xitam verilərkən son-haqq hesabın verilməməsinə görə "xxxx" MMC-nin rəhbəri A.Səfərova barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokolu ona təqdim etdi. Həmin protokol əsasında da qərar qəbul olunaraq MMC-nin rəhbəri barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə tətbiq olundu. Lakin sonradan məhkəmənin qərarı ilə həmin protokol əsasında qəbul olunan qərar ləğv olundu. İddiaçı MMC-nin direktoru A.Səfərova işçi ilə (ərizəçiG.Məmmədzadə) ilə yazılı əmək müqaviləsi bağlamadan, mövcud olmayan əmək müqaviləsini informasiya stistemində qeydiyyata aldırmışdı. Bunu aşkar edən iddiaçı tərəfindən protokol AR İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmalı idi...” İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdehin 12 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən əmək funksiyadlarının icrasında yol verdiyi nöqsanlara görə AR ƏƏSMN DƏMX-in Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda tutduğu məsləhətçi əmək müfəttişi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının tələbindən göründüyü kimi, barəsində olan həmin əmrin ləğv edilməsini və hüquqi nəticələrinin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iş materialları üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq aşağıdakı qənaətə gəlmişdir: “... Məhkəmə tərəfindən müəyyən edilmiş, işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, vətəndaşın müraciətinə qanunla müəyyən edilmiş müddətdə baxmamış, bundan əlavə şikayətlə bağlı araşdırma apararkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş, bununla da qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, nəticədə “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılmış, iddiaçının bununla bağlı yazılı izahatı alınmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri –dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir...” Məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı tutduğu ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin Sosialhüquq məsələləri üzrə nəzarət sektorunda - məsləhətçi əmək müfəttişi vəzifəsini icra edərkən, dövlət qulluqçüsü kimi “Dövlət qulluğu haqqında” Qanunun tələblərindən irəli gələn öhdəliyini pozması faktı iş materiallarına əsasən müəyyən olunan hallarla təsdiq olunur. O cümlədən, cavabdehin mübahisələndirilən əmrindən görünür ki, iddiaçının tutduğu vəzifəsindən azad olunması barədə əmrin verilməsinə əsas kimi X6 Xidmətinin nazirliyə ünvanlanmış 23.11.2020-ci il tarixli “Xidməti məruzəsi” göstərilmişdir. Həmin xidməti məruzədə təsbit olunan hallar isə işdə olan sənədələrlə, o cümlədən hazırkı mərhələdə məhkəmə tərəfindən əldə olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş ünvan 1 ünvanında yaşayan X1 Müfəttişliyə ünvanladığı 21.08.2020-ci il tarixli ərizəsinə, 14.09.2020-ci il tarixli şikayət ərizəsinə və ondan alınmış 21.09.2020-ci il tarixli izahatına, habelə Xidmətin cavabdeh nazirliyə ünvanladığı 21.10.2020-ci il tarixli xidməti məruzəsinə, iddiaçının onun barəsində verilən şikayətlə bağlı verdiyi 28.09.2020-ci il və 05.10.2020-ci il tarixli izahatlarına, habelə cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə qarşı yazılı etirazına və apellyasiya şikayətinə, eləcə də, Səbail rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli inzibati xəta haqqında qərarına (və s.) əsasən müəyyən olunan işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, - 24.08.2020-ci il tarixində vət. “G.Məmədzadə adında şəxsin şikayət xarakterli ərizə ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək "xxxx" MMC-nin direktoru X5 (anası) tərəfindən onun qanunsuz olaraq işə götürülməsi ilə bağlı sonuncu barəsində qanuni tədbir görülməsini xahih etmiş və həmin ərizə üzrə araşdırmanın aparılması Xidmətin Bakı şəhər İdarəsinin məsləhətçi əmək müfətişi olan İddiaçı tapşırılmışdır. Vət. G.Məmmədzadənin cavabdeh nazirliyin X8 ünvanladığı 14.09.2020-ci il tarixli şikayət ərizəsindən isə görünür ki, ərizəsi üzrə araşdırmanı aparan iddiaçıdan şikaytlənərək qeyd edir ki, onun "xxxx" MMC tərəfindən qanunsuz işə götürülməsi barədə müraciəti, İddiaçı izahatını alsa da heç bir araşdırma aparmamış, protokol tərtib etməmiş, laqeyid münasibət bəsləmişdir...” Hazırkı məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının çalışdığı, cavabdeh ƏƏSMN DƏMX-in Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunun müdiri A.Bağıyevin yuxarıda qeyd olunan ifadəsindən göründüyü kimi, G.Məmmədzadənin şikayət ərizəsində qeyd edilənlər bilavasitə öz təsdiqini tapır. Belə ki, G.Məmmədzadənin "xxxx" MMC tərəfindən onun qanunsuz işə götürülməsi barədə müraciəti (ərizəsi) idarəyə daxil olduğu ərəfədə və iddiaçı tərəfindən həmin müraciət araşdırılarkən sektor müdiri A.Bağıyev növbəti əmək məzuniyyətində olmuş, o, 09.09.2020-ci il tarixində məzuniyyətdən qaydıqdan sonra iddiaçı G.Fərzəliyev ona, ərizəçi G Məmədzadənin işi üzrə icraata xitam vermək və işi bağlamaq istəyini bildirmiş, sektor müdiri A.Bağıyev işlə tanış olduqdan sonra onanla razılmayaraq burada inzibati xəta əlamətlərinin gördüyünü bildirmiş və iddiaçıya inzibati araşdırmanın davam etdirliməsi barədə göstəriş vermişdir (Xidmətin hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 16 İyul 2020-ci il tarixli əmrindən görünür ki, 04.08.2020-09.09.2020-ci il tarixinə qədər növbəti əmək məzuniyyətinə buraxılmışdır. İşə çıxma tarixi 09.09.2020) Qeyd olunmalıdır ki, sektor müdirin ifadəsində qeyd olunanlar iddiaçı əsaslandırılmış şəkildə əks arqumentləri ilə təkzib edə bilməmişdir. İş materiallarına əsasən də müəyyən olunur ki, məhz, sektor müdiri A.Bağıyevin həmin göstərişindən sonra, iddiaçı araşdırmanı davam etdirmiş və 16.09.2020-ci il tarixində "xxxx" MMC ilə G.Məmmədzadə arasında əmək müqaviləsinə xitam verilməsində və son haqq-hesabın verilməsində qanun pozuntusuna yol verilməsi əsası ilə S.A.B” MMC-nin direktoru A.Səfərova tərəfindən AR İXM-in 192.4 və192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ******* nömrəli protokol tərtib olunmuşdur. Halbuki, vət, G.Məmmədzadə ərizəsində S.A.B” MMC tərəfindən onun qanunsuz olaraq işə götürülməsindən şikayət olunurdu və bununla bağlı MMC barəsində qanuni tədbir görülməsi xahiş olunurdu. İşdən görünür ki, iddiaçının tərtib etdiyi həmin protokol əsasında da məhz, idarə tərəfindən 25 sentyabr 2020-ci il tarixində ******* saylı inzibati xəta haqqında qərar qəbul olunaraq İXM-in 192.6-cı maddəsi ilə həmin MMC-nin direktoru X5 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Lakin işə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2167/2020 saylı 22.10.2020-ci il tarixli qərarı ilə də bu hal müəyyən olunaraq məhkəmə qeyd etmişdir ki, G.Məmmədzadənin Xidmətə ünvanlanmış 21.08.2020-ci il tarixdə ərizəsində "xxxx" MMC qanunsuz işə götürülməsi ilə bağlı barəsində qanuni tədbirlər görülməsini xahiş etməsinə baxmayaraq, həmin MMC-nin rəhbəri X5 barəsində araşdırma apararaq, AR İXM-in 192.6-cı maddəsi ilə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əsası ilə) 1.500 manat məbləğində cərimə edilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı tərəifndən tərtib olunmuş protokola əsasən idarənin qəbul etdiyi inzibati xəta haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün DƏMX-nin Bakı şəhər İdarəsinə göndərilmişdir. X6 Xidmətinin cavabdeh nazirliyə ünvanladığı 23.11.2020-ci il tarixli Xidməti məruzədən görünür ki, “...Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan araşdırma zamanı - A.Səfərovanın və G.Məmmədzadənin izahatlarına əsasən sonuncunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işləri yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı inzibati xəta faktının mövcudluğu təsdiq olunsa da, son nəticədə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən AR İXM-in 38-ci maddəsinin tələbləri qaydasında inzibati xəta haqqında iş üzrə icraata başlamaq mümkün olmamışdır...” Beləliklə də, məhz iddaçının yol verdiyi kobud pozuntuların, o cümlədən, icraatına verilmiş G.Məmmədzadənin şikayəti ərizə üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmaması və düzgün protokolun tərtib edilməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. İddiaçının, "xxxx" MMC-yə məxsus bir qrup sənədlərin, o cümlədən yazılı əmək müqaviləsinin oğurlanması barədə A.Səfərovanın 41-ci Polis bölməsinə yazılı müraciətinə əsaslanan dəlillərinə gəldikdə isə, həmin Polis bölməsinin işə əlavə olunmuş 05.09.2020ci il tparixli arayışından görünür ki, birincisi, A.Səfərovaanın Polisə müraciəti, ərizəçi A.Məmmədzadə onun rəhbərlik etdiyi müəssisə barəsində 24.08.2020-ci il tarixində Müfəttişliyə daxil olmuş 21.08.2020-ci il tarixli şikayət ərizəsindən sonrakı dövrə təsadüf edir. İkincisi, həmin arayışda, A.Səfərova Polisə etdiyi müraciətində 4-5 ay bundan əvvəl sənədləri itirdiyini bildirsə də, 4-5 ay əvvəl isə bu barədə polisə məlumat verməməsinin səbəbi də belli deyil. Bütün bu hallar onun dediklərinin həqiqiliyini şübhə altına alır və inandırıcı etmir. Digər tərəfdən, ən azından, ərizəçi (G.Məmmədzadə) ilə müəssisə ("xxxx" MMC) arasında bağlanmış yazılı əmək müqaviləsinin mövcudluğunu sübut etmə yükü məhz müəssisə rəhbəri kimi A.Səfərovanın üzərinə düşürdü. Lakin A.Məmmədzadənin ərizəsi üzrə araşdırmanı aparan İddiaçı, müəssisə rəhbəri tərəfindən belə bir əmək müqaviləsi müfəttişliyə təqdim olunmadığı və bununla da 21.12.2017-ci il tarixində elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsi bildirişinin öz-özlüyündə əhəmiyyətsiz olduğunu gördüyü halda, ərizəçinin müəssisə tərəfindən qanunsuz işə götürüldüyü mübahisələndirildiyi və müəssisə barəsində qanuni tədbir görülməsini xahiş etdiyi halda, həmin predmetdən kənarlaşaraq tamamilə başqa istiqamətdə araşdırma aparmış və başqa əsaslarla inzibti xəta haqqında protokol tərtib etmişdir. Bu isə ona gətirib çıxarımışdır ki, ərizəçinin müraciəti həll olunmamış qalmış və müəssisənin hərəkətlərində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin əlamətlərini aşkar etdiyi və gördüyü halda, iddiaçı tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib edilməklə müəssisə tənbəh edilməli olduğu halda məsuliyyətdən kənarda qalmışdır. Halbuki, idarədə işlədiyi sektorun məsləhətçi-əmək müfəttişinin əlavə olunmuş qulluq funksiyalarından görünür ki, məsləhətçi-əmək müfəttişi: - əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını işəgötürənlərdən tələb etmək, AR İXM-lə müəyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək üçün təkliflər vermək; - inzibati xətaya yol vermiş şəxslər barədə həmin Məcəllə ilə müəyyən olunmuş hallarda və qaydada protokol tərtib etmək və s. onun qulluq vəzifləridir. Digər tərəfdən, çalışdığı inzibati orqanın əməkdaşı olaraq iddiaçı inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini də yerinə yetirməyə borclu idi. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələrinə əsasən inzibati orqan: - inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinin tələblərinə görə dölət qulluqçusu vəzifədə olaraq aşağıdakıları etməlidir: “...18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli...; 18.0.4 başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli...; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli...” Qeyd olunanlardan göründüyü kimi, iddiaçı vəzifə funksiyalarından və inzibati icraat haqqında qanunvericiliyin tələblərindən irəli gələn dövlət qulluğu vəzifələrini icra edərkən, X6 Xidmətinin nüfuzuna xələl gətirən kobud pozuntulara yol vermişdir. “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinin tələbindən isə görünür ki, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: “25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi.” Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 33.1.6-cı maddəsinnin tələbinə görə isə dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən dovlət qulluqçusu olan iddiaçının tutduğu vəzifəsindən azad edilməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə müvafiq olumuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edilmiş olsun. Eyni zamanda, İnzibati Posessual Məcəllənin 70.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilmiş olsun. Beləliklə də cavabdehin 12.11.2020-ci il tarixli **********1 saylı əmrinin ləğv edilməsi üçün əsasların mövcudluğu müəyyən olunmur. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2021 saylı 07.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2021 saylı 07.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2519/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2519/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver