Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2519/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-8690/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin 01 mart 2022-ci il tarixli informasiya sorğularına cavab verməkdən imtina etməsinin qanunsuz hesab edilməsi və onların üzərinə informasiya sorğusuna cavab verilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və Müdafiə Nazirliyinə eyni məzmunlu informasiya sorğusu ilə müraciət etmiş, sorğu Azərbaycan Respublikası Hərbi Prokurorluğuna xx.xx.2022-ci il, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə isə xx.xx.2022-ci il tarixində çatmışdır. Cavabdehlərdən biri - Azərbaycan Respublikası Hərbi Prokurorluğu sorğuya şifahi cavab vermiş və iddiaçının mobil telefon nömrəsinə zəng etmiş, sorğuda istənilən məlumatın hərbi sirr təşkil etdiyini bildirərək sorğuya cavab verməkdən imtina etmişdir. Digər cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə xx.xx.2022-ci il tarixində iddiaçının sorğusuna aidiyyəti üzrə baxılması üçün Hüquq İdarəsinin rəisinə yönləndirilməsi barədə yazılı məlumat göndərmiş, ancaq göstərilən orqandan hələ də cavab gəlməmişdir. İddiaçı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin, Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq normalarına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-8690/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonu Sofulu kəndində qeydiyyatda olsa da, uzun illərdir ki, faktiki olaraq Bakı şəhərində yaşayır və işləyir. İddiaçının yaşayış yeri Bakı şəh., Xətai ray., X.Məmmədov küç., 2942 məh., b3, mən., 78A-dır. İddiaçının adətən yaşadığı yer Bakı şəhəri, Xətai rayonunda yerləşən göstərilən ünvandır. İddiaçının şəxsiyyət vəsiqəsində göstərilən ünvan - ünvan 3 köçkün vəsiqəsində yaşayış yeri kimi qeyd edilən Ağdam rayonu, Birinci Baharlı köçkün qəsəbəsi, ev 340 ünvanında iddiaçının valideynləri yaşayır. İddiaçı 2007-ci ildən etibarən Bakıda yaşayır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının “informasiya sorğusuna cavab verilməsi” barədə iddiası Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna yönəlmişdir və cavabdehlərin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, Ağdam rayonu, Sofulu kəndinə qeydiyyatdadır. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşadığı yer üzrə, yəni həm qeydiyyatda olduğu, həm də müvəqqəti məskunlaşdığı yer üzrə səlahiyyətli məhkəmə olan Gəncə İnzibati Məhkəməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının öhdəliyin icrası növündə tələbi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan cavabdehlərə qarşı irəli sürüldüyündən qeyd edilən normanın tələblərinə müvafiq olaraq işə iddiaçının yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; ... Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə əsasən Ağdam rayonu, Sofulu kəndində qeydiyyatda olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq işin baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Ağdam rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (16.1-ci bənd). Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı uzun illərdir Bakı şəhərində yaşadığını qeyd etsə də, iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı 462749 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki,o, məcburi köçkün kimi ünvan 5 ünvanında qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, göstərilən vəsiqəsinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı sənəd sübut da iş materiallarına əlavə edilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-8690/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2519/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2519/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver