Məhkəmə qərarları › İş №2-1(103)-2519/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2519/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2519/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Məhkəmə-tibbi eksperti X5 iştirakları ilə, İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya sonuncu əlillik müddətinin bitdiyi tarixdən həmin tarixdə qüvvədə olmuş qanunvericilik tələblərinə uyğun olaraq müddətsiz əsaslarla əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi”nin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən xəstəliyi ilə bağlı sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən hərbi xidmətlə bağlı xəstəliyi nəticəsində əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında ona müddətsiz əsaslarla əlillik dərəcəsinin təyin edilməsi məsələsi ilə bağlı mübahisə yaranmışdır. 30 sentyabr 2022-ci il tarixində cavabdeh tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində cavabdeh tərəfindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmiş, ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyyə edilmişdir. İmtinaya əsas səbəb kimi 2021-ci il tarixinə kimi müalicə almamağı qeyd edilmişdir. İddiaçının müraciəti cavabdeh tərəfindən rədd edildiyi üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2015-ci il tarixində cavabdeh tərəfindən ona əlillik təyin edildiyi zaman əlillik səbəbi kimi qoyulmuş diaqnoz belədir: “- Beyin damarlarının revmovaskuliti. Diensefal sindrom, tez-tez vegetativ krizlərlə. Qabarıq asteno-nevrotik sindrom”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də aşağıdakı xəstəliklər əlillik və sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etmək üçün əsasdırlar: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9);..3.1.6. dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98); Yuxarıda qeyd edilən diaqnozlara dair sənədlər onun tərəfindən cavabdehə təqdim edilmiş və hazırki iddia ərizəsinə əlavə edilən tibbi arayışlarla təsdiq edilmişdir. 2 nömrəli Hərbi Psixiatriya Xəstəxana tərəfindən verilmiş arayış ilə onda qeyd edilən diaqnozların olması təsdiq edilir. Cavabdehin imtinası ona görə əsassız hesab edilməlidir ki, onun beynində baş vermiş üzvi xəstəliklərin müalicəsi praktikada yoxdur və ondan əlavə və ya ixtisaslaşmış müalicəni tələb etməsi qanunsuzdur. 2015-ci il tarixində eyni xəstəliklərlə ona əlillik təyin etsə də, bu dəfə eyni diaqnozlarla bunu etməkdən imtina edilmişdir. Qanunvericiliyə əsasən ixtisaslaşmış tibb müəssisəsinin rəyi həlledici rol oynayır və o, hərbçi olduğu üçün travma sahəsində ölkənin baş hərbi ixtisaslaşmış tibb müəssisəsi (2 nömrəli Hərbi Psixiatrik Xəstəxana) tərəfindən verilmiş və daha əvvəlki tarixdə ona cavabdeh tərəfindən əlillik təyin edilməsi üçün tibbi əsas olmuş diaqnozu təsdiqləyən tibbi rəy növbəti dəfə cavabdehə təqdim edilsə də, cavabdeh həmin tibbi sənədi nəzərə almamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 2.2.9-cu və 3.1.6-cı bəndlərinə əsasən ona əlillik dərəcəsinin verilməsi üçün bütün hüquqi və tibbi əsaslar mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, şəxsiyyət və davranış pozuntusu əlamətləri, patofunksional pozuntular aşkar edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hərbi xidmət dövründə xəstələnməsi nəticəsində orqanizminin funksiyaları davamlı şəkildə pozulmuşdur, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli qərar ilə “Beyin damarlarının revmovaskuliti, diensefal sindrom, tez-tez baş verən vegetativ-damar krizlərlə ifadə olunmuş hipertenzion sindrom Revmatizm, qeyri-aktiv faza.Revmatik poliartrit” diaqnozu qoyulmuşdur, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir, iddiaçıya 2008-ci ildən İİ dərəcəli əlillik təyin edilmiş və iddiaçının əmək qabiliyyətsiz olması müəyyən olunmuşdur, iddiaçı 2021-ci ilə qədər əlilliyə görə pensiya almışdır, 2021-ci ildən sonra iddiaçıya əlillik dərəcəsinin müəyyən edilməsindən imtina edilmişdir, cavabdeh imtinasının əsası kimi “əlavə müalicəyə ehtiyacın olmasını, 2021-ci ilə kimi stasionar müalicəsinin olmaması, ixtisaslaşmış müalicənin davam edilməsinin məsləhət görülməsi” göstərilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, ”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz;3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.1-ci bəndinə əsasən baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, başın travmalarının nəticələri, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası,7.6.2-ci bəndinə isə baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları orqanizmin funksiyalarının davamlı pozulmasına səbəb olan, yəni əlillik təyin edilməsinə əsas olan xəstəliklər kimi göstərilmişlər. İş materiallarında olan: Akademik M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparılmış “Cranial MRT T-1-coronal, Flair axial, T2 sagital” müayinənin nəticələrinə görə “Alıntəpə paylarında MM-lik paraperiventrikullyar və təpə payında kortikosubkortikal lokalizasiyada MM-lik qliozisə xarakter – damar mənşəli ocaqlar izlənilir, alın gicgah paylarında beyin şırımları dərinləşmiş, subraxnoidal sahə minimal genişlənmişdir – kortikal atrofiya əlaməti izlənir....Etmoidal sümük hüceyrələri və frontal sinusda fokal mukazal qalınlaşma izlənir – minimal xr.frontoetmoidit əlaməti. Sağ maxillyar sinusda retension kista qeyd olunur”; Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatlarına əsasən iddiaçıya xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə, xx.xx.2016-cı ildə ikinci dərəcəli əlillik müəyyən edilmişdir, əmək qabiliyyətsiz olması göstərilmişdir, əlilliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar əlillik qeyd edilmişdir, əlillik müddəti hər dəfə 1 il müddətinə təyin edilmişdir, diaznoz: “Beyin damarlarının revmovaskuliti. Diensefal sindrom, tez-tez vegetativ krizlərlə. Qabarıq asteno-nevrotik sindrom” qoyulmuşdur; 2 saylı TSEK-in arayışlarına əsasən iddiaçıya 2008-ci ildə, 2009-cu ildə, 2011-ci ildə hərbi xidmət dövrü ilə əlaqədar əlillik müəyyən edilmişdir, həmin arayışlarda iddiaçının əmək qabiliyyətsiz olması göstərilmişdir; 013935 №li vəsiqəyə əsasən iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlil olduğuna görə xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilə qədər pensiya ödənilmişdir; İddiaçının 2 nömrəli X6 tərəfindən verilmiş ambulator kartından çıxarışlarına əsasən iddiaçı “Baş beyin üzvi xəstəliyi (travma mənşəli)”, əsas xəstəliyin ağırlaşması “kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” diaqnozları ilə 2021-ci ildə 2 dəfə (hər dəfə 21 gün), 2022-ci ildə isə 1 dəfə (21 gün) həmin xəstəxanada stasionar müalicədə olmuşdur, TSEK-in məlumatına əsasən isə iddiaçı 2008-ci ildə 5 saylı şəhər Klinik Xəstəxanasında 17 gün “Revmatoid vaskulit” diaqnozu ilə müalicə olunmuşdur; Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik nəticəsində yaranan digər psixi pozuntular, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları və yaddaşın zəifləməsi ilə” diaqnozu ilə əlillik təyin edilməsindən imtina edilmişdir, imtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, 2021-ci ilə kimi stasionar müalicənin olmaması, ixtisaslaşmış müalicənin davam etdirilməsinin məsləhət görülməsi göstərilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubları ilə məhkəməyə bildirilmişdir ki, məhkəmənin Qərardadına uyğun olaraq İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbdən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1449/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008ci il tarixli qərarı ilə iddiaçının diaqnozu “Beyin damarlarının revmovaskuliti, diensefal sindrom, tez-tez baş verən vegetativ-damar krizlərlə.İfadə olunmuş hipertenzion sindrom.Revmatizm, qeyri-aktiv faza.Revmatik poliartrit” diaqnozu qoyulmuşdur, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir.Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir, 2 nömrəli X1 2022-ci il tarixli xəstəlik tarixindən çıxarışda “Baş beyin üzvi xəstəliyi (travma mənşəli)”, əsas xəstəliyin ağırlaşması “kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın zəifləməsi” diaqnozu qeyd edilsə də Akademik M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli, MRT müayinəsinin nəticəsində “Alın-təpə paylarında MM-lik paraperiventrikullyar və təpə payında kortikosubkortikal lokalizasiyada MM-lik qliozisə xarakter – damar mənşəli ocaqlar izlənilir, alın gicgah paylarında beyin şırımları dərinləşmiş, subraxnoidal sahə minimal genişlənmişdir – kortika atrofiya əlaməti izlənir....Etmoidal sümük hüceyrələri və frontal sinusda fokal mukazal qalınlaşma izlənir – minimal xr.frontoetmoidit əlaməti. Sağ maxillyar sinusda retension kista qeyd olunur” kimi müəyyən edilmişdir, diaqnoz kəllə beyin travmasını təsdiqləməmiş, əlillik təyinatına əsas verməmişdir, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib.Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozqunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb.Aortal və Mitral qapaqlar cüzi fibrotikdir, Min. MR, Min.TR, Perikard təmizdir” kimi müəyyən edilmşdir. Verilmiş anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatın əsas verə biləcək nevroloji, patoloji, şəxsiyyət və davranış pozuntusu əlamətləri, patofunksional pozuntular aşkar edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq iddiaçının diaqnozunun əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir; Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sualar qoyulmuşdur: - xx.xx.1974-cü il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir, xəstəlik hərbi travma nəticəsində yaranıbmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin T778/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 2 nömrəli X6nda tərtib edilmiş sonuncu xx.xx.2022-ci il tarixli, K000257003BİG nömrəli Forma 088 göndərişindən görünür ki, o, “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, baş beynin üzvi xəstəliyi (travma mənşəli” nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın zəifləməsi ilə” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkir,əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinə aid deyildir, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini hərbi həkim komissiyasının səlahiyyətlərinə aiddir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, şəxsiyyət və davranış pozuntusu əlamətləri, patofunksional pozuntular aşkar edilməmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(112)- 519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və məhkəmə-tibbi ekspertizası qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı müvafiq diaqnostik müayinə metodları əsasında canlı müayinə olunmaqla hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin dinamikası, klinik proqnozlarına əsaslanan sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirilməsini aparılmaqla onda müəyyən edilən xəstəlik və ağırlaşmaları hansılardır? 2) xx.xx.2022-ci il tarixli, K000257003BİG nömrəli Forma 088 göndərişində göstərilən diaqnozlar öz əksini tapırmı? 3) xx.xx.2022-ci il tarixli, K000257003BİG nömrəli Forma 088 göndərişində göstərilən diaqnozlar təsdiqini tapdığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (ləğv edilmiş) və ya hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin beynəlxalq təsnifat üzrə hansı kodlarına uyğundur? 4) İddiaçının sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmaları) bərpa olunandırmı? Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ tərəfindən məhkəməyə göndərilən ekspert rəyində əvvəlki ekspert rəyindən fərqli hər hansı məsələyə toxunulmamışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “.....baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın zəifləməsi ilə” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkməsi,iddiaçının 2008-ci ildən 2021-ci ilə qədər fasiləsiz əlil olması iddiaçının orqanizmin funksiyalarının davamlı şəkildə uzun müddət – 13 il ərzində pozulmasını təsdiq edir, eyni zamanda iddiaçının əziyyət çəkdiyi xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndində (baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, başın travmalarının nəticələri, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası), 7.6.2-ci bəndində (baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları) göstərilən xəstəliklərə aiddir” İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar