Məhkəmə qərarları › İş №2-1(103)-252/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-252/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-252/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Özü və həyat yoldaşı işsiz kimi qeydiyyata alınmışlar. O, 190 manat birdəfəlik ödəmənin təyin olunması üçün inzibati orqana müraciət etmiş, lakin 2020-ci il 29 aprel tarixində onlara aztəminatlılıq meyarlarına uyğun gəlmədiklərinə görə ödəmənin təyin olunmasından imtina edilmişdir. Aztəminatlı ailə olmadıqlarına səbəb həyat yoldaşının adında yalnız bir nəqliyyat vasitəsinin olması olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 məktubuna əsasən DİN-in Baş Dövlət X9 Qeydiyyat-İmtahan kompyuter uçot bazasına görə X1 adında xx.xx.2019-cu il tarixdən hazıradək “FORD TRANSİT YÜK” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. E-SOSİAL.AZ tərəfindən İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, X5 aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün (ərinizin(arvadınızın) adına nəqliyyat vasitəsi aşkarlandığı üçün) ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel-may aylarında yaşayış yerini tərk etmək qadağası olduğundan bu aylarda fəaliyyət dayandırıldığına görə nəqliyyat vasitəsindən istifadə olunmamış və bu səbəbdən ailəyə gəlir gətirə bilməmişdir. Belə olan halda nəqliyyat vasitəsi imtina üçün əsas olmamalıdır, çünki bu aylarda nəqliyyat vasitəsi ailəyə nə gəlir gətirmiş, nə də ki, ondan qida kimi istifadə olunmamışdır. Ona görə də adında nəqliyyat vasitəsinin olması avtomatik olaraq gəlir, qazanc əldə etmək kimi başa düşülməməlidir. Cavabdeh inzibati oqran isə öz növbəsində hər bir ailəyə fərdi yanaşmalı, onun gəlirinin, qazancının olubolmamasını, aztəminatlı ailə olub-olmamasını əsas kimi götürməlidir. Nazirlər Kabinetinin 2020-ci il 07 aprel 127 nömrəli Qərarına əsasən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel-may aylarında işsiz kimi qeydiyyatda olan adamlara 190 manat birdəfəlik ödəmə birmənalı şəkildə təyin olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçının arvadının mülkiyyətində FORD TRANSİT markalı nəqliyyat vasitəsi (özü də iddia ərizəsində qeyd etmişdir) olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmədən imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı əsassız, qanunazidd və qeyri-obyektivdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 149 saylı xx xxxxx 2020-ci il tarixli Qərarı onun cavabdeh orqana müraciətindən 14 gün sonra qəbul edilmişdir. Müraciət etdiyi dövrdə isə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı qüvvədə idi. O, səhhəti ilə əlaqədar üzun müddətdir işləmir. Həyat yoldaşının aldığı əmək haqqının müəyyən hissəsi onun müalicəsinə sərf olunur. Həmin nəqliyyat vasitəsini də qohumlarının köməkliyi ilə almışdır. Alınmış borcları qaytara bilmədiyindən nəqliyyat vasitəsini aşağı qiymətə sataraq borcu qaytarmışdır. Həyat yoldaşının səhhətində yaranan problemlərlə əlaqədar o da işdən çıxmış və yaşayış yerini tərk etmək qadağası ilə bağlı iş axtara bilməmişdir. O və həyat yoldaşı işaxtaran kimi Xətai rayon Məşğulluq Mərkəzinə müraciət etmiş, 11 aprel tarixində özü, 18 aprel tarixində isə həyat yoldaşı işsiz kimi qeydiyyata alınmışlar. Dövlət qurumlarından heç bir ödəniş almır və heç bir yerdən gəlirləri yoxdur. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı əsasında 190 manat birdəfəlik ödəmənin təyinatı xx xxxxx 2020-ci il tarixinə kimi aparılsa idi, bu ödəmə onlara da təyin olunmalı idi. İmtinanın səbəbi isə cavabdeh orqanın müraciətə baxmasını gecikdirməsindən irəli gəlir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdi ki, həyat yoldaşımın adına nəqliyyat vasitəsi olsa da, VÖEN olmamış, yəni heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışlar. Belə olan halda təkcə həyat yoldaşının adına nəqliyyat vasitəsinin olması ona birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsas ola bilməzdi. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, iddiaçının müraciətinə baxılması müddəti gecikdirilməmişdir. İmtinanın əsası iddiaçı və onun həyat yoldaşının adına VÖEN-nin olması ilə bağlı deyil, iddiaçının həyat yoldaşının mülkiyyətində nəqliyyat vasitəsinin olması ilə bağlı olmuşdur. Həyat yoldaşının adına nəqliyyat vasitəsi oldugundan Qaydalara əsasən iddiaçıya imtina düzgün olaraq verilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” ilə bağlı olmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı xx xxxxx 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etdiyi dövrdə onun həyat yoldaşının adına nəqliyyat vasitəsi olmuşdur. Bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 016- 40185M-4220 saylı xx.xx.2020-ci il tarxili məktubunda da öz təsdiqini tapmışdır. Eyni zamanda iddia ərizəsində də iddiaçı həyat yoldaşı Nailə Məmmədovanın adına nəqliyyat vasitəsinin olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 016-401852M-4220 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “FORD TRANSİT YÜK” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə X1 adında qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyta nişanı dəyişdirilmədən X2 adına rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqanın da birdəfəlik ödəmənin imtinasının əsasını məhz iddiaçının həyat yoldaşının adında müraciət etdiyi dövrdə nəqliyyat vasitəsinin olması olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərkən həmin zaman müvafiq qərara edilmiş dəyişiklikdən sonra qüvvədə olan Qərarın 2.3.10-cu və 2.3.12-ci bəndləri rəhbər tutularaq iddiaçının həyat yoldaşının adına adınanəqliyyat vasitəsinin olması əsas götürülmüşdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya sms vasitəsi ilə birdəfəlik ödəmənin təyin olunması ilə bağlı imtina məktubu xx.xx.2020-ci il tarixdə saat 08:49:29 raddələrində göndərilmişdir. Bu fakt iddiaçı tərəfindən mübahisələndirilmir. Qeyd olunmalıdır ki, həmin tarixdə artıq “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 149 saylı Qərarı qəbul olunmuş və icra üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən sözügedən müddəa artıq qüvvədə olduğu üçün haqlı omuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Belə ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 149 saylı xx xxxxx 2020-ci il tarixli Qərarı onun cavabdeh orqana müraciətindən 14 gün sonra qəbul edilmişdir” barədə dəlili iş materialları ilə təsdiqini tapmır, bu dəlil təsdiqini tapsaydı belə, bu hal cavabdeh inzibati orqanının imtinasının qanuniliyinə şübhə yaratmır. O ki qaldı iddiaçının “həyat yoldaşının adına nəqliyyat vasitəsi olsa da, həmin nəqliyyat vasitəsindən istifadə olunması üçün VÖEN-nin olması tələb olunsa da, belə VÖEN-nin olmadığı təqdirdə təkcə nəqliyyat vasitəsinin olması əsas götürülərək imtinanın düzgün verilməməsi” barədə dəlilinə, məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edirək qeyd edir ki, yuxarıda adı çəkilən Qərarda “mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (şəxslərin əri və ya arvadı kimi qəbul olunur)” yarımbəndi və “əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan)” yarımbəndi ayrı-ayrılıqda göstərilmiş və biri digərindən asılı edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar