Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-252/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “polis idarəsinin binasına qeydiyyata alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8767/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (“RPİ”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, RPİ-nin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri kimi qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə: AZ-T 229010 nömrəli doğum haqqında şəhadnaməyə əsasən İddiaçı xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası xx.xx.2002-ci il tarixdə, atası isə xx.xx.2016-cı il tarixdə vəfat edib. Onlar Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 57 saylı yataqxanada yaşayıblar. 1998-ci ildə anassı boşandıqdan bir müddət sonra xərçəng xəsəliyindən olmüşdür. Anasının ölümündən sonra bir müddət Əhmədlidə xalası evində yaşımış, lakin pis rəftara görə xalasının evini tərk etmiş və müxtəlif ünvanlarda yaşaımışdır. Ana tərəfdən qohumları onunla münasibət saxlamaqdan imtina edirlər. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli ***-*******8 nömrəli himayə sənədinə əsasən 19 aprel 2023-cü il tarixədək BMT QAK-ın mandatı altında olan şəxsdir (himayə sənədi № 982- ********). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 iyul 2022-ci il tarixli ******* №-li qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış və həmin Xidmətin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Miqrasiya Xidməti tərəfindən 4 oktyabr 2022-ci il tarixindən 19 aprel 2023-cü il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Həmin mənzildə kirayədə yaşayır və evin mülkiyyətçisi həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşməsinə razılıq vermir. Bu səbəbdən də, həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməyi mümkün deyil. Yaşayış yeri üzrə qeydiyyata düşməyi üçün ünvan olmaması səbəbindən “ASAN xidmət” mərkəzi tərəfindən onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı mümkün deyil. Ona görə də xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə müraciət edərək onun 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 “S” saylı Sərəncamına əsasən, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağının təmin edilməsini və həmin sənədin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, onun yaşayış yeri müəyyən olunduğundan, lakin yaşadığı evin hüquqi sənədi olmadığından aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. Odur ki, onun Səbail RPİ-nin İnzibati binasına pasport qeydiyyatına alınması məqsədə müvafiq hesab olunmur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8767/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İnzibati Binasının ünvanı üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “İddiaçı faktiki olaraq ünvan 6 ünvanında qeydiyyatsız yaşamasına dair rayon polis idarəsinə hər hansı bir sənəd təqdim edə bilməmişdir. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq faktiki yaşayış yeri olduğu halda Səbail rayon Polis İdarəsinin üzərinə yaşayış yeri qeydiyyata alınma öhdəliyi qoyula bilməz...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayndəsi Vəkil apellyasiya şikayətinin təmin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Səbail RPİ-nin inzibati binasına pasport qeydiyyatına alınmasını tələb etmişdir. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarıdan göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırmasını zəruri edən hallar onun ailə vəziyyəti və şəxsi həyatında yaranmış, o cümlədən daimi qeydiyyatda olmaması üzündən rastlaşdığı probləmlərdən irəli gəlmişdir. Belə ki, erkən yaşlarında (1998-ci ildə) valideynləri arasında nikah pozulmuş, anası ilə yataqxanada yaşamış, lakin çox keçmədən anası (2002-ci ildə) vəfat etmiş, bundan sonra xalasının yanında qalmış, lakin pis rəftara görə oranı tərk etməli olmuş, kriayələrdə yaşamış, qohumları ilə münasibəti olmadığından ondan imtina edirlər. BMT-nin QAK-ın mandatı altındadır, Dövlət Miqrassiya Xidmətiin qərarı ilə Azərbaycan vətəndaşı kimi 04 oktyabr 2022-ci il tarixindən 19 aprel 2023-cü il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmışdır. Hal-hazrda kirayədə yaşadığı evin mülkiyyətçsi evə qeydiyyata düşməsinə razılıq vermir. Daimi qeydiyyatının olmaması isə onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını mümkünsüz edir. İddiaçının yaşayış yeri üzrə daimi qeydiyyata alına bilməməsi onun Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almaq imkanından məhrum edir, hətta onu ən mühüm hüquqlarını (əmək haqqı almaq, bank əməliyyatlarını həyata keçirmək, təhsil müəssislərinə müraciət edərək imtahanlarda iştirak etmək, səhiyyə müəssisələrinə, idarə müəssisə və təşkilatlara müraciət etmək və s. bunun kimi konstitusion hüquqları) həyata keçirmək imkanını da məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz”. Eyni zamanda, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarında da qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55s №-li, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçıının polis idarəsinin inzibati binasına qediyyata alması yolveriləndir və qanunvericiliyin tələbləri ilə heç bir ziddiyyət təşkil etmir. Əksinə, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina etməklə, cavabdeh onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və faktiki yaşayış yeri olduğu halda onun üzərinə iddiaçının polis idarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyinin qoyulmasının qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8767/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8767/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-252/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-252/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver