Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-252/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 saylı 09 fevral 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə 13 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli və xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı uzun illərdir notariat fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 12 saylı Notariat ofisinin xüsusi notariusudur. Bu müddət ərzində vergi ödəyicisi kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri tam həcmdə və vaxtında ödəmişdir. Lakin cavabdehin ona göndərdiyi xx.xx.2022-ci il tarixli bildirişdə 8149,38 manat məbləğində vergi borcunun olduğu qeyd edilmişdir. İnternet resurs səhifəsinin “Vergi borcu barədə məlumat” hissəsində isə 19112,95 manat vergi borcu göstərilmidir. İddiaçının fəaliyyəti üzrə hər hansı ödənilməmiş vergi borcu yoxdur. Həmin uyğunsuzluqların araşdırılması, eləcə də borcun yaranmasının hüquqi əsaslarının öyrənilməsi məqsədilə iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etməyə məcbur olmuşdur. Əvəzində bir neçə cavab məktubu ilə ona bildirilmişdir ki, guya onun külli miqdarda ödənilməmiş məcburi dövlət sosial sığorta borcu var. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli bildirişində göstərilir ki, guya onun həmin tarixə 8259,31 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5995,35 manat, faizlər üzrə isə 2263,96 manat borcu var. Digər tərəfdən, Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin sorğuya verilən cavab məktubunda göstərilir ki, “vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmiş borc bildirişində qeyd olunan məcburi dövlət sosial sığorta haqqı üzrə 5995,35 manat əsas, 2154,03 manat faiz borc məbləğləri iddiaçının təqdim etdiyi 2019-cu ilin 2-4-cü rübləri üzrə “Xüsusi notariuslar” və 2019-cu ilin 3-4-cü rübləri üzrə “Muzdlu işləyənləri işəgötürən sığortaedənlər (MDSS)” sosial sığorta hesabatları və xx.xx.2020-ci il tarixdə vergi orqanının 2019-cu ilin 4-cü rübü üzrə əlavə sığorta haqqı hesablaması və müvafiq dövrlər üzrə onun (iddiaçının) təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatlarına)” əsasən hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət social sığorta haqları üzrə hesablamalarına münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. xx.xx.2022-ci il tarixə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” şəxsi hesab vərəqəsi üzrə mövcud olan 7270,36 manat əsas və 5673,47 manat faiz borc məbləğləri xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə vergi orqanı tərəfindən 2018-ci ilin 1-4-cü rübləri üzrə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” sosial sığorta hesabatları üzrə hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalara münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. Müvafiq fondlara xx.xx.2022-ci il tarixə borc aşağıdakı kimidir: məcburi dövlət sosial sığorta haqları üzrə 13265,71 manat əsas, 7939,02 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0,02 manat əsas borc, borcun dərhal ödənilməsi tələb olunur.” İddiaçı hesab edir ki, nə vergi borcu, nə də ki, məcburi dövlət sosial sığorta ödənişləri (MDSS) üzrə hər hansı bir borcu olmayıb və hazırda da yoxdur, əvvəlki dövrlər üzrə, yəni 2019- 2020-ci illər üzrə hər hansı ödənilməmiş borcu olmamışdır və belə olduğu təqdirdə cavabdehin ona təyin etdiyi borc öhdəliyi də əsassızdır. Həmçinin, əvvəlki borc öhdəliyi ona əsassız hesablandığına görə cavabdeh tərəfindən sonrakı dövrlər üçün ödədiyi MDSS haqları əvvəlki mövcud olmayan borcların ödənilməsinə qanunsuz olaraq yönəldilmişdir. Beləliklə də, hazırda süni şəkildə borc öhdəliyi yaranmışdır. Ona hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamışdır. İddiaçının sorğularına da əsaslı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etirazlar təqdim etmişdir. Etirazlarda qeyd edilmişdir ki, vergi orqanının elektron üsulla təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********595800 nömrəli qərarı xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli, **********247500 nömrəli, xx.xx.2019cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli qərarları xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarı isə xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı həmin qərarları xx.xx.2022-ci il tarixdə mübahisələndirmiş və bununla İPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Aparılmış araşdırma zamanı 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmiş və 3054,2 manat ödəniş edilmişdir. Bu da, MDSS üzrə büdcəyə ödənilməli vəsaitin yayındırılması kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından, 2018-ci ilin 1-4-cü rübləri üçün MDSS (Xüsusi notariuslar (0300)) bəyannamələri üzrə 16844,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, **********249900 nömrəli və **********251000 nömrəli, xx.xx.2019cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Vergi orqanına təqdim edilən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi tövsiyə olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən bildirişdə qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından, 2019-cu ilin 4-cü rübü üçün MDSS (Muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112)) bəyannaməsi üzrə 73,87 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1- 1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində sıfır faizlə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə xx.xx.2019-cu il tarixdən minimum əmək haqqı ölkə üzrə 250 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta borcunun olmaması barədə arayışları əlavə edərək ödənilməmiş borcunun olmamasını və borcun əsassız hesablandığını bildirmişdir. Təqdim olunan arayışlar 2012-2017-ci illər üzrə olan dövrə borcun olmamasını təsdiq etmiş, iddiaçı tərəfindən isə vergi orqanının 2018-ci ilin 1-4-cü rübləri və 2019-cu ilin 4-cü rübü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə, sosial sığortanın prinsiplərindən biri onun məcburiliyidir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 nömrəli 09 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli, **********247500 nömrəli və xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarları ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş və əlavə olaraq bildirilmişdir ki, 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128.490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmiş və 3054,2 manat ödəniş edilmişdir. Bu da MDSS üzrə büdcəyə ödənilməli vəsaitin yayındırılması kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********675500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından 2018-ci ilin 1-4 rübləri üçün MDSS (Xüsusi notariuslar (0300)) bəyannamələri üzrə 16.844,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli və xx.xx.2019-cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Vergi orqanına təqdim edilən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********472400 nömrəli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi tövsiyə olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən bildirişdə qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından 2019-cu ilin 4-cü rübü üçün MDSS (Muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112)) bəyannaməsi üzrə 73,87 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, 2018-ci ilin l-İV rübləri üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verildiyi və ya müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərdən 30 iş günü keçənədək keçirilə bilərdi. Bununla da qərarlar qəbul olunarkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də “İnzibati icraat haqqında” Qanunun 48.1-ci maddəsinin tələblərinin pozulduğu qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmə qərarının əsaslandığı normada göstərilən müddət vergi ödəyicisi tərəfindən bəyannamə təqdim olunduğu hallara şamil olunur. 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128.490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qərarında qeyd olunur ki, xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim edilməsi üçün zəruri şərait yaratmadan qəbul olunmuş, “Kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinin məlumatlandırılması təmin olunmamışdır. Qeyd olunan məsələ ilə bağlı vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə **********656200 “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, işçilərə ödənilən əmək haqqı məbləğinin 10 iş günü müddətində düzgün əks etdirilməsi bildirilmiş və təqdim ediləcək bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət aşkar ediləcəyi təqdirdə vergi orqanının Vergi Məcəlləsinin 37-ci və 83-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisinin öhdəliklərini yenidən hesablanacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələbləri tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar "Elektron imza və elektron sənəd haqqında" Qanunun tələbləri çərçivəsində asan (elektron) imza təsilə imzalanmadığı üçün iddia mümkün hesab olunmalıdır. Qərarın 36-cı bəndinə Vergi Məcəlləsinin 37.2-ci maddəsinin mətni əks olunaraq vergi anının bəyannamə təqdim edildiyi vaxtdan 30 iş günündə yoxlamanı həyata keçirmək imkanı əks olunmuş, lakin iş materiallarında 2018-ci ilin İ-İV rübləri üzrə bəyannamələrin mövcud olmadığı bildirilmişdir. Bildiririk ki, iddiaçı tərəfindən qeyd olunan dövrlər üzrə məcburi sosial sığorta haqlarının (MDSS) hesablanmasına dair bəyannamələr müvafiq dövlət orqnlarına təqdim olunmuşdur (əlavə edilir). Təqdim olunan sənədlərdən göründüyü kimi, 1-ci ilin İ rübü üzrə xx.xx.2018-ci il tarixdə, İİ rübü üzrə xx.xx.2018-ci il tarixdə, İİİ rübü üzrə 2018-ci il tarixdə, İV rübü üzrə isə xx.xx.2019-cu il tarixdə müvafiq bəyannamələr təqdim olunmuşdur. Bununla da, kassasiya instansiyasının da qərarında göstərdiyi 30 iş günü müddətin hesablanması üçün müvafiq bəyannamələrin təqdim edildiyi tarixlər mövcuddur və bir dövr üzrə cavabdehin MDSS haqlarını hesablaması Vergi Məcəlləsinin 37.2-ci maddəsinə zidd olaraq həyata keçirilmişdir. Qərarın 41-ci bəndində qeyd olunmuşdur ki, Bundan başqa iş materiallarında iddiaçının 2018-ci ilin İ rübü üzrə borcunun olmadığına dair Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müvafiq məktubunun olduğu da nəzərə alınmalı va işə təkrar baxılması zamanı həmin məktuba da hüquqi qiymət verilməlidir. Bununla bağlı 2018-ci ilin İİ-İV rübləri üzrə MDSS haqları hesabatlar da məhz 2018-ci ilin İ rübü üzrə təqdim edilən qaydada verilmişdir. Sadəcə DSMF orqanının göstərilən məzmunda arayışı mövcud olduğundan məhkəmə qərarında yalnız həmin dövrü xüsusi qeyd etmişdir. Halbuki iddiaçı 2018-ci ilin rübü üzrə hesabatının inzibati orqan tərəfindən məqbul hesab edildiyinə görə digər dövrləri həmin qaydada təqdim etmişdir. Başqa sözlə, inzibati orqan hesabatların düzgün bəyan olunduğunu qəbul etmişdir. Sonradan digər inzibati orqanın əvvəlki səlahiyyətli orqanın artıq hesabat bildirdiyi dövrə müdaxilə etməsi etimad hüququnun qorunması prinsipinə ziddir və təcrübəyə uyğun davranmışdır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Aparılmış hesablamalar üzrə kameral qərarlarda əsaslandırma mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayətinin təmin olunmaması və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh orqanın kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-273/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2873/2023 saylı 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə onu qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarların ləğv edilməsi”nə dair iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27-ci maddəsi elektron sənədin göndərilməsi və alınması formasını tənzimləyir. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən elektron sənədi Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Qanunun 27.4-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində elektron kabinetin – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olduğu qeyd olunub. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Hazırki işdə cavabdeh mübahisələndirilən qərarların elektron sənəd olduğunu və elektron imza ilə imzalandığını bildirir. Həmçinin cavabdeh qurum iddiaçının mübahisələndirilən qərarlar barədə elektron kabinet vasitəsilə məlumatlandırıldığına görə “oxunma tarixi”nə istinad edərək iddianın vaxtında verilmədiyi üçün onun qeyri-mümkün sayılmasını tələb edir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Həmçinin mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. Beləliklə, yuxarıda göstərilən normaların tələbinə görə, mübahisələndirilən qərarlar qeyd edilən şərtlərə uyğun tərtib edilməmiş və göndərilməmişdir. Belə olan halda hazırki işdə iddia müddətinin ötürülməsi barədə qənaətə gəlmək olmaz. Odur ki, iddia mümkündür. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktların qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşdən görünür ki, iddiaçının ləğv ediliməsini tələb etdiyi cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********247500 nömrəli qərar 2018-ci ilin İ rübü üzrə, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli qərar 2018-ci ilin İİ rübü üzrə, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli qərar 2018-ci ilin İİİ rübü üzrə, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli qərar 2018-ci ilin İV rübü üzrə (MDSS- Vəkillər Kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300)), xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərar isə 2019-cu ilin İV rübü üzrə (MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)) kameral vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmişdir. Mübahisələndirilən qərarlara nəzər yetirildikdə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, **********249900 nömrəli və **********251000 nömrəli qərarlarla 2018-ci ilin İ, İİ və İİİ rübləri üzrə, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli qərarla 2018-ci ilin İV rübü üzrə kameral qaydada vergilərin hesablanması üçün əsas 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128490,3 manat gəlir əldə edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatlarının təqdim edilməməsi, xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarla 2019-cu ilin İ rübü üzrə kameral qaydada verginin hesablanması üçün əsas isə həmin qərarın özündə də göstərilən “MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)”, **********472400 nömrəli məktub olmuşdur. Kollegiya 2018-ci ilin İ, İİ, İİİ və İV rübləri üzrə vergilərin hesablanması ilə bağlı vergi orqanının qəbul etdiyi xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, **********249900 nömrəli və **********251000 nömrəli qərarlarına münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2019cu il tarixdən həvalə edilmişdir. Həmin dövrə qədər isə məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində idi. İş materiallarında olan illər üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə bəyan edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların təhlili göstərir ki, iddiaçı fəaliyyəti dövründə xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqlarını bəyan etməmiş və ödəməmişdir. Belə ki, iddiaçı başqa miqdar məcburi dövlət sosial sığorta haqlarını büdcəyə ödəmiş və sözügedən ödəmə qaydası həmin vaxt belə ödəmələrə nəzarəti həyata keçirən dövlət orqanı tərəfindən qəbul edilməklə mübahisələndirilməmişdir. Bununla yanaşı həm də qeyd edilməlidir ki, iş materiallarında olan ayrı-ayrı xüsusi notariusların müxtəlif dövrlərlə bağlı verdikləri Məcburi dövlət sosial sığortası üzrə hesabatlardan görünür ki, yalnız iddiaçı deyil, ölkədə fəaliyyət göstərən digər xüsusi notariuslar da fəaliyyətləri dövründə xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarını bəyan etməmişlər. Həm iddiaçıya münasibətdə, həm də digər xüsusi notariuslara münasibətdə Dövlət Sosial Müdafiə Fondu uzun illər bu formada təqdim edilən hesabatları qəbul etmiş, hətta Dövlət Sosial Müdafiə Fondunun müxtəlif şöbələri tərəfindən MDSS borcunun olması ilə bağlı hər hansı irad bildirilməməklə yanaşı, hər hansı borcunun olmamasına dair məktublar da verilmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Nəzərə alınmalıdır ki, etimad hüququ, xüsusilə inzibati hüquqda dövlət idarəçiliyinin şəffaflığını, hüquqi müstəvidə düzgünlüyünü və proqnozlaşdırıla bilən olmasını təmin etmək baxımından əhəmiyyətli bir rola malikdir. Belə ki, etimad hüququ hüquqi bir anlayış olaraq, dövlətin və onun orqanlarının, hüquqi şəxslərin və vətəndaşların gözləntilərinə uyğun şəkildə fəaliyyət göstərməsini və onlara qarşı dürüst, şəffaf, ardıcıl və ədalətli davranmasını təmin edən bir hüquq prinsipi olaraq çıxış edir. Bu hüquq, dövlət və şəxlər arasındakı qarşılıqlı etimadın və əməkdaşlığın təməlini qoyur və dövlətin, inzibati orqanların və ya digər müvafiq qurumların vətəndaşlar və hüquqi şəxslərlə münasibətlərində qarşılıqlı etimadın qorunmasını tələb edən bir prinsipdir. İnzibati praktikada şəxlərin etimadının qorunması çox vacibdir, çünki bu, həm hüquqi stabilliyi, həm də sosial ədaləti təmin edir. Şəxslərin dövlətə və onun orqanlarına olan etimadı, cəmiyyətdə hüquq mühafizəsi, sosial sülh və iqtisadi inkişaf üçün mühüm rol oynayır. Eyni zamanda, etimad hüququnun qorunması həmçinin dövlət orqanlarının müəyyən səlahiyyətlər üzrə hüquqi varisləri tərəfindən də təmin edilməlidir, çünki etimad hüququ, dövlətin fəaliyyətinə olan inamı və güvəni qorumağa yönəlmiş bir hüquqi prinsipdir. Dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların inzibati fəaliyyətlərində müəyyən edilmiş hüququn tətbiqi təcrübəsinə (davranış qaydasına) etimadını davam etdirərək, bu etimadı zədələməməli və qorumağa davam etməlidirlər. Belə ki, dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların fəaliyyətini davam etdirirlər və əvvəlki orqanlar tərəfindən yaradılmış hüququn tətbiqi təcrübəsini qorumaq və hüquqi sabitliyi təmin etmək məsuliyyətini daşıyırlar. Etimad hüququ, vətəndaşların dövlət orqanlarının qərarlarına olan etimadını qorumağa kömək edir və bu etimad, dövlət orqanlarının hüquqi varisləri tərəfindən də davam etdirilməlidir. Əgər müvafiq səlahiyyət verilmiş yeni dövlət orqanı əvvəlki orqanın qərarlarını və fəaliyyətini dəyişərsə, bu, vətəndaşların etimadını zədələyə bilər. Vətəndaşların hüquqlarının qorunması, hüquqi varisin davamlı və ardıcıl fəaliyyətindən asılıdır. Əgər dövlət orqanının hüquqi varisi, əvvəlki orqanların verdiyi qərarları vətəndaşların etimadını qoruyacaq şəkildə tətbiq etməzsə, bu, hüquqi sabitliyə və vətəndaşların hüquqlarına zərər verə bilər. Dövlət orqanları arasında hüquqi davamlılıq və inzibati praktikada ardıcıllıq təmin edildikdə, vətəndaşlar dövlətin qərarlarının proqnozlaşdırıla bilən və şəffaf olduğunu hiss edirlər. Bu, sosial etibarı və dövlətə olan etimadı artırır. Dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların fəaliyyətlərini davam etdirərək, bu etimadın qorunmasına məsuliyyət daşıyır. Digər tərəfdən, bu da danılmaz faktdır ki, inzibati praktika zamanla dəyişə bilər. Lakin inzibati praktikanın dəyişməsi həm əsaslı və obyektiv hallardan irəli gəlməli, müəyyən qanuni məqsədlərə və ictimai mənafenin qorunmasına xidmət etməli, həm də hüquqi təhlükəsizliyi qorumaq üçün əvvəlki vəziyyətlərə deyil, inzibati praktikanın dəyişdiyi andan sonrakı hallara şamil olunmalıdır. Hazırkı halda, işin araşdırılmış hallarından görünür ki, həm iddiaçıya münasibətdə, həm də ümumiyyətlə digər xüsusi notariuslara münasibətdə 2019-cu ilin 01 yanvar tarixinədək DSMF tərəfindən məcburi sosial sığorta haqlarının ödəniş qaydasına həmin dövrədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi tətbiq edilməmiş və xüsusi notariusların başqa qaydada məcburi sosial sığorta haqlarını bəyan etmələrinə və ödəmələrinə şərait yaradılmış və bu inzibati praktika hamıya qarşı tətbiq olunmaqla uzun müddət davam etmişdir. Hazırkı halda cavabdeh orqana məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən həvalə edilmişdir. Odur ki, cavabdeh inzibati praktikanın dəyişməli olması halından çıxış edirsə, yenə dövlət orqanlarının özü tərəfindən yaradılmış bu praktikanın dəyişməsindən əvvəlki vəziyyətlərə münasibətdə şəxslər üçün məsuliyyətə səbəb olan qərarlar qəbul etməsi zamanı etimadın qorunması prinsipini nəzərə almalıdır. Bu mənada, hazırki işdə 2018-ci ilin İ, İİ, İİİ və İV rübləri üzrə vergi orqanının iddiaçıya münasibətdə MDSS borclarının ödənilməməsinə görə kameral qaydada vergi hesablaması əvvəlki səlahiyyətli inzibati orqanın (DSMF-nun) hamıya münasibətdə fərqli inzibati praktika tətbiq etdiyi dövrə aid olduğundan, həmçinin cavabdeh qurumun bu formada müdaxiləsi iddiaçının etimad hüququnun qorunması prinsipinə zidd olduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin hesablamaların aparılması ilə bağlı qəbul edilmiş qərarların ləğvini tələb etməkdə iddiaçı haqlı olmuş və onun bu tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. İddiaçıya 2019-cu ilin İV rübü üzrə “MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)” kameral qaydada hesablanan 73,87 manat məbləğində vergi borcuna münasibətdə qeyd olunur ki, həmin vergi borcu iddiaçı tərəfindən müvafiq dövrün hesabatı xx.xx.2020-ci ildə təqdim olunduqdan 30 gün müddətində, yəni xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarla vaxtında hesablansa da, həmin qərarın məzmununa görə, borcun hesablanması üçün əsas olaraq vergi orqanının **********472400 nömrəli məktubuna istinad olunmuşdur. Halbuki həmin məktub məhkəmə araşdırmaları zamanı vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, kameral vergi yoxlamalarının əsası kimi qəbul edilən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub da sözügedən xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarla bağlı iddiaçıya göndərilməmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, ümumiyyətlə, mübahisələndirilən qərarlar üzrə vergi orqanı tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub olaraq yalnız bir dəfə- xx.xx.2019-ci il tarixli məktub göndərilmişdir ki, həmin məktubun da məzmununda yalnız 2018-ci il üçün təqdim olunmuş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128490,3 manat gəlir əldə edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatlarını təqdim etməməsi irad tutulmuşdur. Kollegiya onu da qeyd etməyi vacib sayır ki, iddiaçının vergi orqanına müvafiq dövrlər üzrə bəyan etdiyi bəyannamələr işin təkrar apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuşdur. Həmin bəyannamələrin tədqiqi zamanı müəyyən olundu ki, iddiaçı həqiqətən də 2018-ci ilin İ rübü üzrə 27495,75 manat, 2018-ci ilin İİ rübü üzrə 27560,50 manat, 2018-ci ilin İİİ rübü üzrə 38064,75 manat, 2018-ci ilin İV rübü üzrə isə 35369,25 manat olmaqla, cəmi 128490,3 manat gəlirlərinin olmasını vergi orqanına bəyan etmişdir. 2019-cu ilin İV rübü üzrə isə təqdim olunan Məcburi dövlət sosial sığortası üzrə hesabatda işçilərin sayı və onların aylıq əməkhaqqı və gəlirləri, MDSS-ə cəlb olunan gəlirləri barədə təfərrüatlı məlumatlar öz əksini tapmışdır. Vergi orqanı 2019-cu ilin İV rübü üzrə “MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)” barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarında kameral qaydada 73,87 manat məbləğində vergi borcunın hesablanmasını açıqlamamış, ümumiyyətlə, qərarın qəbul edilməsinə əsas olaraq yalnız özünün **********472400 nömrəli məktubunu göstərmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, həmin məktub nə məhkəmə tədqiqatına təqdim olunmuş, nə də inzibati icraat dövründə elektron sənəd mübadiləsi qaydalarına uyğun olaraq iddiaçıya göndərilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən məktubun mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarın məzmununda göstərilməsi həmin inzibati aktın qəbul edilməsi üçün yetərli əsas kimi çıxış edə bilməz. Buna görə də vergi orqanının xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarı yalnız göstərilən məktuba görə “əsaslandırılmış inzibati akt” da hesab oluna bilməz. “İnzibati icraat haqqında” Qanundan:
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin qərarları qəbul edən inzibati orqan tərəfindən sübuta yetirilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respubllikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı mübahisələndirilən qərarların ləğvi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun bu tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Buna görə də cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 saylı 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 saylı 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.