Məhkəmə qərarları › İş №2-1(103)-2520/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2520/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2520/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2-1(112)-2744/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona “qaçqın statusunun verilməsi barədə” qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin faktiki halı ondan ibarət olmuşdur ki, İddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olmuş, milliyətcə pəncablı, dini etiqad baxımdan xristian (katolik) olmuş, 2002-ci ildə Lahor şəhərində “The Muslim school” adlı məktəbdə 4 sinif natamam təhsil almış, 2002-2008-ci illərdə Lahor şəhərində yemekxanada ofisiant və 2008-2023-cü illlərdə ayaqqabı fabrikində qəlib düzəldən işləmişdir. İddiaçının qaçqın statusunun verilməsi ilə bağlı müvafiq vəsatətlə müraciət etməsinin səbəbi onun dini etiqadına görə dəfələrlə müsəlmanlar tərəfindən təhqirə məruz qalması, ondan dininin dəyişdirilməsinin tələb edilməsi və məcburi olaraq islam dininə sitayiş etməsinin tələb edilməsi, əks halda onun öldürüləcəyinin bildirilməsi olmuşdur. Bu səbəbdən də iddiaçı ona qarşı edilən təhqir və təhdidlərə dözməyərək ölkəsini tərk etmiş və 13 may 2013-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir.

3. Məlum olan məsələdir ki, Pakistan və ya “Pakistan İslam Respublikası” 1956-cı il 23 mart tarixində rəsmi olaraq ölkənin “İslam Respublikası” olduğunu elan etmiş və bununla dünyada ilk İslam Respublikası olmuşdur. Həmçinin əhalisinin təxminən 97 % faizi müsəlmanlardan ibarətdir. Pakistan İslam Respublikasında dəfələrlə xristianlara qarşı kütləvi şəkildə hücumlar edilmiş, onlar arasında bir neçəsi qətlə yetirilmiş, evləri dağıdılmışdır. Belə ki, hətta yaxın zamanlarda (2023-cü ilin yay aylarında) Pakistanda (Feysəlabad dairəsinin Caranvala şəhərində) xristian kilsələrinə və evlərinə hücumlar edilmişdir. Hazırda cavabdeh tərəfindən qəbul edilmiş qərarda qeyd edilmişdir ki “işin materillarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar”. Halbuki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası qanunun birinci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

4. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarında qeyd olunur ki, Pakistan İslam Respublikasının vətəndaşı hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (Pasport:No FG1842924) 26 may 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun adına 75-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir.

5. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibə zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, 2002ci ildə Lahor şəhərində “The Muslim school” adlı məktəbdə 4-cü sinif natamam orta təhsil aldığını, ailəsinin maddi vəziyyəti imkan vermədiyinə görə təhsilini dayandırıb işləməli olduğunu, 2002-2008-ci illərdə Lahor şəhərində yeməkxanada ofisiant və 2008-2023-cü illərdə isə ayaqqabı fabrikində qəlib düzəldən işlədiyini bildirmişdir.

6. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi subay olduğunu, atasının vəfat etdiyini, anasının, 4 qardaş və 2 bacısının Pakistanda yaşadıqlarını qeyd etmişdir.

7. Qaçqın statusunu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, o, dini etiqadına görə xristian olduğu üçün müsəlmanlar tərəfindən təhqirlərə məruz qalmış, ondan dinini dəyişdirməsi və müsəlman olması tələb edilmişdir. Bu səbəbdən o, ölkəsini tərk edərək 13 may 2023-cü il tarixlərdə Azərbaycan Respublikasına gəlmişdir.

8. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir.

9. Lakin ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı dediklərindən müəyyən edilmişdir ki, o və ailə üzvləri heç vaxt Pakistanda ciddi təhdidlə üzləşməmiş, bu barədə müsahibəsi zamanı heç bir konkret fakt bildirməmiş və qaçqın statusu əldə etmək üçün müraciətini sadəcə xristian olması və Pakistanda xristianlara münasibətin yaxşı olmaması ilə əsaslandırmışdır. Bundan əlavə İddiaçı ona qarşı edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışdır.

10. Ərizəçi Azərbaycan Respublikasına gəlməkdə əsas məqsədinin burada iş tapıb müvəqqəti yaşamaq olduğunu etiraf etmişdir.

11. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərə,siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqdarı ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.

12. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 1 sentyabr 2023-cü il tarixli, 17 saylı protokolu).

13. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd etmişdir ki, hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-57/6 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 1. Təhdid olunmasına dair hər hansı sübut təqdim etməmiş; 2. Vəsatətində bildirmişdir ki, ailə üzvləri xristian olmaları səbəbilə təhdidlərə məruz qalmamışlar; 3. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb. İrqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə görə) təqib olunmamışdır. Bununla müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 1.1, 2.1. 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh orqan məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı barəsində tərtib olunmuş Qaçqın statusun verilməsi haqqında vəsatət (ərizə-anket) və müsahibə sənədi iş materiallarına əlavə olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

15. Tələb onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı hazırda ünvan 2 ünvanında müvəqqəti yaşayan, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (Pasport:No FG1842924) 26 may 2021-cü il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli, İQ-57/1 saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərar qəbul etmişdir. İddiaçı qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir.

16. Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2-1(112)-2744/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2-1(112)-2744/2024 saylı qərarından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddiaçıya “qaçqın statusunun verilməsi” barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayətinə görə “Qaçqınlar və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunun normasının məzmunundan da göründüyü kimi şəxsin qaçqın statusu daşıması üçün onun bilavasitə dövlət orqanı tərəfindən təqibə məruz qalmasına ehtiyac yoxdur. Aydın olan məsələdir ki, hazırkı iş üzrə olan münasibətlər zamanı şəxslərə qarşı təqiblər bilavasitə dövlət orqanları vasitəsilə deyil, dini-radikal qruplar və hətta siyasi partiyalardan olan qruplar vasitəsilə də həyata keçirilə bilir. Belə ki, rəsmi mənbələrdən verilən məlumata ğörə Pakistanda ifrat sağçı İslam siyasi partiyası olan Tehreek-e-Labbaik Pakistan (TLP) xristianları və hinduları İslamı qəbul etməyə məcbur edir (bununla bağlı olaraq sosial şəbəkələrdə kifayət qədər video və fotomateriallar yayılmışdır). Qeyd edilən partiyanın üzvləri zorakı şəkildə iddiaçının yaşadığı Pəncab ərazisində olan xristian və qeyri-müsəlman əhalini islam dinini qəbul etməyə zorla məcbur edirlər. X12 əyalətində bir neçə kilsə və xristian evlərinin küfr iddiaları ilə bir sıra qruplar tərəfindən yandırılmasından həftələr sonra naməlum şəxs tərəfindən keşiş güllələnib və yaralanmışdır. Feysəlabad dairəsinin Caranvala şəhərində Myong-Sang Naserth kilsəsində xidmət edən keşiş “Eleazar Vicky”-ə sui-qəsd edilmişdir.

19. İnzibati orqan tərəfindən qəbul edilmiş qərarda qeyd edilmişdir ki, “ərizəçinin ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı müəyyən edilmişdir ki, o və ailə üzvləri heç vaxt Pakistanda ciddi təhdidlə üzləşməmiş,bu barədə müsahibəsi zamanı heç bir konkret fakt bildirməmişdir”. Lakin inzibati orqan tərəfindən nəzərə alınmamışdır ki, bu kontekstdə əsaslı təqib qorxusunun “ərizəçinin öz başına gələn hadisələrlə əlaqədar olması vacib deyil”. Məsələn, onun dostlarının və qohumlarının, eyni dini qrupun digər üzvlərinin, yəni onunla analoji vəziyyətdə olan şəxslərin başına gələnlər "onun gec-tez təqib qurbanı olacağı ilə bağlı qorxusunun əsaslı olduğuna dəlalət edə bilər" (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qərarı, X1 üçün X9 Dair Təlimat və X10 Nəşr Cenevrə, Dekabr 2011-ci il tarixli Təlimat).

20. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənar düşmüşdür. Belə ki, o Pakistan İslam Respublikasına geri göndərilərsə yenidən öz dini etiqadına ğörə təzyiq, təqib və təhdidlərə məruz qalacaqdır. Hətta yuxarıda verilmiş misallardan da göründüyü kimi şəxsin dini etiqadına görə ölüm təhlükəsi belə vardır. Göstərilənlərə əsasən hazırkı iş üzrə iddiaçı “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunun birinci maddəsində verilmiş “Qaçqın” anlayışının tələbləri ilə tam əhatə olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

21. Qaçqınların işləri üzrə Beynəlxalq Təşkilatın (QBT) 1946-cı il tarixli nizamnaməsində verilmiş "qaçqın" termini həm də anlayışı təşkil edirdi. Bu kateqoriyaya ölkəsinə qayıtmaqdan imtina etmək üçün "irqinə, dininə, vətəndaşlığına və ya siyasi əqidələrinə" görə təqibə məruzə qalacağından ehtiyatlanması üçün əsaslı səbəblər gətirən şəxslər aid edilmişdi.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı

Məhkəmə icraatı iştirakçılarının izahatları:

23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.

24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Maddə 13. Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.

27. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası.

Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. ... Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.

32. İddiaçının əsas dəlili ondan ibarətdir ki, siyasi baxışlarına görə yaşadığı ölkədə təqiblərə məruz qalır. İddiaçı öz mövqeyini (vətəndaşı olduğu ölkədə dini etiqadına görə təhdid olunduğunu) sübut etmək üçün Pakistan Respublikasında ümumi vəziyyət olaraq xristian dininə etiqad edənlərin təqiblərə, hücumlara və terror hadisələrinə məruz qalması faktına əsaslanmışdır.

33. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?

34. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, siyasi baxışlarına görə ölkəsində təqib və təhdid olunacağını bildirmişdir.

35. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq beynəlxalq təcrübəyə istinadən göstərmişdir ki, “...Nəticədə, müdafiə dini mənsubiyyətinə görə (hər hansı digər səbəbə görə) təqiblərə, real ölüm riskinə və ya ciddi mənfi rəftara məruz qalacaqları və ola bilsin ki, onlara qarşı ədalətli mühakimədən açıqaşkar imtina ediləcəyi barədə əsaslandırılmış iddiası olan şəxslərə təklif edilir. Pakistan Respublikasındakı xristian icmasının heç bir rəsmi nəzarət altında olmaması, parlamentdə öz nümayəndələri ilə təmsil olunmaları, Pakistanın hüquq-mühafizə və məhkəmə orqanlarının müvafiq olaraq kilsələri və məktəbləri qorumaq, xristian əhaliyə qarşı hücumlar həyata keçirənləri mühakimə etmək, həbs etmək və cəzalandırmaq üçün müvafiq tədbirlər görməsi faktına əhəmiyyət verilməlidir...” (X14 Məhkəməsi, Z və T Birləşmiş Krallığa qarşı iş (ərizə№27034/05)). Həmin iş üzrə Avropa Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, Pakistanın ərazisində xristian icmasının təqibi halı mövcud deyildir, ərizəçi fərdi olaraq risk altında olduğunu göstərməlidir.

36. İddiaçı vətəndaşı olduğu ölkədə özünün şəxsi olaraq müsəlmanlar tərəfindən təhdidlərə məruz qaldığını bildirsə də, bu faktı sübut edən halları əsaslandırmamış və müsahibəsi zamanı ona qarşı baş vermiş hər hansı konkret təhdid halını qeyd etməmişdir (mənəvi və ya fiziki işgəncəyə məruz qalmadığını da bildirmişdir).

37. Məhkəmə eyni zamanda haqlı olaraq nəzərə almışdır ki, iddiaçı izahatında vətəndaşı olduğu ölkədə Lahor şəhərində qaldığı məhəllədə həm müsəlman, həm də xristian dostlarının olduğunu qeyd etmiş, bəzən “Təbliğe camaat” təşkilatının xristianlara müsəlman olmağı təklif etdiyini, lakin bunun zorla deyil, şəxslərin öz istəyi ilə olduğunu bildirmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.”

39. Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və X3rşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, 17 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-Vİ, b. 38).

40. İddiaçı Pakistana qayıtdığı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b.37; və X7rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə).

41. Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (Çahalın işi üzrə qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, 26 aprel 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, 5 iyul 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, 20 fevral 2007). Eyni zamanda, bir çox işlərdə Məhkəmə qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, 31 may 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə qərar, b. 73; və Müslimin işi üzrə qərar, b. 68). Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (Salah Şixin işi üzrə qərar, b. 138-149).

42. İş materiallarında olan iddiaçının izahatından aydındır ki, iddiaçı vətəndaşı olduğu ölkədə yaşayarkən ona qarşı edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamış, eyni zamanda ölkə daxilində daxili yerdəyişmə alternativinin (ölkənin daha stabil bölgələrinə getmə imkanı) olmasına baxmayaraq bu alternativdən istifadə etməmişdir. İddiaçının ailə üzvlərinin (anasının, 4 qardaşının və 2 bacısının) xristian olduqlarına görə indiyənədək dövlət və ya cəmiyyət tərəfindən hər hansı təqibə və ya təhdidə məruz qalmaması və Pakistanda sərbəst şəkildə yaşaması (iddiaçının izahatına əsasən müəyyən olunmuşdur) da iddiaçının təhdid barədə söylədiklərində şübhə yaradır.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən izahatlar və ona münasibətdə olan rəftarın faktiki xarakteri arasındakı uyğunsuzluq, eləcə də təqdim edilən izahatlar arasındakı ziddiyyətlər (müsahibəsi zamanı bəzi məqamlarda müsəlmanların onu təhdid etdiyini bildirsə də, daha sonra ona qarşı edilmiş hər hansı konkret təhdid halının olmadığını, yaşadığı məhəllədə xristianların müsəlmanlığı zorla deyil, öz istəkləri ilə qəbul etdiyini, müsəlman dostlarının da olduğunu qeyd etmişdir) izahatının inandırıcılıq keyfiyyətinə əhəmiyyətli təsir edir, nəticə etibarilə onun ölkəsinə qayıdacağı təqdirdə təqibə məruz qalacağına dair iddialarının əsaslı olmaması qənaətinə gəlməyə əsas verir.

44. Beləliklə də iddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır.

45. İş materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.

46. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir.

47. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.

48. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.

49. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.

50. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, apellyasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir.

51. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz.

52. Bəhs olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

53. İşə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2-1(112)-2744/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2-1(112)-2744/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Pərviz Hüseynov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar