Məhkəmə qərarları › İş №2-1(103)-2521/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2521/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2521/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2809/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək olan dövrün sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasının təyin edilməsi ilə əlaqədar 3 saylı Bakı “DOST” mərkəzinə ərizə ilə müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 saylı imtina məktubunda iddiaçının xx.xx.1977-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasına əsasən xx.xx.2006-cı ilədək sığorta stajının 19 il 6 ay təşkil etməklə tələb olunan müddətdən az olması göstərilmiş, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək işlədiyi Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmaması və həmin dövrlərin sığorta stajına əlavə edilməməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021ci il tarixdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının № 018567 nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi № ******* saylı əmək kitabçasına əsasən sosial sığorta stajı 19 il 6 ay olmaqla qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2809/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, xx.xx.2001-ci il tarixədək Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi Nq ******* saylı əmək kitabçasına əsasən sosial sığorta stajı 19 il 6 ay olmaqla qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisələndirilməyən halıdır. xx.xx.1956-cu il təvəllüdlü iddiaçıya münasibətdə 65 yaşdır. Mübahisələndirilən hal ikinci şərtin ödənilməməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 25 ildən artıq stajı mövcuddur. İşin mübahisələndirilməyən halı iddiaçının 19 il 6 ay ümumi sığorta stajının mövcud olmasıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyini iddia etdiyi xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək olan dövrün ümumi sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: İş materiallarında olan və Bakı İnzibati Məhkəməsinə tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ağsu rayonu, Kalva kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; ИТ-İ ******* nömrəli, 26 yanvar 1977-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək 23 №-li ŞPTM-də təhsil almış, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusu sıralarında xidmət keçmiş, xx.xx.1976-xx.xx.1980-ci illərdə mexaniki sexdə gəmi boru kəməri çəkən qaynaqçı vəzifəsində, xx.xx.1980-xx.xx.1981-ci illərdə “İnturist” ÜSC-nin Bakı şəhərindəki TTİ-də çilingər, xx.xx.1981-xx.xx.2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının TTİdə çilingər, santexnik çilingər, elektrik qaynaqçısı və xx.xx.2001-xx.xx.2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası şəhərciyində santexnik vəzifəsində işləmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 09 iyul 2021-ci il tarixli, **********9 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1977ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinə kimi sığorta stajı 19 il 6 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə kimi fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X5, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi TəmirTikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin 06-1-769 nömrəli, 23 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, AMEA-nın İşlər idarəsinin Təmir-Tikinti Quraşdırma İdarəsi AMEA-nın Rəyasət Heyətinin xx.xx.2016-cı il tarixli 1/9 nömrəli qərarı ilə ləğv edilmiş və hüquqi varisi müəyyənləşdirilməmişdir. AMEA Rəyasət Heyəti aparatı Elmi İrs şöbəsinin bildirdiyinə əsasən AMEA Təmir-Tikinti Quraşdırma İdarəsi 1986-cı ildən sonra mühafizə olunmaq üçün Elmi irs şöbəsinə arxiv sənədlərini təqdim etməyib. İddiaçı barəsində xahiş olunan xx.xx.1991-xx.xx.2001-ci illər üzrə AMEA-nın Təmir-Tikinti Quraşdırma İdarəsinə məxsus arxiv sənədləri arasında xx.xx.1981-ci il tarixli 39 nömrəli əmrdən başqa heç bir arxiv sənədi mövcud deyildir. Təqdim olunan xx.xx.2021-ci il tarixli 071/35-11 və 071/37-11 nömrəli arayışlar AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsi Mühasibatlığının sənədləri əsasında Elmi İrs şöbəsi tərəfindən hazırlanmışdır; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 19 noyabr 2021-ci il tarixli 01/3-2677 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Azərbaycan Respublikası Elmlər Akademiyası Təmir-Tikinti Quraşdırma İdarəsi” 29 iyun 1996-cı il tarixindən qeydiyyatdadır; Azərbaycan Milli Elmlər X2 X4 İrs şöbəsinin 071/120-11 nömrəli, 24 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Elmlər Akademiyasının Təmir- Tikinti Quraşdırma” İdarəsində işlədiyi barədə (xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci illər) arayış tələb olunur. Elmi İrs şöbəsində mühafizə edilən sənədlər 1959-1986-cı illəri əhatə edir. Göstərilən illərin arxiv sənədləri Elmi İrs şöbəsinə təqdim edilməyib. Elmi İrs şöbəsində olan məlumatlar – 071/35-11; 071/36-11 nömrəli arxiv arayışlarını xx.xx.2021-ci il tarixdə İddiaçı şəxsən təqdim olunub. Həmin məktuba əlavə olunmuş AMEA X8 İrs Şöbəsinin 24 dekabr 2021-ci il tarixli 071/122-11 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin “15” noyabr 2001-ci il tarixli 205 №-li əmri ilə Azərb. MEK-nın Akademiya şəhərciyinə 15 noyabr 2001- ci il tarixindən santexnik vəzifəsinə təyin edilmişdir. AMEA İşlər İdarəsinin əmrlərində İddiaçı 2003-cü ildə işdən azad edilməsi barədə əmri olmadığı üçün, əmək haqqı cədvəlinə əsasən xx.xx.2003-cü ilə qədər işlədiyi təsdiq edilib (əmr № 103 § 1). Cavabdehin imtinasının (etirazının), apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması səbəbindən həmin dövrün araşdırılması mümkün olmamışdır. Məhkəmə Kollegiyası həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan məsələ hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə xx.xx.2001-ci ilədək işləmişdir ki, növbəti gündən xx.xx.2001-ci il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin əmri ilə (əmrin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir) santexnik vəzifəsinə təyin edilmişdir. Ağlabatan mühakimə əsasında xx.xx.2001-ci ildə vəzifədən azad edilməklə növbəti gündən yeni vəzifəyə təyin edilməsi mübahisələndirilən dövr üzrə qeydlərin həqiqiliyi qənaətinə gəlməyə əsas verən hallardan biri kimi qəbul edilə bilər. Məhkəmə Kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Şərh olunanlara əsasən, Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq (cavabdeh tərəfindən mübahisələndirilməyən 19 il 6 ay + 10 il 2 ay 13 gün (xx.xx.1991xx.xx.2001)) sığorta stajına malikdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2809/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2809/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar