Məhkəmə qərarları › İş №2-1(103)-2521/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2521/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2521/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ pensiyanın yenidən hesablanması ”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-491/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE № 00****** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür.

2. DSMF Suraxanı rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli, 33 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. “Azərbaycan X4” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-3/3-9-58/2024 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.2005-ci ildən (xx.xx.2005-ci il tarixli 27/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 5/k nömrəli əmr) Azərbaycan Dövlət X4nin tərkibində olan X5 İdarəsinin “Abşeronskaya-4”, “Smeley”, “Mühəndis B.Məmmədov”, “Mühəndis X.Muradov”, “Narva", “Bakinskaya-3”, “Abşeronskaya-8”, “Cəsur” gəmilərində böyük mexanik-kapitan, 2-ci mexanik, 3-cü mexanik, 4-cü mexanik, kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, növbə köməkçisi, 16.01,2016-cı ildən (xx.xx.2016-cı il tarixli 59/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 851-k nömrəli əmr) Azərbaycan Dövlət X4nin “Mühəndis X.Muradov” gəmisində bagermeyster vəzifəsində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı gəmiçilikdə üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 10 il 05 ay 16 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin (dəniz və çay donanması) “b” (üzən heyət) yarımbəndinə (dəniz donanmasının gəmi heyəti) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X4 Azərbaycan Dövlət X4 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4nin və X6 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

4. “Azərbaycan X4” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-3/3-9-59/2024 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.2005-ci ildən (xx.xx.2005-ci il tarixli 27/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 5/k nömrəli əmr) Azərbaycan Dövlət X4nin tərkibində olan X5 İdarəsinin “Abşeronskaya-4”, “Smeley”, “Mühəndis B.Məmmədov”, “Mühəndis X.Muradov”, “Narva”, “Bakinskaya-3”, “Abşeronskaya-8”, “Cəsur” gəmilərində böyük mexanik-kapitan, 2-ci mexanik, 3-cü mexanik, 4-cü mexanik, kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, növbə köməkçisi, xx.xx.2016-cı ildən (xx.xx.2016-cı il tarixli 59/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 851-k nömrəli əmr) Azərbaycan Dövlət X4nin “Mühəndis X.Muradov” gəmisində bagermeyster vəzifəsində işləmişdir. Onun 2005-ci il üzrə orta aylıq əmək haqqısı (2.406.200 manat – iyul –dekabr ayları); 2006-2009-cü illər üzrə 15.374,91 manat; 2010- 2015-ci illər üzrə 35.303,16 manat təşkil etmişdir. -xx.xx.2024cü il tarixli, 3-17-1/3-1-87044/2024 nömrəli xidməti məktubdan görünür ki, xx.xx.2006cı il tarixindən sonra “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında əmək pensiyası əmək haqqı əsasında müəyyən edilərkən həmin Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixindən əvvəlki əmək pensiyasının axırıncı 24 ayına (2004-2005-ci illər) və ya əmək fəaliyyətinin 01 yanvar 2006-cı il tarixdən əvvəlki hər hansı ardıcıl gələn 60 ayına aid orta aylıq əmək haqqı əsasında hesablanması nəzərdə tutulmuşdur. “Vətəndaşlarin pensiya təminatı haqqında” Qanunun 72-ci maddəsinin 2-ci hissəsi (Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir) adıçəkilən şəxsin pensiyasının hesablanması zamanı tətbiq edilə bilməz. Çünki İddiaçı 2006-cı ildən öncə 24 aydan çox 33 il 23 gün ümumi iş stajı var. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əmək pensiyasının yenidən hesablanması və əmək haqqının 85%-nin ona pensiya olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilə qədər 33 il, 2006-2017-ci illərdə 11 il işləmişdir. Cəmi 43 il işləmişdir. Bütün bu illər ərzində Kasparda və Neft İdarəsində işləmiş və həmişə gəmilərdə olmuşdur. 43 ilin 2 ili hərbi xidmət ilə bağlı olub, 41 il isə Neft İdarəsində gəmidə çalışması ilə bağlı olmuşdur. Beləliklə, bütün bu illər ərzində iddiaçı zərərli işdə işləmişdir. 2009-cu ildə, daha dəqiq desək 57 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçıya cəmi 150 manat məbləğində pensiya təyin edilmişdir. Halbuki, iddiaçı pensiya 85%-lə verilməli idi. İddiaçı hesab edir ki, onun pensiyası yenidən hesablanmalı və zərərli işə görə əmək haqqı 85%-i verilməlidir. Qeyd olunanlarla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə cavab verməmişdir. Bu səbəblə iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi güzəştli şərtlərlə pensiyanın əməkhaqqına əsasən hesablanması xx.xx.2010-cu il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur. Həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərə isə yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı pensiya işinə dair sənədlərə əsasən ona Fondun Suraxanı rayon şöbəsi tərəfindən 24 fevral 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən əmək pensiyaları respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqı əsasında hesablanırdı. Yəni, qeyd edilən dövrdə sığorta stajına görə əmək pensiyasının hesablanması qaydası mövcud deyildi. "Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği hal hazırda xx.xx.2024-cü il tarixindən 634,52 manat təşkil edir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-491/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci və 71-ci maddələrin tətbiqi üçün vətəndaş ya xx.xx.2006-cı il tarixindən əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına (2004-2005) və ya əmək fəaliyyətinin 01 yanvar 2006-cı il tarixdən əvvəlki hər hansı ardıcıl gələn 60 ayına aid orta aylıq əmək haqqı əsasında hesablanmanın aparılmasını tələb edə bilər. Hər bir halda əgər şəxs axırıncı 24 ayına dair hesablamanın aparılmasını arzulayırsa bu zaman, o, ardıcıl gələn 24 ayının əmək haqqı cədvəllərini təqdim etməlidir. Beləliklə istənilən halda ya axırıncı 24 ayın və ya istənilən ardıcıl 60 ayının əmək haqqı cədvəlləri təqdim edildikdə pensiya orta aylıq əmək haqqının 85 % ilə hesablanır.

10. Lakin hazırki işin araşdırılan hallarından görünür ki, iddiaçının təqdim etdiyi əmək haqqı cədvəlləri 2005-ci ilin iyul ayından sonraki dövrləri (2005-ci ilin iyul ayından 2009-cu ilin fevral ayına kimi) əhatə edir ki, bu hal axırıncı 24 ayı və ya hər hansı ardıcıl gələn 60 ayı tamamlamır.

11. Məhkəmə eyni zamanda onu da bildirir ki, hazırki vəziyyətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 72-ci maddəsinin 2-ci abzasının da iddiaçıya tətbiqi istisna olunur. Çünki, normanın məzmununa görə pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Lakin hazırki halda iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı 33 il 23 gün (mübahisələndirilməyən) olduğundan, həmin norma iddiaçıya tətbiq edilə bilməz.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 491/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, təkzibolunmaz faktdır ki, iddia etdiyi əmək pensiyasının əmək haqqının 85% olmaqla yenidən hesablanmasına iş materillarından da göründüyü kimi haqqı vardır. Lakin, o, qanuni haqqı olan əmək pensiyasını ala bilmir. Bunun aydınlaşdırılması üçün də məhkəməyə müraciət edir ki, işin düzgün həlli üçün hərtərəfli, tam və obyektiv araşdırsın. Məhkəmə isə araşdırma aparmadan müxtəlif bəhanələr gətirərək iddianı təmin etməyib gözübağlı cavabdehin qeyd etdiklərinə əsaslanıbdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətə uyğun yazılı etiraz təqdim olunmuşdur. d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı yazılı müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

27. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması (ilkin redaksiyada). 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli Qanunu ilə 27.2-ci maddədə «müəyyən edilir» sözlərindən sonra «və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir» sözləri əlavə edilmişdir (2007-ci il 1 yanvar tarixdən qüvvəyə minmişdir);

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 2009-cu il 27 oktyabr tarixli Qanunla 27ci maddə aşağıdakı redaksiyada verilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. (Bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir). 2011-ci il 17 may tarixli Qanunla 27-ci maddə aşağıdakı redaksiyada verilmişdir: 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.”

20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu müddəalar şamil edilir. Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir.

21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir.Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

27. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir.

28. Daha sonra məhkəmə Kollegiyası, tərəflər arasında yaranmış hüquq münasibətlərini təhlil edərək qeyd edir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı təyin olunan pensiya məbləği ilə narazı olmuş və əmək pensiyasının əmək haqqının 85 % olmaqla yenidən hesablanmasına nail olmaq istəmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmiş, məhkəmə icraatı zamanı iddiaçının tələbinin təmin edilməsinin mümkünsüz edən əsasları bildirmişdir.

29. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtinası əsaslı olmuşdur.

30. Belə ki, Yuxarıda qeyd olunduğu kimi, 2017-ci il 10 mart tarixli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin adında "Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri "Qazanılmış” sözü ilə əvəz edilmiş, 27.1-ci maddənin birinci cümləsində "Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri "Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində "170” rəqəmi "306” rəqəmi ilə əvəz edilmiş və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir:

31. “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”;

32. Həmin Qanunla 27.2-ci və 27.3-cü maddələr ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixdən təyin olunduğundan, ona təyin edilmiş pensiyanın yenidən hesablanması tələbi “Əmək pensiyaları haqqında“ Qanunun 27.2-ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyası nəzərə alınmaqla baxılır.

33. Həmin Qanunun 27.2-ci maddəsinin o tarixdə qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.

34. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci və 71-ci maddəsinə görə, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.

35. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının tələbi və hüquqi marağı ona artıq təyin olunmuş əmək pensiyasının konkret illər (pensiya təyin olunan müddətdən əvvəl) üzrə əmək haqqına əsasən yenidən hesablanmasına nail olmaqdan ibarətdir.

36. Bununla bağlı Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci və 71-ci maddələrin tətbiqi üçün vətəndaş ya xx.xx.2006-cı il tarixindən əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına (2004-2005) və ya əmək fəaliyyətinin 01 yanvar 2006-cı il tarixdən əvvəlki hər hansı ardıcıl gələn 60 ayına aid orta aylıq əmək haqqı əsasında hesablanmanın aparılmasını tələb edə bilər. Hər bir halda əgər şəxs axırıncı 24 ayına dair hesablamanın aparılmasını arzulayırsa bu zaman, o, ardıcıl gələn 24 ayının əmək haqqı cədvəllərini təqdim etməlidir. Beləliklə istənilən halda ya axırıncı 24 ayın və ya istənilən ardıcıl 60 ayının əmək haqqı cədvəlləri təqdim edildikdə pensiya orta aylıq əmək haqqının 85 % ilə hesablanır.

37. Lakin hazırki işin araşdırılan hallarından görünür ki, iddiaçının təqdim etdiyi əmək haqqı cədvəlləri 2005-ci ilin iyul ayından sonraki dövrləri (2005-ci ilin iyul ayından 2009-cu ilin fevral ayına kimi) əhatə edir ki, bu hal axırıncı 24 ayı və ya hər hansı ardıcıl gələn 60 ayı tamamlamır.

38. Məhkəmə eyni zamanda onu da bildirir ki, hazırki vəziyyətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 72-ci maddəsinin 2-ci abzasının da iddiaçıya tətbiqi istisna olunur. Çünki, normanın məzmununa görə pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Lakin hazırki halda iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı 33 il 23 gün (mübahisələndirilməyən) olduğundan, həmin norma iddiaçıya tətbiq edilə bilməz.

39. Belə olan halda məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqının 85 % müəyyən edilməklə hesablanmasını tələb etmək hüququ yaranmamışdır.

40. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq diqqətə çəkir ki, iddiaçı şikayətində hüquq normalarını sadalamış və göstərmişdir ki, məhkəmə araşdırma aparmadan müxtəlif bəhanələr gətirərək iddianı təmin etməyib, cavabdehin qeyd etdiklərinə əsaslanmışdır.

42. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı şikayətində məhkəmə araşdırmasından kənarda qalan konkret fakta və dəlilə istinad etməmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-491/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-491/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar