Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2523/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və Cavabdeh3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti və qeyrilərinə qarşı “qərarın dəyişdirilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-7272/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı qərarının 2.2.1-ci bəndindəyer tapmış əsas və əlavə mötərizələr və onların içindəki sözlərin bu bəndin mətnindən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək iddia tələbinin ərizədə qeyd olunan formada icraata qəbul edilməsini və “Hacı Əjdərbəy” Məscidi, Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində iş üzrə məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-7272/2021 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, “Hacı Əjdərbəy” Məscidi, Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdehlər qismində məhkəmə icraatının iştirakçısı kimi tanımışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli 151 saylı Qərarından görünür ki, dini ibadət yeri hesab edilən məscidlərdə eyni zamanda 50 nəfərdən artıq şəxsin ibadət etməsi qadağan edilmişdir. Metro, təyyarə, avtobus, iri ticarət mərkəzləri, bu kimi məkanlarda 50 nəfərlik məhdudiyyət olmadığı halda, məscidlərə bu formada məhdudiyyət qoyulması ayrıseçkilik və konstitusion və beynəlxalq hüquqların pozuntusudur Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-7272/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yardım etmək vəzifəsinə uyğun davranıb qeyd olunan vəzifəsinə riayət etsəydi, bunun üçün ağlabatan vaxt təyin etsə idi, iddiaçı iddianın mümkün sayılmamasına səbəb olan halları aradan qaldırardı. Nəsimi Rayon Məhkəməsi iddianın inzibati icraat qaydasında baxılmasına dair qərardad qəbul etsə də, Bakı İnzibati Məhkəməsi bunun mümkün olmamasına dair qərardad qəbul etmişdir. Əfsuslar olsun ki, məhkəmələrin eyni məsələyə ziddiyyətli yanaşması onun məhkəmədə müdafiə hüququnu pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Eyni zamanda, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iş üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün önəmlidir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbindən də göründüyü kimi yuxarıda adları çəkilən prosessual qanunvericilik normalarının tələblərinə zidd olaraq iddia tələbində iddiaya mahiyyəti üzrə qiymət verilməsinə mane olan mümkünlük şərtlərinə riayət edilməmiş, cavabdehlərdən biri qismində inzibati orqan olmayan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” adı qeyd edilməyən Məscid, Cavabdeh4 qeyd edilmiş, inzibati hüquq münasibətləri ilə bağlı olmayan tələblər irəli sürülmüş, bir cavabdehə yönəlməyən bir neçə iddia tələbi eyni iddia ərizəsində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən İPM inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu İ. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. İİ. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları İ. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; Birinci instansiya məhkəməsi bildirmişdir ki, inzibati məhkəmələr inzibati aktın qəbulu və ya inzibati orqanların faktiki xarakterli hərəkət və hərəkətsizliyindən yaranan inzibati məhkəmə mübahisələri üzrə səlahiyyətli məhkəmə hesab edilir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar formasında qəbul edilən ümumi qaydalar müəyyən edən normativ hüquqi akt isə inzibati akt hesab edilmədiyindən, həmin aktın birinci instansiya məhkəməsində inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yol verilməzdir. Belə ki, normativ hüquqi akt üçün ən əsas xarakterik xüsusiyyət qanunvericilik sisteminin tərkib hissəsi olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı da məhz bu sistemin mühüm tərkib hissəsi qismində çıxış edir. Məhkəmə isə normativ hüquqi aktların işin faktiki hallarının qiymətləndirilməsi baxımından düzgün tətbiqini həyata keçirən qurum kimi ədalət mühakiməsini həyata keçirir. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun, indiki halda icra hakimiyyətinin səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Bu səbəbdən də hazırkı iş üzrə həm normativ hüquqi aktın dəyişdirilməsi məsələsinə, o cümlədən digər qurum və ya şəxslərin normativ hüquqi aktın hazırkı redaksiyada müəyyən edilmiş müddəalarına əməl etməməsi qismində məsələyə də münasibət bildirilməsi iddianın mümkünlüyü baxımından yol verilməzdir. İddia tələbindən də göründüyü kimi iddiaçı qərarın dəyişdirilməsi ilə yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına ümumiyyətlə İdarə, Məscid və qurum tərəfindən müddəalarına əməl edilməməsini tələb edir ki, qüvvədə olan həmin qurum və ya üst qurum tərəfindən ləğv edilməmiş normativ hüquqi aktların tələblərinə riayət edilməməsini tələb etmək inzibati məhkəmə mübahisəsi kimi qiymətləndirilə bilməz və inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən fomrada təmin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən, iş üzrə qərardad dəyişdirimədən saxlanmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-7272/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2523/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2523/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver