Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2523/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2023 saylı 22 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 2404 saylı xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 312 saylı, xx.xx.1999-cu il tarixli təqdimatına baxılmış və Bakı şəhər X5 İcraiyyə Komitəsinin 13-713 nömrəli, xx.xx.1989-cu il tarixli qərarını rəhbər tutaraq, Bakı şəhəri, Qədirli küçəsi, dalan 6, ev 6-da yaşayan İddiaçı Mərdəkan qəsəbəsində T-41 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisinin təsdiq edilmiş 145-000-129 c tipli layihə əsasında aparılması barədə sərəncam verilmişdir. Torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 2404 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə İddiaçı Əmirəli qızına Mərdəkan qəsəbəsində ayrılan T-41 saylı sahənin sxemi və baş planından çıxarışı təsdiq edilmişdir. İddiaçı torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********78 saylı xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, sözügedən torpaq sahəsi yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Odur ki, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən mühafizə zonası ilə bağlı müvafiq sənəd təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 2404 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsində T-41 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin dövlət qeydiyyatının aparılması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 1999-cu il tarixli 2404 saylı Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün T-41 saylı sahədə 1200 kv.m olmaqla torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmışdır. Həmin torpaq sahəsinin smeta layihə qiyməti və torpaq sahəsinin ayrılmasına görə 25000 manat pul tərəfindən ödənilmişdir. Hazırda həmin torpaq sahəsi tərəfindən hasarlanmış və uzun illərdir ki, istifadəsindədir. Müxtəlif vaxtlarda daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qanunvericiliklə tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Lakin, hər dəfəsində də, əsassız və qanunsuz səbəblər göstərilməklə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsindən imtina olunmuşdur. 03 dekabr 2020-ci ildə yenidən ərizə ilə müraciət edərək, torpaq sahəsinə mühəndis tərəfindən təkrar baxış keçirilməsini tələb etmişdir. Mühəndisin xidməti otağında araşdırma ilə bağlı olduqda ona torpaq sahəsinə baxış keçirməsini bildirdikdə, o, buna ehtiyac olmadığını, həmin torpaq sahəsinə dair qeyd olunmuş əvvəlki iradların əsassız olduğunu və torpaq sahəsinin mövcud sərhədlərinin yəni ki, hasarların heç bir sanitariya-mühafizə zonasında yerləşmədiyini bildirmişdir. Lakin, qeyd olunanlara baxmayaraq 04 fevral 2021-ci il tarixdə ona təqdim olunmuş xx.xx.2021ci il tarixli **********94 saylı məktubla yenidən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılmasından və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsindən əsassız və qanunsuz olaraq imtina olunmasına dair inzibati akt qəbul edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizəsində yerləşir. Odur ki, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən mühafizə zonası ilə bağlı müvafiq sənədin təqdim edilməsi məqsədəuyğundur. Bu səbəbdən, ərizənin icrası mümkün olmamış, iddiaçıya **********78 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsindən 1 metr məsafədən 6 kV-luq elektrik xətti keçir, ərazinin 435 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariyamühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kVxətlərin gərginliyi; L, m – məsafələrdir; Un, kV – İ ˃20, 35, 110, 150, 220, 330-500; L,m – 10, 15, 20, 25, 25, 30. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2023 saylı 22 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli 2404 saylı sərəncamı ilə İddiaçı Mərdəkan qəsəbəsində T-41 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən madd və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Qeyd edilən torpaq sahəsi dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid olan torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 33 saylı 2005-ci il 23 fevral tarixli qərarına əsasən dəmir yolunun qeyd edilən yerində təhkim zolağının eni 24 metr müəyyən olunmuşdur. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, 30 dekabr 1999-cu il tarixli 2404 saylı Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün T- 41 saylı sahədə 1200 kv.m olmaqla torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmışdır. Həmin torpaq sahəsinin smeta layihə qiyməti və torpaq sahəsinin ayrılmasına görə 25000 manat pul tərəfindən ödənilmişdir. Hazırda həmin torpaq sahəsi tərəfindən hasarlanmış və uzun illərdir ki, istifadəsindədir. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 2404 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə ona Mərdəkan qəsəbəsində ayrılan T-41 saylı sahənin sxemi və baş planından çıxarışı təsdiq edilmişdir. Müxtəlif vaxtlarda daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət edilmiş, lakın hər dəfə əsassız səbəblərlə imtina cavabı alınmışdır. Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 184245 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dəmir yolunun Qala-Dübəndi mənzili 20 km pk 9-da yolun kilometr artımı istiqamətinin sol tərəfində dəmir yolunun təhkim zolağından kənara düşür. Qeyd edilən torpaq sahəsi ərazidən keçən dəmir yolu xəttinin qazma yatağında və sanitariya-mühafizə zonasında yerləşmir. “Azərenerji" ASC-nin xx.xx.2022-ci il tarixli, xxxx-2191 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsindən "xxxx" ASC- yə məxsus elektrik verilişi xətti keçmir. Cavabdehin ona məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası sözügedən torpaq sahəsi yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsi olmasına baxmayaraq, məhkəməyə təqdim edilmiş etiraz ərizəsində əlavə əsas kimi, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən yerli baxış zamanı torpaq sahəsindən 1 metr məsafədən 6 kV-luq elektrik xətti keçməsinə, ərazinin 435 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsinə istinad edilmişdir. Lakin məhkəmə sorğuları nəticəsində bəlli olmuşdur ki, torpaq sahəsi ərazidən keçən dəmir yolu xəttinin qazma yatağında və sanitariya-mühafizə zonasında yerləşmir, "xxxx" ASC-nin balansında olan 431 saylı yarımstansiyadan qidalanan 6 saylı transformator məntəqəsindən budaqlanan 6 kV-luq “RVNO” hava xəttin mühafizə zonasında yerləşir, “Azərenerji" ASC-yə məxsus elektrik veriliş xətti isə keçmir. Nəticə olaraq cavabdeh tərəfindən imtinanın əsassız olması və öz təsdiqini tapmaması təsbit olunmuşdur. Apellyasiya şikayətinin məzmununa nəzər salınsa, əsaslandırmanın və şikayətin mətninin şablon xarakter daşımasını görmək mümkündür. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq İddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 2404 saylı xx.xx.1999cu il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsində T-41 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin dövlət qeydiyyatının aparılması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “sözügedən torpaq sahəsinin yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsi” ilə bağlı olsa da, məhkəməyə təqdim edilmiş etiraz ərizəsində əlavə əsas kimi, “İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən yerli baxış zamanı torpaq sahəsindən 1 metr məsafədən 6 kV-luq elektrik xətti keçməsinə, ərazinin 435 kv.m. hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsinə” istinad edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10/6816 saylı ekspert rəyində göstərilmişdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, 2404 saylı sərəncamı ilə İddiaçı Əmir qızının adına fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iddiaçının nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iddiaçının nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi yerləşən torpaq sahəsinin 416 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçının nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi dəmir yolu xəttindən 34 metr məsafədə yerləşir. Mübahisə predmeti olan torpaq sahəsinin dəmir yolunun sanitar-mühafizə zonasına düşüb-düşməməsi və həmin torpaq sahəsinin mövcud olduğu ərazidən keçən dəmir yolunun dərinliyi 4 metrdən az olmayan qazma yataqlarında yerləşib-yerləşməməsi barədə məlumatların "xxxx" QSC-dən alınması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 184245 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində vətəndaş İddiaçı T- 41 saylı ünvanda yerləşən torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dəmir yolunun Qala-Dübəndi mənzili 20 km pk 9-da yolun kilometr artımı istiqamətinin sol tərəfində dəmir yolunun təhkim zolağından kənara düşür. Qeyd edilən torpaq sahəsi ərazidən keçən dəmir yolu xəttinin qazma yatağında və sanitariya-mühafizə zonasında yerləşmir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istiadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən həmn ərazidə dəmir yolunun təhkim zolağının evi 24 (iyirmi dörd) metr müəyyən olunmuşdur. "xxxx" ASC-nin 01-/xx-xx/6797 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi səhmdar cəmiyyətin balansında olan 431 saylı yarımstansiyadan qidalanan 6 saylı transformator məntəqəsindən budaqlanan 6kV-luq “RVNO” hava xəttinin mühafizə zonasında yerləşir. Həmin torpaq sahəsinin ətrafından keçən 110 kV-luq elektrik xətti ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət etməsi xahiş edilmişdir. "xxxx" ASC-nin xx-xx-2191 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsindən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ərazidən keçən dəmir yolu xəttinin qazma yatağında və sanitariya-mühafizə zonasında yerləşmir, "xxxx" ASC-nin balansında olan 431 saylı yarımstansiyadan qidalanan 6 saylı transformator məntəqəsindən budaqlanan 6 kVluq “RVNO” hava xəttin mühafizə zonasında yerləşir, "xxxx" ASC-yə məxsus elektrik veriliş xətti isə keçmir. Birinci instansiya məhkəməsi cavabdehin “torpaq sahəsinin hava xəttinin mühafizə zonasında yerləşməsi” barədə dəlilinə münasibətdə göstərmişdir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların təmamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla. ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və faxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Sadalanan normaların məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin toopaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu əsas iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsini istisna edə bilməz. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-445/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2023 saylı 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2023 saylı 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2523/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2523/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver