Məhkəmə qərarları › İş №2-1(103)-2524/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2524/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2524/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri, 19 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1985-ci il tarixində Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin yenilənməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5434/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 02.04.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsinin əldə edilməsi üçün baş örtüsündə fotoşəkil çəkilməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən edilən qanunsuz müdaxilənin məhkəmə tərəfindən aradan qaldırılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı X1 şəxsiyyət vəsiqəsini dəyişdirmək məqsədi ilə Mingəçevir regional “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, zəruri sənədlərin surətlərini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zamanı zəruri olan proseslərdən biri fotoşəklin çəkdirilməsi olmuşdur ki, bu zaman iddiaçı mənsub olduğu islam inancına görə baş örtüsündə olmuşdur. ASAN xidmətin əməkdaşı tərəfindən baş örtüyü ilə fotoşəklin çəkdirilməsinin mümkün olmaması bildirilmişdir. İddiaçı məsələnin həlli ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin sonuncu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək ərizənin icrasından imtina etmişdir. İddiaçı qeyd edir ki, istinad olunan beynəlxalq təşkilatın şəxsiyyət vəsiqəsində nümunəsi müəyyən edilmiş baş örtüsündə fotoşəkil çəkilməsinə yol verilməsinə baxmayaraq cavabdeh tərəfindən baş örtüsündə fotoşəkil çəkilməsinin qanunvericilikdə yol verilməməsi bildirilmişdir ki, bununla da iddiaçının hüquqları pozulmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinin 1-ci hissə 1-ci cild 4-cü fəslinin 11 saylı əlavəsində pasportda (şəxsiyyət vəsiqəsində) istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə yaşıl xətlə işarələnmiş baş örtüyü ilə çəkilmiş fotoşəkil yerləşdirməklə şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5434/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş 27.09.2021-ci il tarixli, 018-15055-1221 nömrəli məktuba əsasən məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş olunmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının müraciətinə qiymət verilmiş və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Əsasnamənin 2.10-cu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 07 ferval 2012-ci il tarixli, 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nin 2-ci hissəsinə əsasən vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “X3” yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu maddəsinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsindən göründüyü kimi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə görə (9303 nömrəli sənədin İV-cü fəslinin 11-ci əlavənin 1.9-cü bəndinə və İV-60 səhifəsində olan fotoşəkillərə aid təlimatlandırıcı materiallarına görə) şəxsin şəxsiyyətini müəyyən edən sənədləri üçün fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsi yolverilməzdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədin İV-60-cı səhifəsində göstərilmiş başörtüklü fotoşəkilin nümunəsi ilə əlaqədar olaraq həmin sənəddə xüsusilə qeyd olunmuşdur ki, belə fotoşəkillər yalnız səlahiyyətli dövlət orqanları tərəfindən konkret istisna hallar (dini adətlər, tibbi göstəricilər və mədəni ənənələr) nəzərdə tutulduqda yolveriləndir. Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqələrində və pasportlarında təsvir olunmuş fotoşəkillər İCAO-nun 9303 sənədinin instruktiv qaydalarına uyğun olmalıdır. İnternet resursu vasitəsi ilə əldə olunmuş həmin sənədin İV-cü fəslinin 11-ci əlavəsinin müddəalarından məlum olur ki, fotoşəkildə şəxsin üz cizgiləri aydın, üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyini istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası dünyəvi dövlət olduğundan bu istisna Azərbaycan Respublikasına şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının dünyəvi respublikası olması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Belə olan halda, həm məhkəmə təcrübələri, həmçinin də, qüvvədə olan qanunvericiliyin normaları ona dəlalət edir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədində üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsi dini adətlər istisnası olduğu halda mümkün olsa da, həmin istisna Azərbaycan Respublikasına şamil edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5434/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar