Məhkəmə qərarları › İş №2-1(103)-2524/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2524/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2524/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu, və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti) “dəymiş zərərin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 82.410,00 manat maddi zərər, 4.120,00 manat faiz məbləği və 50.000,00 mənəvi zərərin, ümumilikdə 136.53,00 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilə ailə üzvü ilə 19 avqust 1986-cı il tarixdən qeydiyyatda olmaqla yaşamışdır. 1999-cu ildə həbs edildikdən sonra ailə üzvləri zorla evdən çıxarılaraq mənzil 1999-cu il 19 yanvar ayında sökülmüş, başqa şəxsə satıldığı üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli qətnaməsi ilə onun cavabdeh Nəsimi rayon İH-ə və qeyrilərinə qarşı sərəncamın ləğvi və qanunsuz tikililərin İH-nin fonduna keçirilməsi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri İH-ə onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunması həvalə olunmuşdur. Həmin qətnamə Apellyasiya Məhkəməsinin MİÜMK 10 avqust 2005-ci il tarixli İMK-3973/05 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər İH məhkəmə qətnaməsini icra etmədiyində görə Avropa Məhkəməsinə müraciət olunub. Avropa Məhkəməsinin 30 iyun 2016-cı il tarixli məhkəmə iclası qərar qəbul edərək iddianın təmin olunması üçün üç ay vaxt müəyyən etmiş, qətnamənin icra üsulu Nəsimi Rayon Məhkəməsinin 8(006)456/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə icra üsulu dəyişdirilərək, təmin olunmuşdur. Göstərilən ünvanda ona məxsus mənzilin ümumi sahəsi 80 kv. metr ölçüdə olmuş, 20 il müddətində Bakı şəhəri İH-i fondunda mənzil olmasına baxmayaraq öhdəliyini yerinə yetirmədiyinə görə keçirdiyi sarsıntı və əsəbdən ekzema xəstəliyinə mübtəla olmaqla, ailəsi ilə birlikdə ağır şəraitdə kirayənişin yaşamaqla böyük miqdarda maddi və mənəvi ziyan çəkmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti apardığı təhlil və hesablamalar nəticəsində məlum etmişdir ki, ünvan 2 ünvanda yerləşən 3 otaqlı 2 saylı mənzilin 12 yanvar 1999-cı il tarixdən 27 dekabr 2019-cu il tarixədək illər üzrə hesablanmış kirayə haqqı 82 min 410 manat təşkil edir. İddiaçı məhkəməyə qədər 136.530,00 manat məbləğində ziyanın ona ödənilməsi barədə cavabdeh Bakı şəhər İcra hakimiyyətinə ünvanladığı 10 mart 2021-ci il tarixli ərizəsi aidiyyəti üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli məktubu ilə belə cavablandırılmışdır 136.000,00 manat məbləğində zərərin ödənilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər (i.v. 28-31, 47): Cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi X2 iddia tələbinə etiraz edərək məhkəmənin qərarı tam icra olunduğu nəzərə alınmaqla, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, təqdim olunmuş sübutları nəzərə almamış, öz fərziyəsinə görə hesab etmişdir ki, iddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin mənzil fondunda boş yaşayış sahəsi olmasısənədlə tərəfindən sübut olunması nəzərə alınmamışdır. Ona vurulmuş ziyanla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna düzgün hüquqi qiymət verməmiş, ədalətsiz qərar qəbul etmişdir. İcra hakimiyyəti tərəfindən ona və ailəsinə qarşı haqsızlıq, yəni qanun pozuntusu nəticəsində ona dəymiş maddi və mənəvi ziyana, eləcə də əldən çıxmış faydaya görə iddia tələbinin təmin olunmasına dair qərar qəbul olunmalıdır. Hazırkı məhkəmə iclası barədə xəbərdar edilmiş tərəflər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi Hafiz Abekarov iddia tələbinin Nəsimi rayon İcra Hakimiyyətinə aidiyyəti olmadığını bildirmişdir.) İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçının istinad etdiyi əsaslara görə ona dəymiş həmin zərər qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsi nəticəsində yaranmışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli 2-458- 2001 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsimi rayon İH-ə və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinə ailə üzvləri ilə özü, arvadı, üç uşağı ilə birlikdə İddiaçı yaşayış sahəsi ilə təmin edilməsinin həvalə edilməsi qət edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK- nın 10 avqust 2005-ci il tarixli 1MK-3973/05 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, birinci instansyia məhkəməsinin qanuni qüvvəsini almış həmin qətnaməsi icra edilməmiş, Avropa Məhkəməsinə müraciətindən sonra, xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin 8(006)456/2019 saylı qərardadı ilə qətnamənin icra üsulunun dəyişdirilməsi nəticəsində Bakı şəhər İcra Hakimiyyətindən onun xeyrinə 120.000 manat məbləğində pul tutulmaqla, qətnamə icra olunmuşdur. İddiaçı hesab edir ki, həmin müddət ərzində onun ailəsi ilə birlikdə ağır şəraitdə kirayənişin yaşadığına görə 82.410 manat maddi zərər, sarsıntı və əsəb keçirdiyinə ekzema xəstəliyinə tutulduğuna görə 50.000 manat mənəvi zərər və faydalanmağa görə 4.120,00 manat faiz məbləği, ümumilikdə, 136.530 manat məbləğində kompensasiya məbləği cavabdeh tərəfindən ona ödənilməlidir. Lakin iş materialarından görünür ki, iddiaçının tələb etdiyi həcmdə ziyan vurulmasını təsdiqedici sübutetmə vasitələri mövcud deyildir. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbi baxımından, qeyd olunan miqdarda zərər vurulduğu iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. Belə ki, birincisi, iddiaçının ailəsi ilə birlikdə ağır şəraitdə onun kirayənişin yaşamasını və bu zaman hansı məbləğdə kirayə haqqı ödəməsi ilə bağlı mötəbər sübutları yoxdur. Onun birinci instansiya məhkəməsində şahid qismində təqdim etdiyi X1 ifadəsində isə 2000-2016-cı illərdə ünvan 5 ünvanında kirayə qaldığı və müxtəlif dövrlərdə aylıq kirayə haqqı kimi 200-400 manat ödədiyi bildirilsə də, bütün bunlar kirayə müqaviləsi və kirayə haqqı ödənilməsini təsdiq edən sənədlərlə təsdiq olunmadığı, həm də həmin şahid sözügedən mənzili kirayəyə verən şəxs də olmadığı halda, onun ifadəsi sübut əhəmiyyətli mötəbər məlumatlar kimi qiymətləndirilə bilməz. İddiaçının 50.000 manat məbləğində mənəvi ziyana məruz qalması da iş materiallarına əsasən sübuta yetirilmir. Belə ki, onun məhkəməyə təqdim etdiyi ambultor tibbi vərəqində (çıxarış) təsbit olunan, xx/xx-2018-ci il tarixli həkim diaqnozuna əsasən “hər iki əl və pəcəsinin dishidrotik ekzeması” xəstəliyinin məhz, cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində keçirdiyi sarsıntı və əsəbdən irəli gəlməsi, yəni, səbəbli əlaqə mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2002-ci il 31 may tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçının Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən faydalanmağa görə cavabdehdən 4.120,00 manat faiz məbləğini tələb etməsi ilə də məhkəmə kollegiyası razılaşmır. Birincisi ona görə ki, cavabdehin üzərinə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə onun mənzillə təmin edilməsi öhdəliyi qoyulmuşdur. 2019-cu ildə isə məhkəmə aktı ilə yalınız qətnamənin icra üsulu dəyişdirilərək ona həmin ildə mövcud olan mənzil qiymətləri ilə 120.000,00 manat pul vəsaiti ödənilmişdir. Belə olan halda, burada cavabdehin həmin pul vəsaitini öznədə saxlayaraq faydalınmasından söhbət gedə bilməz. Digər tərəfdən, ümumiyyətlə, cavabdeh tərəfindən faydalanma sübuta yetirilmir, iddiaçı ümumi sözlərlə həmin məbləğin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki,“...faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur...” Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının cavabdehin hansı şəkildə gəlir, bəhər və s. əldə etməsi ilə bağlı əsaslandırıcı sübutetmə vasitələri mövcud olmadığı halda, cavabdehdən 4.120,00 manat faiz məbləğini tələb etməkdə haqlı hesab oluna bilməz. Beləliklə də, cavabdeh tərəfindən iddia olunan maddi və mənəvi ziyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparmadığını, sübutlara düzgün qiymət vermədyini və ədalətsiz qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar