Məhkəmə qərarları › İş №2-1(103)-2526/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2526/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2526/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azad X2 Birliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “məlumatların qeydə alınması və qeydiyyata dair çıxarış verilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4125/2019 saylı 06 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (müddətin bərpası barədə ərizəyə) 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azad X2 Birliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Birliyin reyestr məlumatlarının sonrakı dəyişiklik barədə təqdim edilən məlumatlarının qeydə alınması və Birliyə qeydiyyata dair çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4125/2019 saylı 06 noyabr 2019cu il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Azad X2 Birliyi tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4125/2019 saylı 06 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, dəfələrlə məhkəməyə şifahi müraciət edərək qərarın ona təqdim edilməsini xahiş etsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı İnzibati Məhkəməsinə dəyişdiyi və Kommersiya məhkəməsinin ayrıldığı müddət olduğundan ona gözləməyi deyilmiş, 2020-ci ilin mart ayından ölkə üzrə Covid-19 virusunun yayılması ilə bağlı davamlı məhdudiyyət tədbirləri görülmüş və iddiaçı qərarın ona göndərilməsini gözləsə də, qərar yenə də ona təqdim olunmamışdır. Sözügedən qərar ona yalnız rəsmi ərizə yazdıqdan sonra 27 iyul 2021-ci ildə təqdim edilmişdir. İPM-nin 23.2ci maddəsinə tələbinə əsasən qərarı aldıqdan sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qərarından apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzrlü hesab edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Apellyasiyanın mümkünlüyü məsələsinə baxılması 27.10.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi apellyasiyanın mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 06.11.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4125/2019 saylı 06.11.2019-cu il tarixli qərarı poçt vasitəsilə 15 noyabr 2019-cu il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilsə də, həmin qərarın iddiaçı tərəfindən nə vaxt alınmasını müəyyən etmək mümkün deyildir, belə ki, bu barədə işdə sübut mövcud deyildir. Lakin 22.07.2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəmə qərarının ona təqdim olunmasını xahiş etdiyi üçün ərizəsinə əsasən məhkəmə qərarı 27.07.2021-ci il tarixdə ona təqdim olunmuşdur. Bundan sonra iddiaçı 24.08.2021-ci il tarixdə “ME” Mail Express sürətli poçt daşıma xidməti vasitəsilə apellyasiya şikayəti vermiş və həmin şikayət məhkəməyə 02.09.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İş materiallarında 06.11.2019-cu il tarixli məhkəmə qərarının ilk dəfə 15.11.2019-cu il tarixdə iddiaçıya göndərilməsi ilə bağlı hər hansı sübutun mövcud olmadığı müəyyən olunur. İddiaçı məhkəmə qərarını keçən müddət ərzində ala bilmədiyi üçün dəfələrlə şifahi müraciətlərinin olmasına baxmayaraq yenə də həmin qərarın ona təqdim olunmadığını, nəhayət 22.07.2021-ci il tarixdə etdiyi yazılı müraciət əsasında qərarın ona 27.07.2021-ci il tarixdə təqdim olunduğunu və buna görə də vaxtında məhkəməyə müraciət etməməsinin səbəbinin həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı İnzibati Məhkəməsinə dəyişməsi, həm də ölkə üzrə Covid-19 virusunun yayılması ilə bağlı davamlı məhdudiyyət tədbirlərinin görülməsi ilə bağlı olduğunu bildirmişdir. Bu barədə qeyd olunmalıdır ki, iddiaçı 06.11.2019-cu il tarixli məhkəmə qərarını 27.07.2021-ci il tarixdə aldıqdan sonra 24.08.2021-ci il tarixdə “ME” Mail Express sürətli poçt daşıma xidmətinə verdiyi apellyasiya şikayəti məhkəməyə 9 gündən sonra, yəni 02.09.2021-ci il tarixdə daxil olmuşdur. Halbuki sürətli poçt xidmətinin adından da göründüyü kimi, “sürətli poçt xidməti” olduğu halda, Bakı şəhəri daxilində çatdırılması tələb olunan məktubu bir ünvandan digərinə 8-9 gündən sonra çatdırması inandırıcı deyildir. Həmçinin Kollegiya onu da nəzərə alır ki, sürətli poçt xidmətinə məhkəməyə çatdırılması üçün apellyasiya şikayətinin verildiyi tarix ölkə ərazisində pandemiya dövrü olsa da, həmin müddətdə poçt xidmətləri üçün hər hansı məhdudiyyət də tətbiq olunmamışdır. Digər tərəfdən, 06.11.2019-cu il tarixli məhkəmə qərarından göründüyü kimi, həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi qərarın elan edilməsində iştirak etmiş, yəni məhkəmə qərarının mövcud olmasından məlumatlı olmuş, lakin keçən müddət ərzində həmin qərarı mübahisələndirməmişdir. Halbuki məhkəmə qərarının elan edilməsində iştirak edən iddiaçının nümayəndəsi həmin qərardan narazı qaldığı halda keçən müddət ərzində onun məhkəmə qaydasında mübahisələndirilməsinə nail olmaq naminə çeviklik göstərib, daha tez bir vaxtda apellyasiya şikayətinin verilməsində maraqlı olmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Hazırki işdə ötürülmüş prosessual müddətlə bağlı iddiaçının təqsirinin olmadığını müəyyən etmək mümkün deyildir. Kollegiya hesab edir ki, iddiaçının məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə gətirdiyi arqumentlər qəbuledilməzdir. İnzibati Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə əsasən hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı məhkəmə qərarına qarşı şikayəti onun elan olunduğu vaxtdan ən geci 1 il müddətində verə bildiyi halda, bu müddəti də keçirmişdir. Məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddət üzrsüz səbəbdən ötürüldüyü üçün onun bərpası ilə bağlı verilmiş ərizə təmin edilə bilməz. Odur ki, iddiaçının “müddətin bərpası” ilə bağlı verdiyi ərizə təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azad X2 Birliyinin nümayəndəsi tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4125/2019 saylı 06 noyabr 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar