Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2527/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6578/2021 saylı, 15.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı şikayət ərizəsi, daha sonra dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 12.04.2021-ci il **********5 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın” etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya DSMF-nin Biləsuvar rayon şöbəsi tərəfindən 01 sentyabr 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunarkən Fondun rəsmi qəbulda olmuş, ilkin sənədləri fondun bu sahə üzrə məsul şöbə müdiri tərəfindən baxılmış, onu qəbul edib dinləmiş və bu barədə Fondun rayon rəhbərliyinə müvafiq tapşırıq verilmişdir. Məsələ ilə bağlı rayon pensiya fondunda rəsmi qəbullarda dəfələrlə olmuş, Fondun məsul işçiləri hər dəfə ona bildirmişlər ki, onlar tərəfindən təyinat həmin dövr üçün verilmiş olan qərarlar, mövcud normativ hüquqi aktlar əsasında aparılmışdır və yanlışlığa yol verilməmişdir. Lakin cavabdehin 12.04.2021-ci il tarixli **********45 saylı qərarı ilə ondan 01.09.2014- 30.09.2020 dövrü ərzində ona 1280,77 manat artıq ödənilmiş əmək pensiyası 10 gün ərzində cavabdehin filalın hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz və əsassızdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6578/2021 saylı, 15.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 12.04.2021-ci il tarixli, **********5 nömrəli qərarı etibarsız hesab edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, «…qərar əsassızdır. Belə ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə- 32,50 manat və mükafatlara görə əlavə 54,17 manat olmaqla orta aylıq əmək haqqı 411,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarxinədək olan sonuncu vəzifə üzrə orta aylıq əmək haqqı (373,67 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (411,67 manat) arasındakı fərq məbləğinin (38,00 manat) 33,33 faizi- 12,67 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (205,52 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının 218,19 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.03.2018-31,08.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona 235,37 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 309,24 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Eyni zamanda, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşına 10 faizi miqdarında əlavə-49,00 manat və mükafatlara görə əlavə 81,67 manat olmaqla orta əmək haqqı 620,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan sonuncu vəzifə üzrə orta aylıq əmək haqqı (411,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (620,67 manat) arasındakı fərq məbləğinin (209,00 manat) 33,33 faizi-69,66 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanın (218,19 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 287,85 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.09.2019- 30.09.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona 310,18 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 290,29 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.09.2014-30.09.2020 dövrü ərzində ümumilikdə 1280,77 manat məbləğində pul vəsaitlərinin ödənildiyi müəyyən edilmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ə.Hüseyov apellyasiya şikayətinə etiraz edərək cavabdehin hərəkətlərinin qanunsuz olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etimişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh inzibati orqan «…qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, əgər artıq hesablama üçün əsas yaranmışdırsa bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. Halbuki, ə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir..» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə aşağıdakılara görə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1.-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 51.1.-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İş materiallarına, tərəflərin izahatlarına və hazırkı mərhələdə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən isə müəyən olunur ki, cavabdeh inzibati icraat haqqında hüquq normalarının tələbləri qaydasında iddiaçının inzibati icraatda iştirakını təmin etmədən, onun məsələyə münasibətini və razılığıını alınmadan onnun pensiyasından artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə qərar qəbul etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən İinzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin tələbinə görə isə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Sahəvi qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, cavabdeh o halda, artıq ödənilmiş pensiya məbləğini iddiaçıdan tuttulmasına dair qərar qəbul etməkdə səlahiyyətli ola bilərdi ki, bu barədə pensiyaçı iddiaçının razılını alsın. Əks təqdirdə yalnız məhkəmə qaydasında həmin məbləğ tutulması yolveriləndir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanunun 10.3-cü maddəsinin tələbindən də görünür ki, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edlir. Beləliklə, qanunvericiliyin qeyd olunan tələbləri baxımından cavabdeh orqan iddiaçının razılığı olmadan “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın” 12.04.2021-ci il tarixli qərarı qəbul etməkdə səlahiyyətli olmamışdır. « İnzibati icraat haqqında» Qanunun 65.1.2-ci maddəsinin tələbindən isə görünür ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 36.1-ci maddəsinin tələbindən isə görünür ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyət etibarı ilə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu və 12.04.2021-ci il tarixli qərarını apellyasiya şikayətində əsaslandırmağa çalışan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6578/2021 saylı, 15.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6578/2021 saylı, 15.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2527/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2527/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver