Məhkəmə qərarları › İş №2-1(103)-2527/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2527/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2527/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan ölçü verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6431/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı RİB-nin xx.xx.2000-ci il tarixli 894 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli binanın qarşısında yerləşən torpaq sahəsinə hazırda mövcud olan ölçüdə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək, ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 06 iyun 2000-ci il tarixli 894 nömrəli sərəncamı ilə ona yəni İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 №-li binanın qarşısındakı sahədə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinə dair plan ölçünün tərtib olunaraq, verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı RİB-nın xx.xx.2000-ci il tarixli, 894 saylı Sərəncamı və torpaq sahəsinin yerləşmə sxemi-cizgisi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısında yerləşən, əvvəllər bağ sahəsi istifadələrində olan 300 (üç yüz) kv. metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. Həmin vaxtdan da torpaq sahəsinin ətrafı tərəfindən daş hasara alınmış və hal-hazırda da istifadəsindədir. Bakı şəhəri Suraxanı RİB-nın xx.xx.2000-ci il tarixli, 894 saylı Sərəncama əsasən ona ayrılmış torpaq sahəsinin yerləşmə sxem-cizgisinin əslini itirdiyindən, o həmin torpaq sahəsinə təkrarən, yeni yerləşmə sxem-cizginin tərtib və təsdiq edilərək ona verilməsi ilə bağlı rəsmi ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 17 fevral 2022-ci il tarixli, Q-22091 saylı məktubu ilə RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi və bu barədə Suraxanı RİH-də heç bir məlumatın olmadığl” bildirilərək müraciətinə qanunsuz olaraq imtina edilmişdir. Ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ona verilmədiyindən o, qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarımı rəsmiləşdirə bilmir. Hesab edir ki, torpaq sahəsinin yerləşmə sxem-cizgisinin tərtib və təsdiq edilməklə ona verilməsinə dair cavabdehin imtinası əsassız və qanunsuz sayılmalı və Bakı şəhəri Suraxanı RİB-nın xx.xx.2000-ci il tarixli, 894 saylı Sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısında yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək, ona verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6431/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair cizgisi RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir.Sözügedən torpaq sahəsinin 2000-ci ildən İddiaçı faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 22 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Həmçinin məhkəmə qərarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 6 nömrəli binanın qarşısı böyük ərazini əhatə etməyinə baxmayaraq, sözügedən torpaq sahəsinin konkreti yerləşdiyi ünvan göstərilməmişdir. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yardan məqamlardan bir də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir.Birinci instansiya məhkəməsində işə baxılarkən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 894 saylı sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin “Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi, ev 6, mənzil 76 ünvanında yaşayan İddiaçı İsmayıl oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 894 №li, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli 274 nömrəli, BŞİK-nin xx.xx.1989-cu il tarixli 13/713 nömrəli və BŞXDS-nin xx.xx.1989-cu il tarixli 11/412 nömrəli qərarlarına əsaslanaraq - İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 66 saylı binanın qarşısındakı sahədə bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinin ayrılması və İddiaçı ayrılmış sahədə 185-000-İİİSN bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Hazırda iddiaçı həmin sərəncamla ona ayrılmış torpaq sahəsinin plan ölçünün tərtib edilərək verilməsini xahiş edir. İnzibati orqan sərəncamla ayrılmış torpaq sahəsinə dair plan sxemin sərəncamla birlikdə vətəndaşa təqdim edildiyini, eyni zamanda ötən illərə dair o cümlədən 2000-ci illər də daxil olmaqla sənədlərin arxivə təhvil verildiyini qeyd edərək, müraciətə imtina cavabı vermişdir. Məhkəmə kollegiyası iş üzrə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinasının əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. İşin hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin: - 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. - 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 6 nömrəli binanın qarşısının böyük ərazini əhatə etməyinə baxmayaraq, sözügedən torpaq sahəsinin konkreti yerləşdiyi ünvanın göstərilmədiyini bildirsə də, iş materiallarında olan xx.xx.2000-ci il tarixli 894 №li sərəncamdan da göründüyü kimi, fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 66 saylı binanın qarşısındakı sahədə iddiaçının bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinın ayrılması nəzərdə tutulmuşdur. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlili olan “torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparıldığı və torpaq sahəsinin yerləşmə sxem-cizgisinin sərəncamla birlikdə iddiaçıya təqdim edilməsi”nə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının BA02493-2022 №li xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, İddiaçı torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 894 saylı sərəncamına cizginin əlavə edilmədiyi qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6431/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar