Məhkəmə qərarları › İş №2-1(103)-2527/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2527/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2527/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X6 cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “malların geri qaytarılması və ya dəyərin ödənilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə **********00100 Akt əsasında təhvil alınaraq müvəqqəti saxlanca götürülmüş ümumi dəyəri 6315 (altı min üç yüz on beş) manat olan əşyaların - 1.dəyəri 350 manat olan bir ədəd yorğan, 2. dəyəri 600 manat olan bir ədəd pərdə, 3. dəyəri 400 manat olan bir ədəd pərdə tülü, 4. dəyəri 550 manat olan bir ədəd böyük xalça, 5. hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan iki ədəd kiçik xalça, 6. dəyəri 2500 manat olan qab-qacaq dəstləri yemək və çay servisi iki dəst, 7. dəyəri 150 manat olan kilidli qazanlar, 8. dəyəri 100 manat olan iki ədəd tefal qazanlar, 9. dəyəri 75 manat olan iki ədəd olan qulplu tava, 10. dəyəri qırx manat olan bir ədəd göy rəngli dəmir çaynik, 11. dəyəri 150 manat olan bir dəst mətbəx bıçaq dəsti, 12. dəyəri 150 manat olan bir dəst mətbəxt dəsti,

13. dəyəri 25 manat olan bir ədəd əl-üz dəsmalı, 14. dəyəri 75 manat olan bir ədəd böyük hamam dəsmalı və 15. dəyəri 650 manat olan bir ədəd qaşıq-çəngəl bıçaq naborunun İddiaçı qaytarılması və ya onların dəyərinin İddiaçı ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin iyulunda və həmin ilin oktyabr ayında qızına aid cehizlik əşyaları beynəlxalq yük daşıma ilə məşğul olan X4 təhvil vermiş ki, həmin əşyaları Almaniya Federativ Respublikasının Frankfurt şəhərində yaşayan kürəkəni X7 çatdırsın. Həmin əşyaların bir hissəsi 2 dəfə olmaqla bir neçə ölkənin sərhəddindən keçməklə çatdırılma tamamlanmış, lakin 3-cü dəfə 2020-ci ilin mart ayında 16 növdə ümumi dəyəri 6315 manat olan əşyalar daşıyıcı X8 tərəfindən aparılarkən Qırmızı X13 yoxlanılaraq Gürcüstan Gömrük postuna keçməsinə buraxılmış, lakin X9 X12 keçəndə həmin cehizlik əşyalar pandemiyanın kəskin artması ilə ilə əlaqədar Türkiyə Gömrüyündə saxlanılmış və qeyd olunan əşyaların cehizlik əşyalar (mallar) olması qeyd olunaraq Sarp Gömrük postunda 09 mart 2020-ci il tarixində 854 saylı akt yazılaraq Azərbaycan Respublikasının Qırmızı X13 müvəqqəti saxlanca göndərilmişdir. İddiaçı və daşıyıcı saxlanca verilmiş malların qaytarılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və digər Dövlət Orqanlarına dəfələrlə şifahi və yazılı şikayətlər etsə də, onların qaytarılması müxtəlif bəhanələrlə mümkün olmamışdır. Hətda malların qaytarılması məqsədi ilə iddiaçı və daşıyıcı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Direktorunun qəbuluna düşmək istəsələr də bu mümkün olmamış, həmin vaxt “Xosrov” adlı əməkdaş onları anbara aparmış və anbarda əşyaların bir hissəsinin olmadığı müəyyən olunmuş, o, bildirmişdir ki, faktiki anbarda olmayan əşyaların da yeri müəyyən edilərək geri qaytarılacaqdır. Lakin keçən müddət ərzində İddiaçı məxsus əşyaların qaytarılması mümkün olmamışdır. İddiaçı və daşıyıcı X8 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sözügedən əşyaların qaytarılması barədə müraciət etsə də, malların saxlanc müddətinin bitməsi ilə əlaqədar hərracdan satılacağı bildirilmiş, halbuki müddət bitməmişdən çox daha öncədən malların qaytarılması tələb olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçıya məxsus olan əşyaların və ya onların dəyərinin qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı mümkün hesab etməmiş və aşağıdakı sübuta istinad etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2- 017899/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki, Azərbaycan Respublikası gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00100 nömrəli akta əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qırmızı X13 vətəndaş X4 məxsus 1 ədəd **********00163 qeydiyyat kodlu yorğan, 2 ədəd **********00162 qeydiyyat kodlu pərdə, 3 ədəd **********00161 qeydiyyat kodlu xalça, 60 kq **********00160 qeydiyyat kodlu qab-qacaq dəstləri 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. X8 öz imzası ilə malların müvəqqəti saxlanca verilməsini təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia o halda mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Məhkəmə sorğunun cavabına istinad edərək iddiaçının subyektiv olmaması əsası ilə iddianı mümkün sayılmaması nəticəsinə gələrkən, iddia ərizəsində qeyd olunan dəlilləri, həmçinin Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunanları nəzərə almamışdır. Həmin məktubla cavabdeh də iddiaçıya cavab verməklə iddiaçının mülkiyyətçi olmasını qəbul etmişdir. Bundan başqa İsməddin Quliyev adlı şəxsin daşımanı həyata keçirməsi iddia ərizəsində də qeyd olunmuşdur. Məhkəmə İsməddin Quliyevi üçüncü şəxs kimi cəlb etmiş olsa idi, həmin şəxsin daşımanı həyata keçirməsini müəyyən etmiş olardı. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00100 nömrəli akta əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qırmızı X13 vətəndaş X4 məxsus 1 ədəd **********00163 qeydiyyat kodlu yorğan, 2 ədəd **********00162 qeydiyyat kodlu pərdə, 3 ədəd **********00161 qeydiyyat kodlu xalça, 60 kq **********00160 qeydiyyat kodlu qab-qacaq dəstləri 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. X8 öz imzası ilə malların müvəqqəti saxlanca verilməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin xx.xx.2022-ci il tarixli, 2300-014/0xx-xx/001029 nömrəli məktubundan görünür ki, Qırmızı X13 xx.xx.2020-ci il tarixli **********00100 nömrəli aktla vətəndaş X3 gətirdiyi mallar 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Həmin aktda göstərilən malların saxlanc müddəti bitdiyindən Dövlət Gömrük komitəsinin xx.xx.2021-ci il tarixli 1000/126 saylı sərəncamı ilə “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. Sərəncamdan irəli gələn 2.1 bəndində nəzərdə tutulmuş maddələrə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Mülkiyyətinə keçirilmiş Malların və X2 X1”nın tələblərinə uyğun olaraq qeyd olunan malların gömrük hərraclarında satışı təmin edilməlidir. Gömrük hərraclarının keçirilməsi barədə məlumatlar Dövlət Gömrük Komitəsinin internet saytında və kütləvi informasiya vasitələrində yerləşdiriləcək. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs;- 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər başa düşülür. -104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və X2 rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. -104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. -178.1. Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: 178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar; 178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının aşağıdakı bəndlərinə əsasən: -2.1. Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. -2.2. Malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş xarici mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir. İş materiallarından müəyyən edilir ki, iddiaçının qeyd etdiyi mallar xx.xx.2020-ci ildə 854 nömrəli akt tərtib edilərək Azərbaycan Respublikasının Qırmızı X13 müvəqqəti saxlanca göndərilmişdir. xx.xx.2020-ci il tarixli **********00100 nömrəli akta əsasən “Sınıq körpü” gömrük postunda X8 tərəfindən mallar təhvil verilmiş və sonuncu tərəfindən saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İddiaçı həmin malların ona məxsus olduğunu bildirsə də, nə müvafiq bəyannamə üzrə X10 tərəfindən bəyan edilmiş, nə də müvafiq səlahiyyətli şəxs-mal sahibi olaraq malların saxlanca verilməsini həyata keçirməmişdir. Eyni zamanda malların ona məxsus olmasına dair nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı hazırkı halda iddiaçının iddia predmeti ilə bağlı iddia qaldırmağa subyektiv hüququnun müəyyən edilmədiyi nəticəsinə gəlmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar