Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2527/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalına qarşı “dövlət qulluçusunun ailə üzvü kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3067/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sabiq (mərhum) dövlət qulluqçusunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə məbləğin təyin edilməsi və 3 il geri tarixə olan müddətdə ödənilməli olan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. xx.xx.1951-ci ildə Sabirabad rayonunda anadan olmuş X5 onun əri olmuşdur. Onlar 19 fevral 1982-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahdan iki övladları vardır. X5 04 noyabr 1994-cü ildə səhhətində yaranmış problemlə bağlı vəfat etmişdir. Mərhum əri Ə.Əliyev 1968-ci ildə Çingiz İldrım adına Azərbaycan Politexnik İnistituna qəbul olunmuş və 1976-ci ildə həmin institutu “Sənaye və Mülki tikinti” ixtisası üzrə bitirmişdir. X5 xx.xx.1970-ci ildə 26 Bakı Komissarı adına Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli fəhlə kimi işə başlamışdır. xx.xx.1970-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş və 1972-ci ildə həqiqi hərbi xidmətini başa vurmuş və Ordu sıralarından tərxis olunmuşdur. xx.xx.1972-ci ildə X3 emalı zavodunun Təmir Tikinti İdarəsində 2- ci dərəcəli fəhlə kimi işə qəbul olunmuş və xx.xx.1973-cü ilədək həmin Neftayırmanın Təmir Tikini İdarəsində təşkilatda işləmişdir. Həmin təşkilatda xx.xx.1977-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir. xx.xx.1977-ci ildə Azərbaycan SSR “Dövlət Təhsil İxtisası” təşkilatında texniki nəzarət üzrə qrupun mühəndisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1983- cü ildə Texniki nəzarət qrupunun rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci ildə həmin dövlət orqanı ləğv olunduğundan vəzifədən azad edilmişdir. xx.xx.1989-cu ildən Azərbaycan SSR Xalq Təhsili Nazirliyində Təmir Tikinti İdarəsində Texniki Nəzarət qrupunun, xx.xx.1992-ci ildə X8 mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1993-cü ildə Texniki Nəzarət qrupunun 1-ci kateqoriyalı mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.1994-cü ilədək yəni, vəfat edənədək həmin vəzifədə işləmişdir. Mərhum əri Ə.Əliyev işlədiyi bütün dövrlərdə dövlət qulluqçusu kimi vəzifə daşımış və dövlət qulluqçusu kimi əmək haqqı almışdır. İddiaçı 1982-ci ildə Azərbaycan Tibb Unveristetini bitirmiş, xx.xx.1987-ci ildən xx.xx.2023-cü ilədək həkim vəzifəsində işləmişdir. 2021-ci ildə pensiya hüququ yarandığından təqaüdə çıxmış və eyni zamanda da, həkim kimi bir müddət də işləmişdir. xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyasına çıxmışdır. Hazırda mərhum əri X2 işlədiyi bütün dövrlərdə dövlət qulluqçusu kimi vəzifə daşıdığından və dövlət qulluqçusu kimi əmək haqqı aldığından, AR Konistitusiyasının, digər Qanunlarının və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə məbləğ təyin edilməsi və 3 il geri tarixə olan müddətdə ödənilməli olan məbləğin ödənilməsi ilə bağlı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fılalına müraciət etmiş, sonuncunun xx.xx.2024-cü il tarixli, 3-17-l/2-Ə204619/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.1-ci, 20.11.2-ci, 20.13-cü maddələrinə və “Dövlət Qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. X2 AR Xalq Təhsili Nazirliyinin Əsaslı tikinti idarəsinin Texniki Nəzarət qrupunda mühəndis və qrupun rəhbəri vəzifələrində işlədiyi müddətin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair X7 sorğu göndərildiyi və sorğuya əsasən rəy verilməsi mümkün olmadığı bildirmişdir və bu əsaslarla ona imtina cavabı verilmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh qismində prosessual iştirakına xitam verilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3067/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3067/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur. - xx.xx.1982-ci il tarixli 430360 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında nikah bağlanmış, nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. - xx.xx.1970-ci il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, X6 xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - xx.xx.1976-cı il tarixli 017345 nömrəli diplomun surətindən görünür ki, X6 1968-ci ildə “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1976-cı ildə Sənaye və mülki tikintisi ixtisası üzrə tam kursu bitirmişdir. - xx.xx.1970-ci il tarixli əmək kitabçasının surtindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə Təmir İnşaat İdarəsinə ikinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1970-ci il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1972-ci il tarixdə 26 Bakı Komissarı adına Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1973-cü il tarixdə Zaqafqaziya magistral neft kəmərləri idarəsi 1 nömrəli Təmir Tikinti Sahəsinə ikinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, həmin tarixdə İdarənin 2 nömrəli Təmir Tikinti Sahəsinə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə tutuduğu vəzifədən azad edilmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək “Azərnefttikinti”nin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində işləmişdir. xx.xx.1977-ci il Teniki Peşə Təhsili üzrə Dövlət Komitəsində X8 mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə Texniki nəzarət qrupunun rəhbəri təyin edilmiş, xx.xx.1989-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Həmin tarixdə AR Xalq Təhsili Nazirliyi Əsaslı Tikinti İdarəsi X8 rəhbər vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə X8 1-ci kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə aparıcı mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - AZ-İ №545395 nömrəli xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; -17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); - 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. - 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir - 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması və ya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxsə əmək pensiyasına əlavə verilməsi 2 əsasa görə mümkündür: - Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; - Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. Dövlət qulluq stajı yalnız qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu statusunda çalışılan müddətləri əhatə edir. Bu staja, yalnız dövlət qulluğu vəzifəsində qanuni əsaslarla işlədiyi dövrlər daxil edilə bilər. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı hazırda ailə başçısı olan Ə.Əliyevin dövlət qulluqçusu olduğunu, buna görə də ona dövlət qulluqçusunun ailə başcısı kimi əmək pensiyasının təyin edilməsini xahiş edir. Lakin həmin siyahıda Ə.Əliyevin işlədiyi Texniki nəzarət qrupunda mühəndis və ya rəhbər vəzifələri nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələnn Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cu il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır. 1977-1989-cu illərdə Azərbaycan SSR Dövlət Peşə Təhsili Komitəsinin Texniki nəzarət qrupunda iş müddətilə bağlı bildirilir ki, həmin illərdə adıçəkilən Komitənin strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy bildirmək mümkün olmamışdır. 1989-1991-ci illərdə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Əsaslı tikinti idarəsinin Texniki nəzarət qrupunda iş müddətilə bağlı bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Respublikada xalq təhsilinin idarə olunmasının təşkili və strukturu haqqında" 1988-ci il 11 oktyabr tarixli 354 nömrəli qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının strukturu təsdiq edilmişdir. Əsaslı tikinti idarəsi Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır, Qeyd edilənlərə əsasən 1989-1991-ci illərdə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Əsaslı tikinti idarəsinin Texniki nəzarət qrupunda iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1991-1994-cü illərdə Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin Əsaslı tikinti idarəsinin Texniki nəzarət qrupunda iş müddətilə bağlı bildirilir ki, həmin illərdə adıçəkilən Nazirliyin strukturunu, eyni zamanda, Əsaslı tikinti idarəsinin hüquqi statusunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy bildirmək mümkün olmamışdır.” Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 may 2004-cü il tarixli 63 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Əsaslı Tikinti İdarəsi yaradılmış, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi kimi fəaliyyət göstərir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə SSR Texniki Peşə Təhsili Komitəsinin varisi olan Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi kimi fəaliyyət göstərir. Yuxarıda göstərilənlərə əsasən, eyni zamanda İdarə və Agentliyin arxivində aparılmış araşdırma zamanı sözügedən sənədlər aşkarlanmadığı üçün onların təmin edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə Ə.Əliyevin 1977-1989-cu illərdə işlədiyi müddətin dövlət qulluğu olması ilə bağlı rəy verilməsi mümkün olmasa da, onun Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Əsaslı tikinti idarəsinin Texniki nəzarət qrupundakı iş müddətinin dövlət qulluğu olmaması iş materialları ilə tam təsdiq edilir. Belə olan halda Ə.Əliyevin 1977-1989-cu illərdə işlədiyi müddət iddiaçının xeyrinə şərh olusa belə, tələb olunan 15 il stajı tamamlamır və iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3067/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3067/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2527/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2527/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver