Məhkəmə qərarları › İş №2-1(103)-2529/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2529/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2529/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" ASC və X5) qarşı “cavabdehin imtinasının qanunsuz sayılması və mənzillərə hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışların verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-862/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı, 3 mərtəbəli, 28/31 saylı mənzilə, ümumi sahəsi 86,2 kv.m olan 29/30 saylı mənzilə və 17/18 saylı mənzilə iddiaçının payları üzrə hüquqlarının qeydiyyatı haqqqında reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı, 3 mərtəbəli, 28/31 saylı mənzil (RX seriyalı ******* saylı reyestrdən çıxarış), həmin küçədə 50 saylı ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m olan 29/30 saylı mənzil (RX seriyalı ******* saylı reyestdən çıxarış) X5 və iddiaçı birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklara iddiaçının 1/2 payı müəyyən edilmiş və həmin paylar üzrə ona reyestrdən çıxarışın verilməsi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2864/2019 saylı iş üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 17/18 saylı mənzil də onların birgə nikah dövründə əldə edildiyindən, iddiaçının mənzil üzrə də 1/2 payı müəyyən edilmişdir. Həmin daşınmaz əmlaklar üzrə məhkəmə qətnamələri qanuni qüvvəyə minmiş və icra olunması üçün cavabdeh orqana göndərilsə də, bu günə qədər icra olunmamışdır. İddiaçının həmin əmlaklara olan payları üzrə ona reyestrdən çıxarışın verilməsi barədə nümayəndəsi tərəfindən 30 yanvar 2020-ci il tarixdə cavabdeh orqana ərizə verilmiş, lakin cavabdeh orqan tərəfindən 3 mart 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılır ki, həmin əmlaklar üzərinə məhkəmə qərardadları ilə həbs qoyulmuş, həmçinin yoxlama ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. İmtinada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı hüquq barəsində mübahisə edilən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Cavabdeh orqan həmin qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edilir. İddiaçının daşınmaz əmlaklar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə 1/2 payı müəyyən edilmişdir. İddiaçı həmin əmlaklar üzərində məhkəmə və digər orqanın həbs qərarının olmasını mübahisələndirmir. O, payları üzrə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsini istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. İmtina məktubunda daşınmaz əmlaklar üzərinə həbs qoyulmasına istinad edilməsi əsassızdır. Belə ki, həmin qərarlarda əmlakın üzərinə ancaq həbs qoyulması qeyd edilmişdir. Həmin əmlaklar üzrə qeydiyyatın imtinası qadağası qoyulmamışdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla, qanuna zidd olmaqla onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqan iddiaya etirazında göstərmişdir ki, ünvan 2 saylı evin 17, 18 saylı və 28/31 saylı mənzillərinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)- 241/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı ilə, ünvan 2 saylı evin 29/30 saylı və 28/31 saylı mənzillərinin üzərinə həmin məhkəmənin 2(009)-859/2019 saylı 22 yanvar 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuş, sözügedən mənzillərin üzərinə "xxxx" ASCnin cinayət işi ilə əlaqədar Daxili İşlər Nazirliyinin 6/45-243m saylı məktubuna əsasən məhdudiyyət qoyulmuş və ünvan 2 saylı evin 28/31 saylı mənzili "xxxx" ASC-nin 25 dekabr 2012-ci il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa 3 mart 2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)-862/2021 saylı qərardadı ilə "xxxx" ASC və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-862/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-862/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş 10 noyabr 2020-ci il tarixli məktubda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı iş üzrə apellyasiya şikayətinin verilmədiyi, məhkəmə aktının 22 may 2019-cu il tarixdə qanuni qüvvəsini aldığını, məhkəmənin 8(009)-241/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qərardadından borclu X3 nümayəndəsi (və vəkili) tərəfindən verilmiş şikayətin təmin edilmədiyi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-759/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanıldığı bildirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı iş üzrə 27 mart 2019cu il tarixli qətnaməsi ilə cavabdeh X3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı 3 mərtəbəli 28/31 saylı mənzil (RX seriyalı, ******* №-li çıxarış), ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m, yaşayış sahəsi 55,1 kv.m, yardımçı sahəsi 31,1 kv.m, 3 otaqlı 3 mərtəbəli 29/30 saylı mənzil (RX seriyalı, ******* №-li Çıxarış), ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 66,6 kv.m olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi (RX seriyalı, ******* №-li Çıxarış), ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 37,5 kv.m olan 1- ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin (RX seriyalı, ******* №-li Çıxarış) X5 ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlaklarının hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən edilməsi, hazırkı qətnamənin İddiaçı ilə X3 yuxarıda sadalanan əmlakların 1/2 hissəsinə mülkiyyət hüquqlarının DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsi üçün əsas olduğu qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, X3 adına qeydiyyatda olan ünvan 5 ünvanında yerləşən 17, 18, 28/31, 29/30 nömrəli mənzillər, ünvan 6 ünvanda yerləşən ü/s-66,6 kv.m və ü/s-37,5 kv.m olan qeyri-yaşayış sahələri və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu 300-cü metr sağ tərəf, 32 A ünvanında yerləşən qeyriyaşayış binası (3-cü mərtəbədən ü/s 141,1 kv.m (1, 2, 16, 17, 18, 19, 22, 23 saylı sahələr) açıq eyvan 38,4 kv.m (36, 37, 38, 39 saylı sahələr) üzərlərinə həbs qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) – qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 14.3-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 14.5-ci maddəsinəgörə bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və daşınmaz əmlak barəsində ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin hallarına görə ünvan 2 ünvanında yerləşən 28/31, 29/30 və 17/18 saylı mənzillərə hazırkı İddiaçı 1/2 payı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunsa da, məhkəmə aktları ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və həbsin götürülməsi hazırkı məhkəmə icraatına müəyyən edilmir. Belə olan halda paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 14.5, 15-ci maddələrinin, “İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsinin tələblərinə zidd deyil. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-862/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar