Məhkəmə qərarları › İş №2-1(103)-2531/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2531/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2531/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Oruczadə Aytən Pənah qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsinə qarşı “məktubun qanunsuz hesab edilməsi, kompensasiyanın ödənilməsi və sorğunun cavablandırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8066/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, H-81/2-003/2-t/1 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10 000 manat pul tutulması, Bakı şəhər Baş Polis İdarəsinin informasiya sorğusunu cavablandırmaması, razılaşdırılmamış aksiyalara müdaxiləsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar Rusiya Federasiyasının Ukraynaya təcavüzünə, mülki şəxslərin hədəf alınmasına, kütləvi qırğınlara, eyni zamanda Azərbaycanın işğal altında olan, X1 müvəqqəti nəzarəti altında olan ərazilərdə təxribatlarına, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən ifadələrdən istifadəsinə etiraz məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 16 aprel 2022-ci il tarixində, saat 13:00-da Rusiya Federasiyasının Azərbaycan Respublikasının səfirliyinin qarşısında piket, 16 aprel 2022-ci il tarixində saat 17:00-da isə aşağıdakı meydanlardan birində Ukraynaya dəstək aksiyası keçirməklə bağlı müraciət etmişlər: 1) Qış parkı, 2) Fəvvarələr meydanı, 3) Cəfər Cabbarlı heykəlinin ətrafı. İddiaçılar piketdə sayı 20 nəfəri keçməyəcək bir qrupun, aksiyada isə 500- 700 nəfərlik bir qrupun toplaşacağı barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat vermişlər. Bakı Şəhər İcra Hakimiyyəti 13 aprel 2022-ci il tarixində H-81/2-003/2-t/1 saylı məktubla aksiya təşkilatçıları və bu iddia ərizəsində iddiaçılara cavab göndərərək aksiyanın keçirilməsini məqsədə müvafiq saymadığını bildirmişdir. BŞİH bu cavabını həmin ərazilərdə insanların istirahət etməsi, eyni zamanda ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əsaslandırmışdır. Halbuki, 2021-ci ildən 2022-ci təqvim ilinə keçid gecəsi paytaxtın müxtəlif yerlərində minlərlə insanın atəşfəşanlığa, konsertə toplaşması, yaxud Fəvvarələr Meydanında quraşdırılmış “Soyuq əllər, isti ürək” yarmarkası zamanı xüsusi karantin rejiminin tətbiqi ilə bağlı bu narahatlıq ifadə olunmayıb. Eyni zamanda BŞİH iddiaçılar tərəfindən təklif olunmuş ünvanlarda yox, başqa ünvanda toplaşmağı təklif etməmişdir. BŞİH-nin bu cavabından sonra iddiaçılar Bakı şəhər Baş Polis İdarəsinə razılaşdırılmamış aksiyalar keçirilməsi zamanı polisin aksiyaya müdaxilə edib-etməyəcəyi ilə bağlı informasiya sorğusu göndərmişdir. BŞBPİ hələlik bu sorğuya cavab verməmişdir. Əvvəlki təcrübə onu göstərir ki, BŞİH ilə razılaşdırılmamış aksiya zamanı polis zorakılıq nümayiş etdirərək, aksiya iştirakçılarını saxlayaraq onları müxtəlif polis bölmələrinə aparır, bəzi hallarda fiziki güc tətbiq edir, onların sağlamlıqlarına zərər vurur və Bakıdan kənar rayonlarda aksiya iştirakçılarını müxtəlif yerlərdə azad edirlər. Həm BŞİH-nin, BŞBPİ-nin hərəkətləri qanunsuz hesab edilməlidir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8066/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Əhədova) Həmin qərardaddan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətində qeyd etmişlər ki, məhkəmə qərarını İnzibati Prosessual Məcəllə, Sərbəst toplaşmaq haqqında Azərbaycan Respublikasının Qanunu, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu və digər hüquqinormativ aktlara istinad etsə də, bütün hallarda öz subyektiv şərtləri ilə məhz həmin qanunverici aktlarda, eyni zamanda Azərbaycan Respublikasının tərəf çıxdığı beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqların tapdalanmasını saxta, əsassız şərtlərlə pozmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsi iş materiallarında sübutlar olmasına baxmayaraq Bakı Şəhər İcra Hakimiyyətinin cavabının xx.xx.2022-ci il tarixində imzalanmasını əsas gətirərək və planlaşdırılan etiraz aksiyasının xx.xx.2022-ci il tarixində planlaşdırıldığı haqqında məlumatları əsassız olaraq birləşdirərək belə qənaətə gəlmişdir ki, iddiaçılar BŞİH-ə müraciətlərini aksiyaya 5 iş günündən daha az bir müddətdə təqdim etmişdir və bu gecikməni əsaslandırmamışdır. Halbuki, iddiaçılar BŞİH-ə 8 aprel 2022-ci il, saat 16:33-də müraciət etmişlər. Bu isə o deməkdir ki, hətta 8 aprel tarixini saymasaq belə, 11,12,13,14,15 aprel tarixləri iş günləri olduğuna görə 16 aprel 2022-ci il tarixinə planlaşdırılmış aksiyadan ən az 5 iş günü əvvəl müraciət etmişlər. Məhkəmə eyni zamanda COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunmuş məhdudiyyətlərə istinad etmişdir, lakin iş materiallarında və məhkəmə iclası zamanı təqdim olunmuş həm digər sübutlara (müxtəlif tarixlərdə kütləvi aksiyaların keçirilməsi, müdaxilə edilməməsi və ş.), eyni zamanda aksiya təşkilatçıları olan iddiaçıların 20 nəfərlik piketi açıq havada, pandemiya qaydalarına uyğun şəkildə təşkil etmək öhdəliyi götürmək istəklərinə baxmayaraq (tibbi maskadan istifadə, sosial məsafənin qorunması və s.) aksiyaya icazənin verilməməsinin sərbəst toplaşmaq hüququna kobud müdaxilə olmasını nəzərə almamışdır. Məhkəmə eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsinə göndərilmiş informasiya sorğusunu da informasiya sorğusu hesab etməmişdir. Məhkəmə kifayət qədər əsassız və məntiqsiz şəkildə belə hesab edir ki, aksiya baş tutmamış Baş Polis İdarəsində aksiyaya müdaxilə edilib-edilməyəcəyi barədə informasiya ola bilməz. Halbuki, DİN və Baş Polis İdarəsinin daxili təlimatlarında BŞİH ilə razılaşdırılmamış aksiyalarla bağlı müəyyən qaydalar, sənədlər, təlimatlar mövcuddur və iddiaçılar da məhz buna görə sorğu göndərmişlər. Aksiya günü iddiaçıların qeyd etdikləri ərazilərə (Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin ətrafına, Fəvvarələr Meydanı, C.Cabbarlı heykəlinin ətrafı və Qış Parkına) xeyli sayda Post-Patrul Xidməti avtomobilləri, polis əməkdaşlarının düzülməsi, bu barədə foto və videoların iddiaçılar tərəfindən əldə edilməsi, məhkəmə iclasında buna istinad edilməsi onu deməyə əsas verir ki, Baş Polis İdarəsi baş tutmamış aksiyaya müdaxilə etmək üçün hazır gözləyib və onlarda bu məlumat, informasiya əvvəlcədən olub, Bakı Şəhər Baş Polis İdarəsi həm aksiyaya müdaxilə edərək iddiaçıların sərbəst toplaşmaq azadlığını pozmuş, həm də informasiya sorğusunu cavablandırmamaqla informasiya əldə etmək haqqında qanunun, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun müddəalarını da pozmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, H-81/2-003/2-t/1 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10 000 manat pulun tutulması, Bakı şəhər Baş Polis İdarəsinin informasiya sorğusunu cavablandırmaması, razılaşdırılmamış aksiyalara müdaxiləsinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşdən müəyyən olunur ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. İddia ərizəsindən görünür ki, iddiaçılar piketin xx.xx.2022-ci il tarixdə Cəfər Cabbarlı heykəlinin ətrafındakı meydan, Fəvvarələr Meydanı, Qış parkında keçiriləcəyini bildirmiş, cavabdeh də buna uyğun olaraq iddiaçıların müraciətinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən 5 və 7-ci maddələrinin 1-ci bəndlərinin tələblərinə uyğun olmadığını bildirmişdir. Digər tərəfdən, cavabdehin məktubundan aydın olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq piket və aksiyanın keçirilməsi məqsədəuyğun sayılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 23-cü maddəsinə görə toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə borcludur. Həmin vəzifə fövqəladə vəziyyətlərdə, o cümlədən bəlli pandemiya şəraitində ictimai sağlamlığın qorunması məqsədləri üçün dövlət tərəfindən müvafiq və geniş əhatəli məhdudlaşdırma tədbirlərinin tətbiqini də zəruri edə bilər. Tətbiq edilən həmin məhdudlaşdırma tədbirləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin təsir dairəsinə düşür. Məhkəmə qeyd etmişdir ki, dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2022-ci il tarixli 52 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 may saat 06:00-dək uzadılması qərara alınmışdır. Aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq karantin rejiminin uzadılması barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi”ndən ibarət hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Bu əsasdan məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İddia tələbinin mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə də məhkəmə hesab etmişdir ki, iddiaçılar cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin inzibati akt, hərəkət (və ya hərəkətsizliyi) ilə hüquqlarının pozulmasını əsaslandıra bilmədikləri kimi iddiaçılara cavabdehin hansı hərəkətləri nəticəsində mənəvi zərərin vurulmasını da əsaslandıra bilməmişlər, bu baxımdan qeyd edilən tələbə münasibətdə də ümumi mümkünlük şərti ödənilmir. Eyni zamanda məhkəmə iddianın bu hissəsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab etmişdir ki, zərərin ödənilməsi tələbi həm də xüsusi mümkünlük şərtinə də cavab vermir “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi zərərin ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İş materiallarından, iddiaçıların məhkəmə iclasında verdiyi izahatlardan iddialarındakı qeyd edilən tələblə - mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsi müəyyən olunmamışdır. İddia tələbinin ikinci cavabdeh - Bakı şəhər Baş Polis İdarəsinə olan tələblərə münasibətdə məhkəmə aşağıdakıları qeyd etmişdir. İş materiallarından görünür ki, İddiaçı1 Bakı şəhər Baş Polis İdarəsinə informasiya sorğusu ünvanlayaraq sonuncudan xx.xx.2022-ci il tarixdə aksiya keçirilən zaman Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın polis tərəfindən qarşısının alınıbalınmayacağı ilə bağlı məlumat verilməsini xahiş etmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. -2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. -3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. -3.0.5-ci maddəsinə görə informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. -3.0.6-cı maddəsinə görə informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Hazırkı iş üzrə iddiaçının Bakı şəhər Baş Polis İdarəsindən əldə etmək istədiyi məlumat mahiyyətinə görə “İnformasiya əldə etmək haqqında” Qanunla tənzimlənən informasiya deyil, bu barədə cavabdeh orqana ünvanlanmış müraciət isə informasiya sorğusu hesab edilmir. Belə ki, sadalanan normalarından müəyyən olunur ki, informasiya sorğusunun predmetini informasiya təşkil edir. İnformasiya isə faktlar, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır ki, bu cür məlumatlar hər hansı fəaliyyət nəticəsində yaradılır və ya hər hansı fəaliyyət nəticəsində əldə edilir. İddiaçının ünvanladığı müraciət hələ baş tutmamış, razılaşdırılmamış piketin keçiriləcəyi təqdirdə polis əməkdaşlarının aksiya keçirilməsinə müdaxilə edib-etməyəcəyinə cavab verilməsi ilə bağlıdır. Halbuki qeyd edildiyi kimi bu müraciətdə hər hansı yaranmış informasiya mövcud olmadığından onun təqdim edilməsi informasiya sorğusu ilə müdafiə və təmin olunmur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin maddənin ikinci hissəsinə əsasən polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, “Sərbəst toplaşmaq haqqında” Qanunun 14-cü maddəsində toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri, Qanunun müvafiq tələbləri pozulduqda toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının hüquqları bilavasitə sadalanmışdır. Belə olan halda Qanunun özündə nəzərdə tutulmuş polis tərəfindən hansı tədbirlərin həyata keçirilə biləcəyinin öyrənilməsinə zərurət yoxdur. Bununla əlaqədar məhkəmə eyni zamanda “İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.11 və 29.2-ci maddələrinin tələblərinin nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, normativ hüquqi aktlarda açıqlanmış informasiya normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən açıq informasiya hesab olunur və bu baxımdan informasiya sorğusunun predmeti kimi çıxış edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı halda tələb edilən məlumat “İnformasiya əldə etmək haqqında” Qanunun təsir dairəsinə düşmür. İddiaçıların Bakı şəhər Baş Polis İdarəsinin razılaşdırılmamış aksiyalara müdaxiləsinin qanunsuz hesab edilməsi barədə tələbini isə məhkəmə qeyri-dəqiq tələb kimi qiymətləndirir. Belə ki, toplantının keçirilməsi qaydaları bilavasitə “Sərbəst toplaşmaq haqqında” Qanunla tənzimlənir və aksiyaların qanunsuz olub-olmaması qanunla müəyyən olunur. Digər tərəfdən, hazırkı iş üzrə razılaşdırılmamış hər hansı toplantı keçirilməmiş və ya bu cür toplantının keçirilməsi zamanı polisin qanunsuz müdaxilə edilməsi halı, yəni inzibati orqanın başa çatmış hərəkəti yoxdur. Bu baxımdan mövcud olmayan hərəkətin isə məhkəmə icraatında qiymətləndirilərək qanunsuz hesab edilməsi tələbi əhəmiyyətsizdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2005-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsi, 24-cü maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi, 72-ci maddəsinin İİ hissəsi, 155-ci maddəsi, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin İİ hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər. Dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətdə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsində qeyd edilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir. Yəni hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət digər şəxslərin hüquqlarını qorumağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi davam etdiyindən, iddiaçıların sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə cavabdehlərin hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehlər tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən doğru olaraq belə qənaətə gəlinir ki, iddiaçılar iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişlər. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8066/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar