Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2532/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katini Quluzadə Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1860/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ona birdəfəlik ödəmənin təyin edilməsi və keçmiş müddət üzrə yaranmış borcun ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 18.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının 2.2.2-ci bəndinə əsasən pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə birdəfəlik ödəmə (190 manat) verilir. Qaydanın 2.3-cü bəndinə uyğun olaraq ona həmin ödəmə ödənilməli idi. Lakin, müraciətindən 1 aydan artıq keçməsinə baxmayaraq ödənilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı ona birdəfəlik ödəmənin təyin edilməsi və keçmiş müddət üzrə yaranmış borcun ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı Hüseynzadə X3 (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi barədə iddiası əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Beləliklə, birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9-cu (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MElS-in “Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara), 2.3.10-cu (əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə), 2.4cü (birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir) və 3.8-ci (Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur) bəndləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunmuşdur və əri X1 “Əmək müqaviləsi bildirişi” altsistemində 03.04.2020-ci il tarixində bağlanılmış 000721F000100 nömrəli və hal hazırda qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 2.3.9cu bəndinə əsasən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin təyin edilməsi və keçmiş müddət üzrə yaranmış borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması"na dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1860/2021 saylı, 21 iyun 2021-ci qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1860/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2012-ci il tarixli nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasında nikah ləğv edilmişdir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin təbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının” 2.3-cü bəndinə uyğun olaraq həmin ödəmələr ödənilməlidir. Belə ki, iddiaçı hər hansı bir yardım, sosial müavinət almır, adına hər hansı bir əmlak mövcud deyildir. Buna baxmayaraq, “142” qaynar xəttindən onun ərinin adına əmlak mövcud olduğu bildirilmişdir. İddiaçı ərizə ilə müraciət edərək, subay olduğunu, 2003-cü ildə boşandığını bildirmişdir. Lakin, müraciətinə yenidən imtina cavabı gəlmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən işin düzgün həlli üçün faktiki halları hər tərəfli, tam və obyetiv araşdırılmamış, faktiki nikahlarına xitam verildiyi halda və bu nikahın pozulması haqqında şəhadətnamənin təqdim edilməsinə baxmayaraq, “həyat yoldaşının əmək müqaviləsi üzrə işlədiyi” əsası ilə birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Odur ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı 18 noyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək anasının vəfat etdiyini bildirmiş, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1860/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan; - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1977-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2012-ci il tarixli nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasında bağlanan nikah ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.12.2020-ci il tarixli, **********15 saylı məktubuna əsasən, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 dekabr 2020-ci il tarixli məktubuna əsasən 16.12.2020-ci il tarixə olan uçot məlumatlarında İddiaçı vergi orqanında uçota alınması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 31.12.2020-ci il tarixli məktubuna əsasən, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh orqan tərəfindən aparılmış araşdırma nəticəsində MAS tərəfindən məlumatların təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçının həyat yoldaşının adına əmək müqaviləsinin olmasına görə imtinanı haqlı hesab edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantinrejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci -2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11 -2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə imtinanın əsası kimi göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində MAS tərəfindən məlumatların təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçının həyat yoldaşının adına əmək müqaviləsi mövcuddur. Həmçinin, sözügedən Qaydanın 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir və birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin hüquqlarının müəyyən edilməsi üçün həmin Qaydanın 3.8-ci bəndində göstərildiyi kimi işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində yoxlanılır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfin təqdim edilən X4 barəsində fərdi məlumatlar və X5 çıxarılmış baza məlumatlarından görünür ki, X1 adına 03.04.2020ci il tarixində bağlanılmış 000721F000100 nömrəli və hal hazırda qüvvədə olan aktiv əmək müqaviləsi olduğu və iddiaçıya göndərilmiş SMS ismarıcında da imtinanın əsası kimi "həyat yoldaşının adına əmək müqaviləsi aldığına görə” səbəbi qeyd olunmuşdur. Beləliklə, cavabdeh inzibati orqanın verdiyi imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVlD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən iddiaçının həyat yoldaşının əmək müqaviləsi olmasına istinad olunmuş və bu zaman müxtəlif dövlət orqanlarının informasiya ehtiyatlarındakı məlumatlar əsas götürüldüyü üçün, həmin məlumatların götürüldüyü dövrdə də həyat yoldaşı kimi baza məlumatlarında sonuncunun adı göstərildiyindən və onun da əmək müqaviləsi üzrə işlədiyi məlum olduğu üçün cavabdeh inzibati orqan tərəfindən həmin məlumatlara istinadən iddiaçıya imtina edilməklə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq qurumların informasiya ehtiyatları və sistemlərində qeyd olunan məlumatlar əsasında Qaydaların 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya uyğunluğunu müəyyənləşdirmək üçün aparılan təhlil prosesinin yekunlaşdırılması mümkün olmadığından və iddiaçının ərinin əmək müqaviləsi olması səbəbindən cavabdeh tərəfindən iddiaçıya birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1860/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1860/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2532/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2532/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver