Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2532/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və s. tələblərinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 0678 nömrəli, xx.xx.2014-cü il tarixli iddiaçının ehtiyata buraxılması barədə əmrinin ləğv edilməsi, N saylı hərbi hissədə rabitə bölüyünün avtomatik idarəetmə sistemləri taqımının komandiri vəzifəsinə bərpa edilməsi və xx.xx.2014-cü il tarixdən qərar qəbul edilən tarixədək orta aylıq vəzifə maaşının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sonuncu xidmət yeri xx.xx.2014xx.xx.201N tarixlərində N saylı hərbi hissələrdə tağım komandiri vəzifələrində olmuş, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 0678 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. Dəfələrlə cavabdehə müraciət göndərərək əmrin ona rəsmi qaydada verilməsini xahiş etmiş, lakin imtina verilmişdir. Xidmətdə olduğu müddət ərzində heç bir hərbi nizamnamə pozuntusuna yol verməmiş, qanunla üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, iltizam və digər məsuliyyətə cəlb edilməmişdir. Hərbi hissə rəhbərliyi onu ehtiyata buraxmaq üçün barəsində qərəzli və həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Cavabdehin əmri xx.xx.2014-cü ildə qəbul edilməsinə baxmayaraq, ona rəsmi qaydada xx.xx.2022-ci ildə məhkəmədə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazda bildirilmişdir ki, mübahisələndirilən əmrlə iddiaçı 2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılmış, lakin həmin əmr iddiaçı tərəfindən 8 il sonra mübahisələndirilmiş, bununla da inzibati prosessual qanunvericilikdə bu qəbildən olan iddialar üçün müəyyən edilmiş mümkünlük şərti pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbin təmin edilməsini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilən əsaslara görə qüvvədə olan qanunvericiliyə görə Müdafiə Nazirliyi əmri ona ehtiyata buraxıldığı gün xx.xx.2014-cü il tarixində rəsmi qaydada təqdim etməli idi. Əmr ona verilmədiyinə görə məhkəmədə iddia qaldırmaq hüququndan məhrum olmuşdur. Hərbi komandanlıq ona qarşı qərəzli olu, rəhbərliyə barəsində həqiqətə uyğun olmayan məlumatlar vermişlər. Onu ehtiyata buraxmaq üçün müxtəlif yollara əl alımış, təzyiqlər olmuş, sonda Əsasnamənin 156 “e” maddəsinə istinad olunmuşdur. Lakin həmin əmr ona məhkəmənin sorğusu əsasında təqdim olunmuşdur. Qərardadın hüquqi əsası yoxdur. Əmr ona məhkəmə vasitəsilə xx.xx.2022-ci il tarixində təqdim olunub, Əmr ona təqdim edilmədiyinə görə hüquq münasibətləri davam edib, ona görə də iddia müddəti ötürülməyib. Məhkəmə kollegiyasının iclaında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun izahat vermiş və cavabdehin əmrindən məlumatlı olduğunu və şəxsi heyət qarşısında ona elan olunmasından asılı olmayaraq, əmrin surətinin qanunvericiliyə görə ona təqdim edilməli olduğunda israrlı olaraq hesab etmişdir ki, tərəfindən iddia müddəti buraxılmamışdır, iddia tələbi mümkün sayılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Abbaszadə isə iddiaçı ilə razılaşmayaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə müvafiq olaraq, iddiaçının ehtiyata buraxılması barədə xx.xx.2014-cü il tarixli əmrin ehtiyata buraxılarkən ona elan olunduğunu, həmin vaxtdan isə 8 il keçməklə iddia müddətinin buraxıldığını bildirərək, qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) daxilində, müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Belə ki, iddiaçının qeyd olunan tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.1-ci maddəsinin tələbi baxımından, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin 0678 nömrəli, xx.xx.2014-cü il tarixli iddiaçının ehtiyata buraxılması barədə əmrinin ləğv edilməsini və həmin əmrdən irəli gələn hüquqi nəticələrin aradan qalıdırılmasını tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsini nəzərdə tutur. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş həmin müddət ötürülmüş, cavabdehin xx.xx.2014-cü il tarixli iddiaçının ehtiyata buraxılması barədə əmrini 8 il keçdikdən sonra mübahisələndirilmişdir. İddiaçı apellyasiya şikayətində və məhkəməyə verdiyi izahatında israrlı şəkildə əmrin şəxsi heyət qarşısında ona elan olunmasından və məlumatlı olmasından asılı olmayaraq, qanunvericiliyə görə əmrin surətinin ona təqdim edilməli olduğunu bildirərək, məhkəmə vasitəsilə xx.xx.2022-ci il tarixində əmrin ona təqdim olunduğunu iddia edərək hesab edir ki, onun tərəfindən iddia müddəti buraxılmamışdır. Halbuki,“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin imperativ tələbinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi nə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edilməsi yolu ilə də verilə bilər. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “...Tərəflər, onların üzərinə ağır yük qoyan və ya qanuni hüquq və mənafelərini poza bilən qərarlardan faktiki olaraq məlumatlandırıldıqları andan iddia qaldırmaq və ya apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməlidirlər...” İşin qeyd olunan halları onu deməyə əsas verir ki, iddiaçı, xx.xx.2014-cü il tarixli əmr ona elan olunduğu andan hüquqlarının pozulduğunu bilməli idi. Bundan əlavə, qeyd olunmalıdır ki, işə əlavə edilmiş xx.xx.2014-cü il tarixdə verilmiş ******* nömrəli hərbi biletinin (surətinin) 5-ci səhifəsində də cavabdehin xx.xx.2014-cü il tarixli əmri ilə ehtiyata buraxılması barədə qeyd təsbit olunmuşdur. Beləliklə də iddiaçının cavabdehin əmri barədə 8 il əvvəl məlumatı olması, bununla da qanunla müəyyən edilən iddia müddətini buraxdığı sübuta yetirilir. İnzibati icraat haqqında Qanunun 67.11-ci maddəsinə əsasən isə maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Belə olan halda, iddiaçının hazırkı mübahisələndirmə haqqında iddiası, İPM-in 35.1ci maddəsinin tələblərinə uyğun olan əsaslandırılmış iddia kimi, qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin tərəfindən iddia müddəti ötürülmədiyini vurğulmaqla, birinci instansiya məhkəməsinin qərardadının əsası olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-2532/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2532/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver