Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2532/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu, X4, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və Bakı şəhəri 19 saylı Birləşmiş şəhər Xəstəxanası)“ təyin olunmuş İİ qrup əlillik dərəcəsinin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4846/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Agentliyin xx.xx.2021-ci il tarixli xxxxxxx0009 №-li qərarı ilə ona yəni xx.xx.1974-cü ildə doğulmuş İddiaçı ümumi əsaslarla xx.xx.2021-ci il tarixdən təyin olunmuş İİ qrup əlillik dərəcəsinin “səbəb”nin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1992xx.xx.1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1994-cü ilin fevral ayında Ağdam istiqamətində gedən döyüşlərdə odlu silahdan qəlpə partlaması nəticəsində ağır yaralanmış, partlayış nəticəsində başının təpə nahiyəsində bir ədəd, sağ alın qabarı nahiyəsində bir ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin arxa səthində zədə almışdır. Zədələnməsinə baxmayaraq, müalicə olunaraq, hərbi xidmətini davam etdirmiş, 708, 918, N saylı hərbi hissələrdə “gizir” qismində hərbi xidmət keçmiş və azadlıqdan mərhum edildiyinə görə ehtiyata buraxılmışdır. xx.xx.2008-ci il tarixdən SHXÇDX-nin Qaradağ rayon idarəsində hərbi qeydiyyatda olmuş, 02 fevral 2017-cı il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzininin Nevrologiya şöbəsində müayinə olunmuş və ona “üzvi mənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə F07.0 ” diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində məhkəmə-tibbi müayinə olunmuşdur. Tibbi müayinənin nəticələrinin əks olunduğu 163 nömrəli aktı, SHXCDX-nin Qaradağ rayon idarəsinin xx.xx.2019-cu il tarixli 7 nömrəli göndərişi, xx.xx.2019-cu ilin 68 nömrəli arayışı, iki nəfər keçmiş hərbi qulluqçuların şahid ifadəsi əsasında Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 13 sentyabr 2019-cu il tarixli, № 1JQJBUVQ00002 reyestr nömrəli qərarı qəbul olunmuşdur. Həmin qərarla onun aldığı xəsarətlər “Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır“ olaraq qeyd edilmişdir. Sözügedən qərar əsasında ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. Lakin ona cavabdeh tərəfindən ümumi xəstəlik (“üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin travmatik xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu anamnezində özünə xəsarət yetirmələr F07.0 diaqnozu ilə”) səbəbi ilə müddətsiz olaraq, üçüncü dərəcəli əlillik təyin edilmişdir. O, əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən göndərilmiş № 0042003AACAU saylı forma 88 ilə xx.xx.2020-ci il tarixində cavabdeh quruma təkrar müraciət edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyin və konstitutiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh qurum tərəfindən imtina olunmuşdur. Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 19 saylı Birləşmiş şəhər Xəstəxanası tərəfindən iddia ərizəsinə dair yazılı münasibət bildirilməmiş, digər üçüncü şəxs Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə təqdim olunmmuş yazılı münasibətdə aşağıdakıları göstərilmişdir: “Bakı şəhər Qaradağ RHK tərəfindən 1992-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı 1993-cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində 1 ədəd, başın sağ alın qabarı nahiyyəsinin 1 ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi xx.xx.2019-cu il tarixdə MN MHHK-sı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) bəndinə əsasən “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir və qərarın bir nüsxəsi vətəndaşın özünə verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. İddiaçı travma alması barədə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin müayinəsinə dair xx.xx.2019-cu il tarixli, K/163-29 nömrəli aktda onda “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində 1 ədəd, başın sağ alın qabarı nahiyyəsinin 1 ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu ilə olan xəsarət müəyyən edilmişdir. Bu səbəbdən də ona dair MN MHHK-nın xx.xx.2019-cu il tarixli 717 nömrəli qərarda həmin diaqnozla olan travmanın səbəb əlaqəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. Əlillik dərəcəsinin təyin edilməsi, əlilliyin yaranma vaxtı, ləğv olunması və digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə daxil deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Agentliyin səlahiyyətlərinə aiddir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli xxxxxxx0009 №-li qərarı ilə xx.xx.1974-cü ildə doğulmuş İddiaçı ümumi əsaslarla xx.xx.2021-ci il tarixdən təyin olunmuş İİ qrup əlillik dərəcəsinin “səbəb”nin dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərarı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır ki, iddiaçı Agentliyin Tibbi-sosial ekspert komissiyası tərəfindən 28 yanvar 2022-ci il tarixdə əyani müayinə olunarkən müəyyən olunmuşdur ki, ona Müdafiə Nazirliyinin hərbi həkim komissiyası tərəfindən, “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində 1 ədəd, başın sağ alın qabarı nahiyyəsinin 1 ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyəti müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlaməti müəyyən olunmamışdır. Respublika Psixatrik Xəstəxanasının çıxarışlarında diaqnoz “Baş beyin travması nəticəsində uzungedişli psixi pozuntular, hipomaniokal sindrom” kimi qeyd olunmuşdur. Hal-hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamşdır. AR Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq xx.xx.2021-ci il tarixli “Ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Beləliklə, iddiaçının əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmadığına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci bəndinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci addəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: (...) 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; (...) 1.5.2. xüsusi səbəblərdən: (...) 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; (...) 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. İş materiallarından görünür ki, iddiaçı hərbi quluqçu olmuş, 1992-1994-cü illərdə 1-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmiş, 1993-cü ilin fevral ayında ağır travma almış və ona xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilərək, “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində 1 ədəd, başın sağ alın qabarı nahiyyəsinin 1 ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu ilə travmasının hərbi xidmətlə səbəb əlaqəsi - xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “a” yarımbəndinə əsasən “Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır“ kimi şəhadətləndirilmişdir. Bakı şəhərti 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının işə əlavə olunmuş, xx.xx.2021-ci il tarixli 0042003AACAU saylı göndərişindən görünür ki, iddiaçının xəstəliyinin əsas diaqnozu: - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Baş beyin travmatik xəstəliyi nəticəsində psixi pozuntu anamnezində özünə xəsarət yetirmələrlə; Ağırlaşma-Üzvi mənşəli şəxsiyyət pozğunluğu Baş beyin travmatik xəstəliyi nəticəsində psixi pozuntu, anamnezində özünə xəsarət yetirmələrlə; Yanaşə xəstəliklər: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş Odlu siah mərmi partlamasından sonrakı başın təpə nahiyəsində bir ədəd, başın sağ alın qabarı nahiyəsində bir ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd sol baldırın 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar.1993-cü ilin fevral ayında döyüş zonasında hərbi xidmət keçərkən aldığı yaralanmanın nəticələri. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 717 nömrəli qərarına əsasən “Hərbi travmadır-Azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır. TSEK-ə göndərilməsi üçün əsas - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar.” - kimi qeyd olunmuşdur. Lakin cavabdeh Agentliyin Tibbi-sosial ekspert komissiyasının **********9 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0042003AAB5P nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirilmiş və ona “Ümumi xəstəliklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Növbəti dəfə əlillik təyinatının səbəb-əlaqəsinin dəyişdirilməsi məqsədilə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli, xxxxxxx0009 akt №-li qiymətləndirmənin nəticəsindən isə görünür ki, X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07-Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsində…..Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beyin travması nəticəsində uzun gedişli psixi pozuntular, hallüsinator hipomanikal sindrom….Meyar: 2.2 ikinci dərəcəli əlillik=>2.4.4 emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən kəmağıllıq (demensiya) (F6…) qoyulmuş və xx.xx.2022-ci il tarixli, xxxxxxx0010 akt №-li qiymətləndirmə nəticəsinə əsasən Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğuntusu, Üzvi mənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə….İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb:Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2021- ci il tarixli Qərar qüvvədə saxlanılmışdır. İş materiallarına əsasən həmçinin müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi” (PHŞ) tərəfindən xx.xx.2023-cü il tarixli T 149/2023 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunur ki, göndərişdə qeyd edilmiş diaqnozların proqnozu və səmərəliliyi qənaətbəxş olduğu və hazırda onun ixtisaslaşdırılmış stasionar müalicəyə ehtiyac olmadığı qeyd olunmuşdur. Lakin işin apellyasiya mərhələsində həmin rəy tədqiq olunduqda müəyyən olunmuşdur ki, həmin ekspertiza tədqiqatını aparan iki ekspertdən biri işin nəticəsində maraqlı olan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin tibbisosial eksperti, nevroloq X6 olmuşdur ki, bu da rəyin mötəbərliliyini şübhə altına aldığı nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə Agentliyin ekspertlərinin iştirakı olmadan, əlavə komission məhkəmə-tibbi ekspertiza keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi”ekspert ləri tərəfindən həmin qərardad icra olunaraq T/667/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə ekspert komissiyası iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun nəticəyə gəlinərək qeyd olunmuşdur ki, - “ 1. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Üzvü şəxsiyyət pozğuntusu, üzvimənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, xxxxxxx000002 reyestr nömrəli qərarında əks olunmuş xəstəliklərin hal-hazırda onda izi müəyyən olunur...” İşə əlavə olunmuş 088 formalı tibbi göndərişin “Xəstəliyin adı“ bölməsindən də məhz, görünür ki, iddiaçının əsas diaqnozu - ekspert komisiyasının gəldiyi həmin nəticəyə uyğun olaraq - “Üzvü şəxsiyyət pozğuntusu, üzvimənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə” kimi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, tədqiq olunan ekspert rəyində və tibbi göstərişdə təsbit olunan həmin məlumatlara inandırıcı yanaşır və onların həqiqiliyini qəbul edərək mötəbər məlumatlar kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh tərəfindən isə inzibati icraat haqqında hüquq normalarının qeyd olunan tələbləri pozulmuş, iddiaçının xeyrinə olan hallar əsassız olaraq nəzərə alınmamış, iddiaçının əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” göstərilməsindən imtina edərək, onun xəstəliyinin səbəb əlaqəsinin “Ümumi xəstəlik” kimi göstərməklə, qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə də, iddiaçının tələbində haqlı olduğu sübuta yetirilir. İPM-in 32.1-ci maddəsi isə nəzərədə tutur ki, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin – komissiya tərəfindən iddiaçının xəstəliyinin səbəb əlaqəsinin qanunvericiliyə uyğun qiymətləndirildiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu və iddianın təmin edilməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2532/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2532/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver