Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2533/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cаvаbdеhin nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən iddiaçıya verilmiş B18 saylı 212653 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınmasından imtina barədə cavabdehin qərarının qanunsuz hesab edilməsi və həmin diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-3128/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən iddiaçıya verilmiş B18 saylı 212653 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınmasından imtina barədə cavabdehin qərarının qanunsuz hesab edilməsi və həmin diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 noyabr 2014-cü il tarixdən 30 iyun 2018-ci il tarixədək Semen Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin “Turizm” hazırlığı istiqaməti üzrə qiyabi formada təhsil almışdır. 26 aprel 2018-ci il tarixdə keçirilmiş dövlət imtahanından sonra ona turizm üzrə bakalavr dərəcəsi verilməklə, B18 212653 saylı, 30 iyun 2018-ci il tarixli diplom təqdim edilmişdir. İddiaçı diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün etdiyi müraciətinə əsasən, 17 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ona şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmağı göstərilmişdir. Bütün dövlət universitetlərində olduğu kimi iddiaçının da bitirdiyi universitetdə qiyabi formada təhsil alan tələbəyə növbəti sessiyaya hazırlaşması üçün müvafiq şərait yaradılmışdır. Bu məqsədlə universitet tərəfindən hazırlanmış online şəxsi təhsil sistemi vasitəsilə tələbəyə hazırlaşması üçün materiallar göndərilir və müvafiq məsləhətlər verilirdi. Bütün bunlardan istifadə edərək sessiya zamanı universitetdə olma müddəti qısa olsa da, imtahan və məqbulları bütünlüklə vaxtlı-vaxtında vermiş, tam tədris proqramını mənimsəyərək tədris planını uğurla yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. İddiaçının təhsil aldığı universitetin verdiyi biliklər dünya standartlarına tam uyğundur. Onun rus dilini mükəmməl bilməsi də, bu imkanlardan yararlanmasını asanlaşdırmışdır. Qeyd edilənlərlə əlaqədar arayışlar universitet tərəfindən iddiaçıya göndərilsə də, o, onların heç birini elektron müraciətinə əlavə etməmiş, cavabdeh orqan da iddiaçıdan tələb etməmişdir. İş üzrə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh orqan, iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə ona 11.09.2020-ci il tarixində şəxsi kabineti vasitəsilə cavab məktubu göndərilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, onun təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur ( İ il – 12 gün, İİ il – 14 gün, İİİ – il 10 gün, İV – il 16 gün). Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-3128/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır, hüquq norması mübahisəli hüquq münasibətinə düzgün tətbiq edilməmişdir. Belə ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan aydın olduğuna görə iddiaçı Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində məhkəmənin qərarında göstərildiyi kimi əyani deyil, qiyabi təhsil almışdır. O, Ukrayna Respublikasının ərazisində olduğu göstərilən günlərdə Universitetdə qiyabi imtahan sessiyalarında olmuşdur. Məhkəmənin Nazirlər Kabinetinin yuxarıda istinad etdiyi qərarında göstərilən müddətlər əyani təhsilə aid müddətlərdir. Universitet rəhbərliyinin verdiyi inzibati işə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı qiyabi təhsil müddətində bütün imtahan və yoxlamaları tam həcmdə vermiş, istiqamətləndirmə/imtahan sessiyalarında təhsil prosesi qrafiki ilə müəyyən edilmiş bütün tədris planını yerinə yetirmişdir. Universitetin Xarici Vətəndaşların Hazırlanması Fakültəsi dekanının 29 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Universitetdə qiyabi təhsil alan tələbə istiqamətverici sessiyada iştirak etmədiyi təqdirdə növbəti imtahan sessiyasına tapşırıq verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Universitet tərəfindən hazırlanmış şəxsi təhsil sistemindən istifadə edərək tələbəyə onlayn rejim ilə müstəqil olaraq imtahan sessiyasına hazırlaşmağa və məsləhət almağa imkan yaradılır. Maraqlıdır ki, nə cavabdeh, nə də məhkəmə iddiaçının aldığı təhsil forması ilə maraqlanmadan onun təhsilini əyani kimi qiymətləndirərək “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın əyani təhsillə bağlı münasibətləri nizama salan 2.8 və digər bəndlərinə istinad etmişlər. Cavabdehin və məhkəmənin insan taleyinə belə laqeyd münasibəti dözülməzdir. Məhkəmə araşdırması zamanı sədrlik edən hakimdən imtina üçün əsas olmuş ekspert rəyini cavabdehdən tələb etməsini xahiş etdilər Hakim ekspert rəyini tələb etsə də, cavabdeh tərəfindən belə bir rəy təqdim edilmədi. Məhkəmədə işə baxılanadək cavabdehə imtina materialları ilə, o cümlədən ekspert rəyi ilə tanış olmasına icazə verilməsini xahiş etsə də, müraciəti təmin edilməyib. Aydındır ki, imtina qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş ekspert rəyi olmadan hansısa məmurun subyektiv təxəyyülünün məhsulu kimi ortaya çıxmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-3128/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında B18 seriyalı, 212653 nömrəli bakalavr diplomu verilmiş, diplom 24.07.2019-cu ildə apostil olunmuşdur. B18 seriyalı, 212653 nömrəli bakalavr diplomuna əlavədən görünür ki, İddiaçı “Turizm” hazırlığı istiqaməti üzrə qiyabi formada təhsil almışdır. İddiaçı B18 saylı 212653 nömrəli diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının Ukrayna Respublikası ərazisində qısa müddətdə olmaqla ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qayadaların 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir, 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci maddəsinə əsasən ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Göründüyü kimi qiyabi təhsilalma forması üzrə təhsilin normativ müddəti əyani təhsilalma forması üzrə təhsilin müddətindən 1 il artıqdır, sərhədkeçmə Məlumatına əsasən iddiaçı Ukrayna Respublikası ərazisində İ il – 12 gün, İİ il – 14 gün, İİİ – il 10 gün, İV – il 16 gün olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Belə olan halda iddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Bu hal isə iddiaçının aldığı təhsilin həm məzmunun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Beləliklə də müəyyən edilir ki, iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. İddiaçının diplom üzrə ixtisasın tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-3128/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2533/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2533/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver