Məhkəmə qərarları › İş №2-1(103)-2533/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2533/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2533/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1458/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş 1978-2021-ci illər ərzində stajının və orta texniki peşə məktəbində təhsil aldığı 1975-1978-ci illər əyani təhsil müddətinin onun sosial sığorta stajına hesablanaraq, iddiaçıya stajına, yaşına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı tarixdən, yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1216/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra xx.xx.2021ci il tarixli məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Tərtər şəhərində anadan olmuş, 1975-ci ildə texniki peşə məktəbinə daxil olmuş, 1978-ci ildə məktəbin tam kursunu bitirməklə elektrik qaz qaynaqçısı peşəsinə yiyələnmişdir. 15 sentyabr 1978-ci il tarixdə Kommunal Təsərrüfat şöbəsində yaşıllıq üzrə fəhlə işləmiş, 09 iyul 1979-cu ildə öz ərizəsiylə işdən azad olunmuşdur. 06 may 1982-ci ildən 23 iyun 1982-ci ilə kimi Bərdə rayonu “PMK-15” adlanan idarədə qaynaqçı, 02 iyun 1982-ci ildən keçmiş Mirbəşir K/T istehsal texniki-təminat birliyinin avtoqarajında qaynaqçı, 01 aprel 1991-ci ildən Tərtər rayon X5 Nəqliyyat müəssisəsində qaynaqçı işləmişdir. 01 oktyabr 2010-cu ildən bu günə kimi X4 İstismar İdarəsində qaynaqçı işləmişdir. İşlədiyi dövrlərdə iddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işləri əhatə etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə güzəştli Siyahi üzrə nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyın tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1458/2022 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35)- rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; qaz qaynaqçıları; kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələr nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin Tərtər X3 İdarəsinin xx.xx.2020-ci il tarixli 220 nömrəli arayışında onun 2010-cu il tarixdən bugünədək adıçəkilən İdarədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi qaynaqçı peşəsi yuxarıda qeyd olunan peşələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı mövcud deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçının müxtəlif müəssisələrdə işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) nəzərdə tutulan peşələrə uyğun olmaması ilə bağlıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, qanunvericiliklə tələb olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olan 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. - İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, A №786479 nömrəli Diplomun, ИТ-l №0365004 nömrəli əmək kitabçasının, НЗ №4234516 nömrəli hərbi biletin surətləri) əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 1975-ci ildə Mirbəşir 96 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirərək, imtahan komissiyasının xx.xx.1978-ci il tarixli qərarı ilə dördüncü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası almış, xx.xx.1978-xx.xx.1979-cu illərdə Kommunal Təsərrüfat şöbəsində yaşıllıq üzrə fəhlə işləmiş, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1982xx.xx.1982-ci illərdə Bərdə rayonu “PMK-15” idarəsində qaynaqçı işləmiş, xx.xx.1982-ci ildə Mirbəşir K/T istehsal texniki-təminat birliyinin avtoqarajında qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsinin 15 mart 1991-ci il tarixli 241 nömrəli əmrinə əsasən Tərtər rayonunda sərbəst təsərrüfathesablı nəqliyyat müəssisəsi yaradılması ilə əlaqədar həmin müəssisəyə keçirilmiş və qaynaqçı qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə işdən azad edilmişdir. İddiaçı xx.xx.2010-cu ildən indiyədək isə Tərtər X3 İdarəsində qaynaqçı kimi işləyir. -Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 22 nömrəli məktubunda qeyd edilmişdir ki, Mirbəşir rayon Kommunal Təsərrüfat Şöbəsinin əmrlər Kitabından çıxarışdan görünür ki, №-81, §-3, xx.xx.1978-ci il tarixli əmrlə iddiaçı xx.xx.1978-ci il tarixdən yaşıllıq üzrə fəhlə qəbul edilmiş, aylıq əmək haqqı ştat üzrə hesablanmışdır. Mirbəşir rayon Mənzil Kommunal Təsərrüfat Şöbəsinin əmrlər Kitabından Çıxarışdan görünür ki, №-57, §-2, xx.xx.1979-cu il tarixli əmrlə Yaşıllıq üzrə fəhlə İddiaçı xx.xx.1979-cu il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmiş, onun axırıncı hesabı çəkilmişdir. -Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 43 nömrəli məktubunda qeyd edilmişdir ki, Mirbəşir rayon X7 X6 Əmrlər Kitabından çıxarışdan xx.xx.1982-ci il tarixli, 47 nömrəli əmrlə iddiaçı Avtoparka qaynaqçı qəbul edilmiş, əmək haqqı 2 həftəlik sınaq müddəti ilə gördüyü işə görə verilmişdir. Mirbəşir rayon X9 və Mexanikləşdirmə Birliyinin əmrlər kitabından çıxarışdan 51, §6, xx.xx.1991-ci il tarixli Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsinin xx.xx.1991-ci il tarixli 24 nömrəli əmrinə əsasən Tərtər rayonunda sərbəst avtomobil nəqliyyat müəssisəsinin yaradılması ilə əlaqədar iddiaçı X9 və Mexanikləşdirmə İstehsalat birliyindən yeni yaradılmış nəqliyyat müəssisəsinə keçirilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********13 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 258 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin X9 və X1 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 104 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş ləğv edilmiş "xxxx" Respublika İstehsalat Birliyinin X2 Müəssisəsinin bazasında “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri xx.xx.2007-ci il tarixində, “X2” Açıq Səhmdar Cəmiyyətinin səhmləri isə xx.xx.2019-cu il tarixində tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir Apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı vəzifəsində işlədiyi illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Həmçinin, iddiaçının işlədiyi Bərdə rayonu “PMK-15” idarəsi, Mirbəşir K/T istehsal texnikitəminat birliyinin avtoqarajı və Tərtər rayonunda sərbəst təsərrüfathesablı nəqliyyat müəssisəsi, habelə sonuncu işlədiyi Tərtər X3 İdarəsi hər hansı zavod, iri istehsal müəssisəsi və s. olmadığından həmin idarələrdə kontaksız qaynağın aparılması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçıya məxsus diplomdan görünür ki, onun ixtisası elektrik qaz qaynaqçısıdır. Ona məxsus əmək kitabçasından görünür ki, iddiaçı işlədiyi müəssisələrdə qaynaqçı peşəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 23200000 kodlu XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35. Ümumi peşələr – bəndinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtər X3 İdarəsi tərəfindən verilmiş 220 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdən 46 nömrəli əmrlə X3 İdarəsinə altıncı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir, hazırda həmin işdə işləyir. İddiaçının əmək kitabçasına əsasən 38 il, 7 ay, 11 gün ümumi iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndindəki əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi 37 il, 9 ay, 17 gün iş stajı vardır. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna əsasən həmin müəssisənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 170 nömrəli məktubda qeyd olunmuşdur ki, idarədə qaynaqçı vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əl ilə qaynaqçı vəzifəsində xx.xx.1982 (əmr №76 §3) - xx.xx.1982 (əmr №103) Bərdə DMK-15; xx.xx.1982 (əmr № 47) - xx.xx.2010 (əmr №) 17 tarixləri arasındakı dövr ərzində Mirbəşir kənd təsərrüfatı texniki birliyi; xx.xx.2010 (əmr №46) tarixindən hal -hazıradək Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin Tərtər Suvarma Sistemləri idarəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 23 il 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan iş kimi günün 8 (səkkiz) saatı əl ilə elektrik qaynaq işi aparmaq olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35 bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Bununla yanaşı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC məhkəmə sorğularına cavab olaraq iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda təsbit olunmuş peşələrdən hansınasa uyğun gəlməsinin müəyyən edilmədiyini bildirmişdir. Arayışlar arasında ziddiyyətlə bağlı Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş yerlərindən təqdim edilmiş şəxsin zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) birmənalı sübut kimi qəbul edilə bilməz. Belə ki, bu zaman həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bu fikirlə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi İlə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı 57 yaşı tamam olan tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1458/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1458/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar