Məhkəmə qərarları › İş №2-1(103)-2534/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2534/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2534/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3531/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 təqvim ildən çox xidmət etmiş, ehtiyata buraxılmış hərbi qulluqçu kimi Suraxanı rayon İcra Hakimiyyətində mənzil növbəsinin siyahısına iddiaçının adının daxil edilməsi və mənzil alınanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5567/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 15 təqvim ildən çox xidmət etmiş, ehtiyata buraxılmış hərbi qulluqçu kimi Suraxanı rayon İcra Hakimiyyətində mənzil növbəsinin siyahısına adının daxil edilməsi və mənzil alınanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin apellyasiya baxışı mərhələsində hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək,iddiadan imtina etdiyini bildirmişdir. İddiaçı ərizəsində Müdafiə Naziliyində mənzil təminatı ilə əlaqədar keçirilən püşkatmada iştirak etdiyini, növbəti mərhələdə sənədlərin yığılması və mənzil təminatının yerinə yetiriləcəyini, bununla əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətində mənzil növbəsinə durmağa ehtiyac qalmadığından iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və iş üzrə digər materialları araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçının iddiadan imtina barədə ərizəsindən görünür ki, məhkəmədən kənar qaydada mübahisə öz həllini tapmışdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının diqqətinə bir daha çatdırılmışdır ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtina etməsi, işin hallarına və prosessual qanunvericiliyin tələblərin uyğun hesab edilərək məhkəmə tərəfindən qəbul edilməlidir. İPM-in 55.5-ci maddəsi isə nəzərdə tutur ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiadan imtinası məhkəmə tərəfindən qəbul olunsun. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar