Məhkəmə qərarları › İş №2-1(103)-2535/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2535/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2535/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4037/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “X2 “Məcburi köçkün” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər şəhərindən məcburi köçkün düşməklə ünvan 1 ünvanında məskumlaşmışdır. 10.11.1997-ci il tarixdə nikaha daxil olmuş və nikahdan 2004-сü ildə X5 anadan olmuşdur. 24.02.2005-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Lakin iddiaçı və onun ailə üzvləri ünvan 2 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək, övladı X2 “məcburi köçkün” statusunun verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanusuz və əsassız hesab edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, İddiaçı komitəyə müraciəti əsasında, övladı 18.08.2004-cü il təvəllüdlü X2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlər komitənin status sektorunda araşdırılmış və İddiaçı övladı X1 anadan olmasından əvvəl xüsusi mülkiyyətində ünvan 1 ünvanında ayrıca yaşayış sahəsinin olması müəyyən olunmuşdur. Odur ki, 18.08.2004-cü il təvəllüdlü X1 atası İddiaçı xüsusi mülkiyyətində yaşayış sahəsi olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı övladı X1 anadan olmasından əvvəl xüsusi mülkiyyətində ayrıca yaşayış sahəsi olduğundan, X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Həmçinin, yaşayış sahəsinin faktiki olaraq kimə (özünə və ya qohumuna) məxsus olması məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsini istisna etmir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4037/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı qızı X2 “Məcburi köçkün” statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, Kəlbəcər şəhərindən məcburi köçkün düşmüşdür, ünvan 1 ünvanında məskunlaşmışdır. 10.11.1997-ci ildə nikaha daxil olmuş, X3 ilə nikahdan 18.08.2004-ci il təvəllüdlü X5 və 1999-cu il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı, onun həyat yoldaşı X3 və qızı X6 məcburi köçkün statusuna malikdirlər. X1 məcburi köçkün statusu alması üçün müraciət edilsə də, cavabdeh orqan onun müraciətinin icrasından imtina etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin X2 ünvanladığı 25.01.2021-ci il tarixli, 01/216 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən, müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs qaçqın və ya məcburi köçkün statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verir. Üzürlü səbəb olduqda (bədbəxt hadisə baş verməsi, xəstələnmə, nəqliyyat vasitəsinin olmaması və başqa hallar) bu müddət həmin orqanın qərarı ilə artırıla bilər. Qaçqın statusu beş il müddətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə görə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, qaçqınlar və məcburi köçkünlər öz hüquqlarının müdafiəsi üçün əlaqədar təşkilatlara, habelə məhkəməyə müraciət edə bilərlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 1.2.-ci bəndinə əsasən, məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Həmin Qaydaların 4.2.-ci bəndində göstərilmişdir: “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə.4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına.4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə.4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.” Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X2 münasibətdə sözügedən Qaydaların 4.2-ci maddəsində sadalanan “Məcburi köçkün” statusunun verilməsini istisna edən halların heç biri, o cümlədən cavabdehin imtinanın əsası kimi istinad etdiyi Qaydaların 4.2.6-ci bənddə göstərilmiş hal mövcud deyil. Belə ki, Bakı şəhərində 2005-ci ildə mənzil əldə etsə də, nə İddiaçı, nə də ki onun ailə üzvləri həmin mənzilə qeydiyyata düşməmişlər. Bundan başqa X5 yaşayış sahəsi əldə edilənək (18.08.2004-cü ildə) doğulmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək X2 “Məcburi köçkün” statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalı olmasını qeyd etmiş, lakin İddiaçı qismində iddia qaldıraraq X2 məcburi köçkün statusunun verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçı qismində İddiaçı X5 ilə əvəz etməli olduğu halda bunu etməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göründüyü kimi “məcburi köçkün” statusunun və vəsiqəsinin verilməsinə dair iddia tələbində qeyd edilən şəxs - X5 18 avqust 2004-cü il tarixdə doğulmuş, hazırkı iddia üzrə birinci instansiya məhkəməsində baxılarkən məhdud fəaliyyət qabiliyyətli olmuşdur. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, 18 avqust 2004-cü il təvəllüdlü X5 məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 18 avqust 2004-cü il təvəllüdlü Qənirə Qurbanlı publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Hazırki inzibati iş üzrə icraatda isə bilavasitə İddiaçı qismində çıxış etmişdir ki, onun özü ilə bağlı publik hüquqdan irəli gələn məsələ üzrə mübahisə mövcud olmamış, tərəfindən qaldırılmış məsələ uşağının hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. Hansı ki, İddiaçı bilavasitə iddiaçı qismində deyil, məhdud fəaliyyətli şəxs kimi hüquqlarının pozulmasına əsaslanan 18.04.2004-cü il təvəllüdlü X1 qanuni təmsilçisi qismində icraatda iştirak edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, X1 hər iki valideyni “məcburi köçkün” statusuna malik olmaqla, qeydiyyat yeri Kəlbəcər şəhəri olduğundan, bununla yanaşı X5 yaşayış sahəsi əldə edilənək doğulduğundan iddiaçı qismində X5 qəbul edilməklə ona “Məcburi köçkün” statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı X2 “Məcburi köçkün” statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4037/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı X2 “Məcburi köçkün” statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar