Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2535/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-195/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Beynəlxalq Praqa Universiteti tərəfindən verilmiş NoBM 005806 nömrəli 0110.2013-cü il tarixli ali təhsil haqqında bakalavr diplomunu qanuni əsaslarla alındığından, ölkədə qanunvericilikdə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: "…2013-cü il tarixdə iddiaçıya Beynəlxalq Praqa Universitetində aldığı təhsillə əlaqədar iqtisad və menecment ixtisası üzrə diplom verilmiş, iddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də, cavabdeh ona ünvanlanmış xx.xx.2022-ci il tarixli Ə- 406/03-TKTA nömrəli məktubu ilə onun təhsil aldığı unviersitetin öz ölkəsində akkreditə olunmuş təhsil müəssisələrinin siyahsında olmadığını əsas gətirərək diplomun tanınmasından imtina etmişdir. Hesab edir ki, qanunvericiliyin tələblərinə zidddir. Çünki, təxminən, 6 il müddətində Beynəlxalq Praqa Universitetində təhsil almış, sənədləri müvafiq qaydada Çexiya Respublikası tərəfindən təsdiq olunmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında da iddianın rədd olunmasını xahiş edərək bunu aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı diplom üzrə aldığı ixtisasların ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq Çexiya Respublikasının Beynəlxalq Praqa Universitetinin adı Çexiya Respublikasının Milli X3 təqdim etdiyi siyahıda (www.eric-naric.net saytının Çexiya bölməsində) yer almadığından iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə xx.xx.2016-cı il tarixində imtina etmiş və bu barədə ərizəçinin elektron kabinetində yerləşdirilmişdir. Çexiya Respublikasının Milli X6 tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında sözügedən ali təhsil müəssisəsinin adına rast gəlinməmişdir. ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-195/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakalavr pilləsi üzrə təhsilini bitirdikdən sonra 2013-2015-ci illərdə Praqa İqtisad Universitetində Maliyyə və Mühasibatlıq fakültəsində ali təhsil magistr proqramında bank işi və iqtisadiyyat təhsili almış, bank və sığorta işi üzrə xx.xx.2015-ci il tarixli FF-15-N 6208-41375 nömrəli magistr diplomu almışdır. Həmin Universitet isə Avropanın ən qabaqcıl təhsil müəssisələrindən biridir. Əgər qərarda qeyd edildiyi kimi onun bakalavr pilləsi üzrə təhsil aldığı Beynəlxalq Praqa Universiteti Çexiya Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditə olunmamışdırsa, Avropanın Nüfuzlu Universiteti hansı halda bakalavr pilləsi üzrə təhsili olmayan şəxsi magistr pilləsi üzrə təhsil müəssisəsinə qəbul edə bilərdi. 6 il müddətinə (4 il bakalavr - 2 il magistr) Beynəlxalq Praqa Universitetində və Praqa İqtisad Universitetində təhsil alıb. Bu barədə Diploma əlavədə qeyd olunmağına baxmayaraq, Təhsil Nazirliyində müraciətinə baxılan zaman təhsil aldığı bu müddət nəzərə alınmamışdır. Onun təhsilə dair bütün sənədlərinin üzərində Çexiya hökümətinin Apostili də mövcuddur. Təhsil aldığı universitet beynəlxalq standartlara cavab verən təhsil verir ki, bu təhsili bildirən diploma əlavə də təqdim edilmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində qeyd etdiyi bu hallar araşdırmadan qərar vermişdir. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş "Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya" iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının təhsil aldığı Beynəlxalq Praqa Universiteti ali təhsil müəssisəsi kimi akkreditasyadan keçmədiyini və bu barədə sübutlar məhkəməyə təqdim edildyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 11 iyul 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasınna dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı (onun səlahiyətli nümayəndəsi) məhkəmə iclası barədə məlumat verilsə də məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına, o cümlədən Beynəlxalq Praqa Universiteti tərəfindən 2013-cü il tarixdə ona verilmiş BM 005806 №-li diplomun surətindən görünür ki, İddiaçı “İqtisad və Menecment” ixtisası üzrə bakalavr təhsil proqramını uğurla başa vurmuş, “Menecment” ixtisası üzrə bakalavr diplomu verilmişdir (Həmin diplmun əlavəsindən görünür ki, “İqtisad və Menecment” ixtisası üzrə həmin universitetdə təhsilalma müddəti 6 semestr olmaqla 180 kredit təşkil etmişdir.) Cavabdeh iddiaçıya ünvanlanmış imtina məktubunda, imtinanın əsası kimi göstərmişdir ki, Çexiya Respublikası Beynəlxalq Praqa Universitetinin adının, Çexiya Respublikasının Milli X5 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında (www.eric-naric.net saytının Çexiya bölməsində) göstərilməmişdir. İşə əlavə olunmuş elektron yazışmalardan da görünür ki, Çexiya Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyinin Akademik tanınma üzrə Milli Məlumat Mərkəzi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sorğusuna cavab olaraq bildirilmişdir ki, Çexiya tərəfindən Beynəlxalq Praqa Universitetinin heç vaxt Ali Təhsil haqqında Akta uyğun olaraq təhsil müəssisəsi kimi akkreditasiyadan keçməmişdir. Qeyd olunmalıdır ki, baxmayaraq ki, məhkəmə kollegiyası tərəfindən onun şifahi xahişi nəzərə alınaraq kifayət qədər ona vaxt verilsə də, iddiaçı tərəfindən məhkəməyə təhsil aldığı həmin universitetin fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçdiyinə dair hər hansı bir təsdiqedici sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının mübahisləndirilən diplomu üzrə ixtisasının tanınmasından imtina etməsi əsaslıdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. (19 iyun 2020-ci ilə qədər olan redaksiya); Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4.9-cü bəndinə əsasən tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ...; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; ...; İşin qeyd olunan hallarından göründüyü kimi, konkret halda, cavabdeh orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçının təhsil aldığı təhsil müəssisəsi Çexiya Respublikasının Milli X7 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığından, onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçının apellyasiya şikayətində israrla iddia etdiyi hal ondan ibarətdir ki, o, məhz həmin universiteti bitirmiş və ona verilən mübahisəli diplom “apostile” edilmişdir. Lakin onun təhsil aldığı həmin universitet Çexiya Respublikasında akkreditə olunmamışdır. Belə oan halda, sözügedən universitet tərəfindən ona verilmiş mübahisəli diplom Azərbaycan Respublikasında təhsilin standartlarına uyğun hesab oluna bilməz. Çünki, iddiaçının xarici ölkədə aldığı təhsili faktiki olaraq Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərdə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə, ixtisasın tanınmasından imtina oluna bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən ekspert qrupunun iddiaçının təhsil aldığı universitetin akkreditasiyadan keçmədiyinə görə diplom üzrə ixtisasın tanınmasına dair mənfi rəyi (i.v.43) nəzərə alınmaqla, iddiaçıya Baynəlxalq Praqa Universiteti tərəfindən ona verilmiş diplomun tanınmasından imtina etməsi əsaslı hesab olunmalıdır. Belə ki, iddiaçının təhsil aldığı və diplom üzrə ixtisasın tanınması barədə müraciət etdiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında "Qaydalar”ın 3.6-cı bəndi isə nəzərdə tuturdu ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən isə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, iddiaçıya diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğuna istinad olunan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-195/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-195/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2535/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2535/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver