Məhkəmə qərarları › İş №2-1(103)-2536/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2536/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2536/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna götürülməsi vəzifəsinin cavabehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-4631/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, onun ehtiyatda olan hərbçi kimi mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 avqust 2004-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamış. 2013-cü il tarixdə keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra xəsarət almış və 2014-cü il tarixdə Hərbi həkim komissiyasının qərarı əsasında “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı” kimi qeydiyyata alınmaqla ehtiyata buraxılmışdır. 27 İyul 2016-cı il tarixdən isə ona 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmayıb, mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur. Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-4631/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-4631/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, 1986-cı il təvəllüdlü istefada olan leytenant İddiaçı 26.07.2004-cü il tarixdən 25.06.2014-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “156” maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Qeydiyyata alınmaq üçün SHXÇDX-nın Xətai rayon idarəsinə göndərilmişdir. 02.04.2014-cü il tarixli 805 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, onun aldığı xəsarətin səbəbli əlaqəsi aşağıdakı kimi müəyyən edilmişdir: «Travmadır, hərbi xidmət dövründə alınmışdır». “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. Bu iki şərtə birlikdə əməl olunduqda, şəxsin müvafiq hüququ yaranır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 ildən az xidmət keçmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb olunan ilkin şərti ödənilmədiyindən ikinci şərtin mövcud olub-olmamasının müəyyən edilməsinə zərurət yoxdur. İddiaçı Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə istinad edərək xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluçuların mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin olunduqları, habelə 5-ci bəndinə istinad edərək hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin növbədənkənar verildiyi ilə bağlı iddia ərizəsində qeyd etdiklərinə münasibətdə birinci instansiya məhkəməsi bildirmişdir ki, iş materiallarından onun hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyinin müəyyən edilməsi görünmür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinin 1-ci bəndində ümumi qayda olaraq kimlərin yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi almaq hüququnun olduğu təsbit edilmiş, 3-cü bəndində isə həmin hərbi qulluqçulardan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanların mənzillə və ya mənzil olmadıqda torpaq sahəsilə təmin olunmasının xüsusi qaydası, yəni onların ilk növbədə təmin edilmə qaydası müəyyən edilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci hissəsinin 8-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1- ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasənamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AESdə qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». İddiaçı həmçinin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə istinad etsə də, 02.04.2014-cü il tarixli 805 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən göründüyü kimi, iddiaçı əlilliyinin müəyyən olunmasına səbəb olan xəsarəti hərbi xidmət vəzifələrini yerinə yetirərkən deyil, hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə almışdır. Buna görə də o, Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndində göstərilən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aid edilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə Qanunun hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, ona qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün tələb olunan ilkin şərt ödənilmədiyindən cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-4631/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar