Məhkəmə qərarları › İş №2-1(103)-2536/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2536/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2536/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni, xx.xx.2018-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçının, 1982-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər və hərbi xidmət müddəti nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. Onun gördüyü işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda nəzərdə tutulmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 3 avqust 2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda güzəştli şərtlərlə pensiyanın təyin olunmasından imtina edərək bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdə xx.xx.1998-ci il tarixdən bu günədək işlədyi qaynaqçı peşəsi əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli stajı (xx.xx.1882-xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1994-xx.xx.1998) 12 il 6 aydan az (11 il 4 ay 2 gün) təşkil edir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında imtina məktubında qeyd olunan əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 22 iyul 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 1993-cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Siyahıya istinadən onunla əsaslandırılmışdır ki, iddiaçının filiala təqdim etdiyi sənədlərdə xx.xx.1998-ci il tarixdən bu günədək işlədyi qaynaqçı peşəsi “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli stajı (xx.xx.1882-xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1994-xx.xx.1998) 12 il 6 aydan az (11 il 4 ay 2 gün) təşkil edir. Ona görə də qanunvericiliyin tələbləri baxımından, ona güzəştli şərtlərələ əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Hətəmova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi T.Cabbarov isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndinə əsasən də - “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi göstərilmişdir. Cavabdehin işə əlavə olunmuş imtina məktubunun, iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının filiala təqdim etdiyi sənədlərdə xx.xx.1998-ci il tarixdən bu günədək işlədyi qaynaqçı peşəsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinə uyğun olmadığından onun güzəştli stajının (xx.xx.1882-xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1994-xx.xx.1998 ) 12 il 6 aydan az (11 il 4 ay 2 gün) təşkil etdini əsas tutaraq ona 57 yaşdan güzəştli şərtlərələ əmək pensiyası təyin edilməsini mümkünsüz hesab edir. Cavabdehin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının pensiya yaş həddinə çatması, onun 2006-cı ilədək azı 25 il ümumi iş stajının olması və xx.xx.1882xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1994-xx.xx.1998 dövrlərində onun 11 il 4 ay 2 gün - 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışdığını mübahisələndirmir. Hər bir halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya huququnu qazanmasını zəruri edən faktiki şərtlərin mövcudluğuna aydınlıq gətirilməlidir. Birincisi, iddiaçının “Əmək pensiyları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımıdan, hazırkı mübahisəli hüquq münasibətlərinin qanuni əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-ci maddəsinin “b” bəndi təşkil edir Həmin normanın yuxarıda qeyd olunan şərtləri isə iddiaçı tərəfindən yerinə yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinə (No AA******* ********) əsasən iddiaçının xx.xx.1961-ci il tarixdə anadan olması nəzərə alınmaqla, onun 57 yaşı xx.xx.2018-ci il tarixində tamamlanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ona 57 yaşdan pensiya təyin olunması üçün isə 2006-cı ilin yanvar ayının 1-nə qədər azı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. İşə əlavə olunmuş, iddiaçının 26 avqust 1982-ci il tarixdən doldurulmasına başlanılmış əmək kitabçasının (No İT-İ 0687988) və Ucar Rayon Hərbi Komissarlığı tərəfindən 12 may 1980-cı il tarixdə verilmiş hərbi biletinin və Texniki Peşə Məktəbinin 3430 nömrəli attestatının - surətlərinə əsasən 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1979-xx.xx.1980- Texniki peşə məktəbində orta ixtisas təhsil müddəti (8 ay) xx.xx.1980 – xx.xx.1982: müddətli həqiqi hərbi xidmət (2 il 10 gün) xx.xx.1982 - xx.xx.1982: Xəzər neft və qaz donaması İdarəsi - elektrik şagirdi (2 ay 6 gün); xx.xx.1982 - xx.xx.1984: həmin İdarədə - elektrik-çilingər (1 il 7 ay 6 gün); xx.xx.1984 - xx.xx.1998: “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi - elektrik qaynaqçısı (13 il 6 ay 20 gün ); xx.xx.1998 - xx.xx.2004: Bakı ƏTİ-nin BSİ (xx.xx.2001-ci il tarixdə ləğv olunmuş və “Tikinti-X4” adlandırılmışdır).- elektrik qaynaqçısı (06 il 06 ay 08 gün); xx.xx.2004-xx.xx.2005: LCN Kompani MMC – elektrik qaynaqçı (1 il 2 ay 29 gün); İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinə qədər 25 il 9 ay 29 gün ümumi iş stajı müəyyən olunur ki, həmin müddətin də 21 il 3 ay 27 gününü o, qeyd olunan 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 kodunda nəzərdə tutulan “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışmışdır. Cavabdehin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1998-ci il tarixinədək cavabdeh tərəfindən iddiaçının: -Xəzər neft və qaz donaması İdarəsində elektrik şagirdi və elektrik-çilingər kimi işlədiyi tam dövr - xx.xx.1882-xx.xx.1984 - 1 il 9 ay 12 gün, “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində elektrik qaynaqçısı kimi işlədiyi dövr qismən: xx.xx.1984-xx.xx.1990 (5 il 8 ay 2 gün) və xx.xx.1994-xx.xx.1998 (3 il 9 ay 22 gün; cəmi, 9 il 5 ay 24 gün) ümumilikdə, 11 il 4 ay 6 günü - güzüştli stajı kimi nəzərə alınır. Göründüyü kimi, cavabdeh, iddiaçının xx.xx.1984 - xx.xx.1998-ci illərdə “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində elektrik qaynaqçısı kimi işlədiyi dövrü üç hissəyə bölərək, iki hissəsini nəzərə aldığı halda, həmin dövrün orta hissəsini, yəni, xx.xx.1990-xx.xx.1994-cü illərini onun xüsusi stajı kimi nəzərə almır və bunun səbəbini nə imtina məktubunda, nə iddia ərizəsinə etirazında, nə də ki apellyasiya şikayəində açıqlamır. İşdə iştirak edən nümayəndəsi də buna aydınlıq gətirə bilməmişdir (Həmin dövr bütölükdə isə iddiaçının elektrik qaynaqçısı 13 il 6 ay 20 gün güzəştli stajını təşkil edir). Cavabdeh, həmçinin, iddiaçının xx.xx.1998 - xx.xx.2004-ci illərdə (06 il 06 ay 08 gün) Bakı ƏTİ-nin BSİ-də (“Tikinti-X4”), xx.xx.2004-xx.xx.2005-ci illərdə (1 il 2 ay 29 gün) isə "xxxx" MMC-də də elektrik qaynaqçısı kimi işlədiyi dövrləri onun xüsusi stajı kimi nəzərə almamış və səbəbini göstərməmişdir. Halbuki, “Tikinti-X2 (keçmiş Bakı ƏTİ-nin BSİ) xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş sorğuya cavab məktubunda (No 03) bildirmişdir ki, iddiaçının xx.xx.1998-xx.xx.2004-cü illərdə həmin müəssisədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 kodunda nəzərdə tutulan “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində işlədiyi təsdiq olunur (i.v.45). Məhkəmə kollegiyası “Tikinti-X4”nin qeyd olunan izahlı məktubunda göstərilən məlumatlar baxımından, habelə, formalaşmış məhkəmə praktikası da nəzərə alınmaqla hesab edir ki, iddiaçının xx.xx.1984 - xx.xx.1998-ci illərdə “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində, xx.xx.1998 - xx.xx.2004-ci illərdə Bakı ƏTİ-nin BSİ-də, xx.xx.2004-xx.xx.2005-ci illərdə isə "xxxx" MMC-də - elektrik qaynaqçısı kimi işlədiyi peşələr 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 kodundə nəzərdə tutulan “əl ilə elektrik qaynaqçısı” peşəsi kimi qiymətləndirilməli və güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasının qeydləri müvafiq qrafalara uyğun olaraq tam doldurulumuş, qaralamalar və hər hansı şübhəverici pozuntular müşahidə olunmur, işdən azad olunmalar və müssisə adlarında olan dəyişikliklər özəksini tapmış, məsul şəxsin imzası və müəssisələrin möhürləri ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən də həmin qeydlərin həqiqliyinin mübahisələndirildiyi müəyyən olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə müvafiq olaraq, iddiaçının 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmiş olur. “Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu vurğulamaqla, birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu mübahisələndirən dələlilləri əsassızdır. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması qanuni və əsaslıdır. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinn 2-1(112)-4081/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar