Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2536/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi işə cəlb edilməklə “torpaq sahəsinə dair çıxarışın verilməsi” barədə inzibati iş üzrə ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş qərarın ləğv edilməsi və işin mahiyyəti üzrə təzələnməsinə dair ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3519/2021 saylı 12 fevral 2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 107 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və inzibati orqan tərəfindən icra edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3519/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Binəqədi Rayon Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 107 saylı qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarışın verilməsi tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3519/2021 nömrəli qərarına əsasən təmin edilmişdir. Sözügedən qərarın surəti Meşələrin İnkişafı Xidmətinin (bundan sonra Xidmət) sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023- cü il tarixli 3-21-3/2-484/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixində Xidmətə daxil olaraq qeydiyyata alınmışdır. Həmin qərarın mövcudluğu yeni məlum olduğundan maraqlarına toxunan tərəf kimi məhkəmə icraatına cəlb olunmayaraq prosessual statusdan məhrum edilmələri ilə nəticələnmiş və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüquqularını məhdudlaşdırmışdır. Məhkəmənin qərarı əsasında vətəndaşın mülkiyyəti kimi tanınmış torpaq sahəsinin statusu, təyinatı və mülkiyyət mənsubiyyəti araşdırılmadan subyektiv maraqlara istinad edilərək iddia tələbi təmin edilmişdir. Belə ki, məhkəmə iş materiallarına əlavə edilmiş torpaq sahəsinin situasiya planına əsaslanaraq həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus olması qənaətinə gəlmişdir. Lakin, həmin topraq sahəsi dövlətin müstəsna mülkiyyətində olan Azərbaycan Respublikası Torpaq Məcəlləsi və Meşə Məcəlləsi ilə özgəninkiləşdirilməsi qadağan edilmiş meşə fondu torpaqlarına aiddir.. Həmçinin məhkəmə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclis Aparatı tərəfindən təsdiq edilmiş xəritəyə əsasən torpaq sahəsinin Binəqədi Bələdiyyəsi hüdudları daxilində olmasına istinad etmişdir. Məhkəmə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almadan qeyriobyektiv qərar qəbul etmişdir. Belə ki, adıçəkilən Qanuna əsasən bələdiyyə əraziləri daxilində dövlət və xüsusi mülkiyyətə aid sahələr mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bu ərazinin bələdiyyə ərazisi daxilində olması həmin torpaq sahəsinin digər, yəni dövlət və yaxud xüsusi mülkiyyətdə də ola bilməməsini ehtiva etmir. “. Bununla da, birinci instansiya məhkəməsi işə baxarkən ərazinin təyinatını müəyyənləşdirməmiş və maraqlarına toxunan Meşələrin İnkişafı Xidmətini üçüncü şəxs qismində işə cəlb etməmişdir. Eyni zamanda, ərizəçi X5 da ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və X1 ərizələri təmin edilməmişdir. Həmin qərardaddan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş, Xidmətin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-3519/2021 saylı qərardadı qismən-ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin şikayətinə münasibətdə ləğv edimiş, iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin birinci icraatda şikayətlə bağlı hüquqi mövqeyi mübahisəli torpaq sahəsinin dövlət yaxud bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması, bununla da qeyd olunan ərazinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ərazisi olması və onun birbaşa maraqlarına toxunub-toxunmamasının müəyyən edilməsi üçün müvafiq araşdırmanın aparılmasından ibarət olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı 12 fevral 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçi Meşələrin İnkişafı Xidmətinin ərizəsinin dəlillərinin hərtərəfli araşdırılması məqsədilə mübahisəli torpaq sahəsinə iddiaçının, Xidmətin və Bələdiyyənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yerli baxış keçdiyini, baxış zamanı iddiaçıya torpaq sahəsi ayrılan zaman koordinatlar düzgün, bələdiyyənin xəritəsinə uyğun verdiyini, həmçinin koordinatların daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş koordinatlar ilə uyğun gəldiyini, ətrafda ağac və meşə ərazisinin mövcud olmadığını, qonşuluqda hasarlanmış torpaq sahəsi yerləşdiyini və həmin torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış verildiyini qeyd etmişdir. Lakin ərazidə ağac və meşəliyin olmaması ərazini meşə fondu torpağı olmaqdan azad etmir. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir. Yəni ərazinin meşə fondu olması üçün mütləq ərazidə ağac olması gərəkli deyil. Eyni zamanda ərazidə digər şəxslərə məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın olması məsələsinin hazırki məhkəmə işinin predmeti ilə əlaqəsi yoxdur. Həmin ərazilərlə bağlı mübahisə olarsa, ona o zaman baxıla bilər. Məhkəmə işə yalnız predmet üzrə baxa bilər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və X4 3-cü şəxs qismində cəlb edilməklə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı, xx.xx.2021ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi izahatında sözügedən torpaq sahəsinin bələdiyyənin ərazisinə aid olmasına dair məlumat verərək, şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin və üçüncü şəxslərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iş üzrə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının: -24-cü bəndinə əsasən hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. -25-ci bəndinə əsasən üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. -33-cü bəndinə əsasən İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. -36-cı bəndinə əsasən inzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir. -37-ci bəndinə əsasən hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. -38-ci bəndinə əsasən cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. -42-ci bəndinə əsasən zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. -76-cı bəndinə əsasən ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Qeyd olunanlardan da göründüyü kimi inzibati məhkəmə icraatında AR İPM-nin 28.1-ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxsin cəlb edilməsi, məhkəmənin özünün qəbul etdiyi qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi ərizəçinin mütləq olaraq zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməməli olmasından asılıdır (Qərardadın 52-ci bəndi). Əgər ərizəçi zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməli olduğu halda məhkəmə bunu etməmişdirsə, qəbul edilmiş qərarın ləğvindən söhbət gedə bilər. Şəxsin adi qaydada cəlb edilməli olan şəxs olması isə ərizəçinin tələb etdiyi prosessual hərəkətin yerinə yetirilməsi üçün əsas qismində çıxış etmir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması üçün əsaslar mövcud deyildir. Belə ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa, o zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməli şəxsdirsə, həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Hazırki işdə isə qəbul edilmiş qərar ilə ərizəçinin qanunla qorunan maraqlarının pozuntusundan söhbət gedə bilməz. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı qəbul edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 107 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-49/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş, qətnamənin icrası ilə bağlı bələdiyyənin Mülkiyyətin İdarə edilməsi şöbəsi tərəfindən inzibati ərazi vahidinə baxış keçirilmiş və müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1000 kv.m torpaq sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə ayrılmasına dair qərar qəbul edilmişdir. Hətta, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2007- ci il tarixli, 2-49/2007 nömrəli qətnaməsinin uzun müddət icra edilməməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır. Eləcə də, həmin qərar qəbul edilərkən iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması göstərilsə də, məhkəmə araşdırması zamanı, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 809 nömrəli, xx.xx.2000-ci il tarixli və 393 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamlarına, həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı tərəfindən təsdiq edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsinin xəritəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazi hüdudları daxilindədir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 107 nömrəli qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Digər, tərəfdən sözügedən qərar məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş qərardır və həmin məhkəmə qərarı da, hazırda qüvvədədir Hazırki vəsatətin əsaslarının araşdırılması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-13126/2023 nömrəli mütəxəssis rəyi ilə Abşeron rayonu, Görədil kəndi ərazisində yerləşən xx.xx.2022-ci il tarixli **********39 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.042 ha hisəssinin TEKUİS (X3 X8) məlumatlarına əsasən meşə fondu torpaqlarına, 0.058 ha hisəssinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi göstərilsə də, iddiaçıya məxsus torpaq sahəsi öz ərazi hüdudları daxilində məhkəmə qərarının icrası ilə bağlı əvəzsiz olaraq, belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdə isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən Bələdiyyə tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədlərin qanunauyğunluğunun və mötəbərliliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. İş materiallarında olan yerli baxış iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ərizəsinin dəlillərinin hərtərəfli araşdırılması məqsədilə mübahisəli torpaq sahəsinə iddiaçının, Xidmətin və Bələdiyyənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı iddiaçıya torpaq sahəsi ayrılan zaman koordinatların düzgün, bələdiyyənin xəritəsinə uyğun verilmiş olduğu, həmçinin koordinatlar daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş koordinatlar ilə uyğun gəldiyi müəyyən edilmişdir. Həmçinin, ətrafda ağac və meşə ərazisinin mövcud olmadığı, qonşuluqda hasarlanmış torpaq sahəsinin yerləşdiyi və həmin torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, mütəxəssis rəyində elektron kadastr baza məlumatlarına əsasən mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması göstərilsə də, məhkəmə araşdırması zamanı, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 809 nömrəli, xx.xx.2000-ci il tarixli və 393 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamlarına, həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı tərəfindən təsdiq edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsinin xəritəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazi hüdudları daxilindədir. İş üzrə apellyasiya araşdırması zamanı İddiaçı məxsus torpaq sahəsinin ortofoto xəritəsindən çıxarışın, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə məxsus hüquqmüəyyənedici sənədlərinin təsdiq edilmiş surətinin təqdim olunması ilə bağlı xx.xx.2025-ci il tarixli 2-1(103)-2536/2025 nömrəliyə sorğuya dair göndərilmiş cavab məktubuna qoşma sənədlərdən görünür ki, İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin qonşuluğundakı torpaqlar hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınmışdırlar. Həmçinin, bu torpaqlar yaşayış təyinatlı torpaqlar kimi mülkiyyətçilərinin istifadəsindədir. Həmçinin, məhkəmə iclasında tərəflərin iştirakı ilə ərazinin ortofoto görüntüsünə baxış keçirilmiş və iddiaçının torpaq sahəsinin ətrafında, hətta torpaq sahəsinə bitişik ərazidə qeydiyyatdan keçmiş ərazilərin olduğu müəyyən edilmişdir. Ərizəçinin nümayəndəsi hazırda mübahisə predmeti olmayan sahələrlə bağlı hər hansı bir iddialarının olmadığını və iş üçün bu halların əhəmiyyət kəsb etmədiyini qeyd etsə də, məhkəmə kollegiyası bu fikirlə bağlı bir daha diqqətə çatdırır ki, iddiaçı ona məxsus torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyənedici sənədlərə istinad edərək, hazırki iddianı qaldırmış və iş üzrə hazırki araşdırmalar da onu göstərir ki, həqiqətən də qeyd edilə torpaq sahəsi məhz hüquqmüəyyənedici sənədi təqdim edən qurumun səlahiyyət sferasinda olmuş və hazırda da həmin torpaq sahəsinin ətrafında müxtəlif dövrlərdə bələdiyyə qərarları əsasında ayrılmış torpaq sahələrinə dair reyestrdə qeydiyyatları mövcuddur. Ərizəçi isə qeyd edilən sahənin meşə fonduna aid edilməsini X3 X8ndəki məlumata əsaslanaraq iddia etsə də, iş üzrə mövcud sənədlər bunu təqzib edir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qəbul etdiyi qərarı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin qanuni maraqlarına toxunmasına dəlalət edən hallar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı, xx.xx.2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı 12 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2536/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2536/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver