Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2537/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)-1589/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 1980-1997-ci illərdə Ağsu rayonu Gəgəli kəndi “P/Kommunası” kolxozunda işləməyi barədə verilmiş Ağsu rayon İcra Hakimiyyət başçısının Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 09 saylı arxiv arayışında göstərilən iş illərinin staj kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1978-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin hərbi xidmət etdiyi və təhsil müddəti, o cümlədən əmək kitabçasında əks olunmayan, lakin arxiv arayışı ilə təsdiq olunan kolxozda işlədiyi dövrü nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, təqdim edilmiş xx.xx.1977-ci il tarixində tərtib olunmuş ИT-İ №0203782 saylı əmək kitabçasının, HЗ №3077299 saylı hərbi biletin, texniki peşə təhsili haqqında №556, №0401, №016, №91990 saylı attestatların surətinə əsasən İddiaçı ümumi sığorta stajı 14 il 8 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyn zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il taixinədək fərdi hesabının sığorta hissəsində peniya kapitalı qeydə alınmamışdır. Həmçinin, Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 09 saylı arxiv arayışında qeyd edilən Ağsu rayon Gegəli kəndi, “P/Kommunası” kolxozunda 1980-1997-ci illərə aid iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün sığorta stajına daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)-1589/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. O, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək 1 №-li Ağsu kənd texniki peşə məktəbində 3-cü dərəcəli traktorçu-maşinist, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 1 №-li Ağsu kənd texniki peşə məktəbində kiçik-baytar; xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR Sumqayıt 9 №-li texniki peşə məktəbində çilingər; xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycan SSR Göyçay 106 №-li texniki peşə məktəbində usta peşəsi üzrə təhsil almış, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək cilalayıcı, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ağsu” konserv-1 ATSC-nin inşaat briqadasında qaynaqçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arayışdan və əlavə olunmuş əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı 1980-1997-ci illəri əhatə edən dövrlərdə Ağsu rayon “P/kommunası” adına kolxozda işləmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin “и” bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının təhsil aldığı dövrü iş stajına daxil etməklə qeyd etmişdir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. Bundan başqa, hərbi xidmət dövrü də iş stajına daxil edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Birinci instansiya məhkəməsi tərəfindən X1 1980-1997-ci illər ərzində Ağsu rayon Gəgəli kəndi “P/Kommunası” adına Kolxozda işləməsi ilə bağlı Şakir Karmukov tərəfindən sənədlərin hazırlanması ilə bağlı cinayət əməlləri üzrə cinayət işinin mövcud olubolmaması, olmuşdursa bununla bağlı hər hansı qərar qəbul edilib-edilməməsi barədə məlumatın təqdim edilməsi məqsədi ilə aidiyyəti üzrə sorğular verilmişdir. Sorğulara cavab məktublarından məlum olmuşdur ki: X5 rayon “Komsol” kolxozunda iş stajına dair arxiv kitablarında düzəlişlər etməsi faktı üzrə rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi istintaq edilərək, baxılması üçün xx.xx.2021-ci il tarixdə Ağsu rayon Məhkəməsinə göndərilmişdir. (Ağsu rayon Prokurorluğu). Ağsu rayon Dövlət Arxivinin müdiri Şakir Karmukov tərəfindən X2 1980-1997-ci illər ərzində Ağsu rayon Gəgəli kəndi “P/Kommunası” adına Kolxozda işləməsi ilə bağlı sənədlərin saxtalaşdırılması faktı üzrə Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsində hər hansı bir araşdırma və ya cinayət işinin istintaqı aparılmamışdır.(Azərbaycan Respublikasının Baş prokurorur yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi). Bununla əlaqədar, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi Şakir Karmukov barəsində açılmış və şəxsin təqsiri məhkəmə hökmü ilə müəyyən edilməmiş cinayət işi həmin şəxsin Ağsu rayon “Komsomol” kolxozunda iş stajına dair arxiv kitablarında düzəlişlərin edilməsi ilə bağlı olmuş, iddiaçının işləmiş olduğu kolxozla bağlı sənədləşmənin aparılmasına dair materiallarda hər hansı saxtakarlıq faktının mövcudluğu müəyyən edilməmişdir. Bununla əlaqədar vurğulanmalıdır ki, arxiv müdirinin ittiham hazırkı mərhələdə təsdiqlənməsə belə sənəd saxtakarlığı, Ağsu rayon Dövlət Arxivində olan bütün sənədlərin saxtalığını özündə ehtiva etmir. Belə ki, hər hansı şəxsin arxivdə saxlanılan bütün sənədləri saxtalaşdırmağa fiziki imkanı da mövcud ola bilməz. Bu səbəbdəndir ki, hər hansı kolxozla bağlı sənədlərin saxtalaşdırılması müvafiq cinayət işi açılmadan iddiaçının kolxozda işləməsi, bununla bağlı sənədlərin mövcud olması, bütövlükdə iddiaçının pensiya təminatı hüququna malik olmasını istisna edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş stajının əmək kitabçasında qeyd olunmamasına baxmayaraq, iddiaçının kolxozda işlədiyinə dair arxiv arayışının stajı təsdiq edən sübut kimi qəbul edilməklə, arayışda göstərilən iş illəri sosial sığorta stajına daxil edilməlidir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması həmin illərdə 240 olmuşdur. Buna qarşılıq iddiaçı 1980-ci ildə 310 gün, 1981-ci ildə 310 gün, 1982-ci ildə 310 gün, 1983-cü ildə 242 gün, 1984-cü ildə 366 gün, 1985-ci ildə 288 gün, 1986-cı ildə 361 gün, 1987-ci ildə 308 gün, 1988-ci ildə 365 gün, 1989-cu ildə 323 gün, 1990-cı ildə 289 gün, 1991-ci ildə 279 gün, 1992-ci ildə 297 gün, 1993-cü ildə 302 gün, 1994-cü ildə 365 gün, 1995-ci ildə 303 gün, 1996-cı ildə 304 gün, 1997-ci ildə 331 gün işləmişdir. Göründüyü kimi, iddiaçı 1980-1997 dövrlərdə hər il üzrə müəyyən edilmiş minimum əmək iştirakı normasından çox işlədiyindən, həmin dövrlər tam təqvim ili (cəmi 18 il ) kimi götürülür. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1980-1997-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə kolxozda işlədiyi Ağsu rayon Dövlət Arxivinin 61 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət, təhsil müddəti, kolxozda və əmək kitabçasında işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 ildən çox (14 il 01 ay 14 gün + 18 il = 32 il 01 ay 14 gün) ümumi iş stajı mövcuddur. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 65 yaşı 07 mart 2021-ci il tarixdə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsi pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsi tələbini təmin etməkdə də haqlı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 65 yaşının tam olduğu xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)-1589/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2537/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2537/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver