Məhkəmə qərarları › İş №2-1(103)-2538/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2538/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2538/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı X2 və onun vəkili X3 Cavabdehin nümayəndəsi X7 iştirakları ilə; İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2021 saylı 01 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 31.05.2019-cu il tarixli, **********184316 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı fiziki şəxs olmaqla, 2015-ci ilin aprel ayından vergi ödəyicisi kimi qeydiyyatdadır və xırda sahibkarlıqla məşğul olmaqla ailəsini dolandırırdı. Fəaliyyət göstərdiyi müddətdə fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı-vaxtında icra etmiş, vergiləri vaxtı-vaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. X9 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin ictimai iaşə və xidmət sahələri üzrə şöbənin əməkdaşı tərəfindən 12.04.2019-cu ildə tərtib edilmiş **********168099 saylı səyyar vergi yoxlaması aktı ilə iddiaçının 2015-ci ilin aprel ayından mart 2018-ci il dövrü əhatə edən fəaliyyətini yoxlamış və 2018-ci il üzrə 64447.17 manat sadələşdirilmiş vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun 32223.59 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmiş, həmin aktın qanuniliyindən şikayət verilsə də, malların satışına dair göndərilmiş qaimə fakturalar və vergi hesab fakturalarının faktiki onun adına göndərildiyi və buna görə də köməklik göstərə bilmədikləri bildirilmişdir. Yekunda isə Bakı şəhəri X9 Departamentinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 may 2019-cu il tarixli **********184316 saylı qərarına əsasən həmin akt təsdiq edilmiş və ona 2018-ci il üzrə 64447.17 manat sadələşdirilmiş vergi və ona uyğun 32223.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, iddiaçı həmin məbləğdə pulu ümumiyyətlə işlədiyi müddətdə görməmiş və fəaliyyəti xırda sahibkarlıqdan ibarət olmuşdur. Məhkəmənin 18 iyun 2020-ci il tarixli qərardadı ilə cavabdeh AR Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi əsl cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 16 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 “buraxılmış müddətin bərpası barədə” vəsatəti təmin edilərək, onun barəsində qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 fevral 2020-ci il tarixli qərarından buraxılmış iddia müddəti bərpa edilmişdir. Məhkəmənin 01 iyul 2021-ci il tarixli iclaında iddia tələbi dəyişdirilərək ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 24 fevral 2020-ci il tarixli **********197584 nömrəli qərarının 16000111,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2021 saylı 01 iyul 2021- ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 226/2021 saylı 01 iyul 2021- ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qanunu səhv təfsir etdiyindən, onu tətbiq edərkən yanlış nəticəyə gəlmiş və bununla da hüquqları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2021 saylı 01 iyul 2021- ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün qərarın qanuniliyi tam yoxlanılmalıdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Fiziki şəxsin uçotu haqqında” şəhadətnaməyə əsasən X2 25.047.2011-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. Vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 06.06.2018-ci il tarixli **********152777 nömrəli qərarına əsasən X1 fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.04.2015-31.03.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına 07.06.2018-ci il tarixdə başlanmış, 09.04.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə 12.04.2019-cu il tarixli **********168099 nömrəli akt tərtib olunmuşdur. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmişdir. İş materiallarında olan 12.04.2019-cu il tarixli **********168099 nömrəli səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlanılan dövrdə iddiaçı tütün məmulatlarının topdan satışı ilə məşğul olmuşdur. Yoxlanılan dövr ərzində iddiaçı tərəfindən "DİRECT DİSTRİBUTİON GROUP (DDG)" (VÖEN **********) Qapalı Səhmdar Cəmiyyətindən elektron qaimə fakturalar əsasında dəyəri 1566392,0 manat təşkil edən müxtəlif adlarda tütün məmulatları alınmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən həmin dövrdə 25750,0 manat sadələşdirilmiş dövriyyə göstərilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinin 08.06.2018-ci il tarixli **********4177 saylı qərarına əsasən fiziki şəxsin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi sıra 6, 67 nömrəli mağazada operativ vergi nəzarəti keçirilmiş, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura əsasında nəzarət edilməsi məsələsi yoxlanılmış, nəticəsi barədə VN 16 seriyalı 005806 nömrəli akt tərtib edilmişdir. Aktın nəticəsi olaraq obyektdə 08.06.2018-ci il tarixə 18070.1 manat dəyərində mal qalığı müəyyən edilmişdir. Vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 01.04.2018- 08.06.2018-ci il tarix aralığı üzrə 169665,3 manat mal alışı olduğu və həmin dövrdə 7700,0 manat dövriyyə göstərdiyi müəyyən edilmişdir. Yoxlama ilə iddiaçı tərəfindən yoxlanılan dövr ərzində alınmış malların yoxlanılan dövr ərzində təqdim edilməsi qənaətinə gəlinmişdir. Bundan əlavə vergi ödəyicisinin təqdim etdiyi 13 fevral 2019-cu il tarixli izahatında yoxlanılan dövrdə alınmış tütün məmulatlarının həmin dövrdə satıldığı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tütün məmulatlarının topdansatış bazar qiymətinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət edilmiş və 02.05.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək elektron qaimə fakturalar əsasında alınmış mallann topdansatış qiyməti müəyyən edilərək tütün məmulatlarının təqdim edilməsindən 1636929,2 manat dövriyyəsinin olduğu aşkar edilmişdir. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31.05.2019-cu il tarixli **********184316 nömrəli Qərar qəbul edilmişdir. Sonradan həmin Qərara “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” 24.02.2020-ci il tarixli **********197584 saylı Qərar ilə düzəliş edilmişdir. Həmin qərar ilə vergi ödəyicisinə səyyar vergi yoxlaması əsasında hesablanmış sadələşdirilmiş vergi məbləği 32.223,58 manat, buna müvafiq olaraq da tətbiq edilmiş maliyyə sanksiyası 16.111,79 manat azaldılmış və sözügedən düzəliş vergi ödəyicisinin şəxsi hesab vərəqəsində nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış 32.223,58 manat əsas vergi borcu üzrə vergi öhdəliyi iddiaçı tərəfindən yerinə yetirilmiş, 16.111,79 manat maliyyə sanksiyası üzrə vergi borcu isə ödənilməmişdir. İddiaçı qərarı həmin hissədə mübahisələndirmişdir. İşə baxan məhkəmə AR Vergi Məcəlləsinin 58.1-ci maddəsini əsas tutaraq iddiaçıya vergi məbləğinin və ona müvafiq olaraq maliyyə sanksiyasının düzgün hesablandığını, eyni zamanda iddiaçının hesablanmış əsas vergi məbləğini ödədiyini nəzərə alaraq, maliyyə sanksiyasının isə müstəqil olaraq deyil, vegilərin azaldılmasına görə tətbiq edildiyini və məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini əsas kimi göstərməklə iddia tələbinin təmin edilməməsi və tətbiq edilmiş maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən maliyyə sanksiyası müstəqil olaraq deyil, vergilərin azaldılmasına görə tətbiq edilmiş və məsuliyyətə cəlb etmənin müddəti keçməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 32.223,58 manat əsas vergi məbləği ödənilsə də, 16.111,79 manat maliyyə sanksiyası yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan birinci instansiya məhkəməsinin qanunu səhv təfsir etməsi, onu tətbiq edərkən yanlış nəticəyə gəlməsi ilə bağlı qeyd edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2021 saylı 01 iyul 2021- ci il tarixli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2021 saylı 01 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar