Məhkəmə qərarları › İş №2-1(103)-2538/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2538/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2538/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3344/2022 saylı, 05 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********341200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar”ın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, metal qırıntılarının toplanması ilə məşğul olmuşdur. Topladığı metal qırıntıları müxtəlif metal qəbulu məntəqələrinə akt əsasında təhvil vermişdir. Bir neçə müddət sonra ona məlum olmuşdur ki vergi orqanı onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata durmadığı və topdansatış fəaliyyəti ilə məşğul olduğu qənaətinə gələrək onun hər-hansı müraciəti olmadan onu fərdi sahibkar kimi vergi orqanında qeydiyyata almış və ona 2020-ci il üzrə 20579,10 manat gəlir vergisi hesablamışdır. Cavabdehin iddiaçının müraciəti olmadan fərdi sahibkar kimi qeydiyyata alması ilə bağlı hərəkətləri və barəsində qəbul etdiyi qərar əsassızdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin xx.xx.2021-ci il tarixli **********249500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********08080Q nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən müvafiq dövr üzrə vergi ödəyicisinin vergi orqanında uçotda olmasına baxmayaraq mallar üzrə elektron qaiməfaktura tərtib edilməli olduğu halda malların alış aktları ilə təqdim etdiyindəq vergi ödəyicisinin xərcini müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən vergi ödəyicisinin real gəlirləri əsas götürülməklə, (alış aktı ilə 617382,00 manat gəlirinin olduğu nəzərə alınmaqla) analoji qaydada 20579,40 manat (617382- (617382/6)*5)*20%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********341200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Mübahisə predmetini təşkil edən qərar qəbul edildikdən sonra xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və qeyd edilən bəyannamə kameral qaydada yoxlanılaraq xx.xx.2021-ci il tarixli **********249500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş bəyannamənin göstəricilər olmadan təqdim edildiyi müəyyən edilmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün xx.xx.2021-ci il tarixdə hesablanmış vergi məbləği bərpa edilərək **********249500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.11- 6-cı maddəsinə əsasən “....” vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktı istisna olmaqla digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Yuxarıda qeyd edilənlərə əsasən vergi ödəyicisi tərəfindən vergi uçotu lazımi qaydada aparılmadığından və qeyd edilən uyğunsuzluğun səbəbi barədə təsdiqedici sənədlər təqdim edilmədiyindən vergi orqanı tərəfindən haqlı olaraq əlavə vergi məbləği müəyyən edən hesablama aparılmışdır. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3344/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, işin faktiki halları ilə bağlı bildirirlər ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 617382,00 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********080800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən müvafiq dövr üzrə vergi ödəyicisinin vergi orqanında uçotda olmasına baxmayaraq mallar üzrə elektron qaimə-faktura tərtib edilməli olduğu halda malların alış aktları ilə təqdim etdiyindən vergi ödəyicisinin xərcini müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən vergi ödəyicisinin real gəlirləri əsas götürülməklə, belə ki, alış aktı ilə 617382,00 manat gəlirinin olduğu nəzərə alınmaqla 20579,40 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-cİ il tarixli **********341200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məlumat üçün bildirilir ki, fiziki şəxs alış aktı əsasında 2020-ci il ərzində elektron alış aktları əsasında 617382,00 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. Sonradan vergi ödəyicisi xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş bəyannamə göstəricilər olmadan təqdim edilmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün xx.xx.2021-ci il tarixdə vergi məbləği bərpa edilərək **********249500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin) müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında" 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Hesab edirlər ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətləndmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********249500 nömrəli qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində 2020-ci il üzrə gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 20579,40 manat vergi borcu hesablanmışdır. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti göstərsə də uçotda olmamış, 2020-ci il ərzində mallar (xidmətlər) təqdim edilməsinə baxmayaraq gəlir vergisi bəyannaməsi təqdim etmədiyindən kənarlaşma yaranmışdır. İddiaçıdan məktubla təsdiqedici sənədlərin, izahat məktubunun, gəlir vergisi bəyannaməsinin təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb edilmiş, lakin sənədlər təqdim edilmədiyindən vergi hesablanmışdır. Hazırda iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********249500 nömrəli qərarı mübahisələndirərək, onun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" AR Qanunun 3.5.2-ci maddəsinə əsasən əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergisindən azaddır. Həmin Məcəllənin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Sadalanan normalardan aşağıdakı nəticələr əldə olunur:

1. Metal qırıntısı satan şəxslər həmin malları vergi orqanında uçota durmadan, yəni VÖEN almadan sata bilər “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.5.2-ci maddə)

2. Metal qırıntısı satan şəxslərdən qanunvericiliyin tələbinə alıcı tərəfindən əsasən yalnız ödəmə mənbəyində vergi tutulur (VM 150.1.14-cü maddə).

3. Satılan metal qırıntılarının həcmi və dəyəri ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

4. Metal qırıntısı satan və vergi orqanında uçotda olmayan fiziki şəxs malın alıcısına elektron qaimə faktura və ya hər hansı digər sənəd təqdim etməyə borclu deyil və təqdim edə də bilməz. Həmin əməliyyat malın alıcısı tərəfindən tərtib edilən elektron alış aktı ilə rəsmiləşdirilir.

5. Vergi orqanında uçotda olmayan şəxs tərəfindən satılan metal qırıntısına görə həmin şəxsdən malın dəyərinin 2 faizi həcmində vergi, malın alıcısı tərəfindən ödəmə mənbəyində tutulub dövlət büdcəsinə ödənilir (VM 101.6-cı maddə).

6. Vergi orqanının yanaşmasına əsasən metal qırıntısı satan şəxslər ikiqat vergi tutmaya məruz qalırlar, belə ki, bir dəfə alıcı tərəfindən 2% məbləğində ödəmə mənbəyində vergi tutulub, həmin məbləğə isə vergi orqanı tərəfindən yenidən 5 % məbləğində gəlir vergisi hesablayırlar ki, bu da Konstitusiyanın 73.2-ci və Vergi Məcəlləsinin 3.5-ci və 5-ci maddələrinin tələbinə ziddir. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satış həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitulma obyektləridir. – 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. - 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardır. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, mövcud qanunvericilikdə metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmadığından, iddiaçı xx.xx.2021-ci il tarixli **********249500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla vergi məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərarın mübahisə edilməsi əsası qismində iddiaçı metal qırıntılarının toplanmasından ibarət olan fəaliyyətinin sahibkarlıq fəaliyyəti olmamasını qeyd edir. Cavabdeh isə əksinə, iddiaçının fəaliyyətini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirir və onun gəlir vergisinin ödəyicisi qismində görərək vergi hesablanmalı olmasına istinad edir. Eyni zamanda iddiaçının sahibkarlıq fəaliyyətinin uçotda durmadan iddiaçının həyata keçirdiyin qeyd edir. Göründüyü kimi, hal-hazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının aydınlaşdırılması zərurəti vardır ki, məhkəmə kollegiyası hesab edir ki, metal qırıntılarının toplanması ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Halbuki, cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Bu zaman, iddiaçının fərdi sahibkar kimi vergi uçotunda olmasını da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının metal qırıntılarını toplaması əsası ilə vergi uçotuna alınması vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir ki, məhkəmə hər nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, qərarın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən edir ki, hazırkı qərarın qəbulu şəxsin vergi uçotunda olması ilə birbaşa bağlıdır. Belə ki, şəxsin vergi uçotuna alınması onun metal qırıntı toplamaq fəaliyyəti ilə əlaqədar olmuşdur ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərib-göstərməməsi, eləcə də hazırkı qərarın ləğv edilib-edilməməsi onun vergi uçotuna düzgün alınıb-alınmaması ilə bağlıdır. Başqa sözlə, necə ki, inzibati məhkəmə icraatı zamanı formalaşmış praktika qərarların ləğvi ilə bağlı işlərdə həmin qərarın qəbulu zamanı vergi və digər aidiyyəti qanunvericilik aktlarının pozulmasına (məsələn: sahibkarlıq fəaliyyəti üzrə yoxlamalarla bağlı reyestrdə məlumatın daxil edilməməsi, yoxlamaların keçirilməsinə dair qərarın qəbulunun əsassız olması, ekspertizanın təyini, aparılması ilə bağlı qaydaların pozulması və s), əsassız qərarların qəbul edilməsinə işin mahiyyəti üzrə həllini həyata keçirmək üçün münasibət bildirə bilirsə, məhkəmə kollegiyası hesab edir ki, analoji hal tətbiq edilərək hazırkı mübahisələndirən qərarın qəbulu üçün mühüm əhəmiyyət daşıyan, iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının müəyyən edilməsi üçün də onun vergi uçotuna düzgün alınıb-alınmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, vergi uçotunda olmanın qanuni sayılması, özündə onu da ehtiva edir ki, iddiaçı vergi öhdəliyinin müəyyən edilməsi ilə bağlı bəyannamə təqdim etməlidir ki, halbuki, uçot səhv aparılmışdırsa, deməli bəyannamənin təqdim edilməsi ilə bağlı öhdəlik də yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********249500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3344/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar