Məhkəmə qərarları › İş №2-1(103)-2538/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2538/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2538/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2269/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. xx.xx.2024-cü ildə iddiaçının 60 yaşı tamam olmuş və həmin tarixdən qanunvericiliklə müəyyən edilmiş əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün ümumi və güzəştli iş stajı mövcuddur. Beləki, iddiaçının işlədiyi əvvəlki dövr, ali təhsil aldığı dövr və xx.xx.1990-cı il tarixdən hal-hazıradək Bakı Tütün Kombinatında (hazırkı "xxxx" ASC-də ) işlədiyi dövr nəzərə alınsa belə ümumi iş stajı 43 il 6 aydır. Bakı Tütün Kombinatında (hazırkı "xxxx" ASC-də ) işlədiyi güzəştli iş stajı isə 22 il 9 ay 8 gündür. Bu halları təsdiq edən müvafiq sənədlər aşağıdakılardır: ali təhsil haqqında diplom və Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2024-cü il tarixli arxiv arayışı; iddiaçının əmək kitabçası; "xxxx"ASC-nin ümumi və güzəştli şərtlərlə iş stajına dair xx.xx.2024-cü il tarixli arayışı; iddiaçının işlədiyi növbə rəisi vəzifəsinin zərərli peşə kateqoriyasına aid olmasına dair "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışı. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 6 ay 7 gün) olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir və iddiaçının işlədiyi növbə rəisi vəzifəsi Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda yoxdur. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. İnzibati orqan iddiaçının müraciətindən imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərini və iddiaçının təqdim etdiyi sənədlərdə, xüsusi ilə əmək kitabçasındakı ümumi və güzəştli iş staj illərini nəzərə almamışdır. Cavabdeh iddiaçının böyük usta vəzifəsində işlədiyi iş stajını bilərəkdən nəzərə almamışdır və usta vəzifəsində çalışdığı iş stajını düzgün hesablamamışdır. İddia ərizəsinə əlavə edilmiş AZE0145936 nömrəli əmək kitabçasından və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən halhazıradək Bakı Tütün Kombinatında (hazırkı "xxxx" ASC-də ) işləyir. İddiaçının əmək kitabçasında öz əksini tapan usta və böyük usta vəzifəsində işlədiyi dövrlər aşağıdakı kimidir. 1) Qeyd 11.xx.xx.1994 ildən -xx.xx.1995 ilədək 2 №-li siqaret sexdə usta–1 il 1 ay 14 gün; 2) Qeyd 13.xx.xx.1996 ildən xx.xx.1996 ilədək 2 №-li siqaret sexdə usta–4ay 19 gün; 3) Qeyd 14.xx.xx.1996 ildən -xx.xx.1999 ilədək 1 №-li siqaret sexdə böyük usta–3 il 1 ay 18 gün; 4) Qeyd 17. xx.xx.1999 ildən - xx.xx.2009 ilədək tütün sexdə usta–10 il 2 ay 10 gün; Cavabdeh orqan öz imtinasında güzəştli iş stajının 11 il 6 ay 7 gün olduğunu qeyd edərək, yalnız iddiaçının xx.xx.1994 - xx.xx.1995 il, xx.xx.1996-xx.xx.1996 il üzrə usta işlədiyi dövrü düzgün qeyd etməklə kifayətlənərək, iddiaçının xx.xx.1996 ildən-xx.xx.1999 ilədək 1 №-li siqaret sexdə böyük usta işlədiyi 3 il 1 ay 18 gün iş güzəştli iş stajını ümumiyyətlə görməzdən gəlmişdir. Eyni zamanda iddiaçının xx.xx.1999 ildən - xx.xx.2009 ilədək tütün sexdə usta kimi işlədiyi 10 il 2 ay 14 gün güzəştli iş stajını bilərəkdən təhrif edərək müvafiq sənədlərdə olmayan tarixlər qeyd etməklə qanunsuzluğa yol vermişdir. İddiaçının tütün sexində usta və böyük usta kimi güzəştli iş stajı14 il 10 ay 1 gündür. İşin digər hallarından asılı olmayaraq qeyd edilən faktlar iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət etməklə yanaşı cavabdehin imtinasının qanunsuzluğunu açıqaşkar sübut edir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli stajı olması tələb edilir. 2) Cavabdeh iddiaçının növbə rəisi (usta)vəzifəsində işlədiyi 7 il 11 ay iş stajını da qanunsuz olaraq güzəştli iş stajı kimi qəbul etməyib. İşin faktiki hallarından, cavabdehə təqdim edilən "xxxx" ASCnin ümumi və güzəştli şərtlərlə iş stajına dair xx.xx.2024-cü il tarixli arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi müəssisə daxili struktur tənzimlənməsinə uyğun olaraq tütün sexinin usta vəzifəsinin adını dəyişdirərək “növbə rəisi” adlandırmışdır. Dəyişiklikdən sonra sexlərdəki usta vəzifələri növbə rəisi adlandırılmaqla müəssisədə hər hansı usta vəzifəsi olmamışdır. Usta və ya böyük usta vəzifəsinin yerinə yetirdiyi bütün işləri, icra etdiyi əmək funksiyaları eyni ilə növbə rəisləri icra etmişdir və bu hal hazırda da davam edir. Bununla bağlı müəssisə arayışda xüsusi qeydlər də aparmışdır. Buna baxmayaraq cavabdeh növbəti qanunsuzluğa yol verərək iddiaçının növbə rəisi (usta) işlədiyi 7 il 11 ay güzəştli iş stajını da qanunsuz olaraq nəzərə almamışdır. İddiaçının usta və böyük usta kimi işlədiyi güzəştli iş stajı 14 il 10 ay 1 gün olduğu və bununla bağlı təkzib edilməz sübutlar olduğu üçün, iddiaçının növbə rəisi kimi işlədiyi iş stajı ilə bağlı əlavə araşdırma aparılmasına ehtiyac olmasa da, cavabdehin bu halla da bağlı qanunsuz hərəkətləri göz qabağındadır. İddiaçının hazırda 22 il 9 ay 8 gün güzəştli iş stajı var və həmin güzəştli iş stajına daxil olan növbə rəisi kimi işlədiyi iş stajını nəzərə almasaq belə, onun xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə qanunsuz olaraq imtina etmişdir Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya dair "xxxx" şirkətinin 21 iyun 2024-cü il tarixli 113 nömrəli və 31 iyul 2024-cü il tarixli 122 nömrəli arayışlarında onun xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində siqaret sexində usta və böyük usta, xx.xx.2009-xx.xx.2017-ci il və xx.xx.2017xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində isə növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda usta və böyük usta vəzifələrində işlədiyi müddətdə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin işlədiyi növbə rəisi vəzifəsi sözügedən Siyahının 27.5.1-ci yarımbəndində nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin vəzifə yuxarıda qeyd olunan 122 nömrəli arayışda istinad edilən, yuxarıda qeyd olunan vəzifəyə də uyğun deyil. Bu səbəbdən də sözügedən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (xx.xx.1999-xx.xx.2007- ci il, xx.xx.2007- xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. İş materiallarında əsasən, iddiaçının qanunvericiliyin tələb olunan şərtlərdən biri (3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə) ödənilmir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2269/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya dair "xxxx" şirkətinin 21 iyun 2024-cü il tarixli 113 nömrəli və 31 iyul 2024-cü il tarixli 122 nömrəli arayışlarında onun xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində siqaret sexində usta və böyük usta, xx.xx.2009-xx.xx.2017-ci il və xx.xx.2017xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində isə növbə rəisi vəzifələrində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda usta və böyük usta vəzifələrində işlədiyi müddətdə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin işlədiyi növbə rəisi vəzifəsi sözügedən Siyahının 27.5.1- ci yarımbəndində nəzərdə tutulmayıb. Eyni zamanda, həmin vəzifə yuxarıda qeyd olunan 122 nömrəli arayışda istinad edilən, yuxarıda qeyd olunan vəzifəyə də uyğun deyil. Bu səbəbdən də sözügedən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (xx.xx.1999-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2008- ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və azı 25 il sığorta stajına malik olması işin mübahisəsiz hallarıdır. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2024cü il tarixdə tamam olmuşdur. Azərbaycan Dövlət Aqrar Universitetinin Arxivinin 25 aprel 2024-cü il tarixli, 3-22- 23/2-H-63-xx-xx/2024 nömrəli arayışından görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (əvvəllər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti) arxivində saxlanılan sənədlərə müvafiq olaraq İddiaçı həqiqətən 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “k/t-nın mexanikləşdirilməsi” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuş (əmr № 581, xx.xx.1982-ci il) və 1987-ci ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (əmr № 605, xx.xx.1987-ci il). İddiaçı tərəfindən müvafiq diplom məhkəməyə təqdim edilmişdir. İddiaçıya məxsus AZE seriyalı ******* №-li əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Engels adına kolxoza üzv qəbul edilmişdir. xx.xx.1982-ci ildən 1987-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Engels adına kolxozda mexanik işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Yevlax MTT və MİBnin 12 nömrəli anbarda fəhlə, xx.xx.1990-cu ildən xx.xx.1993-cü ilədək Qırmızı Oktyabr adına Bakı Tütün kombinatının yarpaq tütünü anbarında yükləyici vəzifəsində, xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü ilədək yarpaq tütünü anbarında anbardar vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək 2 nömrəli siqaret sexində anbardar vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək 2 nömrəli siqaret sexində usta vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 3 nömrəli siqaret sexində texnoloq vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 2 nömrəli siqaret sexində usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 1 nömrəli siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək “Reynolds Tobacco-Baku” 1 nömrəli siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək Tütün sexində usta vəzifəsində xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək İstehsalat Departamentinin Tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək İstehsalat Departamentinin Tütün sexinin rəisi vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək “X3” MMC-də X6 Departamentinin elektronçu vəzifəsində çalışmışdır. xx.xx.2024-cü ildə İstehsalat Departamentinin Tütün Emalı sexinə sex rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının 60 yaşı tamam olmuş, ümumi iş stajı 25 ildən çox müddəti əhatə edir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarından görünür ki cavabdeh tərəfindən mübahisələndirilən staj dövrləri dövrlər xx.xx.2006-xx.xx.2008-ci il ; xx.xx.2009- xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2017ci il tarixləri arasındakı "xxxx" ASC-də növbə rəisi vəzifəsində işlədiyi dövlərdir. Cavabdehin imtina əsası ondan ibarətdir ki, "xxxx" şirkətinin 21 iyun 2024-cü il tarixli 113 nömrəli arayışında xx.xx.2009- xx.xx.2017-ci il və xx.xx.2017- xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində həmin sexdə növbə rəisi kimi işlədiyi vəzifə sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş, "xxxx" ASC tərəfindən verilmiş 113 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1990-cu ildən xx.xx.1993-cü ilədək Qırmızı Oktyabr adına Bakı Tütün kombinatının Yarpaq tütünü anbarında yükləyici vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək Yarpaq tütünü anbarında anbardar vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək 2 nömrəli Siqaret sexində anbardar vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək 2 nömrəli Siqaret sexində usta vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 3 nömrəli Siqaret sexində texnoloq vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 2 nömrəli Siqaret sexində usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 1 nömrəli Siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək “Reynolds Tobacco-Baku” 1 nömrəli Siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1999- cu ildən xx.xx.2009-cu ilədək Tütün sexində usta vəzifəsində xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək Tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək İstehsalat Departamentinin Tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək İstehsalat Departamentinin Tütün sexinin rəisi vəzifəsində çalışmışdır. İddiaçı işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı xx.xx.1994 - xx.xx.1995 ( 1 il 1 ay 14 gün ), xx.xx.1996 xx.xx.1996 ( 4 ay 19 gün ), xx.xx.1996 - xx.xx.1999 ( 3 il 1 ay 18 gün ), xx.xx.1999 xx.xx.2009 (10 il 2 ay 10 gün), xx.xx.2009 - xx.xx.2017 ( 7 il 6 ay 21 gün ), xx.xx.2017 xx.xx.2017 (4 ay 16 gün) olmaqla ümumilikdə 22 il 9 ay 8 gün güzəştli şərtlərlə iş stajı və xx.xx.2024-cü il tarixədək ümumilikdə 36 il 2 ay 8 gün iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin “2 nömrəli Siyahısının XXİİ “Yeyinti sənayesi” bölməsinin 2240500b—23187 “tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar” bəndlərində nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 və tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 -ci bölməsinin b) yarım bölməsi üzrə usta, böyük usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. 01 noyabr 1996-cı il tarixində “R.J.Reynolds Tobacco-Baku” X10 Cəmiyyəti yaranmışdır. 15 iyul 1999-cu ildə isə “R.J.Reynolds Tobacco-Baku” ləğv edilib, Bakı Tütün kombinatının bazasında "xxxx" X11 Cəmiyyəti yaradılıb. 16 fevral 2000-ci il tarixindən "xxxx" ATSC "xxxx" ATSC adlandırılıb. 01 iyun 2002- ci il tarixindən etibarən isə "xxxx" ATSC "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC tərəfindən verilmiş 122 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də, xx.xx.2009 - xx.xx.2017-ci il tarixdən xx.xx.2017 xx.xx.2017-ci il tarixədək “X8” ASC-nin İstehsalat Departamentinin Tütün sexində növbə rəisi vəzifəsində işləyib. Sturuktur dəyişikliyi ilə əlaqədar olaraq usta vəzifəsi növbə rəisi vəzifəsi ilə əvəz olunub. Növbə rəisi usta və ya böyük ustalar kimi zərərli peşə kateqoriyasına aiddir. Növbə rəisi də usta və ya böyük ustaların icra etdiyi əmək funksiyalarını yerinə yetirir və onların əmək funksiyalarında heç bir fərq yoxdur. "xxxx" ASC tərəfindən verilmiş 141 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Həsənov X2 və Tütün sexində xx.xx.1994- xx.xx.1995-ci il tarixdən xx.xx.1996xx.xx.2009-cu il tarixədək usta, böyük usta vəzifəsində işləmişdir. İddiaçı Siqaret və Tütün sexindəki usta, böyük usta (tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar) vəzifə funksiyaları aşağıdakılardır: Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir. Yarpaq tütünlərin çeşidlənməsinə nəzarət etməlidir. Yarpaq tütünlərinin nəmləndirilməsinə, doğranılmasına və qurudulmasma nəzarət etməlidir. Doğranmış tütünün qablaşdırılmasma nəzarət etməlidir. Siqaretin və papirosun doldurulmasına və qutulara düzülməsinə nəzarət etməlidir. Pnevmatik qurğularla siqaret maşınlarının fasiləsiz doğranmış tütünlə təmin edilməsinə nəzarət etməlidir. İşçilərin iş yerlərinə və sahələrə yerləşdirməli, istehsal edilən məhsulları yüksək keyfiyyətdə normaya uyğun istehsalını təşkil etməlidir. Verilən gündəlik planı yerinə yetirmək üçün avadanlıqların tam gücü ilə işləməsinə nəzarət etməlidir İstehsal prosesində yaranan maneələri qabaqcıl tədbirlərlə aradan qaldırmalıdır. İşçilərdən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafızənin qaydalarına tam riayət olunmasını tələb etməlidir. Tütün, siqaret, papiros məmulatlarının (məhsulunun) qablaşdırılması, qutulara doldurulması və düzülməsi işlərinin icrasını həyata keçirməlidir. Qablaşdırma, doldurma və düzülüş proseslərində istifadə edilən avadanlıq və qurğuların işinə birbaşa nəzarət etməlidir. İşçilərin iş bölgüsünü aparmalı və onların fəaliyyətinə nəzarət etməlidir. Şöbənin fəaliyyətinə aid digər məsələləri həll etməlidir. Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir. İddiaçı usta, böyük usta (tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nm təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının b) yarım bölməsinə (mütəxəssislər) aiddir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 -ci bölməsinin b) yarım bölməsi üzrə usta, böyük usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. İddiaçı usta və böyük usta vəzifəsində işlədiyi illərə əsasən xx.xx.1994 - xx.xx.1995 (1 il 1 ay 13 gün), xx.xx.1996-xx.xx.1996 (4 ay 19 gün), xx.xx.1996- xx.xx.1999 ( 3 il 1 ay 18 gün ), xx.xx.1999 -xx.xx.2009 (10 il 2 ay 10 gün) olmaqla ümumlikdə 14 il 10 ay olmaqla güzəştli şərtlərlə iş stajı mövcuddur. Əlavə olaraq, İddiaçı işlədiyi “növbə rəisi” vəzifəsi (peşəsi) də yuxarıda qeyd edilən “tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar” peşəsi (vəzifəsi) eyni olmaqla yanaşı həmin peşə üçün nəzərdə tutulmuş əmək funksiyalarının icrasını həyata keçirir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, apellyasiya araşdırması zamanı “"xxxx" şirkəti tərəfindən göndərilmiş sorğuya cavabla bağlı xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, Sizin xx.xx.2025-ci il tarixli, N°2-1(103 )-253 8/2025 saylı sorğunuza cavab olaraq bildiririk ki, Həsənov X2 və Tütün sexində xx.xx.1994- xx.xx.1995-ci il tarixdən xx.xx.1996-xx.xx.2009-cu il tarixədək usta, böyük usta və xx.xx.2009- xx.xx.2017ci il tarixdən xx.xx.2017-xx.xx.2017-ci il tarixədək növbə rəisi (usta) vəzifəsində işləyib. İddiaçı usta, böyük usta (tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının b) yarım bölməsinə (mütəxəssislər) aiddir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 -ci bölməsinin b) yarım bölməsi üzrə usta, böyük usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. İddiaçı usta, böyük usta və növbə rəisi(usta) vəzifəsində işlədiyi illərə əsasən xx.xx.1994 - xx.xx.1995 ( 1 il 1 ay 13 gün ), xx.xx.1996 - xx.xx.1996 ( 4 ay 19 gün ), xx.xx.1996 - xx.xx.1999 ( 3 il 1 ay 18 gün ), xx.xx.1999 - xx.xx.2009 (10 il 2 ay 10 gün), xx.xx.2009 - xx.xx.2017 ( 7 il 6 ay 21 gün ), xx.xx.2017 - xx.xx.2017 ( 4 ay 16 gün) olmaqla ümumilikdə 22 il 9 ay 7 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Qeyd: Məlumat üçün bildiririk ki, müəssisəmizdə zərərli şəraitdə çalışan işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən gündəlik müəyyən olunmuş norma üzrə süd verilmişdir. Həmçinin həmin işçilərə zərərli əmək şəraitinə görə əmək qanunvericiliyinə uyğun olaraq 6 (altı) təqvim günü əlavə məzuniyyət və əmək haqqına 12% məbləğində əlavə ödəniş müəyyən edilmişdir. Bundan başqa sorğuya qoşma olaraq əlavə edilmiş Vəzifə Təlimatından görünür ki, İddiaçı Siqaret və Tütün sexindəki usta, böyük usta (tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar) vəzifə funksiyaları bunlardır : Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır; əmək və nizam-intizam qaydalarına riayət etməlidir; yarpaq tütünlərin çeşidlənməsinə nəzarət etməlidir; yarpaq tütünlərinin nəmləndirilməsinə, doğranılmasına və qurudulmasına nəzarət etməlidir; doğranmış tütünün qablaşdırılmasına nəzarət etməlidir; siqaretin və papirosun doldurulmasına və qutulara düzülməsinə nəzarət etməlidir; pnevmatik qurğularla siqaret maşınlarının fasiləsiz doğranmış tütünlə təmin edilməsinə nəzarət etməlidir; işçilərin iş yerlərinə və sahələrə yerləşdirməli, istehsal edilən məhsulları yüksək keyfiyyətdə normaya uyğun istehsalını təşkil etməli dir; verilən gündəlik planı yerinə yetirmək üçün avadanlıqların tam gücü ilə işləməsinə nəzarət etməlidir; istehsal prosesində yaranan maneələri qabaqcıl tədbirlərlə aradan qaldırmalıdır; əməyin mühafizəsi,təhlükəsizlik texnikası və yanğından müh afızənin qaydalarına tam riayət olunmasını tələb etməlidir; tütün, siqaret, papiros məmulatlarının (məhsulunun) qablaşdırılması, qutulara doldurulması və düzülməsi işlərinin icrasını həyata etməlidir; qablaşdırma ,doldurma və düzülüş proseslərində istifadə edilən avadanlıq və qurğuların işinə birbaşa nəzarət etməlidir; işçilərin iş bölgüsünü aparmalı və onların fəaliyyətinə nəzarət etməlidir; şöbənin fəaliyyətinə aid digər məsələləri həll etməlidir; vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı işlədiyi “növbə rəisi” vəzifəsi (peşəsi) də yuxarıda qeyd edilən “tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar” peşəsi (vəzifəsi) eyni olmaqla yanaşı həmin peşə üçün nəzərdə tutulmuş əmək funksiyalarının icrasını həyata keçirir. Göründüyü kimi iş materialları ilə də sübuta yetirilmişdir ki, iddiaçının ümumilikdə 22 il 9 ay 7 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2269/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar