Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2539/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvanına pasport qeydiyyatına alınmaları” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-5076/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 17.03.2021-ci il tarixində cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvana pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, Döngə 6-da yerləşən torpaq sahəsi 2001-ci ildə alınmışdır və həmin torpaq sahəsində iddiaçılar tərəfindən 2002-ci ildə fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsinə 2006-cı ilin may ayında DTXK-nın Bakı şəhər Şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İnşa edilmiş fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşir. İddiaçılar 2002-ci ildən qeyd edilən fərdi yaşayış evində yaşayırlar, təsərrüfatı aparırlar və bu fərdi yaşayış evi onların daimi yaşayış yeridir. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, fərdi yaşayış evinə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilir. İddiaçılar fərdi yaşayış evinə qeydiyyata alınmamağı səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. İddiaçılar bu ünvana pasport qeydiyyatına alınmaqla bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdirlər, lakin onlara əsassız olaraq imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-5076/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvana pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. İddiaçılar qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-5076/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 13.10.2021-ci il tarixli, 059-31996 nömrəli məktubunda məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş olunmuşdur. İddiaçılar və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)- 5076/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE №********, AZE №1********, AZE №******** və AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmamış surətlərinə əsasən, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 6 ünvanında qeydiyyatdadırlar. İddiaçı5-xx.xx.1955-ci il Füzuli rayonunda, İddiaçı1-xx.xx.1992-ci il tarixində Bakı şəhərində, İddiaçı2-xx.xx.1994-cü il tarixində Bakı şəhərində, İddiaçı3xx.xx.1965-ci il tarixində Ağdam rayonunda, İddiaçı4-xx.xx.1993-cü il tarixində Bakı şəhərində anadan olmuşdurlar. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1271/2020 nömrəli, 03.11.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı5, X2, İddiaçı2, X1, X3 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 96 saylı evin, 5 saylı mənzilinə olan istifadə hüquqları itirilməsi qət edilmişdir. - 2008-ci ilə aid "xxxx" Dövlət Müəssisəsinin 837983, 830450 və 589245 ödəniş qəbzlərin surətlərinə əsasən, İddiaçı5 tərəfindən Gülüstan, D-6 ünvanında olan qaz sayğacı üzrə borclar ödənilmişdir. - JN seriyalı, 32337H nömrəli, 01000003 kodlu Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (natamam) surətinə əsasən, İddiaçı5 mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi, həmçinin verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmişdir. - Binəqədi Rayon Polis İdarəsinin 02.03.2021-ci il tarixli, 059-6511Kol nömrəli məktubuna əsasən İddiaçı5 bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X4, X7, X8, X6 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət edilməlidir.. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvana pasport qeydiyyatına alınması barədə cavabdeh inzibati orqana müraciət etsələr də, mövcud qanunvericiliklə nəzərdə tutulmuş sənədləri (fərdi yaşayış evində nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləs i və s.) təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçıların ondan tələb etdikləri inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçılar qeydə alınmaq istədikləri evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ünvan verilməsinə dair sübutu məhkəməyə təqdim etməmişlər, belə olan halda iddiaçıların qeydiyyata alındığı ünvanın məhz iddia tələbində göstərilən ev olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-5076/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-5076/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2539/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2539/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver