Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2539/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6317/2023 saylı 05 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən binanın sakinlərinə nəzərdə tutulmuş avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsinin qanunsuz hesab edilməsi, mülkiyyətində olan “Hyundai İX35” markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə 6060 manat kompensasiyanın ekspertiza tədqiqatının dəyəri olan 300 manat və 1000 manat mənəvi zərərin cavabdehin hesabından tutulmaqla ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6317/2023 saylı 05 aprel 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və növbəti prosssual hərəkələrin yerinə yetirilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı tələbi “ünvan 3 ünvanında yerləşən binanın sakinlərinə nəzərdə tutulmuş avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsinin qanunsuz hesab edilməsi, mülkiyyətində olan “Hyundai İX35” markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə 6060 manat kompensasiyanın ekspertiza tədqiqatının dəyəri olan 300 manat və 1000 manat mənəvi zərərin cavabdehin hesabından tutulmaqla ona ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının qaldırdığı məsələnin cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamasına, cavabdeh qismində qoyulmuş Cavabdeh1 hazırkı iddiaya cavab verməli olan orqan olmamasına istinad edərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İş materillarında olan Nəsimi bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, avtomobilə dəymiş zərərə görə təqribən 7000 manat, keçirdiyi sarsıntıya görə 1000 manat, ümumilikdə isə 8000 manat kompensasiya ödənilməsini Nəsimi rayonunun Nəsimi bələdiyyəsindən xahiş etmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Lakin Nəsimi rayonunun inzibati ərazisində Nəsimi rayonunun Nəsimi bələdiyyəsinin mülkiyyətinə torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qurumuş, xəstə ağacın yerləşdiyi torpaq sahəsi Nəsimi rayonunun Nəsimi bələdiyyəsinin mülkiyyətində olmadığı üçün sözügedən ağacın mühafizəsinə, yaxud götürülüb-götürülməməsinə görə bələdiyyə heç bir məsuliyyət daşımır. Həmçinin işdən müəyyən olunur ki, bundan öncə hazırki iddiaçının eyni məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə də qarşı iddiası olmuşdu. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1010/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan “Hyundai İX35” markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə çıxarılmış ekspert rəyinə əsasən 6060 (altı min altmış) manat kompensasiyanın İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışır. Həmin qərardan narazı qalmış cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-752/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 saylı qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1879/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-752/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi. İddiaçının eyni məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı iddiasına mahiyyəti üzrə baxılmış və müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Bu halın özü də eyni məsələ ilə bağlı kompensasiya tələbi üzrə hazırki iş üzrə Nəsimi Bələdiyyəsinin cavabdehlik məsələsini istisna edir. Bundan əlavə məhkəmə kollegiyası aşağıda sadalanan maddi hüquq normalarını da diqqətə çəkir: “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.12ci maddəsinə əsasən, yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir; 8.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 9.0-cı maddəsinə əsasən, yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. 13.1-ci maddəsinə əsasən, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən, bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.4-cü bəndinə əsasən, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 841 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci (yaşıllıqların mühafizəsinə dövlət nəzarəti, onların uçotu, kadastrı və monitorinqi istisna olmaqla), 11.0.2-ci (yaşıllıq ərazilərində cari və planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu və monitorinqi barədə məlumata münasibətdə) maddəsində, 13.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 14.4-cü, 14.5-ci (ikinci halda) və 20.4.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir; Qaydaların 1.2-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Qaydaların 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2-ci bəndinə əsasən, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Qaydaların 2.3-cü bəndinə əsasən, bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Qaydaların 2.4-cü bəndinə əsasən, Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Qaydaların 2.7-ci bəndinə əsasən, yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Qaydaların 2.9-cu bəndinə əsasən, istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, bələdiyyələr yalnız mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini həyata keçirir. Hazırki işdə iddiaçının avtomobilinə ziyan dəydiyini bildirdiyi ərazinin cavabdehin mülkiyyətində olması müəyyən edilmir və iddiaçının istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 919 nömrəli sərəncamı da məhz həmin ərazinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq etmir. Kollegiya həmçinin xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş üç instansiya məhkəmə tərəfindən iddiaçının hazırkı tələbinə cavab verməli olan inzibati orqan kimi Nəsimi Rayon İcra Hakimiyyəti müəyyən edilmiş (iddia həmin cavabdehə qarşı mümkün sayılmış) və həmin cavabdehə qarşı hazırkı tələbə mahiyyəti üzrə baxılaraq iddia təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehi dəyişməklə artıq mahiyyəti üzrə hüquqi qiymət verilmiş məsələyə yeniən baxımasına nail olmaq istəyir. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, Cavabdeh1 hazırkı iddiaya cavab verməli olan orqan deyil. Bundan başqa, iddia tələbində və apellyasiya şikayətində göstərilən “məhkəmənin qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinin (götürülməsinin) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilməməsi ilə bağlı gəldiyi nəticənin qəbul edilən olmaması, əgər həmin səlahiyyətlər cavabdehə aid deyildirsə, məhkəmənin bu halda iddianı rədd etməklə qanunsuz hərəkətə yol verməsi, qeyd edilən halda iddianın mümkünsüz hesab edilərək iddia tələbinin hansı orqana qarşı irəli sürülməsi barədə iddiaçıya yardım edilməməsi” ilə bağlı göstərilən dəlilləri də məhkəmə kollegiyası əsassız sayır və nəzərə alır ki, iddiaçının yuxarıda göstərilən, bundan əvvəl Nəsimi rayon İcra hakimiyyətinə qarşı iddiası olmuş, ona mahiyyəti üzrə baxılmış, buna görə də bundan sonra ona hansı orqana qarşı iddia qaldırmasında hüquqi yardımın göstərilməsinə zərurət yoxdur. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6317/2023 saylı 05 aprel 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6317/2023 saylı 05 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2539/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2539/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver