Məhkəmə qərarları › İş №2-1(103)-2539/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2539/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2539/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair işi üzrə (Açar sözlər: soyadın dəyişdirilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7454/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçının ilkin doğum haqqında akt qeydində soyadı “Qafarlı” qeyd edilmiş, onun atasının soyadı “Qafarlı” (“Qafarov”) və anasının soyadı “Qafarlı” (“Qafarova”) qeyd edilmişdir. İddiaçı soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə istinad edərək, soyadın “Qafarlı”dan “Mirqafarlı”ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Xətai rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi ilə bağlı cavabdehə etdiyi müraciət heç bir əsas olmadan təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7454/2024 nömrəli qərarı ilə (hakim Həmid Ağalarov) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7454/202-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi üçün cavabdeh Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müraciətin kifayət qədər əsasının olmaması səbəbindən təmin edilməmişdir. Cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir, iddiaçının artıq 18 yaşı tamam olmuşdur və Ailə Məcəlləsinə əsasən onun soyadını dəyişmək hüququ vardır. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı normalar qanuni maraq olduğu təqdirdə hər kəsin prinsip olaraq bu hüquqa malik olduğunu təsbit edir. Buna görə, müvafiq qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla, adın, ata adının və soyadın dəyişdirilməsini (o cümlədən növbəti dəfə) tələb edə bilər. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları bunu istisna edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə iddiaçının bildirdiyi Mirqafar soyadının əvvəllər onun ulu babasına məxsus olubolmaması hissəsini, Qafarov soyadının SSRİ-i dövründə soyad sonluğuna ov-yev əlavə edilərkən həmin şəxsin adının sonluğuna əlavə edilməklə tətbiq edilib-edilməməsi hissəsini ümumiyətlə araşdırmamışdır. Bundan başqa, məhkəmə cavabdeh orqanın nə qədər şəxsin soyad dəyişikliyinə müsbət cavab veribverməməsini də araşdırmamışdır. Mirqafar iddiaçının babasının babası olmuş və nəsillər arası qohumluq dərəcəsi bu şəkildə olmuşdur: Mirqafar - X1 (xx.xx.1917-xx.xx.1986) - X2 (xx.xx.1944-xx.xx.2018) - X4 – İddiaçı. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bakı İnzibati Məhkəməsi sübutları tam və hərtərəfli araşdırmadan yekun qərar qəbul etmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsi əsasını qərarın 5-ci səhifəsinin 8-ci abzastında qeyd edir ki, “Mirqafarlı” soyadı nəsillərində olmamışdır, Mirqafar babasının babası olmuşdur. Yəni məhkəmə belə hesab edir ki, iddiaçı yalnız köhnə soyadlardan birini istifadə edə bilər. Ancaq Azərbaycan ərazisində ilk soyadlar SSRİ dövründə, 20-ci əsrdə və şəxsin adının sonluğuna ov-yev artırılaraq tətbiq edilmişdir. İddiaçı öncəki nəsillərdə də, yalnız Qafarlı soyadı olmuşdur ki, həmin soyadın kökü də, iddiaçının babasının babası olan Mirqafar adında şəxsə dayanmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3544/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7454/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-905/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3544/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarın 39-40-cı bəndlərində qeyd olunmuşdur ki:

39. Sorğunun mətnindən (eləcə də sorğuya verilmiş cavabdan) müəyyən edilir ki, sorğu yalnız iddiaçının cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilib-edilməməsi barədə olmuşdur. Digər məsələlər-götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi isə araşdırılma predmeti olmamışdır. Baxmayaraq ki, bu halın araşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.5-ci bəndində imperativ norma kimi nəzərdə tutulmuşdur. Odur ki, növbəti apelyasiya baxışı zamanı yuxarıda qeyd edilən məsələyə aydınlıq gətirilməsi, iddiaçının götürülməmiş və ya ödənilməmiş məhkumluğun olub olmaması, habelə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib edilməməsi müəyyən edilməlidir.

40. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, növbəti apelyasiya baxışı zamanı araşdırılmalı digər məsələ isə iddiaçının əvvəllər soyadının dəyişdirib-dəyişdirməmə məsələsinin müəyyən etməyə yönəlməlidir.

Tərəflərin izahatları, prosessual məsələlər

Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə:

Maddə 26. Ad hüququ

26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

Ailə Məcəlləsi: Maddə 53. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 158. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 161. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Ümumi müddəalar ... 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. ... 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. ... 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. ... 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir

İnzibati Prosessual Məcəllə:

Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Soyadın “Qafarlı”dan “Mirqafarlı”ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın mövqeyi ilə razılşaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsini nəzərdə tutmuşdur. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda isə uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya valideynlərinin soyadı kimi “Qafarlı” soyadı verilmişdir. Hazırda isə dəyişdirilməsini istədiyi “Mirqafarlı” soyadı isə nəsillərində olmamış, “Mirqafar” babasının adı olmuşdur. İşin sadalanan halları qeyd edilən məzmunda tələbin təmin olunmasına əsas vermir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsi barədə tələbi təmin edilməməlidir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının hüquqi marağı soyadının “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsinə nail olmaqdan ibarətdir. Diqqət edilməli əsas məqam ondan ibarətdir ki, cavabdeh inzibati orqan bu halı (soyadın “Qafarlı”dan “Mirqafarlı”ya dəyişdirilməsini) soyad dəyişdirilməsi kimi qəbul etmir. Başqa sözlə, cavabdeh bu halı doğum akt qeydinə dəyişiklik kimi qəbul edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin 11 iyul 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydasının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.15-ci maddəsinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin qaydaya görə Azərbaycan Respublikası vətəndaşının soyadına dəyişiklik edilməsi dedikdə bir soyaddan digər soyada dəyişiklik edilməsi nəzərdə tutulur. İddiaçı Xətai rayon qeydiyyat şöbəsinə soyadının “Mirqafarlıya” dəyişiklik edilməsi” ilə bağlı etdiyi müraciəti soyadın dəyişdirilməsi ilə bağı olmadığına görə yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) hər hansı sənəd göndərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalarına əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır...” Məhkəmə tərkibi cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, “mir” şəkilçi deyil, dil vahididir və əsasən, adların əvvəlində hörmət, titul bildirən söz kimi işlənir. “Mirqafarlı” – burada “mir” + “Qafarlı” birləşməsi yaranır. Bu, şəkilçi ilə yox, sözün əvvəlində işlənən titul ilə yaranmış yeni leksik vahiddir. Beləliklə, “Mirqafarlı” artıq başqa söz sayılır, çünki “mir” müstəqil söz olaraq yeni mənalı dil vahidi yaradır. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan iddiaçının müraciətini soyad dəyişdirməsi kimi qəbul etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 79 nömrəli qərarının tələblərinə uyğun formada inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh Qaydaların 6.15-ci bəndində nəzərdə tutulmuş qaydada icraat aparmadığını 11 iyul 2025-ci il tarixli məktubunda da etiraf edir. Halbuki, həmin bəndin tələbinə görə , ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Eyni zamanda qeyd etmək lazımdır ki, işin apellyasiya məhkəməsindəki icraatı zamanı müvafiq polis idarəsinə sorğu ünvanlanaraq, cavabdeh qeydiyyat şöbəsi tərəfindən iddiaçının soyadının dəyişdirilməsi ilə bağlı toplanmış sənədlərin yoxlama aparılması üçün göndərilib-göndərilməsi araşdırılmışdır. Lakin Bakı şəhəri Xətai rayon Polis idarəsinin 08 iyul 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı “soyadının dəyişdirilməsi” tələbinə dair hər hansı məlumat Xətai rayon Polis idarəsinə daxil olmadığından həmin tələbin icrası ilə bağlı materialın göndərilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunan hal cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Həmin maddənin aşağıdakı normalarına nəzər salaq: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Birinci instansiya məhkəməsi iddia tələnini “soyad dəyişdirilməsi” kimi qəbul etsə də, cavabdehin imtinasının əsaslarına diqqət etməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi fərqli bir əsasla verilmiş “imtinanı” qanuni saymış və nəticə etibarı ilə inzibati orqanın “imtinasına” düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, cavabdeh orqan iddiaçının “soyad dəyişdirilməsi” müraciəti əsasında inzibati icraat aparmamış və imtinanın faktiki və hüquqi halları düzgün müəyyən etməmişdir. Belə vəziyyətdə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. Eyni zamanda bu hal, iddiaçının tələbini prosessual baxımdan işin hazırkı mərhələsində təmin və ya rədd etmək imkanını qeyri-mümkün edir. Bu zaman İnzibati Prosessual Məcəlləsinin 73.3.3-cü maddəsi imkan verir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Bununla bağlı nəzərə almaq lazımdır ki, qüvvədə olan inzibati prosessual qanunvericiliyə görə məhkəmə tərəfindən iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması institutunun tətbiqi bəzi hallarda zəruridir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq, iddiaçının “soyad dəyişdirilməsi” müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı və inzibati icraatın nəticəsində müraciətin təmin və ya rədd olnmasına dair əsaslandırılmış inzibati akt qəbul etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7454/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar