Məhkəmə qərarları › İş №2-1(103)-254/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-254/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-254/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X2, cavabdehin nümayəndələri X1 və və X3 iştirakı ilə İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı “qərar və göstərişin ləğv olunması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2021 saylı 21.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı QSC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı İPMin 2.2.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi və ona əlavə ilə müraciət edərək, cavabdehin 12.07.2019-cu il tarixli qərarı və 16 iyul 2019-cu il tarixli Göstərişi qanunsuz və əsassız olduğundan ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki,19.04.2019-cu il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin iddiaçı tərəfindən pozulması əlamətləri üzrə iş qaldırılmış və nəticələrinə dair 12.07.2019-cu il tarixli qərar qəbul olunmuş və icrası tələb olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş 15.02.2011ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4-cü, 1.5-ci 1.6-cı bəndlərinin tələblərinə görə yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar Reyestrdə qeydiyyata alınmır. Lakin iş materiallarından da göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisarv Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 19.04.2019-cu il tarixli FA-04 nömrəli əmri ilə komissiya yaradılmış, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması üzrə İddiaçı QSC-nin fəaliyyəti yoxlanmış, yoxlamanın nəticələrinə dair tərtib edilərək göstərişdə nəzərdə tutulmuş tələblərin icra edilməsi tələb edilmiş, lakin aparılan yoxlama ümumiyyətlə Reyestrdə qeydiyyata alınmamış və bununla da aparılan yoxlama qanunsuz və əsassız olmuşdur. Qərar və göstərişin maddi hüquqi əsası Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” Qanununun (AFHQ) 8ci maddəsinin 4-cü bəndi və 17-ci maddəsinin 1-ci bəndidir. AFHQ-nin 8-ci maddəsində 4cü bəndində göstərilən hərəkətin, yəni bazarda əlavə üstünlük əldə edilməsi ümumi qiymətlərin manipulyasiya edilməsinin antiinhisar qanunvericiliyinin pozulması kimi qiymətləndirilməsi üçün həmin hərəkəti edən təsərrüfat subyektinin bazarda hökmran mövqe tutan təsərrüfat subyekti olması zəruridir. Həmin Qanunun 4-cü maddəsində (əsas anlayışlar) göstərilib ki, hökmran mövqe-təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur.Xidmətin qərarında və göstərişində iddiaçının məhz bazarda hökmran mövqe tutan təsərrüfat subyekti olması məsələsi ümumiyyətlə əsaslandırılmayıb. Halbuki, AFHQ-nin 3-cü maddəsinə əsasən həmin Qanunla müvafiq icra hakimiyyəti orqanlarına verilən səlahiyyətlət diskresion səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlə daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Cavabdeh iddiaçı barəsində inzibati akt qəbul edən zaman iddiaçının dövriyyəsini mənfəəti kimi qəbul etmişdir. Halbuki, AFHQ-nin 17-ci maddəsi inzibati orqanın məhz müvafiq qanunvericiliyin pozulması yolu ilə əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutur. İddiaçı 2015-2018-ci illər üzrə zərərlə işləmişdir. 2019-cu ildə isə il başa çatmadığından mənfəət məbləğinin 5 aylıq hesablanması qeyri-mümkündür. Belə ki, müəssisələr üçün mənfəət vergisinin hesablanması üçün vergi ili təqvim ili sayılır. Yuxarıda 1-ci və 2-ci bənddə göstərilən məqamlar nəzərə alınmasa belə, bu bənddə şərh edilən dəlil iddianın təmin edilməsi üçün yetərlidir. Belə ki, Xidmətin qərarı və Xidmətin göstərişinin əsaslandırılması habelə iddiaçının topdansatışı ilə məşğul olduğu maye qazın Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarı ilə qiymətinin vergilərlə birlikdə 300 manat kimi təsdiq edilməsi ilə bağlıdır. Nazirlər Kabinetinin 16.09.2019-cu ilə tarixli 410 nömrəi Qərarı ilə Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli Qərarı ilə təqdiq edilmiş qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında 4-cü (“Maye qaz” topdan satışı) bəndi ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 4-cü bədin ləğv edilməsi hüquqi şəxs kimi iddiaçının hüquqi məsuliyyətini aradan qaldıran hal olduğu üçün Xidmətin qərarı və göstərişi ləğv edilməlidir. İddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 35-ci maddəsi ilə müəyyən edilən məhkəmə icraatı mümkündür. Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Xidmətin 19.04.2019-cu il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin iddiaçı tərəfindən pozulması əlamətləri üzrə iş qaldırılmış və nəticələrinə dair 12.07.2019cu il tarixli qərar qəbul olunmuş və həmin qərar əsasında da iddiaçıya 16.07.2019-cu il tarixli göstəriş verilmişdir. Qanunvericiliyin tələblərinə görə, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalar Reyestrdən keçməlidir. Dövlət Xidməti tərəfindən İddiaçı QSC barəsində görülən tədbir həmin sahibkarlıq subyektinin fəaliyyət yerinə gəlməklə deyil, həmin sahibkarlıq subyektinin Dövlət Xidmətinə təqdim etdiyi sənədlər və məlumatlar əsasında görülmüşdür. İddiaçının ərizəsində Dövlət Xidməti apardığı yoxlama zamanı dövriyyəni mənfəət kimi qəbul edərək həmin pul vəsaitinin mənfəət qismində tutulmasını tələb etməsini qanunsuz hesab etməsi ilə əlaqədar bildrilir ki, 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsası olmadan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifdən (qiymətdən) fərqli, yəni 1 tonunun topdan 300 manatdan artıq qiymətə satması nəticəsində iddiaçının (300 manatdan artıq hissə (əlavə dəyər vergisi çıxılmaqla əldə etdiyi gəlir 9 192 570,51 manat olmuşdur. Həmin gəlir “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmaqla qeyri-qanuni fəaliyyəti nəticəsində əldə edildiyi üçün bu Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2021 saylı 21.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunvericiliyə zidd olaraq, vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan əlavə, iddiaçıya münasibətdə “Antiinhisar fəaliyyəti haqqında” Qanun düzgün tətbiq edilməmişdir.Cavabdeh iddiaçının məhz, maye qaz üçün müəyyən edilmiş topdansatış qiymətlərinin pozulmasını antiinhisar fəaliyyəti kimi qiymətləndirib. Lakin bazarda iddiaçıdan əlavə maye qazın topdan satışı ilə məşğul olan hər hansı bir təsərrüfat subyektinin mövcud olub-olmaması, əgər mövcuddursa, onun hansı mənafeyinə toxunması məsələsi araşdırılmayıb. Məhkəmə tərəfindən sözügedən Qanunun 17-ci maddəsinin tətbiqi məsələsi də araşdırılmayıb. Həmin maddə qanunvericiliyin tələblərinin pozulması ilə əldə olunmuş mənfəətin dövlət büdcəsinə ödənilməsini nəzərdə tutur. İddiaçı topdansatış qiymətləri ilə bağlı 2015-2018-ci illərdə zərərlə işləmiş, yalnız 2019-cu ildə gəlir əldə edib. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbinə müvafiq olaraq qeyd olunanları nəzərə almayıb. Məhkəmə hüququn tətbiqi ilə bağlı da səhv nəticəyə gəlib. Belə ki, Tarif Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarı ilə vergilərlə birlikdə maye qazın qiyməti 300 manat təsdiq edilmiş, Lakin AR Nazirlər Kabinetinin 16.09.2019-cu il tarixli 410 saylı qərarı ilə Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında 4-cü (“Maye qaz” topdansatışı) bəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 4-cü bəndin ləğv edilməsi hüquqi şəxs kimi iddiaçının hüquqi məsuliyyətini aradan qaldıran hal olduğu üçün qərar və sərəncam ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil və nümayəndə F.Hüseynova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunması barədə yeni qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri nümayəndələri S.Bağırov Y.Dadaşzadə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razıaşmamış, iddiaçı barəsində daxil olmuş şikayətlər nəzərə alınaraq Xidmətin 19.04.2019-cu il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və maye qazın topdan satışını həyata keçirən və bu sahədə inhisarçı mövqe tutan iddiaçının 15.01.2015-ci il tarixdəndən 31.05.2019-cu il tarixinədək olan dövr üzrə fəaliyyəti, təsərrüfat subyektinə getmədən,yoxlanılmış və Tarif (Qiymət) Şurasının qərarı ilə müəyyən olunan 300 manat topdansatış qiymətindən artıq qiymətlərə maye qaz satdığı və həmin artıqlar hesabına 9.192.570,51 manat qanunsuz gəlir əldə etdiyinə görə həmin gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunduğunu və həmin qərar əsasında da iddiaçıya göstəriş verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhəmədən xahiş etmişdir. İşin hazırkı apellyasiya mərhələsində məhkəmə tərəfindən mübahisələndirilən dövr üzrə iddiaçının qanunsuz gəlir əldə etdiyini dəqiqləşdirmək üçün AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin Mərkəzin eksperti (Əli Abullayev) tərəfindən 21.12.2021-ci il tarixli 9/9080 nömərili ekspert rəyi verilmişdir. Həmin rəyin nəticə hissəsindən görünür ki, ekspert tədqiqatı ilə müəssisənin 2015-2018-ci illərdə ziyanla işləmiş, 01.01.2019 - 31.05.2019-cu tarixləri əhatə edən 5 ay ərzində isə 1.309.032 manat həcmində mənfəət əldə etdiyi müəyyən edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia qismən təmin edilməlidir. İş materiallarından və hazırkə mərhələdə toplanmış sənədlərə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 19.04.2019-cu il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin İddiaçı QSC tərəfindən pozulması əlamətləri üzrə qaldırılmış işə baxılması həmin Komissiyaya tapşırılmış, Komissiya tərəfindən həmin iş üzrə araşdırmalar aparılmış və nəticələrinə dair 12.07.2019-cu il tarixli qərar qəbul olunmuş, həmin qərar əsasında da cavabdeh tərəfindən iddiaçıya 16.07.2019-cu il tarixli göstəriş verilmiş və ondan icrası tələb olunmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, onun tərəfindən ilk öncə mübahisələndirilir ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, qanunsuz olaraq keçirilmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinəəsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar,müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qanunun və Əsasnamənin qeyd olunan bələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlama tədbirlərinin Reyestrdə qeydiyyata alınması tələb olunur. Lakin iş materialarına, o cümlədən, cavabdehin 19.04.2019-cu il tarixli FA-04 əmri ilə yaradılmış Komissiya tərəfindən apaılmış yoxlamanın nəticələrinə dair qəbul olunmuş 12 iyul 2019-cu il tarixli qərarından görünür ki, yoxlamanın başlamasına və aparılmasına əsas İddiaçı QSC tərəfindən maye qazın topdansatış qiymətinin əsassız olaraq artırılması barədə "xxxx" Şirkətinin və "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Xidmətə daxil olmuş müraciətləri (şikayət ərizələri) ilə əlaqədar olmaqla, iddiaçının təsərrüfat subyektlərinə gəlmədən, sözügedən Şirkət və Müəssisədən alınmış zəruri sənədlər və məlumatlar əsasında aparılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən yoxlama İddiaçı QSC-nin sahikarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektinə gəlmədən həyata keçirilmişdir ki, belə olan halda da, həmin yoxlamanın qanunverciliyin sözügedən şərtləri baxımından, cavabdeh tərəfindən Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi tələb olunmur, onun qanunla üzərinə düşən belə bir öhdəliyi yaranmır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yoxlamanın vahid məlumat reystrində qeydiyyata alınmadığını mübahisələndirən dəlillərini əsassız sayır. İddiaçının apellyasiya şikayətinin ikinci bir dəlilində mübahisələndirir ki, bazarda ondan başqa maye qazın topdansatışı ilə məşğul olan hər hansı bir təsərrüfat subyektinin mövcudluğu, başqa sözlə, İddiaçı QSC-nin bazarda hökmran mövqe tutması əsaslandırılmamışdır. İddiaçının həmin dəlilləri ilə də məhkəmə kollegiyası aşağıdakılara görə razılaşmır. “Antinhisar fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 5-ci abzasına əsasən hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Birincisi, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin F-51 nömrəli 18 iyul 2016-cı il tarixli əmri ilə təsdiq olunmuş (dəyişikliklər nəzərə alınmaqla) «Azərbaycan Respublikasında inhisarçı müəssisələrin dövlət reyestri»indən görünür ki, həmin Reyestrin 11.3-cü sətrində İddiaçı QSC maye qazın topdansatışını həyata keçirən inhisarçısı, yəni, bazarda hökmran mövqe tutan bir qürum kimi qeydiyyata alınmışdır. Həm də qeyd etmək lazımdır ki, yenə də hazırkı mərhələdə iddiaçının məhkəmə kollegiyasının 27.01.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən nümayəndələri tərəfindən bu fakt təkzib olunmamış, əksinə etiraf olunmuşdur k, maye-qazın digər şəxslərə (o cümlədən sahibkarlıq subyektlərinə) topdansatışı yalnız İddiaçı QSC tərəfindən həyata keçirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətində «Antiinhisar fəaliyyəti haqqında» Qanunun 4-cü maddəsinə istinadən onun bazarda 35 faizdən çox mövqe tutan təsərrüfat subekti olmasının cavabdeh tərəfindən əsaslandırılmadığını mübahisələndirən dəlilləri əsassızdır. İddiaçının apellyasiya şikayətinin üçüncü bir dəlili isə ondan ibarətdir ki, cavabdeh tərəfindən sahibkarlıq subyektlərinin şikayətləri əsasında keçirilmiş yoxlamanın nəticələrinə dair qəbul olunmuş 12 iyul 2019-cu il tarixli qərarı və həmin əqrar əsasında qəbul olunmuş 16.07.2019-cu il tarixli Göstərişlə razılaşmayaraq yoxlanılan dövrdə onun zərərlə işlədiyi halda, onun barəsində olan həmin sənədlərin əsassız olduğunu mübahisələndirən dəllləri ilə qismən razılaşır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin 12 iyul 2019-cu il tarixli qərarı ilə İddiaçı QSC-yə: « 1.1 “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması və maye qazın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi; 1.2. Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyriqanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi; 1.3. Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.06.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi haqqında göstəriş verilməsi - qərar alınmışdır. Cavabdehin işə əlavə olunmuş «Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında» 16 iyul 2019-cu il tarixli Göstərişində isə cavabdehə aşağıdakılar həvalə olunmuşdur: 1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) “Antiinhisar fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərin pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılmasını və maye qazın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğun həyata keçirilməsini dərhal təmin etməsi və bu barədə 15 (on beş) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat versin;

2. X7" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün göstərilən hesaba köçürülməsi, "X7" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.06.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “ölkə daxilində neft tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-cı il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəəti 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün aşaqğıdakı hesaba köçürülsün..; 3 “X7" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.06.2019-cu il tarixindən maye şazın topdan satışı tarifini ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tprif (Qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiqolunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi) çıxarmaqla hesablayaraq həmin məbləğə bərabər mənfəəti 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün yuxarıda qeyd olunan hesaba köçürülməsi və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinəməlumat versin:

4. Təsərrüfat subyektlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qanuni göstərişini müəyyən edilmiş müddətdə yerinə yetirməməyə görə “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları “X7" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzərinə çatdırılsın…» Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehin qeyd olunan qərarı və göstərişi əsasında ondan yoxlanılan dövrdə iddiaçının 9 192 570,51 manat məbəlğində gəlir əld etdiyi müəyyən edilərkən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsinin tələblərinin araşdırılmadığını mübahisələndirən dəlilləri ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli, 178 saylı Qərarl ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilmiş Siyahının 4-cü bəndi ilə “Maye qaz (topdansatış) da həmçinin, qiyməti dövlət tərəfindən tənzimlənən məhsullar sırasına aid edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarına əlavə edilmiş Cədvələ əsasən (6-cı qrafa) maye qazın topdansatış tarifi (ƏDV, yol vergisi ilə) 300,00 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehin işə əlavə olunmuş etirazı və yoxlamanın obyekti olan sənədlərə və illər üzrə tərtib olunmuş topdansatış cədvəllərinə və s. əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən Nazirlər Kabinettinin və Tarif Şurasının qeyd olunan qərarları ilə müəyyən edilən tələblərə riayət olunmamış, mayı qazı 300 manatdan artıq olan topdansatış qiymətləri (330, 420, 600 manat) ilə realizə olunmaqla yoxlamanı əhatə tdiyi dövrdə aşağıdakı məbləğlərdə satışdan ümumi gəlirin: 15.01.2015-31.12.2015-də 1.031.999,40 manat, 01.01.2016-31.12.2016-da 923722,80 manat; 01.01.2017-31.12.2017-də 887.892,00 manat; 01.01.2018-05.09.2018-də 695.880,00 manat; 06.09.2018-21.12.2018-də 1.581.732,00 manat; 01.01.2019-31.05.2019-da 5.726.007,00 manat, ümumilikdə 10.847.233,20 manat (satışın miqdarı 150.250,93 ton) təşkil etdiyi müəyyən olunmuşdur ki, həmin məbləğdən də 1.654.662,69 manatı iddiaçı tərəfindən ƏDV qismində dövlət büdəcsin ödənilmiş, bununla da iddiaçının gəliri 9.192.570,51 (10.847.233,20- 1.654.662,69) manat təşkil etmişdir. “Antinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinə əsasən bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyət hesab olunur və təsərrüfat subyektinin inhisarçılığıdır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə: “1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə; müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə, vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə - borcludurlar...” Cavabdehin mübahisələndirilən qərarından və göstərişindən görünür ki, “Antinhisar fəaliyyəti haqqında” Qanunun qeyd olunan maddələri əsas tutularaq iddiaçının qanunsuz əldə etdiyi mənffət 9.192.570,51 manat məbləğində olduğu müəyyən edilmiş və həmin məbləğin də büdcəyə ödənilməli qənaətinə gəlinmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Qanunun qeyd olunan 17-ci maddəsinin 1-ci bəndinin 1-ci abzasında (bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə - borcludur”) təsbit olunan müddəa düzgün təfsir olunmamışdır. Belə olan halda, mübahisələndirilən qərarda və göstərişdə iddiaçıya verdiyi qeyriqanuni fəaliyyətinin dayandırılması və Tarif (Qiymət )Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarına uyğun hərəkət etməsinin təmin edilməsi ilə bağlı göstərişləri “Antiinhisar Fəaliyyəti haqqında” Qanunun 17-ci madddəsinin 1-ci bəndinin 2-ci abzasına uyğun olsa da, həmin qərar və göstəriş - cavabdehin Tarif Şurasının sözügedən qərarına zidd olaraq, maye qazın 300 manatdan artıq olan satışından əldə olunan məbləğlər hesabına qanunsuz əldə olunmuş gəlirin büdcəyə ödənilməsi hissəsində, Qanunun 17-ci maddəsinin 1-ci bəndinin 1-ci abzasının tələbinə uyğun hesab oluna bilməz. Belə ki, 17-ci madddəsinin 1-ci bəndinin 2-ci abzasının mənasından aşkar görünür ki, burada bütövlükdə Qanun pozuntusuna yol verilməklə əldə olunan gəlirin deyil, həmin gəlirdən hesablanan mənfəətin dövlət büdcəsinə ödənilməli olduğu təsbit olunur. Vergi Məcəlləsində verilən anlayışına görə: “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir (m.13.2.12); “Mənfəət - vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdir (m.104.1.) Vergi qanunverciliyin qeyd olunan tələblərindən göründüyü kimi, mənfəət - vergi ödəyicisinin bütün gəlirlərindən, həmin gəlirlərin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra, yerdə qalan bir məbləği təşkil edir. Cavabdeh tərəfindən qeyd olunanlar, o cümlədən, iddiaçının 9.192.570,51 manat məbləğində gəlir əldə etməsi üçün çəkdiyi xərclər nəzərə alınmaqla əldə etdiyi mənfəət müəyyənləşdirilməmiş, bötövlükdə həmin gəlirin dövlət büdəsinə ödənilməli olması barədə səhv qərara gəlmiş və iddiaçıya bu barədə əsassız göstəriş verilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alan məhkəmə kollegiyası həmin ziddiyyəti aradan qaldırılması üçün işin hazırkı apellyasiya mərhələsində məhkəmə mühasibətlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzindən (ekspert Əli Abullayev) 21.12.2021-ci il tarixli 9/9080 nömərili ekspert rəyi alınmışdır. Həmin rəydən isə görünür ki, iddiaçı müəssisənin 2015-2018-ci illərdə ziyanla işləmiş, 2019-cu ildə onun 01.01.2019- 31.05.2019-cu tarixləri əhatə edən 5 ay ərzində 1.309.032,00 manat məbləğində mənfəəti ollmuşdur. Məhkəmə kollegiyası ekspertin gəldiyi həmin nəticəyə inandırıcı yanaşır. Çünki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyətini əks etdirən bütün sənədlər toplusu ekspert tədiqatına təqdim olunmuş və həmin sənədlər ekspert tərəfindən ətraflı araşdırılmış və əldə olunmuş göstəricilərə uyğun olan nəticəyə gəlinmişdir. Bu baxımdan məhkəmə kollegiyası ekspertin gəldiyi nəticə göstəricilərini sübut əhəmiyyətli məlumatlar kimi qəbul edir. Belə olan halda isə, yoxlanılan (15.01.2015-31.05.2019) dövrün 01.01.2019- 31.05.2019 zaman çərçivəsini əhatə edən dövrdə iddiaçının - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli, 178 saylı Qərar ilə təsdiq olunmuş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 4-cü bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 14.01.2015ci il tarixli 2 nömrəli Qərarına zidd olaraq, qanunsuz artımlarla əldə etdiyi mənfəət 9.192.570,51 manat 1.309.032,00 manat təşkil etmiş olur. Buradan göründüyü kimi, cavabdehin 7.883.538,51 (9.192.570,51-1.309.032,00) manat məbəlğində mənfəətin büdcəyə ödənilməli olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Qeyd ounanlar onu deməyə əsas verir ki, cavabdeh mübahisələndirən qərarı və göstərişi qəbul edərkən “Antinhisar fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsinə əsaslansa da, qəbul etdiyi həmin qərar və göstəriş faktiki olaraq sözügedən normanın tələbinə uyğun gəlmir. Belə olan halda, cavabdehin mübahisəlndirilən aktları - 7.883.538,51 manat gəlirin dövlət büdcəsinə ödənilməli olduğu hissələrində əsassızdır və həmin hissələrində cavabdehin qanunla qorunan hüquqlarını pozur. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının qeyd olunan tələbləri nəzərə alınmamış, İPM-in 12.1-ci maddəsinin tələbi qaydasında işin bütün faktiki halları hərtərəfli araşdırılmamış, iddianın rədd olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan, mahiyyəti üzrə səhv nəticəyə gəlinmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Nazirlər Kabinetinin 16.09.2019-cu il tarixli 410 saylı qərarı ilə Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında 4-cü (“Maye qaz” topdansatışı) bəndi ləğv edildiyini əsas tuturaq, həmin normativ hüquqi akt onun hüquqi vəziyyətini yaxşılaşdırdığına, hüquqi məsuliyyətini aradan qaldırdığına və vəziyyətini yüngülləşdirdiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən ona münasibətdə geriyə tətbiq edilməli olmasını vurğulayan dəlilləri ilə razılaşmır. Çünki, cavabdehin mübahisələndirilən inzibati aktları 2019-cu ilin 2019-cu ilin 12 və 16 iyul tarixlərində qəbul olunarkən, Nazirlər Kabinetinin sözügedən 16.09.2019-cu il tarixli 410 saylı qərarı hələ mövcud olmamışdır. Geriyə tətbiq olunma o halda mümkün olardı ki, yoxlama, Nazirlər Kabinetinin həmin qərarı qəbul edilənədək olan dövrü əhatə etsin, nəticələrinə dair qərar və göstəriş isə Nazirlər Kabinetinin 16.09.2019-cu il tarixli 410 saylı qərarı qəbul edilib qüvvəyə mindikdən sonra qəbul edilmiş olsun. Konkret halda isə belə hal baş verməmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2021 saylı 21.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 12.07.2019-cu il tarixli qərarı və 16.07.2019-cu il tarixli Göstərişi - 7.883.538,51 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi ilə bağlı hissələrində ləğv edilməli, qalan hissələrdə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı “X7" QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2021 saylı 21.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 12.07.2019-cu il tarixli qərarı və 16.07.2019-cu il tarixli Göstərişi - 7.883.538,51 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi ilə bağlı hissələrində ləğv edilsin. Qalan hissələrdə iddia təmin edilməsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar