Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-254/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 1998-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Müdafiə İdarəsi sıralarında daxili xidmət baş çavuşu rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur.
2. 2005-ci ilin dekabr ayından Fövqəladə Hallar Nazirliyi tabeliyində Yanğından Müdafiə İdarəsində hərbi xidmətini davam etdirmişdir.
3. 2009-cu il tarixində işdə (yanğın zamanı) boynundan travma alaraq xəsarət alıb.
4. FHN-nin xx.xx.2012-ci il tarixli, 057 JNb-li əmri ilə xəstəliyi səbəbilə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU-nun Nevrologiya və X7 tərəfindən verilən 03 aprel 2012-ci il tarixli Arayışa əsasən, iddiaçı ambulator müayinə üçün müraciət etmişdir. Özünü 2006-cı ildən xəstə hesab edir. Xəstə 3 dəfə stasionar müalicə qəbul edib. Xəstənin şikayətləri: boyun nahiyəsində başlayıb sol qola və başa irradiasiya edən ağrılardan, bel ağrılarındandır. Obyektiv olaraq: AT 160/110 mm.c.st. Ürək tonları aydındır. Nevroloji status: kəllə sinirləri dəyişiksizdir. Vətər və sümük üstü reflekslər yuxarı ətraflarda canlıdır, diz refleksləri yüksəlib D=S. Paravertebral nöqtələr boyun və bel nahiyyəsində ağrılıdır. Boyun əzələlərinin defansı və başın antalqik olaraq sağa deviasiyası qeyd edilir. Neri, Laseq simptomları zəif müsbətdir. Emosional və vasomotor labildir. MRT müayinəsi: C4-C5 diskdə onurğa beyinin və sol C5 sinir kökcüyünün sıxan 6 mm. ölçüdə sol arxalateral yırtığ. C6-C7 diskdə anterior subaraxnoid sahəni sıxan qabarma. L4-L5 diskdə dural kisəni sıxan 3mm ölçüdə arxa mərkəzi protruziya .L5-S1 diskdə anterior epidural sahəni sıxan 2 mm ölçüdə arxa mərkəzi protruziya. Diaqnoz: Boyun və bel fəqərələrinin osteoxondrozu. Sol tərəfli vertebrogen servikokraniobraxiaİgiya, əzələ-tonik dəyişikliklər və kəskin ağrı sindromu ilə. Vertebrogen bel-oma radikulopatiyası.
6. İddiaçı xx.xx.2012-ci il tarixdən Bakı şəhər 7 nömrəli Şəhər Poliklinikasında qeydiyyadadır.
7. 10 may 2012-ci il tarixli Xəstəlik haqqında 22 № li Şəhadətamməyə əsasən «29» mart 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin 236 №-li göndərişə əsasən Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Soyadı, adı, atasının adı İddiaçı oglu, 1972-ci il təvəllüdlü, Ali təhsilli, Fövqəladə Hallar Nazirliyində 1998-ci ildən xidmət edib. Rütbəsi d/x bas çavuşu. Vəzifəsi və xidmət etdiyi qurum DYMX Xətai YMH sürücü. Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) sm. Xəstəliyin anamnezi Şəhadətləndirilənin dediklərinə və təqdim olunan sənədlərə əsasən 2006-ci ildən xəstə hesab edir. Səbəbini ağır fiziki işlə əlaqələndirir. Şikayətləri: Boyun nahiyəsində və sol qola yayılan ağrılardan, hərəkət məhdudluğundan, Qan təyziqin yüksəlməsindən sol qolda və sol ayaqda keyimədən, başgicəllənmədən. Müayinə və müalicə olduğu idarələr: 09.2011-xx.xx.2011 -ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi. A.Heydərov adına Respublika Hospitalında “Sol tərəfli vertebrogen servikokraniotorakalgiya, kəskin ağrı sindromu ilə. Vertebrogen lümboişalgiya. Boyun fəqərələrinin Cıv-Cv disklərin 6 mm ölçüdə sol arxalateral. Lıv-Lv fəqərəarası diskin protruziyası (3mm). Lv-Sı diskin protruziyası (2mm).” diaqnozu ilə müalicə almışdır. 02.2012-xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi A.Heydərov adına Respublika Hospitalında “Boyun fəqərələrinin osteoxondrozu. Cıv- Cv fəqərəarası yırtığı (4mm). Cıv fəqərə səviyyəsində miyelomalaziya sahəsi (medulla spinasdə 2,5x6mm). Asteno-nevrotik vəziyyət. Sol tərəfli vertebrogen servikobraxialgiya, kəskin ağrı sindromu ilə” diaqnozu ilə müalicə almışdır. 2012-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU-nun Nevrologiya və X7nın müdiri Ə.E.X., professor Ş.İ. Mahalov tərəfindən müayinə edilmişdir: Diaqnoz: “...aşağı ətraflarda D fəqərəarası disklərin protruziyası. Vetebrogen mielopatiya”. Xəstəliklər hərbi dövrdə alınmışdır. XHEK-nın xidmətə yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 66 maddəsinin İİ qrafasına və ƏTC-ə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və FHN-nin xx.xx.2009-cu il tarixli 057 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilir.
8. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əliliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar, TSEK-in diaqnozu – boyun və bel fəqərələrinin osteoxondrozu sol tərəfli vertebrogen, C5-C4 fəqərə arası diskin yırtığı, L4-L5-S1 fəqərə arası disklərin protruziyası, əlilliyin müəyyən olunma meyarı kimi – ikinci dərəcə əlillik – bel fəqərələrinin osteoxondrozu göstərilmişdir.
9. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əliliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar, TSEK-in diaqnozu – boyun və bel – oma fəqərələrinin osteoxondrozu, C4-C5 diskin yırtığı, Radikulopatiya, sol C5 kökcüyünün neyropatiyası, davamlı ağrı sindromu ilə, davamlı serviko-kraniobroxialgiyia, sol tərəfli işalgiya, servikalgiya, vertebrogen mənşəli mielopatiya, hərəkətin və yeriyişin pozulmaları, aşağı ətrafların hərəki və hissi pozulmaları göstərilmişdir.
10. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli qərarı ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əliliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar, TSEK-in diaqnozu – boyun və bel – oma fəqərələrinin osteoxondrozu, C4-C5 diskin yırtığı, Radikulopatiya, sol C5 kökcüyünün neyropatiyası, davamlı ağrı sindromu ilə, davamlı serviko-kraniobroxialgiyia, sol tərəfli işalgiya, servikalgiya, vertebrogen mənşəli mielopatiya, hərəkətin və yeriyişin pozulmaları, aşağı ətrafların hərəki və hissi pozulmaları göstərilmişdir.
11. 17.05.2021-ci il tarixli “Hayat clinic medical center”da olan müayinədən görünür ki, onurğanın boyun nahiyəsinin lordozu düzlənib. Boyun nahiyəsində fəqərələrin kobud deformasiyası qeyd edilmir. Onurğanın boyun hissəsində vertebral kanalın stenozu izlənilmir. Onurğa beyninin trayektoriyası və forması anatomik normaya uyğundur. C4 səviyyədə onurğa beyində ölçüləri 2x5 mm-ə qədər T2 hiperintens ocaq aşkar olunur. Subaraxnoidal boşluqların həcmi norma hüdudlarındadır. İntervertebral disklər C3-C4 intervertebral məsafənin hündürlüyü azalıb, disk tam həcmdə differensiasiya olunmur. Disklərin T2 MR siqnalında azalma aşkar olunur. C6-C7, Th1-Th2 disklərin arxa protruziyaları (2 mm) təyin edilir. Dural kisənin ventral səthinin kompressiyası, lateral nevral dəliklərin daralması mövcuddur. Paravertebral yumşaq toxumalarda patologiya aşkarlanmır. Nəticə: Boyun lordozun düzlənməsi. C3-C4 səviyyədə block vertebra əlamətləri. C4 səviyyədə onurğa beyində ölçüləri 2x5 mm-ə qədər T2 hiperintens ocaq (mielopatiya güman olunur). C6-C7, Th1-Th2 disklərin arxa protruziyaları.
12. İddiaçı növbəti dəfə ona əlillik təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında 017003AAEH2 nömrəli göndəriş əsasında müayinə olunmuş, lakin həmin tarixli qərarla ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.
13. İmtinaya səbəb kimi, əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir.
14. xx.xx.2021-ci il tarixli TSEK müayinəsindən görünür ki, 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 Dorsopatiyalar => M50- M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Diskogen boyun, bel-oma radikulopatiyası. C6-C7,Th1-Th2,L4- L5,L5-S1 fəqərəarası disklərin protruziyası.Yuxarı ətrafların diplegiyası, Yuxarı ətrafların paraparezi (əzələ gücü solda 3,sağda 4 bal).Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı mielopatiya, Vertebrogen mənşəli mielopatiya. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və Sol C6 kökcüyünün radikulopatiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun pensiya hüququnun pozulması ilə bağlı qəbul edilmiş inzibati aktın ləğv olunması və əlilliyə görə pensiya hüququnun bərpa olunmasına, pensiya hüququnun kəsildiyi andan bu günədək hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Tələb onunla əsaslandırılmışdır ki, işdə aldığı xəsarətin müalicəsinə dair həmin illər DİN-nin A.Heydərov adına Respublika Hospitalına yönəldilərək orada müalicə alıb. Bundan başqa, tez-tez baş gicəllənmə, boyun və qollarda keyimə, ən əsasda güclü təzyiq problemləri ilə qarşılaşır. boyun və bel - oma fəqərələrinin osteoxondrozu. C4- C5 diskin yırtığı, Radikulopatiya, sol C5 kökcüyünün neyropatiyası, davamlı ağrı sindromu ilə davamlı serviko-kranio-broxialgiya, sol tərəfi işalgiya, servikalgiya, vertebrogen mənşəli mielopatiya, hərəkətin və yerişin pozulmaları, aşağı ətrafların hərəki və hissi pozulmaları diaqnozu ilə 2012-cı il tarixdən İİ dərəcəli əlildir. Uzun illərdir müalicəsini müxtəlif klinikalarda davam etdirir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur.
17. İddiaçı məhkəməyə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasını, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə təmin edilmişdir.
19. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
21. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik təyin olunmalıdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minən tarixdən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Ona görə də, məhkəmə prosessual qənaət prinsipi baxımından iddiaçının əlilliyin 187 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlara əsasən qiymət verilməsini məqsədəuyğun hesab edir.
25. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla onunla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının xəstəliyinin müayinə olunmadan rəyin verilməsinə, həmin xəstəliyin müalicə və sağlamlığının bərpa olunmasına ümüdin olub-olmamasına münasibət bildirilməmişdir.Odur ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.Belə ki, məhkəmə iddianı təmin edərək cavabdehin üzərinə öhdəlik qoysa da iddiaçının sağlamlığının neçə faiz pozulmasını müəyyən etməmişdir.Yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması üçün iddiaçının təkrar əyani müayinəsininn keçirilməsi üçün müvafiq qərardad qəbul edilməsi xahiş olunmuşdur.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
e) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
29. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, evində yanğın olduğundan hərbi Qərar/Şəhadətnamə/X10-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasına təqdim etməmişdir. Həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində Hərbi Şəhadətnamə/Qərar aşkarlanmamışdır.Bunun üçün vaxt verilməsini xahiş etsə də Komissiya müayinənin vaxtını təxirə salmamışdır.
Tətbiq edilən hüquq
30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
39. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iiddianın qismən təmin olunması ilə bağlı yeni qərar qəbul edilməlidir.
40. İşin faktiki hallarından görünür ki, İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixli qərarı ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2016-ci il tarixli qərarı ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
41. İddiaçı növbəti dəfə ona əlillik təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında 017003AAEH2 nömrəli göndəriş əsasında müayinə olunmuş, lakin həmin tarixli qərarla ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.
42. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı qoyulan diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Vətəndaş İddiaçı adına olan (Forma N2O88) arayışlarda sözügedən xəstəliklərin xx.xx.2011-ci il tarixdə başlanması qeyd edilmişdir və xəstəlik xroniki olduğundan tam müalicəsi yoxdur, lakin kəskinləşdikdə müvafiq ixtisas sahəsi üzrə həkinm nevroloq, neyrocərrahda müalicə oluna bilər.
43. Məhkəməyə təqdim edilmiş T 291/2022 saylı ekspert rəyindən göründüyü kimi, məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulan suallara təkcə məhkəmə-tibbi ekspertləri tərəfindən deyil, həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və X3 sosial eksperti tərəfindən də qiymət verilmişdir.
44. Bu səbəbdən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir.
45. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 7 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş 0170003AAEH2 saylı Forma 088-də qeyd edilən diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. İddiaçı olan xəstəliklərin tam müalicəsi yoxdur, qeyd edilən xəstəliklərlə əlaqədar zərurət yaranarkən reablitasiya və idman bərpa müalicələrinə cəlb edilə bilər. Qərardadda ekspertiza qarşısında qoyulmuş 5 və 6-cı suallar əlilliklə əlaqədar olduqlarından onların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir.
46. İddiaçının məhkəməyə təqdim etdiyi Tibbi Ərazi Bölmələrinin idarəetmə X2 Xəstəxanası PHŞ Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək ambulator müalicədə olmuş və onda əsas xsətəlik - total osteoxondroz, polidiskoz, Th1-Th2, Th3Th4 fəqərələr arası disklərin yırtığı, C3-C4 fəqərələrin postravmatik total birləşməsi (blok vertebra), həmin diaqnozun XBT-10 üzrə kodu – M42., əsas xəstəliyin ağırlaşması – C4C5, L4-L5, L5- S1, fəqərələrarası diskləri protruziyası, Radikulopatiya, davamlı ağrı sindromu, Neyropatiya, yeriyişin çətinləşməsi – həmin diaqnozun XBT-10 kodu – M51,8, M54.1, R26, G55, G60 göstərilmişdir.
47. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2012-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir.
48. Həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının xəstəliklərin tam müalicəsinin olmaması göstərilmişdir.
49. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara istinad edərək hazırkı iddia tələbinin təmin edilməsi ilə bağl nəticəyə gəlsə də mövqeyini əsaslandırmamışdır.
50. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, göründüyü kimi, iddiaçıya sonuncu xx.xx.2021-ci il tarixli göndəriş əsasında cavabdehin iddiaçıya əlillik təyin edilməsindən imtinasının səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası olmuşdur.
51. Belə halda məhkəmənin vəzifəsi iddiaçıda mövcud olmuş yox, mövcud olan xəsarət və xəstəliklərin cavabdehin imtina qərarında göstərildiyi kimi əlillik əlaməti təyin edibetməməsini araşdırmaqdır.
52. Belə araşdırma ilə birinci instansiya məhkəməsi konkret nəticəyə gələ bilməməsinə baxmayaraq iddia təmin olunmuşdur.O da qeyd edilməlidir ki, iddia təmin olunsa da iddiaçıya neçənci dərəcə əlillik təyin olunması barədə məhkəmə mövqe bildirməmiş, beləliklə, iddiaçıya neçənci dərəcə əlillik təyin olunması öhdəliyi qoyulması da, yəni məhkəmənin gəldiyi nəticə də qeyri-müəyyən olmuşdur.
53. Apellyasiya baxışı zamanı iddiaçıda mövcud olan xəsarət və xəstəliklərin əlillik əlaməti təyin edib-etməməsini araşdırmaq məqsədi ilə, həmçinin, iddiaçı apellyasiya baxışı zamanı onun ətraflı canlı müayinə olunmaması ilə bağlı dəlillər gətirdiyini nəzərə alaraq məhkəmə Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadı ilə (İİQ-nin 52.1-ci və İPM-in 67.1-ci maddəsinə uyğun olaraq aralıq qərardad) iddiaçının canlı müayinə olunaraq bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması, habelə müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 35 gün müddət təyin etmişdir.
54. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-19720/2023 Salı, 19 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “..Vətəndaş məhkəmə qərardadına əsasən 3-17-4/1-41897/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı hərbi Qərar/Şəhadətnamə/Akt təqdim etməmişdir. Həmçinin “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində Hərbi Şəhadətnamə/Qərar aşkarlanmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol ətraflarında keyimə, yüksək arterial təzyiq, başgicəllənmə, boynunda hərəkət məhdudluğu və ağrıdan şikayətlənmişdir. Anamnestik məlumatlarında onurğa sütununda narahatlıq olmasına görə təxris olunduğunu söyləmiş, evində yanğın olduğunu qeyd edərək ekspertiza üçün əhəmiyyətli sənədləri (Hərbi qərar, şəhadətnamə, ixtisaslaşmış tibb müəssisələrindən instrumental müayinə və müalicə) təqdim etməmişdir. Nevroloji statusda yuxarı və aşağı ətraflarda əzələ tonusu norma daxilində olmuş, refieksiər canlı və bərabər çağrılmış D=S, əzələ gücü 5/5 bal qiymətləndirilmiş, əzölələr simmetrik, atrofiya, hipotrofiya, parez izlənilməmişdir. Vətəndaşın aktiv sürücülük vəsiqəsi və direktor müavini vəzifəsində əmək müqaviləsinin olması məlum olmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
55. Beləliklə, iddiaçının tələbinin təmin olunması üçün əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər müəyyən edilməmişdir.
56. Həmçinin, göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2012-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir.
57. Beləliklə, iddiaçıda mövcud olan xəstəlik və xəsarət, eyni zamanda baş veribsə ağırlaşma halları bu sahədə mövcud olan qanunvericiliyin tələbinə və meyarlara əsasən (bu qərarın 30-33-cü bəndləri) iddiaçıya əlillik təyin olunmasına əsas verməlidir.
58. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.
59. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmənin Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-19720/2023 Salı, 19 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı hərbi Qərar/Şəhadətnamə/Akt təqdim etməmişdir. Həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində Hərbi Şəhadətnamə/Qərar aşkarlanmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol ətraflarında keyimə, yüksək arterial təzyiq, başgicəllənmə, boynunda hərəkət məhdudluğu və ağrıdan şikayətlənmişdir. Anamnestik məlumatlarında onurğa sütununda narahatlıq olmasına görə təxris olunduğunu söyləmiş, evində yanğın olduğunu qeyd edərək ekspertiza üçün əhəmiyyətli sənədləri (Hərbi qərar, şəhadətnamə, ixtisaslaşmış tibb müəssisələrindən instrumental müayinə və müalicə) təqdim etməmişdir.
60. İddiaçı özü də məhkəmə Kollegiyasının iclasında bildirmişdir ki, evində yanğın olduğundan hərbi Qərar/Şəhadətnamə/X10-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasına təqdim etməmişdir. Həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində Hərbi Şəhadətnamə/Qərar aşkarlanmamışdır.Bunun üçün vaxt verilməsini xahiş etsə də Komissiya müayinənin vaxtını təxirə salmamışdır.
61. İddiaçı apellyasiya baxışı zamanı həmin səndləri məhkəməyə təqdim etmişdir.
62. Beləliklə, hazırkı iş üzrə aparılan məhkəmə araşdırması nəticəsində iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun müayinənin aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır.
63. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir.
64. Beləliklə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 73.2.-ci, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının tələbi əsasında iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.