Məhkəmə qərarları › İş №2-1(103)-2540/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2540/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2540/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin: - 22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında”; - 05 oktyabr 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında”; - 04 noyabr 2021-ci il tarixli **********9 saylı “pul tələbinin icraya yönəldilməsi haqqında” - qərarlarının ləğv edilməsi və - 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə - qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia - cavabdehin 22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarının ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri hissələrində mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadı ləğv edib, iddianın həmin hissədə də mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,”..məhkəmə öz qərardadında “22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarının ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aid olması barədə qənaətə gəlməkdə səhvə yol vermiş, onun iddia tələbinim “22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarının ləğv edilməsi” hissəsində mübahisələndirmə haqqında iddia icraatı qaydasında baxılmalı olmasına diqqət yetirməmişdir. İPM-in 32.2.1-ci maddəsinin tələbindən də görünür ki, “22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Bundan əlavə onun “24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində öhdəliyin icrası qaydasında baxılmalı olsa da, həmin tələblər bir iddiada baxılmalı olduğuna görə o, həmin tələbləri bir iddiada birləşdirməklə məhkəməyə verməkdə haqlıdır. Belə ki, bir qərarla onun pensiyam dayandırılmışdırsa, həmin qərarın ləğv edilməsi pensiyasıın bərpa edilməsi demək deyildir. O, bunun üçün həmin tələblə ilkin olaraq cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətinəə yazılı heç bir cavab verməmiş və bu da artıq ona həmin tələblə cavabdehə qarşı iddia irəli sürmək hüququ vermişdir. Beləliklə də məhkəmə iddianı həmin hissədə iddianı mümkün olmayan hesab etməkdə haqlı olmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi V.Əhmədov isə onunla razılaşmamış, apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iddia yoxlanılan hissədə mümkün sayılmalı və iş baxılması üçün göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının iddia tələblərini hissəyə bölərək cavabdehin : - 05 oktyabr 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” və 04 noyabr 2021-ci il tarixli **********9 saylı “pul tələbinin icraya yönəldilməsi haqqında” - qərarların ləğv edilməsi hissəsində, iddianı mübahisələndirmə haqında iddia növünə; - 22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi hissəsində isə - iddianı öhdəliyin icrası haqqında iddia növünə aid etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi tamamilə yanlışdır. Belə ki, cavabdehin qərarlarının qəbul edildiyi tarixləri baxımından xronoloji ardıcıllıqla tədqiq olunduqda müəyyən olunur ki, ilk öncə cavabdeh tərəfindən iddiaçıya artıq pul ödənildiyini müəyyən edərək 22 aprel 2021-ci il tarixli qərar qəbul olunaraq onun əmək pensiyası dayandırılmış, bundan sonra ona artıq ödənilmiş pulun tutulması üçün 05 oktyabr 2021-ci il tarixli qərar qəbul olunmuş, daha sonra isə həmin pul tələbinin icraya yönəldiliməsi haqqında 04 noyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdehin hər üç qərarı bir məsələdən qaynaqalanan və birbirindən doğan və bir-biri ilə sıx əlaqəli olan məsələləri ehtiva edən inzibati aktlardır. İddiaçı da məhz, bir-biri əlaqəli olan həmin qərarların ləğv tələbinə dair, onları qəbul etmiş eyni cavabdehə qarşı mübahisələndirmə haqqında məhkəmədə iddia qaldırmış, eyni zamanda, həmin iddia ərizəsində də əlavə oluraq, onun nəticələrinin aradan qaldırılması yəni, dayandırılmış əmək pensiyasının bərpa edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsi də məhz onu nəzərədə tutur ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 37-ci maddəsinin tələbinə görə isə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllnin 46.23-cü maddəsinin tələbindən isə görünür ki, iddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri (ərizələri) göstərilə bilər. Həmin Məcəllənin 70.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Lakin birinci instansiya məhkəməsi tərəfindən Məcəllənin qeyd olunan tələbləri nəzərə alınmamış, işin qeyd oluan halları baxımından, iddiaçının dörd tələbi ümumilikdə, mübahisələndirmə haqqında iddia növü kimi qiymətləndirilməli olduğu halda, mübahisələndirilən məsələnin əsasını təşkil edən və iddiaçının əsas məqsədini özündə əks etdirən tələbləri hisəssində, iddia əsassız olaraq mümkün sayılmamışdır. Beləliklə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və cavabdehin 22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarının ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi - hissələrində də iddia mümkün sayılmalı və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia - cavabdehin 22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi hissələrində mümkün sayılsın. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar