Məhkəmə qərarları › İş №2-1(103)-2540/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2540/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2540/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), X6 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 247 saylı, 28 sentyabr 2020-ci il tarixli Əmrindən çıxarışa əsasən, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan və Füzuli rayonlarına (Füzuli hərbi prokurorluğuna) ezam edilmiş, əmr elan və icra olunması üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun aidiyyəti struktur qurumlarına göndərilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 71 saylı arayışına əsasən, 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində xidmət etmiş, ədliyyə polkovnik-leytenantı İddiaçı mənəvi-psixoloji təminatın yerinə yetirilməsində, yəni bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi nizamın möhkəmlənməsi və döyüş ruhunun yüksəldilməsi, döyüş əməliyyatlarında iradə zəifliyi və qorxaqlıq göstərən şəxslərin qanunazidd əməllərinin qarşısının alınmasında, habelə hərbi hissə və bölmələrdə mövcud olan madditexniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etmiş, bu fədakar əməyinə və dəstəyinə görə 22 fevral 2021-ci il tarixdə “Fəxri Fərman”la təltif olunmuşdur.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, N saylı arayışına əsasən, 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikası Hərbi prokrorunun müavini, ədliyyə general-mayoru X9, Azərbaycan Respublikası Hərbi Prokrorluğunun Hərbi Təsisatlarda Təhqiqata Nəzarət və Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, ədliyyə polkovniki X5, Respublika Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi ədliyyə polkovnik-leytenantı İddiaçı, Respublika Hərbi Prokrorluğunun mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru X10 və Füzuli hərbi prokrorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X7 bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonu Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində mövqelənmiş N nömrəli hərbi hissənin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonu Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksədilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə proflaktik tədbirlər görmüşlər.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandiri Mayis Bərxudarov tərəfindən verilmiş “Fəxri Fərman”na əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi” dövründə bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatları aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onların xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında göstərdiyi fədakar əməyinə və dəstəyinə görə ədliyyə polkovnik-leytenantı İddiaçı təltif olunmuşdur.

5. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli 10/236-k saylı əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı İddiaçı prokurorluq orqanlarından xaric edilmişdir.

6. Azərbaycan Respublikasının Hərbi prokuroru X.Vəliyevin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının (İddiaçı daxil olmaqla) 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək həyata keçirilmiş döyüş əməliyyatları zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatın həyata keçirilməsi məqsədilə ezam olunmaları nəzərə alınaraq Azərbaycan Respublikasının “Veteranlar haqqında” 28 iyun 1994-cü il tarixli 841 nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu abzasına əsasən hərbi prokurorluq orqanlar sistemində xidmət edən hərbi qulluqçulara müvafiq komissiyada “Müharibə veteranı” adının verilməsi məsələsinə baxılması üçün sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-9102 saylı imtina məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Ehtiyata buraxılmağınızı əsas gətirərək Baş Prokurorluğun rəyi olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995ci il tarixli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Hərbi Porokurorluq Orqanları sistemində xidmət edən hərbi qulluqçulara Respublika Prokurorluğunda yaradılan komissiyanın rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin rəy olmadığına görə, bu Əsasnamənin tələblərinə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.”

8. Füzuli hərbi prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı “Vətən müharibəsi” zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Respublika Hərbi Prokurorluğu tərəfindən Füzuli və Beyləqan rayonlarına (Füzuli hərbi prokurorluğuna) ezam edilmiş, lakin ezamiyyətdə olduğu müddət ərzində İddiaçı Füzuli hərbi prokurorluğu tərəfindən hər hansı silah təhkim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçının ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12112/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qəradadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək prokurorluq orqanlarında işləmiş, 27 sentyabr 2020-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləyərkən, erməni silahlı birləşmələri tərəfindən mövqelərimizə qarşı genişmiqyaslı hücum əməliyyatlarına başlanılması və digər faktlar üzrə AR CM-nin 100.1, 100.2, 116.0.7, 120.2.7, 120.2.12, 29 120.2.7, 29 120.2.12 və 186.3-cü maddələri ilə başlanılmış 16/D49149 nömrəli cinayət işini icraatına qəbul edib, istintaq qrupunun rəhbəri təyin edilməklə, Füzuli rayonuna ezam edilmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək davam edən “Vətən müharibəsi” zamanı rəhbərliyin müvafiq göstərişlərinə əsasən, bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etmişdir. Həmçinin, müharibə vaxtı aktiv döyüş əməliyyatları aparılan ərazilərə gedərək, X11 və digər şəhidlərin meyitlərinin olduğu yerləri müəyyən edib foto və video çəkiliş aparılmaqla döyüş gedən ərazilərdən çıxarılmasını təmin etmişdir. Eləcə də, qənimət götürülmüş əmlaklara baxış keçirilməsi və aldığı digər tapşırıqlar üzrə bir neçə dəfə Füzuli, Xocavənd, Xocalı, Qubadlı və Cəbrayıl rayonlarının ərazisinə göndərilmişdir. Habelə, rəhbərliyin müvafiq göstərişinə əsasən, 08 noyabr 2023-cü il tarixdən N noyabr 2020-ci il tarixə keçən gecə saat 05 radələrində Şuşa şəhərindəki düşmən hərbi qulluqçularının meyitinə baxış keçirmək üçün gedərkən, Çanaqçı, Sığnaq və Daşaltı kəndlərindən keçən zaman düşmən tərəfindən atılmış ağır artilleriya silahlarından atəşə tutulmuşdur. N noyabr 2020-ci il tarixdə günorta saatlarında artıq Daşaltı kəndində olarkən, düşmən qüvvələri tərəfindən ağır artilleriya silahlarından atılmış atəşlər nəticəsində kəndin giriş və çıxış yolları vurularaq yararsız hala düşdüyü üçün 10 noyabr 2020-ci il tarixdə gecə saat 02 radələrində atəşkəs elan olunanadək, yəni təqribən səkkiz saat müddətində atəş altında qalmışdır. Daha sonra Şuşa şəhərinə çataraq, orada çox sayda erməni hərbi qulluqçunun meyitinə video və foto çəkiliş aparılmaqla baxış keçirmiş, ümumən iki mindən artıq şəhidin və iki yüzdən artıq erməni hərbi qulluqusunun meyitinə baxış keçirilməsi, həmçinin məhkəmə-genetik ekspertizalarının təyin edilməsi və tanınmaya təqdim edilmə istintaq hərəkətlərinin keçirilməsini şəxsən təmin etmişdir. Müharibədən sonrakı altı ay ərzində tərəfindən zəruri istintaq hərəkətləri aparılmaqla itkin hesab olunan hərbi qulluqçuların şəhid olduqları yerlər müəyyən edilmiş, işğaldan azad edilmiş ərazilərdə, habelə minalanmış sahələrdə və düşmənin nəzarətində olan ərazilərdə baxış keçirərək çox sayda itkin hesab olunan hərbi qulluqçunun meyitlərinin tapılmasını təmin etmişdir. Qeyd etdikləri ilə bağlı bütün sənədlər, o cümlədən protokollar, foto və video çəkilişlər cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin, Prokurorluq, Polis, DTX, SHXÇÜDX, Müdafiə Nazirliyi, Füzuli və Beyləqan rayon icra hakimiyyətləri və digər müvafiq qurumlardan ezam edilmiş nümayəndələr, eləcə də məhkəmə-tibb ekspertləri və könüllü işləyən mülki şəxslər bu hallara birbaşa şahid olmuşlar. Habelə, ordu rəhbərliyi tərəfindən bu fəaliyyətlərinə görə ona fəxri fərmanlar verilmiş və Baş Prokurorluğun muzeyində müharibədə iştirak etmiş prokurorluq əməkdaşlarının siyahısı olan lövhədə fotoşəkili yerləşdirilmişdir. Müharibədən sonra, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən ayrı-ayrı tarixlərdə, bir neçə dəfə ona “Müharibə veteranı” adının verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunsa da, həmin müraciətlərə baxılmamış, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. 10 may 2023-cü il tarixdə o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət edərək, “Müharibə veteranı” adının verilməsini xahiş etmişdir. Baş Prokurorluğun Kadrlar idarəsindən 04 iyul 2023-cü il tarixdə təqdim olunmuş 25 iyun 2023-cü il tarixli, 2-2-10/4/3797/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, “Veteranlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 7-ci maddəsinə və Nazirlər Kabinetinin 216 saylı, xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmadığı üçün müraciətinin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Məktubu 04 iyul 2023-cü il tarixdə qəbul etməyi barədə Baş Prokurorluqda saxlanılan nüsxədə qeydiyyat aparılmış və cavabdeh təşkilat təqdim etdiyi məktubda öz qərarını əsaslandırmamışdır. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona “Müharibə veteranı” adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, Veteranlıq haqqında Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmçinin, cavabdeh təşkilatın məktubunda qeyd olunmuş qanun və əsasnamədə ona “Müharibə veteranı” adının verilməsinin uyğun olmamasına dair heç bir tələb və ya müddəa yoxdur. Belə ki, “Veteranlıq haqqında” Qanunun 5-ci maddəsində “əmək veteranları”, 7-ci maddəsində isə “veteran adlarının və vəsiqələrinin verilməsi prosesi göstərilməklə, onun müraciətində qeyd etdiyi halları, yəni 2-ci “Vətən müharibəsi”ndə iştirakı ilə bağlı müharibə veteranı adının verilməsini əks etdirmir. Həmçinin, Nazirlər Kabinetinin 216 saylı, xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə belə ona müharibə veteranı adının verilməsinin uyğun olmamasına dair tələblər yoxdur. Əksinə həmin əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altında olmuş ərazilərdə hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilmiş şəxslərə ezamiyyət vəsiqələri, əmrdən çıxarışlar və başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Onun müharibədə iştirak etməsi ezamiyyət vəsiqəsi, ordu rəhbərliyi tərəfindən verilmiş “Fəxri Fərman”, Baş Prokurorluğun muzeyinə müharibə iştirakçısı olmasına dair fotoşəkilinin yerləşdirilməsi, eləcə də, foto və video çəkilişlər, habelə istintaq qrupunun rəhbəri olduğu 16/D-49149 saylı cinayət işi üzrə aktiv döyüş əməliyyatları gedən ərazilərdə aparılmış istintaq hərəkətlərinə dair çox sayda protokollar və rəsmi sənədlərlə tam təsdiq edilir. Habelə, göstərdiyi faktları təsdiq edən çox sayda şahidlər vardır. Qeyd olunan sübutlarla onun müharibədə iştirakı tam təsdiq edilmiş və qanunvericiliyin tələbinə əsasən, ona “Müharibə veteranı” adının verilməsi uyğun olduğu halda, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyası heç bir səbəb və əsas olmadan “Müharibə veteranı” adının verilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, ona “Müharibə veteranı” adı verilməlidir.

12. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Normanın mahiyyətindən göründüyü kimi bu kateqoriyadan olan şəxslərə “Müharibə veteranı” statusunun verilməsi məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun iddiaçıya ünvanladığı 25 iyun 2023-cü il tarixli 2-210/4/3-797/2023 nömrəli məktubda iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün rəy verilməsi barədə müraciətinə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının 24 iyun 2023-cü il tarixli iclasında baxıldığı, “Veteranlar haqqında” Azərbaycan Respublikasın Qanununun 5-ci və 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olmadığı üçün iddiaçının müraciətinin təmin edilməsinin məqəsədəmüvafiq olmadığı bildrilmişdir. Komissiyanın 03 oktyabr 2023-cü il tarixli qərarında iddiaçının ehtiyata buraxılması əsas gətirilərək Baş Prokurorluğun rəyi olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli qərarı ilə Prokurorluq orqanlarında xidmət edən hərbi qulluqçulara status Respublika Prokurorluğunda yaradılan komissiyanın rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyindən, həmin rəy olmadığından iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarına əsasən, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1719/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona “Müharibə veteranı” adının verilməsi üçün Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixli, HP01/204 saylı məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət olunmuş, lakin bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. 18 aprel 2023-cü il tarixdə prokurorluq orqanlarından xaric olunduqdan sonra dəfələrlə Baş Prokurorluğa ərizə ilə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsi üçün müvafiq rəy verilməsini xahiş etmiş, lakin Baş Prokurorluğun Kadrlar idarəsindən təqdim olunmuş cavab məktublarında göstərilmişdir ki, müraciətinin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmiş, həmçinin hazırda prokurorluq orqanlarında xidmət etmədiyi üçün müvafiq əsasnamənin tələbinə əsasən bununla bağlı onun barəsində rəy vermək səlahiyyətləri yoxdur. Cavabdeh Müdafiə Nazirliyi isə müharibə dövründə mənəvi-psixoloji təminatın yerinə yetirməyi üzrə ona “Müharibə veteranı” adının verilməsini məqsədəuyğun hesab etsə də, prokurorluq orqanından müvafiq rəy təqdim olunmadığı üçün ona “Müharibə veteranı” adının verilməsindən imtina etmişdir. Eləcə də, məhkəmə müvafiq qərarında prokurorluq orqanı tərəfindən rəy verilməsinə zərurət olmadığını qeyd etmiş, lakin iddianı təmin etməyərək, öz qərarını bununla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi səlahiyyətlərinin icrası ilə bağlı Füzuli rayonuna ezam edilsə də, o, birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etməsi və s. o anlama gəlmir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Belə ki, yuxarıda qeyd edilən Əsasnaməyə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilmir. İddiaçı yalnız vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün ezam edilmişdir. Beləliklə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 10 və 11-ci bəndlərində nəzərdə tutulan (döyüş əməliyyatlarının bütün təminat növləri) meyarlara uyğun olmadığına görə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməlidir. Birinci istansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci istansiya məhkəməsi onun bilavasitə döyüş əməliyyatlarında iştirak etməməsini və bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməməsini əsas gətirərək iddia tələbini təmin etməmiş, həmçinin öz qərarında qeyd etmişdir ki, döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilmir. Qeyd edir ki, ezamiyyət vərəqəsində onun hansı fəaliyyəti yerinə yetirməsi ilə bağlı məlumat qeyd olunmamış, eləcə də iş materiallarında onun məhz istintaqla bağlı ezam olunmasına dair hər hansı dəlil mövcud olmadığı halda, məhkəmə əsassız olaraq, onun ezam olunmasını istintaq işinə aid edərək, aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatı yetirməyini təkzib etmişdir. Həmçinin məhkəmə öz qərarında onun yalnız Füzuli rayonuna 02 oktyabr 2020-ci il tarixədək ezam edilməsini qeyd etsə də, iş materiallarına əlavə edilmiş ezamiyyə vərəqəsindən görünür ki, onun təkcə Füzuli rayonuna deyil, eləcə də Füzuli hərbi prokurorluğuna ezam olunması göstərilmiş, habelə ezamiyyət müddətinin 30 noyabr 2020-ci il tarixədək uzadılması qeyd edilmişdir. Həmçinin Respublika Hərbi Prokurorluğundan təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək işğaldan azad edilmiş Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsinə aid olmuşdur. Bu rəsmi sənədlərdən də aydın olur ki, o, müharibə dövründə Füzuli hərbi prokurorluğuna ezam edilməklə, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarına ezam edilmişdir. Bundan əlavə məhkəmə əsassız olaraq onun bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyatlarında iştirak etmədiyini qeyd etsə də, iddiasının əsası olan onun döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixioloji təminatı yerinə yetirməsini nəzərə almamışdır. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci ilin 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində aşağıdakı fəaliyyəti həyata keçirmiş şəxslərə “Müharibə veteranı” adı verilir: 1) Hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş (döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş) şəxslərə; 2) Həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara; 3) Həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə); 4) Həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə. Hüquq normasının dispozisiyasından aydın olur ki, mövcud qanunvericilik 4 növ kateqoriya şəxslərə “Müharibə veteranı” adı almaq hüququ vermişdir. Yuxarıda qeyd edilən 3-cü kateqoriyalı şəxslərin sırasına aid olmaq üçün həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçuları və hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərini nəzərdə tutur. Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki-təminat və tibbi təminat nəzərdə tutulur. O, Hərbi Prokurorluqda tutduğu vəzifə və hərbi rütbənin olması hərbi qulluqçu olmağı ilə bağlı işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilmiş ezamiyyə vərəqəsi ilə 2020-ci ilin sentyabr ayının 28-dən noyabr ayının 30-dək Füzuli hərbi prokurorluğuna ezam olunması, həmin prokurorluğun nəzarət etdiyi ərazilərdə yerləşən N saylı hərbi hissədən təqdim olunmuş 71, N və N saylı arayışlarda isə onun 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində, 13-16 oktyabr 2020-ci il tarixlərdə, Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndində və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində olması tam təsdiq edilir. Yuxarıda qeyd olunan tarixlərdə və ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirməyi ilə bağlı isə bildirir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin 07 aprel 2014-cü il tarixli 3 saylı qərarının 1-ci maddəsində göstərilmişdir ki, mənəvi-psixoloji təminat-döyüş əməliyyatlarının müvəffəqqiyyətlə hazırlanıb keçirilməsi, düşmənin informasiya psixoloji təsirindən qorunma məqsədi ilə şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılmasında komandirlər, şəxsi heyətlə iş üzrə strukturlar, qərargahlar, digər hərbi idarəetmə orqanları və vəzifəli şəxslər tərəfindən məqsəd və tapşırıqların ardıcıllığına, qüvvə və vasitələrin tətbiqinə görə razılaşdırılmış kompleks tədbirlərdir. Həmin qərarın 3.7-ci maddəsinə əsasən, müharibə dövründə mənəvi-psixoloji təminatın xeyrinə qarşılıqlı əlaqələr komandir və şəxsi heyətlə iş üzrə müavin tərəfindən, qərargahın qoşun növlərinin və xüsusi qoşun və xidməti vəzifəli şəxslərin cəlb olunması ilə birlik qərargahının və idarə heyətinin daxilində tabelikdə olan birləşmələrlə, tabeliyə verilmiş və qarşılıqlı əlaqədə olan hakimiyyət orqanları Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və başqa qurumlarla təşkil olunur. Bu hüquq normasından aydın olur ki, mənəvi-psixioloji təminatın yerinə yetirilməsində Müdafiə Nazirliyi ilə yanaşı digər qurumlar da iştirak edir. Onun iştirak etdiyi aktiv döyüş əməliyyatlarının aparıldığı Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsində olan ərazilərdə yerləşən İİ Ordu korpusunun (N saylı hərbi hissə) rəhbəri general-leytenant Mayis Bərxudarovun və həmin əraziyə ezam edilmiş prokurorluq əməkdaşlarına rəhbərlik edən Respublika Hərbi prokurorunun müavini ədliyyə generalmayoru Rasim Kazımovun göstərişinə əsasən, “Vətən müharibəsi” dövründə mənəvipsixoloji təminatın xeyrinə qarşılıqlı əlaqələr təşkil olunmuş, verilmiş tapşırığa əsasən, o, mənəvi-psixoloji təminatı yerinə yetirmək üçün müharibə dövründə yuxarıda qeyd etdiyi tarixlərdə aktiv döyüş əməliyyatları gedən ərazilərə ezam edilmişdir. Bu fakt isə Mayis Bərxudarovun xx.xx.2023-cü il tarixli, 71 və N saylı, xx.xx.2023-cü il tarixli N saylı arayışlarında, ona silah təhkim olunmasına dair Füzuli hərbi prokurorluğunun müvafiq kitabından çıxarışda, aktiv döyüş əməliyyatı gedən ərazilərdə olmağını əks etdirən foto və videoçəkilişlərdə aydın əks olunmaqla tam təsdiq olunur. Lakin, işə qərəzli yanaşan birinci istansiya məhkəməsi ona silah təhkim olunması ilə bağlı sənədləri və N saylı hərbi hissədən təqdim edilmiş N saylı arayışı tədqiq etməmiş və öz qərarında bunlara münasibət bildirməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş Füzuli hərbi prokurorluğunun silahın təhvil və təslimi kitabından edilmiş çıxarışdan görünür ki, müharibə vaxtı ona AKM markalı, 793526 nömrəli avtomat silah və hər birində 30 ədəd olmaqla iki ədəd patron darağı təhkim edilmişdir. Həmin silahın və sursatların ona təhkim edilməsi də onun döyüş təminatında iştirak etməsinin bariz nümunəsidir. Bundan əlavə, N saylı hərbi hissənin (İİ Ordu korpusu) komandiri, general-leytenant Mayis Bərxudarovun təqdim etdiyi N saylı arayışda göstərilir ki, həqiqətən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə İddiaçı bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində N saylı hərbi hissənin, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində N saylı hərbi hissənin, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndində N saylı hərbi hissənin bölmələrinin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində N saylı hərbi hissənin təxliyyə qrupunun şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi barədə profilaktik tədbirlər görmüş, şəhid və yaralıların təxliyəsini yerinə yetirmişdir. İş materiallarında olan sübutlardan açıq-aşkar görünür ki, o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində, ədliyyə polkovnik-leytenantı rütbəsində qulluq edərkən, yəni hərbi qulluqçu olaraq, yuxarı rəhbərlik tərəfindən verilmiş tapşırıq üzrə “Vətən müharibəsi” dövründə (2020-ci ilin sentyabr ayının 28-dən noyabr ayının 30-dək) Füzuli Hərbi Prokurorluğuna ezam edilmiş və həmin müddətdə Füzuli Hərbi Prokurorluğunun ərazi yuristiksiyasına N saylı hərbi birləşmənin tabeliyində olan hərbi hissələrin bilavasitə aktiv döyüş əməliyyatları apardığı “Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarının ərazisinə daxil olmuşdur. Habelə, həmin müharibə dövründə (07-9 oktyabr, 13-16 oktyabr və 08-10 noyabr 2020-ci il tarixlərdə) aktiv döyüş əməliyyatları aparılan ərazilərdə (Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində, Cəbrayıl şəhərinin ərazisində, Füzuli rayonunun Yuxar Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndində və Şuşa rayonunun Daşaltı kəndində) döyüş əməliyyatlarının mənəvi-psixioloji təminatını (düşmənin informasiya psixoloji təsirindən qorunma məqsədi ilə şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi, döyüş ruhunun yüksəldilməsi, şəhid və yaralıların təxliyəsi) yerinə yetirmişdir. Qeyd olunan bu hallar isə iş materiallarında olan rəsmi sənədlər, foto və videoçəkilişlər, eləcə də təkzib edilməz digər sübutlarla tam təsdiq olunur. Bütün bunlara baxmayaraq məhkəmə əsassız olaraq vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar döyüş əməliyyatları gedən ərazilərdə iştirakını “Müharibə veteranı” adının verilməsinə maneə kimi qəbul etmişdir. Halbuki, yuxarıda qeyd edilən hüquq normalarında “Müharibə veteranı” adının verilməsinin əsas şərti kimi bilavasitə döyüş əməliyyatları gedən ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə iştirak edilməsi nəzərdə tutulur. Apellyasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 19 Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Veteranlar haqqında Azərbaycan Respublikası Qanunu

20. Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

21. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

22. Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

23. Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

24. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

25. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

26. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:

27. Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu

28. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

29. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.

30. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 31.Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);

32. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

37. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

39. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

40. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası iddianı rədd edən birinci instansiya məhkəməsinin əsaslandırması ilə tam razılaşmasa da, bu hal qərarın ləğv və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası aşağıda qeyd olunan halların iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsas hesab edir.

46. Belə ki, inzibati işdən müəyyən olunur ki, iddiaçı ilkin olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı ona “Müharibə veteranı” adının verilməsi vəzifəsinin həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddiaçının ərizəsinə əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 12112\2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12112\2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

47. Məhkəmə iclasında iddiaçı verdiyi izahatında göstərmişdir ki, hal-hazırda xidmət etmədiyi üçün ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun rəyi tələb olunmadığından cavabdehin imtinası əsassız olmuşdur.

48. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı prokurorluq orqanlarından xaric edildikdən sonra cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbi ilə müraciət etmiş, inzibati orqan müraciəti təmin etməkdən imtina edərək imtinasını Azərbaycan Respublikası Baş Prokurorluğunun rəyinin olmaması ilə əsaslandırmışdır.

49. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, “Müharibə veteranı” adı hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyindən, yuxarıda istinad olunan qaydalara əsasən, xidmət dövrünü bitirən hərbi qulluqçuya “Müharibə veteranı” adının verilməsi hazırkı iş üzrə cavabdehə həvalə edilmədiyindən, rəydə prokurorluğun hərbi qulluqçusunun xidməti dövrünü əhatə edən məlumatlar öz əksini tapmalı olduğu üçün Əsasnamədə “xidmət edən” ifadəsinin felin indiki zamanında işlədilməsi halı cavabdehin belə rəy olmadan “Müharibə veteranı” adının vermək vəzifəsinin olması qənaətinə gəlmək üçün əsas olmadığından, hazırkı icraatda cavabdehə qarşı tələbində israrlı olan iddiaçı ona “Müharibə veteranı” adının verilməsi üçün rəyin verilməməsi halını mübahisələndirmədiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı rəyin verilməsi tələbi ilə bağlı iddiası uğurlu olacağı təqdirdə onun yeni əsaslarla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

51. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar