Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2541/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu və Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i.v.2015, 220) ilə məhkəməyə müraciət edərək, ona cavabdehin “əlilliyin etibarsız hesab edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2017-ci il tarixdən təyin olunmuş əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına əsasən tibbi sənədlərdə iddiaçının 1996-1999-cu illərdə hərbi xidmətdə olduğu dövrdə sağlamlığında qüsurlar yaranmış, tibbi sənədlərə əsasən və keçirilmiş müayinələrdən sonra ona xx.xx.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilərək 5 il ərzində 218,27 manat əmək pensiyası kəsilmiş və həmin pensiyanı 2020-ci ilin avqust ayına qədər almışdır. Lakin DSMF-nin Göyçay rayon filialı xx.xx.2020-ci il tarixdə ona ünvanlandığı məktubda əmək pensiyasının vaxtından əvvəl dayandırıldığını bildirmişdir. Səbəb kimi X5 əlilliyinin etibarsız sayılması və bu barədə Agentlyin DSMF-yə ünvanlandığı məktubu göstərilmişdir.Qeyd edilən məktubla tanış olmaq istəsə də həmin məktubu ona təqdim etməmişlər. Fiziki məhdudiyyətlərə məruz qalması hələ də davam edir. Ayaq barmağının amputasiyası və buna görə də ayağın inkişafdan geri qalması, sol çiyin körpücüyünün daxilə batması və çiyin sümüyünün sınaraq əyri bitməsi, prostatda adanomiya, kəskin sistit və böyrəkdə periodik daş yığılmasına görə sistematik müalicə alır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0276003AAFXV saylı göndərişi əsasında qiymətləndirilmiş və və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.9 - Dəqiqləşdirilməmiş sidik daşları; Diaqnozun mətni: Xroniki kalkulyoz pielonefrit, tez-tez kəskinləşmə ilə, ildə 5-6 dəfə. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Nefrogen hipertoniya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13-N13.9,N14-N14.4,N18-N18...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 2017-2020-ci il illər ərzində aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar “Əlillik” siyasəti şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırılma aparılmış həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərin emalı” və “Sığorta” altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Buna görə də xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Ramin Seyfəddin oğluna təyin edilmiş əlilliyinin etibarsız hesab edilməsi barədə hərəkətləri qanunsuz hesab edilmiş və İddiaçı xx.xx.2017-ci il tarixdə təyin olunmuş əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, iddiaçıya əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş İddiaçı onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, iddiaçı Məcəllənin qeyd olunan tələbi qaydasında, öhdəliyin icrası haqında iddia vasitəsilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 088 formalı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin olunmuş əlilliyin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, “cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır).” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, əlillik təyinatı zamanı iddiaçının müayinəsi onun iştirakı ilə aparıldığı və inzibati araşdırmanın nəticələri üzrə xx.xx.2017-ci il tarixdə müvafiq qiymətləndirmə aparılmaqla TSEK-in qərarı ilə ona əlllik dərəcəsi təyin etdiyi halda, sonradan, əvvəlki praktikasına zidd olaraq cavabdeh inzibati orqan DSMF ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar aşkar edilməsi əsas gətirilərək xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İş materiallarından isə görünür ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin sözügedən tələblərinə riayət olunmamış, qanuni mənafelərinə toxunduğu və iddiaçını cəlb eməklə onun iştirakı ilə barəsində inzibati icraat başlamağa borclu olduğu halda, qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, əlillik təyinatından xeyli müddət keçdikdən sonra onun etimad etdiyi barəsində olan əlillik təyinatı barədə qərarını faktiki hərəkətləri ilə etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuşdur. Ümumiyyətlə, sözügedən Əsasnamənin və “Qayda”nın müddəallarında əlilliyin qiymətləndirilməsi ilə şəxslərə təyin edilmiş əlillik dərəcəsinin etibarız hesab edilməsi nəzərdə tutulmur. Əgər cavabdeh hesab edirdisə ki, iddiaçıya təyin olunan əlillik dərəcəsi qanunsuzdur, belə olan halda “inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri qaydasında onun həmin qanunsuz qərarını ləğv etmək imkanı mövcud olmuşdur ki, bu halda da həmin qərarla maraqlarına toxunan iddiaçının isə həmin qərarı mübahisləndirmək hüququndan istifadə etmək imkanı yaranırmış olur. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını mahiyyət etibarı ilə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1746/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2541/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2541/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver