Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2541/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti cəlb olunmaqla) «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-568/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehlər Bakı ŞİH-ə və Bakı şəhəri Xətai RİH-ə qarşı «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş 160.000 manat maddi ziyanın (əldən çıxmış faydanın) və 20.000 manat mənəvi ziyanın ödənilməsi» tələbini irəli srərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-568/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin cavabdehin hərəkətlərinin hüquqlarının və şirkətin fəaliyyətinin həyata keçirilməsinə maneə yaratmadığına dair qənaəti ədalətsizdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 3-cü ərazi X4 İdarəsinin "xxxx" MMC-yə (direktor müavini Elman Abbasova) ünvanlanmış 17 dekabr 2021-ci il tarixli məktubu ilə sübut olunur ki, araşdırma zamanı müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmışdır. Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsi, 1a ünvanında Bakı ŞİH tərəfindən aparılan söküntü işləri ilə əlaqədar qeyd olunan ünvanda mövcud yüksəkmərtəbəli yaşayış binasının ətrafının yüngül konstruksiya (dəmir lövhə) ilə hasara alınaraq piyadalar üçün nəzərdə tutulmuş gediş-gəliş yolu məhdudlaşdırılmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 3-cü ərazi X4 İdarəsinin "xxxx" MMC-yə ünvanlanmış 9 fevral 2022-ci il tarixli məktubu ilə sübut olunur ki, araşdırma zamanı məlum olmuşdur ki, Bakı ŞİH-in 2 noyabr 2021-ci il tarixli 0278 saylı sərəncamına əsasən Xətai rayonu, A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri ünvan 2 ünvanda söküntü işləri həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq, qeyd edilən ünvanda mövcud yüksəkmərtəbəli yaşayış binasının ətrafında piyadalar üçün nəzərdə tutulmş gediş-gəliş yolunun açıq vəziyyətdə saxlanılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Xətai RİH rəhbərliyinə 9 fevral 2022-ci il tarixli xx/xx-00737 nömrəli məktub ünvanlanaraq nəzarətdə saxlanılır. Göründüyü kimi, qeyd olunan məktublarla cavabdehin hərəkətlərinin ərazidə məhdudiyyətlər yaratdığı sübut olunmuşdur. Nəticə etibarilə, şirkətin fəaliyyətinə maneələr yaranmış və fəaliyyəti pozulmuşdur. Beləliklə, məhkəmənin qeyd olunan qənaəti qanunsuz və ədalətsiz olmuşdur. Bundan əlavə, məhkəmənin cavabdeh tərəfindən müvafiq qeyri-yaşayış sahəsinin dəyərinin xx.xx.2022-ci il tarixdə İddiaçı müvafiq alqı-satqı müqaviləsi əsasında ödənilməsinə münasibətdə qeyd edirik ki, həmin məbləğ ona iş məhkəmə baxışında olduğu zaman ödənilmiş, həmçinin həmin məbləğ ərazinin dövlət ehtiyacı üçün alınmasının müqabilində ödənilmiş olmaqla, cavabdehi həmin məbləğin ödənilməsinə qədər onun qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərəri ödəmək vəzifəsindən azad etməmişdir. Bundan əlavə, tərəflərindən tələb edilən maddi zərərin əvəzi əldən çıxmış fayda formasında vurulmuş zərərin əvəzi olmuşdur. Yəni məhkəmənin birinci tələbi qanunsuz hesab etməsi, əldən çıxmış fayda tələbinin əsassız olması demək deyildir. Belə ki, məhkəmə birinci tələbi əsassız hesab etməsini cavabdeh tərəfindən ona pul məbləğinin ödənilməsi ilə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Həmin tarixə qədər isə cavabdehin qanunsuz hərəkətləri nəticəsində şirkət əldə etməli olduğu gəlirdən məhrum olmuş, şirkətə əldən çıxmış fayda formasında maddi zərər dəymişdir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətinin müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyətində olan ünvan 4 ünvanındakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsini əvəzsiz istifadə məqsədilə müqavilə əsasında "xxxx" MMM-ə vermişdir. Bakı şəhəri Xətai RİH başçısının 373 nömrəli 12 noyabr 2021-ci il tarixli sərəncamı ilə Bakı ŞİH başçısının 2 noyabr 2021-ci il tarixli 278 nömrəli sərəncamı rəhbər tutularaq, Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi istiqamətində həmin binanın giriş-çıxışında yüngül (metal büzməli) konstruksiya ilə hasarlama aparmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-in hərəkətlərini mübahisələndirərək, həmin hərəkətlərin cavabdeh inzibati orqana qadağan edilməsi və bu hərəkətlər nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Cavabdeh tərəfindən tələbi təmin olunmadıqdan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı ŞİH-ə və Bakı şəhəri Xətai RİH-ə qarşı «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya maneələr yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş 160.000 manat maddi ziyanın (əldən çıxmış faydanın) və 20.000 manat mənəvi ziyanın ödənilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1 a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 1 880.54 kv.m ümumi, 717.67 kv.m əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsinin, bu sahənin giriş çıxışının hasarlanmasının və onun bu sahədən mülkiyyətçi hüquqları ilə istifadə etməyimə maneə yaradan digər qanunsuz hərəkətlərin cavabdehlərə qadağan qadağan edilməsi və cavabdehələrin qanunsuz hərəkətləri nəticəsində bu günədək ona vurulmuş ziyana görə 2.160.000 (iki milyon yüz altmış min) manat əldən çıxmış fayda şəklində maddi ziyanın, 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair ədalətli və qanuni qərar çıxarılması xahiş olunmuşdur. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yükunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə Kollegiya iddia tələbinin həçminin artırılması (iddianın dəyişdirilməsi) ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, məhkəmə haqlı olaraq iddianın dəyişdirilməsi barədə iddiaçının tələbini təmin etməmişdir. Belə ki, iddiaçı yeni tələbində vurulmuş ziyana görə 2.160.000 (iki milyon yüz altmış min) manat əldən çıxmış fayda şəklində maddi ziyanın, 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etsə də, bununla bağlı cavabdehə müraciəti olmamışdır. İş materiallarından iddiaçının cavabdeh orqandan əldən çıxmış fayda olaraq 160.000 manat tələb etdiyi görünür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “.......Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan Plenum qərarından da aydın olduğu kimi, kompensasiyanın ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməzdən öncə, iddiaçı ilk növbədə cavabdeh orqana müraciət edərək kompensasiyanı ondan tələb etməlidir. Tələbi təmin olunmadığı təqdirdə isə Məhkəməyə müraciət edə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəyişdirilməsi (iddianın həcminin artırılması) ilə bağlı iddiaçının ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının məhkəmə tərəfindən icraata qəbul edilmiş və təmin edilməmiş tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: İş materiallarında olan: - İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın (110780145 qeydiyyat nömrəli) surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 880,54 kv.m ümumi, 717,67 kvm əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3217 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İş materiallarında surəti olan “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”dan görünür ki, "xxxx" X3 19 noyabr 1998-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, əvvəlki hüquqi ünvanı – ünvan 5 rayonu, Xəqani küçəsi, ev 23, mənzil 35a-dır, quruma vergi orqanı tərəfindən ********** VÖEN verilmişdir, təsisçisi (100% pay) və qanuni təmsilçisi İddiaçıdur. -İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 278 nömrəli 02 noyabr 2021-ci il tarixli sərəncamı ilə Xətai RİH-in Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə vahid sifarişçi təşkilat təyin olunması, "xxxx" MMC-nin ayrılmış 29.219.000 manat vəsaiti Xətai RİH-in təqdim etdiyi bank hesabına köçürülməsini təmin etməsi qərar alınmışdır. -İş materiallarından görünür ki, Bakı şəhəri Xətai RİH başçısının 373 nömrəli 12 noyabr 2021-ci il tarixli sərəncamı ilə Bakı ŞİH başçısının 2 noyabr 2021-ci il tarixli 278 nömrəli sərəncamı və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə rəhbər tutularaq, Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə müvafiq tərkibdə komissiya yaradılmışdır. İş materiallarından görünür ki, ünvan 7 ünvanlnda yerləşən 880,54 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarəyə verən İddiaçı ilə icarəçi "xxxx" MMM arasında 2 mart 2005-ci il tarixdə “əvəzsiz istifadə müqaviləsi” bağlanmışdır. İş materiallarında olan Xətai RİH-in (Komissiyanın sədrinin) 18 noyabr 2021-ci il tarixli bildirişində aşağıdakılar qeyd olunmuşdur: - Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının qiymətləndirilməsi və abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai RİH başçısının 12 noyabr 2021ci il tarixli 373 nömrəli Sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 gün müddətində hüquqi sənədlərlə komissiyaya müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 3-cü ərazi X4 İdarəsinin "xxxx" MMC-yə (direktor müavini Elman Abbasova) ünvanlanmış 17 dekabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - FHN X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə ünvanlanmış və baxılması üçün X4 Xidmətində qeydiyyata alınmış 2 dekabr 2021-ci il tarixli 37/15165 saylı müraciət araşdırılmışdır. Araşdırma zamanı müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmışdır. Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsi, 1a ünvanında Bakı ŞİH tərəfindən aparılan söküntü işləri ilə əlaqədar qeyd olunan ünvanda mövcud yüksəkmərtəbəli yaşayış binasının ətrafının yüngül konstruksiya (dəmir lövhə) ilə hasara alınaraq piyadalar üçün nəzərdə tutulmuş gediş-gəliş yolu məhdudlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi üçün Xətai RİH rəhbərliyinə 17 dekabr 2021-ci il tarixli xx/xx-05353 saylı məktub ünvanlanaraq icrası nəzarətdə saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 3-cü ərazi X4 İdarəsinin "xxxx" MMC-yə (direktor müavini Elman Abbasova) ünvanlanmış 9 fevral 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - FHN X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə ünvanlanmış və baxılması üçün X4 Xidmətində qeydiyyata alınmış müraciət araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı ŞİH-in 2 noyabr 2021-ci il tarixli 0278 saylı sərəncamına əsasən Xətai rayonu, A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri ünvan 2 ünvanda söküntü işləri həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq, qeyd edilən ünvanda mövcud yüksəkmərtəbəli yaşayış binasının ətrafında piyadalar üçün nəzərdə tutulmş gediş-gəliş yolunun açıq vəziyyətdə saxlanılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Xətai RİH rəhbərliyinə 9 fevral 2022-ci il tarixli xx/xx-00737 nömrəli məktub ünvanlanaraq nəzarətdə saxlanılır. Kollegiya iddiaçının «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi” ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iş məhkəmə icraatında olduğu dövrdə ünvan 4 saylı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən müvafiq qeyri-yaşayış sahəsinin dəyəri xx.xx.2022-ci il tarixdə İddiaçı müvafiq alqı-satqı müqaviləsi əsasında ödənilmişdir. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH-in istifadədə olan obyektin yerləşdiyi binanın ətraf ərazisini yüngül (metal büzməli) konstruksiya ilə hasarlamaqla oraya giriş-çıxışa maneələr yaratmış olsa belə, həmin maneə iddiaçının birbaşa olaraq maraqlarına toxunmur. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi "xxxx" MMM-nin istifadəsində olmuşdur. Qeyd edilənlərdən əlavə nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya iddiaçının tələbinin digər “dəymiş 160.000 manat maddi ziyanın (əldən çıxmış faydanın) və 20.000 manat mənəvi ziyanın ödənilməsi» hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıya dəymiş maddi ziyanın nədən ibarət olması iddiaçı tərəfindən sübuta yetirilə biliməmişdir. Belə ki, iddia tələbinin maddi və mənəvi zərərlə bağlı hissəsi iddia tələbinin ilk hissəsi (cavabdeh tərəfindən ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması) ilə bağlı olduğundan və iddia tələbinin ilk hissəsi əsassız olduğundan, dəymiş zərərlə bağlı iddia tələbidə təmin edilə bilməz. Həmçinin iddiaçının mənəvi zərərlə bağlı ziyanın ödənilməsi hissəsinə münasibətdə əlavə olaraq Kollegiya aşağıdakıları qeyd edir: «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçıya mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı birinci və apellyasiya instansiyalarında aparılan araşdırma zamanı hər hansı əsas müəyyən edilmədiyi kimi, iddiaçı tərəfindən də onun iztirab və sarsıntı keçirməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-568/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2541/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2541/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver