Məhkəmə qərarları › İş №2-1(103)-2541/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2541/2025

17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2541/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçı hərbi xidmətdə olarkən yoluxduğu ağır və sağalmaz xəstəliyə görə ona deymiş maddi zərər 2013-cü ildən 2023-cü ilin hal hazırki vaxtınadək Azərbaycanda minimum aylıq əmək haqqı kimi hesablanmış 26580 manat məbləğində maddi zərərin, müayinələrinin tam aparılmadığından, xəstəliyinin irəliləyərək əlilliyə gətirib çıxarmasını nəzərə alaraq sağlamlığına dəymiş 200000 manat zərərin, psixoloji istirablarına görə 30000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1510/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 10 avqust 1993-cü il tarixdə anadan olmuş, 2011-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsi tərəfidən həqiqi hərbi xidmətə çağırılmışdır. Bundan sonra, Hərbi Tibbi Komissiyasının həkimləri tərəfindən müayinə olunaraq tam sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən olunmuşdur. 2011-2013-cü illərdə Beyləqan rayonunda yerləşən 181 Sayılı Hərbi Hissədə əsgər olaraq hərbi xidmət keçmişdir. Xidmət etdiyi zaman, o dövrlərdə məişət şəraitsizliyi olduğundan əsgərlər şəxsi gigiyena qaydalarına tam riayət edə bilmirdilər. Mütəmadi olaraq sıra baxışı zamanı bölük komandirləri əsgərlərin üz və boyun nahiyəsində qalan tükləri ümumi bir ülgüclə təmizlədirdilər. Məlumdur ki, belə hallar infeksion xəstəliklərin yayılmasında başlıca rol oynayır. Yuxarıda qeyd etdiyi halların nəticəsi olaraq, xidmətə başladığı ilk 3 ay ərzində iddiaçını yüksək hərarət, halsızlıq, ürəkbulanma ilə rayonda yerləşən Hərbi Hospitala, oradan da Bakı şəhəri Baş Hərbi Hospitalına göndərdilər. Hospitaldan göndəriş ilə Sağlam Ailə klinikasında xx.xx.2012 tarixli müayinə zamanı diaqnozunun Hepatit В virusu olduğunu təsdiqlədilər. Hospitalda müalicə həkimləri bu diaqnozla (Hərbi Xidmətə Yararsız) hesab olunmaqla onu tərxis edə biləcəklərini söyləsələr də, sağlamlığına laqeyid yanaşaraq yenidən çətin şəraitli olan Hərbi Hissəyə xidmətini davam etmək üçün göndərdilər. 2013-cü ildə xidmətini tam başa vuraraq həmin Hərbi Hissədən tərxis olunmuş, tərxis olunduqdan sonra sağlamlığının get-gedə pisləşməsi səbəbindən xəstəxanaya müraciət etdikdə, bunun səbəbinin qanında Hepatit В virusu ilə yanaşı X1 (İİV) olması təsdiqləndi. Bakı şəhəri Baş Hərbi Hospitalında qanında Hepatit В ilə yanaşı başqa qan xəstəliklərinin keçmə ehtimalını sıfırlamaq üçün əlavə analizlər təyin edilmədiyindən İİV yoluxduğunu artıq virus orqanizmində böhran vəziyyət yaratdıqda öyrənə bilmişdir, vaxtında aşkar olunmamış İİVdən müalicə olunmadığından virus yükü artaraq sağlamlığında başqa fəsadlar törətməsi nəticəsində 2023-cü ilin noyabr ayında iddiaçıya birinci qrup əlillik təyin edilmişdir. Həqiqi Hərbi Xidmətə gedərkən tam sağlam, əmək qabiliyyətli olmuş, hərbi xidmət dövründə sağalmaz xəstəliyə tutulmuş, həm hərbi xidmətdə olarkən, həmdə hərbi xidmətdən sonrakı dövürdə xəstəliklə mübarizə apardığından əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Həmin ayların hər birində hazırkı minimum əmək haqqı ilə cəmi 26580 manat gəlirdən məhrum olmuş, eyni zamanda keçirdiyi fiziki xəstəliyə görə sağlamlığına 200.000 manat və mənəvi iztirablar nəticəsində ona 30.000 manat məbləğində mənəvi zərər dəymişdir. Xəstəliyə Hərbi Xidmətdə olarkən yoluxduğu üçün ona dəyən zərərin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyi tərəfindən ona məktub ünvanlanaraq, mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilməmişdir.

5. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb olunan tibbi öhdəlik yerinə yetirilməyib. Səhiyyə Nazirliyinin 26 dekabr 2011-ci il tarixli 57 saylı qərarı ilə təsdiqlənmiş "Xroniki hepatitlərin diaqnostikası və müalicəsi üzrə klinik protokol"a əsasən, Hepatit B xəstələrində İİV testi mütləq aparılmalıdır, lakin bu test aparılmamışdır. İİV testinin 2012-ci ildə aparılması halında: virusun erkən mərhələdə aşkarlanması, müalicəyə vaxtında başlanması, virus yükünün azaldılması, immunitetin qorunması və əlilliyə gətirib çıxaran ağırlaşmaların qarşısının alınması mümkün idi. Zərərin qarşısının alına biləcəyi halda hərəkətsizlik varsa, səbəbli əlaqə var. İİV testinin aparılmaması onun şəxsi seçimi deyil, hospitalın xidməti səhlənkarlığıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) tərəflər arasında güc və resurs fərqi çox olduqda (məsələn, bir tərəf dövlət orqanı digər tərəf sadə vətəndaşdırsa), məhkəmə sübutetmə yükünün paylanmasını qiymətləndirərkən ədalət meyarını tətbiq etməlidir. 2015-ci ildə təsadüfən aşkarlanmış İİV infeksiyası, 2023-cü ildə İ qrup əlilliyə səbəb olmuşdur. Bu müddət ərzində virus nəzarətsiz yayılmış, müalicə isə gecikmişdir. Əgər hospital 2012-ci ildə İİV testini aparsaydı, bu zərər yaranmayacaqdı. Əgər hospitalın bu səhlənkarlığı olmasaydı, nəticə (əlillik) baş verməzdi. İddiaçı 2013-cü ildə xidmətini tam başa vuraraq Hərbi Hissədən tərxis olunmuş, tərxis olunduqdan sonra sağlamlığının get-gedə pisləşməsi səbəbindən xəstəxanaya müraciət etdikdə, bunun səbəbinin qanında Hepatit B virusu ilə yanaşı X1 (İİV) olması xəstəxana tərəfindən təsdiqlənməsinə baxmayaraq məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən iddiaçının 2013-cü ildə həqiqi xidmətdən tərxis olunması, məhkəməyə isə iddia ərizəsi ilə xx.xx.2023-cü ildə, yəni 10 il sonra müraciət etməsi, onun ziyanına şərh edilmişdir. Əslində qanunvericiliyimizdə ümumi iddia müddəti on il təşkil edir və həmin müddətdə iddiaçı hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Bakı şəhəri Baş Hərbi Hospitalında tibbi xidmət zamanı tibbi protokollara (Səhiyyə Nazirliyinin 26 dekabr 2011-ci il tarixli 57 saylı qərarı ilə təsdiq olunmuş «Xroniki hepatitlərin diaqnostikası və müalicəsi iizrə klinik protokol») uyğun müayinə və diaqnostika aparılmaması nəticəsində əlilliyinə səbəb olmuş xəstəliyinin (İİV infeksiyası) vaxtında aşkarlanması əngəllənmişdir. Bu da müalicənin gecikməsinə, xəstəliyin ağırlaşmasına və nəticədə onun İ qrup əlillik almasına səbəb olmuşdur, qanında Hepatit B ilə yanaşı başqa qan xəstəliklərinin keçmə ehtimalını sıfırlamaq üçün əlavə analizlər təyin edilmədiyindən İİV yoluxduğunu artıq virus orqanizmində böhran vəziyyət yaratdıqda öyrənə bilmişdir, vaxtında aşkar olunmamış İİV- dən müalicə olunmadığından virus yükü artaraq sağlamlığında başqa fəsadlar törətməsi nəticəsində 2023-ci ilin noyabr ayında iddiaçıya birinci qrup əlillik təyin edilmişdir. Hərbi xidmət keçən şəxslər tibbi müayinədən keçmək məcburiyyətindədirlər və bu müayinələr onların razılığı olmadan həyata keçirilir. Bu müvafiq qanunvericiliklə izah olunub. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarını və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyə edir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Tərəflərin izahatları

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İŞİN HALLARİ:

9. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

10. İddiaçıya məxsus olan AO ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.2011ci ildən xx.xx.2013-cü ilədək hərbi xidmətdə olmuşdur.

11. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 5/1224 nömrəli iddiaçıya ünvanlandığı məktubunda bildirilmişdir ki, təzminat tələbi əlaqədar məhkəməyə müraciət edilməlidir.

12. İddiaçının hazırkı iddia tələbi iddiaçı hərbi xidmətdə olarkən yoluxduğu ağır və sağalmaz xəstəliyə görə ona dəymiş maddi zərər 2013-cü ildən 2023-cü ilin hal hazırki vaxtınadək Azərbaycanda minimum aylıq əmək haqqı kimi hesablanmış 26580 manat məbləğində maddi zərərin, müayinələrinin tam aparılmadığından, xəstəliyinin irəliləyərək əlilliyə gətirib çıxarmasını nəzərə alaraq sağlamlığına dəymiş 200000 manat zərərin, psixoloji istirablarına görə 30000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmətibbi ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 həvalə edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 T 835/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı ilk dəfə xx.xx.2015-ci il tarixdə Respublika QİÇS- lə Mübarizə Mərkəzində İİV-ə görə müayinədən keçərkən İİV müsbət çıxdığından həmin tarixdən İİV 15-230 kodu ilə daimi qeydiyyata götürülmüşdür. İİV-ə yoluxmuş şəxslərdə xəstəliyin latent dövrü, (yəni heç bir kliniki əlamət büruzə vermədən, yanaşı xəstəlik və ağırlaşma müşahidə olunmadan virusun orqanizmdə dövr etməsi) şəxsin immun sisteminin vəziyyətindən, virusun qanda aktivliyindən və səviyyəsindən asılı olaraq, 2 ildən 10 ilədək davam edə bilər. Xəstənin mövcud olan infeksiyaya nə zaman yoluxmasını, xəstəliyin hansı tarixdən başlamasını bu və ya digər laborator müayinə üsulları ilə təyin etmək mümkün olmadığından onun xəstəliyə tutulması vaxtı barədə fikir söyləmək mümkün olmadı.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı 2013-cü ildə həqiqi hərbi xidmətdən tərxis olunmuş, lakin iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni 11 il sonra müraciət etmişdir.

26. Halbuki, yuxarıda da qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən hərbi xidmət zamanı vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi o halda qiyabi (sənədlər üzrə) müəyyən edilir ki, hərbi xidmətkeçmə dövründə alınmış xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən buraxıldığından sonra 3 ay ərzində vətəndaşda əlillik təyin edilmiş olsun.

27. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə-tibbi ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 həvalə edilmişdir.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 T 835/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı ilk dəfə xx.xx.2015-ci il tarixdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə müayinədən keçərkən İİV müsbət çıxdığından həmin tarixdən İİV 15-230 kodu ilə daimi qeydiyyata götürülmüşdür. İİV-ə yoluxmuş şəxslərdə xəstəliyin latent dövrü, (yəni heç bir kliniki əlamət büruzə vermədən, yanaşı xəstəlik və ağırlaşma müşahidə olunmadan virusun orqanizmdə dövr etməsi) şəxsin immun sisteminin vəziyyətindən, virusun qanda aktivliyindən və səviyyəsindən asılı olaraq, 2 ildən 10 ilədək davam edə bilər. Xəstənin mövcud olan infeksiyaya nə zaman yoluxmasını, xəstəliyin hansı tarixdən başlamasını bu və ya digər laborator müayinə üsulları ilə təyin etmək mümkün olmadığından onun xəstəliyə tutulması vaxtı barədə fikir söyləmək mümkün olmadı.

29. Göründüyü kimi, iş üzrə tədqiq olunan iddiaçının təqdim etdiyi sənədlərdən, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırılmalardan iddiaçının istinad etdiyi xəstəliyinin hərbi xidmətdkeçmə dövründə yaranmış xəstəlik olub-olmaması sübuta yetirilməmişdir.

30. Odur ki, qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, hazırki işdə cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən edilmir.

31. Nəzərə alınmalıdır ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin ödənilməsi ilə bağlı maddi hüquq normalarının tətbiq edilməsi üçün 3 zəruri şərt mövcud olmalıdır: birincisi mülki hüquq pozuntusu mövcud olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır.

32. İnzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

35. Göründüyü kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

36. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri (hərəkətsizliyi) və ya qərar qəbul etməsi müəyyən edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apellyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

42. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar