Məhkəmə qərarları › İş №2-1(103)-2542/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2542/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2542/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********8853 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3131/2022 saylı 18 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət qeydiyyatı haqqında VÖEN ********** nömrəli şəhadətnaməyə əsasən İddiaçı MMC AZ1030, ünvan 3 ünvanında qeydiyyatda olmaqla xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9575 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə AZ1118, ünvan 4, obyektin adı Aptek 231 (**********-16088), faəliyyət növü ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211593853 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) 16088 Aptek 231, AZ1118, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 81, 2566/67-ci məhəllə, ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: xx.xx.2021-xx.xx.2021-ci il, yoxlamanın predmeti və hüquqi əsasları: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 50.1.3), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması, Vergi Məcəlləsi maddə 50.2.4. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli DVX seriyalı 006163 nömrəli aktdan görünür ki, İddiaçı MMC ünvan 4 ünvanında yerləşən Aptek 231-də quraşdırılmış **********Pİ0034498 nömrəli AZ Smart Bank markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli **********1 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. xx.xx.2021-ci il tarixdə saat 12:55-də keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən 2 ədəd tibbi maska alındı və 0.40 manat ödəniş olundu. Ödənilmiş məbləğ müqabilində müştəriyə çek təqdim olunmadı. Araşdırma zamanı həmin məbləğin NKA-ya mədaxil olunmadığı aşkar olundu. Yayındırılmış məbləğ saat 13:03-də NKA-ya bərpa olundu. “X” hesabatları və bərpa çeki akta əlavə olunur. Gündəlik “Z” hesabatları saxlanılmır. Nəticədə, İddiaçı MMC barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 388 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Vergi qanunvericiliyinə riayət olunması tövsiyə olundu. Vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi obyektdə olmadığından aktı imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8853 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı MMC (Ünvanı: AZ1030, ünvan 3, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi **********8853 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətin 231 saylı Aptekinin provizoru hesab edilən X5 tərəfindən Cəmiyyətə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən bildirir ki, o, Nizami rayonu, Naxçıvanski küçəsi 81 ünvanda yerləşən iş yerində 26 iyul 2021-ci il tarixdə xidmət başında olarkən müəyyən etdi ki, aptekin kassasında nasazlıq vardır, yəni satılan mallar barədə çekin üzərində məlumatlar əks olunmur. Buna görə də X5 həmin anda “kassa serviz” deyilən müəssisəsinə zəng edərək bildirdi ki, kassa işlək vəziyyətdə deyildir. Bir saat müddətində deyilən müəssisədən nümayəndə gələrək kassaya baxış keçirib, akt tərtib edərək tövsiyə etdi ki, kassaya müdaxilə edilməsin və satılan dərmanların qeydiyyatı qanunla müəyyən edilmiş kitabda aparılsın. Bundan əlavə provizora o da bildirildi ki, kassaya mütəxəssis baxışı lazımdır və kassa təmirə getməlidir. X5 verilən tövsiyəyə ciddi surətdə əməl etdi. Təxminən 2 (iki) saatdan sonra 2 (iki) nəfər aptekə daxil olaraq bildirdilər ki, onlar Vergi İdarəsindən gəliblər, lakin hansı vergi idarəsindən olduqlarını bildirmədilər. Sonra həmin şəxslər vurğuladılar ki, onlar kassada 3 (üç) aylıq dövriyyəni yoxlayacaqlar. X5 onlara bildirdi ki, kassa işləmir, ona görə də yoxlamaya gələn kassa-serviz nümayəndəsi ilə danışsınlar ki, kassanın işləməməsi səbəbindən tam xəbərdar olsunlar. X5 tərəfindən kassa-serviz nümayəndəsinə zəng edildi, lakin həmin iki şəxs nümayəndə ilə danışıb məsələni tam va düzgün aydınlaşdırmaqdan imtina etdilər. Bununla yanaşı, hazırda aptekdə alış-verişin zəif olduğu da X5 tərəfindən onlara ətraflı şəkildə izah edildi. Həmin şəxslər kassaya müdaxilə edərək, satıcı çekini çıxarmaq istədilər, lakin kassada nasazlıq olduğundan tam şəkildə, qanunauyğun tələbdə çek verilmədi. Bir daha yoxlayanlar üçün aydın oldu ki, həqiqətən kassada nasazlıq var. Buna baxmayaraq onlar belə bir fərziyyə də irəli sürdülər ki, guya aptek tərəfindən müştəriyə bilərəkdən satılan dərmanın əvəzinə çek verilməmişdir. Belə bir fərziyyəni irəli sürdükdə, X5 onlardan tələb etdi ki, həmin müştərini gətirib onunla üzləşdirsinlər. Lakin həmin şəxslər heç bir müştəri ilə onu üzləşdirə bilmədilər. Sonra akt tərtib etdilər ki, guya X5 müştəriyə çek təqdim etməmiş və ya satdığı dərman vasitəsi barədə müəyyən edilmiş jurnalda qeydiyyat aparmamışdır. Halbuki, həmin şəxslər əvvəlcə aptekə alıcı kimi daxil olaraq 5 (beş) ədəd, dəyəri 1 (bir) manat olan tibbi maska aldılar və həmin alış-veriş də qanunla ayrılmış jurnalda qeyd edilmişdir. Bu zaman X5 İddiaçı MMC ilə telefon əlaqəsi saxlayaraq, baş verənlər haqqında məlumat verdi və həmin şəxslər də onun telefonuyla Cəmiyyətin rəhbərliyinə bildirdilər ki, əməkdaş 6000 (altı min) manat cərimə olunacaqdır. X5 onlara öz iradlarını bildirdi və tələb etdi ki, onu tərtib edilən aktla tanış etsinlər. Lakin onlar bunu etmədilər. X5 onların adlarını va soyadlarını soruşdu ki, müvafiq orqanlara onlardan şikayət etsin, lakin həmin şəxslər öz adlarını va soyadlarını ona bildirmədilər. X1 dedilər ki, onlar müdriyyətlərinin nəzərinə çatdıracaqlar ki, aptekin dövriyyəsi zəif olduğundan və 3 (üç) aylıq dövriyyə hesablanarkən həmin zəifllik müəyyən edildiyindan cərimə tətbiq edilməsin. X5 da bildirdi ki, onun aptekində bu günə təxminən 8000 (səkkiz min) manatlıq dərman ehtiyatı vardır və ona da uyğun dövriyyə gedir. Onlar sonra bildirdilər ki, 6000 (altı min) manat cərimə tətbiq ediləcəkdir. İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********8853 nömrəli qərar qəbul olunarkən yuxarıda qeyd edilən ciddi hüquqi hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Etibarsız akt nəticəsində qəbul edilən qərar da etibarsız hesab olunduğundan məhkəmə tərəfindən ləğv edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********6575 nömrəli qərarına əsasən İddiaçı MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 12:55-də ünvan 4 aptek 231-də keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış 2 ədəd tibbi maskaya görə 0,40 manat vəsait ödənildi. Ödənilən vəsait müqabilində müştəriyə nəzarət-kassa aparatının çeki təqdim edilmədi. Araşdırma zamanı həmin məbləğin nəzarət-kassa aparatına mədaxil edilmədiyi aşkar edildi. Yayındırılmış məbləğ 13:03-də NKA-ya bərpa edildi. “X” hesabatları və bərpa çeki akta əlavə edildi. Eyni zamanda nəzarət kitabçası təqdim edilməmişdir. Bununla da əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının tələblərinin pozulması faktı aşkar edildi. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 006163 nömrəli akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarətkassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********8853 saylı qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, vergi orqanı əməkdaşları obyektə gələrkən onlar tərəfindən 3 aylıq dövriyyənin yoxlanılacağı bildirilmişdir, eyni zamanda, onlar tərəfindən alınmış 5 ədəd tibbi maskaya görə nəzarətkassa aparatında nasazlıq olduğundan qanunla ayrılmış jurnalda qeydlər aparılmışdır. Qeyd edilən bu iki fikir bir-biri ilə ziddiyət təşkil edir. Bununla yanaşı maliyyə sanksiyası 5 ədəd tibbi maskaya görə deyil, 2 ədəd tibbi maskaya görə NKA-ya vurulmamış çekə münasibətdə tətbiq edilmişdir və bu öz əksini bərpa edilmiş çekdə tapmışdır. İddiaçı MMCnin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin -1(112)-3131/2022 saylı 18 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən tam və obyektiv araşdırılma aparılmamış, bu da əleyhinə olan əsassız və ədalətsiz məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Bununla da aptek tərəfindən heç bir vergi qanunvericiliyinin pozuntusu və pozuntu üzrə də təqsirin mövcud olması sübuta yetirilmədiyindən və vergi qanunvericiliyi üzrə də təqsirin olmasında aradan qaldırılmaz şübhələr olduğundan, onlar vergi ödəyicisi kimi cəmiyyətin xeyrinə şərh olunmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı “İddiaçı MMCnin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8853 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. -7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X11), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarına görə, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY211593853 nömrə ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 006163 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır. İddiaçı mübahisələndirdiyi inzibati aktla bağlı qeyd edir ki, sözügedən aptekdə nəzarət kassa aparatı nasaz olmuş, nasazlıq xx.xx.2021-ci il tarixdə aşkar olunmuş, bu barədə kassa servisinə məlumat verilmiş, servisdən gələn mütəxəssis tərəfindən NKA aparatının təmirə getməli olduğu bildirilmiş, satılan dərmanların qeydiyyat kitabında yazılması tövsiyə olunmuş, bundan 2 saat sonra vergi orqanının əməkdaşları gəlmiş, onlar tərəfindən nasaz kassaya müdaxilə edilmiş və qanunauyğun çek verilməmişdir. Vergi əməkdaşlarının aldığı 5 ədəd dəyəri 1 manat olan tibbi maskanın alındığı nəzarət jurnalında qeyd edilmişdir. Bu barədə məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarının müddəalarını diqqətə çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: -5.1-ci bəndinə görə istismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. -5.2-ci bəndinə görə NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. -5.3-ci bəndinə əsasən proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir: 5.3.1. Operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir; 5.3.2. təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir; 5.3.3. nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKA-nı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir; 5.3.4. nasaz NKA təmir edildikdən sonra Operator tərəfindən vergi ödəyicisinə geri qaytarılır. Ehtiyat NKA-ya quraşdırılmış nəzarət mexanizmi qurğusunda olan məlumatlar Nazirliyə ötürülür. Ehtiyat NKA-nın təmirdən qayıtmış NKA ilə əvəz edilməsi ilə bağlı proseslər aktla rəsmiləşdirilir və bu barədə Nazirliyə məlumat verilir. -8.3-cü bəndinə əsasən istifadəçinin vəzifələri: 8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; 8.3.7. vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Göründüyü kimi, qanunvericilik nəzarət-kassa aparatının saz vəziyyətdə saxlanılmasını, nəzarət kassa aparatında nasazlıq olduğu təqdirdə bu barədə vergi orqanına və operatora dərhal (NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxs) məlumat vermək, eləcə də NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq vəzifəsini müəyyən etmişdir. İddiaçı bu barədə məhkəməyə Azsmart servis aktı və Nəzarət kassa aparatlarının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabının səhifələrindən surətlər təqdim etmişdir. Təqdim edilmiş 2695 nömrəli Azsmart servis aktında sifarişçi İddiaçı MMC, cihazın adı Azsmart Bank, nömrəsi **********P10034498, nasazlıq-şəbəkə problemi, cihazın qəbul edilmə zamanı tam komplektdə, baxış keçirən mühəndis S.Orxan, tarix xx.xx.2021-ci il, təmir edən şəxs Orxan R., tarix xx.xx.2021-ci il qeyd edilmişdir. Eyni zamanda təqdim edilmiş Nəzarət-kassa aparatına texniki xidmət kitabında xx.xx.2021-ci il tarixdə şəbəkə problemi, NKA-nı qəbul etmə tarixi xx.xx.2021-ci il, NKA-nı qəbul edən S.Orxan, təmirdən sonra NKA-nı təhvil vermə tarixi xx.xx.2021-ci il, NKA-nı təhvil verən Orxan R. qeyd edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktda nəzarət-kassa aparatının işləməməsi və ya nasaz olması barədə məlumat, eləcə də xüsusi nömrəsi olan nəzarət kitabçasının təqdim edildiyi barədə qeydlər göstərilməmişdir. Hazırki işdə iddiaçının NKA aparatı nasaz olduğu təqdirdə bu barədə vergi orqanına məlumat verdiyi müəyyən olunmur. Eyni zamanda NKA aparatının xx.xx.2021-ci il tarixdə nasazlıq səbəbindən texniki baxış keçirən operator tərəfindən təhvil alındığı və qanunla 36 saat müddətində təmir edilməsi tələb olunduğu halda operatorun təhvil aldığı kimi qeyd etdiyi xx.xx.2021-ci il tarixdən 5 gün sonra xx.xx.2021-ci il tarixdə təhvil verildiyi qeyd edilmişdir. Bundan əlavə, nəzarət-kassa aparatının xx.xx.2021-ci il tarixdə təhvil alındığı və vergi ödəyicisinin də qeyd etdiyi kimi, həmin tarixdən satış əməliyyatlarının nəzarət kitabçasına yazılmağı tövsiyə edildiyi halda iddiaçının məhkəməyə təqdim etdiyi nəzarət kitabçasının səhifəsində xx.xx.2021, xx.xx.2021-ci il tarixləri üzrə satış barədə hər hansı əməliyyat qeyd edilməmişdir. Kitabın səhifəsində satış qeydləri yalnız xx.xx.2021-ci il tarixdə saat 12:48 radələrində 1 manat dəyərində maska qeydi ilə başlayır, sonrakı əməliyyatlar 13:23, 13:24, 13:27 saatlarda qeyd edilərək sonuncu əməliyyat kimi 20:30 əməliyyatı qeyd edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının NKA nasaz olduğu xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə hər hansı satışın olmaması və ya aptekin həmin vaxtlarda işləməməsi səbəbindən nəzarət kitabçasına qeydlərin edilməməsi ilə bağlı dəlilini vətəndaşların gündəlik dərman məhsulları ilə təchizatını aparan təsərrüfat obyektinin iki gün ərzində işləməməsinin inandırıcı olmaması səbəbindən qəbul etməmişdir. Bu barədə birinci instansiya məhkəməsi hesab etmişdi ki, nəzarət kitabçasında qeydlər məhz xx.xx.2021-ci il tarixdə vergi əməkdaşlarının operativ vergi nəzarətini keçirdiyi (akt saat 12:55-də tərtib edilmiş) saata yaxın bir vaxta (kitaba qeyd saat 12:48 əməliyyatı ilə başlayır) təsadüf etdiyi üçün aptekin iş günü başladığı saatdan gün ərzində saat 12:48 radələrinə kimi işləməməsi və ya həmin saatadək ümumiyyətlə hər hansı satış etməməsi, nəzarət kitabçasının iddiaçının iddia etdiyi kimi vergi əməkdaşlarının aldığı tibbi maska barədə qeydləri ilə başlaması nəzərə alındıqda, vergi ödəyicisi nağd hesablaşmaların NKA aparatının nasaz olması səbəbindən kitaba vaxtında yazılması ilə bağlı vəzifəsini yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində aparatın nasazlığını xx.xx.2021-ci il tarixdə müəyyən etdikdən sonra mütəxəssisin 1 saat ərzində aptekə gəldiyi, sonuncunun həmin aparata baxış keçirdib getdikdən 2 saat sonra vergi əməkdaşlarının aptekə daxil olması ilə bağlı mülahizəsini aparatın nasaz olması barədə xx.xx.2021-ci il tarixli servis aktı və operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2021-ci il tarixi nəzərə aldıqda ziddiyyətli hesab olunur. Bundan əlavə, iddiaçı NKA aparatının nasaz olduğunu və satışın kassaya vurulmasının mümkün olmadığını qeyd etsə də, vergi əməkdaşı tərəfindən 2 ədəd tibbi maskaya görə 0.40 manat vəsaitin 13:03-də NKA-ya bərpa edilməsi barədə bərpa çeki təqdim edilmişdir. Saat 13:03-də isə həmin məbləğ - 0.40 manat NKA-nın fiskal yaddaşına bərpa olunanda bunun həmin gün ərzində 4 nömrəli çeklə vurulduğu, gün ərzində vrurulmuş çeklərin sayının 3 ədəd olduğu müəyyən olunmuşdur. Yəni vergi orqanının tibbi maskaya görə ödənilən 0.40 manat vəsaitin NKA-nın fiskal yaddaşına 13:03-də bərpa olunarkən bu çekin həmin gün ərzində vurulan 4-cü çek olması onu deməyə əsas verir ki, gün ərzində obyektdə ən azından 3 ədəd mal alınmışdır və bu NKA aparatı vasitəsilə təqdim edilmişdir. Belə olan halda müəyyən olunur ki, NKA aparatı işlək vəziyyətdə olmuşdur. İddiaçı iddia ərizəsində vergi orqanının aldığı 1 manatlıq maska satışının nəzarət kitabçasına qeyd edildiyini göstərsə də, həmin qeyd kitabçada saat 12:48 kimi qeyd edilmişdir, halbuki, təqdim olunan bərpa çekində saat 13:03-də 0.40 manatlıq pul vəsaiti fiskal yaddaşa bərpa edilmişdir. Beləliklə, nə malın dəyəri, nə də əməliyyat vaxtı iddiaçının qeyd etdikləri ilə üst-üstə düşməmişdir. Bununla yanaşı, iddiaçı bərpa çeki ilə aptekin özünün təqdim etdiyi çeklərin arasında fərqlərin olduğu, təqdim olunan bərpa çekinin vergi orqanının öz müdaxiləsi nəticəsində çıxdığını qeyd etmiş və bunu onunla izah etmişdir ki, bərpa çekində “tibbi maska” qeyd edilmiş, halbuki, iddiaçının nümunə kimi təqdim etdiyi xx.xx.2021-ci il tarixli çekdə malın adı “tibbi maska” kimi yox, “maska oper” (маска операционная) kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının bu dəlili ilə razılaşmamışdır. Belə ki, vergi orqanının, eləcə də iddiaçının təqdim etdiyi hər iki kassa çekini müqayisə etdikdə müəyyən olunur ki, kassa aparatının modeli Azsmart Bank, kassa aparatının seriya nömrəsi **********P10034498 eynidir. Yəni hər iki çek vergi ödəyicisinin adına qeydiyyata alınmış bir NKA aparatından əldə edilmişdir. NKA çeklərində malın adlarının fərqli olması mümkündür. Belə ki, NKA istifadəçisi təqdim olunan malın adının müəyyən edilməsində sərbəstdir. Məhkəmə bu halda nəzərə alır ki, iddiaçı təqdim etdiyi nəzarət kitabçasında satış kimi təqdim etdiyi malların adlarını rus dilində olan adları ilə qeyd etmiş, eyni zamanda xx.xx.2021-ci il tarixli çekdə də təqdim olunan malın adını rus dilində olan adı ilə daxil etmişdir. Vergi orqanı əməkdaşı bərpa çekini vurarkən yayındırılmış malın adını azərbaycan dilində - tibbi maska olaraq təqdim etməsi məntiqlidir. Başqa sözlə, NKA istifadəçisinin ona uyğun formada - malın adını rus dilində daxil etməsi vergi orqanının NKA aparatına müdaxilə etməsinə və təqdim edilmiş bərpa çekinin mötəbərsizliyi nəticəsinə gəlməyə əsas vermir. Vergi Məcəlləsinin (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş redaksiyası): -16.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.17-ci maddəsinin tətbiqi üçün əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması halının bir dəfə - nağd vəsaitin nəzarət kassa aparatına vurulmaması və çekin təqdim edilməməsinin baş verməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olduğu üçün bu əməlinə görə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verdiyindən vergi orqanı düzgün olaraq onun barəsində 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə inzibati orqan tərəfindən inzibati aktın inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarına riayət olunmaqla qəbul edildiyi müəyyən olunur. Bu baxımdan mübahisələndirilən inzibati aktı qəbul etmiş vergi orqanı həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddiaçının iddiasının əsassız olub rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunur ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3131/2022 saylı 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3131/2022 saylı 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar