Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2542/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “arayışın verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xəsarətə dair travma haqqında arayışın verilməsi üçün müraciətinə cavabdeh N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3457 nömrəli cavab məktubunun qanunsuz hesab edilməsi və N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman xəsarət aldığı barədə travma haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «...hərbi hissədə xidmətdə olarkən hərbi təlimlərdə iştirak zamanı beton dirəyinin qismən aşması nəticəsində sol körpücük sümüyü sınmış, həkimə müraciət etmiş, daha sonra hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, sınıqda düzgün bitişmə getməmiş, müalicə olunmaq üçün AR SQ Baş Klinik hospitalına göndərilmiş, xx.xx.2011-ci il tarixdə cərrahi əməliyyat keçirmişdir. Lakin 10 ildən artıq müddətdə dəfələrlə hərbi hissəyə müraciət etməsinə baxmayaraq ona travma haqqında arayış verilmir...» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə iddia ərizəsinə tam həcmdə baxmadan və araşdırmanı yekunlaşdırmadan yekun nəticəyə gələrək mübahisələndirilən qərardadı qəbul etmişdir. Qərardada görə cavabdeh orqan tərəfindən tələb olunan travma haqqında arayış digər sənədlərə əsasən sübuta yetirildiyinə görə həmin arayışın tələb olunması barədə iddia ərizəsinə baxılması mümkünsüz hesab olunur. Məhkəmənin bu mövqeini qanuni qəbul etmir və hesab edir ki, qərardadın əsaslılığına apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilməsi zəruridir…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş və məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Soltanov məhkəməyə verdiyi izahatında bildirmişdir ki, araşdırma materialları hərbi hissədə 3-5 il saxlanılır, sonra məhv edilir. İddiaçının qulluq etdiyi dövrdən bu yana hərbi hissə dislokasiya yerini N dəfə dyişib. Müvafiq əmrlə arxiv materialları məhv edilib. Tələb olunan sənəd hərbi-həkim komissiyası tərəfindən ona təqdim olunub, iş materiallarında da var. İddiaçı nə istdiyini özü də bilmir. Arayışı nə üçün istədiyini və niyyətini demir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan, yəni, hüquqi marağı olan şəxs tərəfindən inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələblərinə (iddia müddətinə, formasına və s. riayət olunmaqla) riayət edilməklə, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldığı və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdehə qarşı N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman xəsarət aldığı barədə travma haqqında arayışın verilməsi tələbinin məhkəmə icraatını mümkün edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, birincisi, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər sırasında onun xəsarət alması faktının təsdiq edilərək Müdfiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2011ci il ştamp tarixli 161 №-li arayış da təqdim olunmuşdur (i.v.1-2; 33-34). Həmin arayışda isə təsbit olunur ki, iddiaçı «…07.11.10-cu il tarixdə N saylı hərbi hissədə işləyərkən beton dirəyin çiyninə düşməsi nətiəsində travma alaraq sol körpücük sümüyünün sınması nəticəsində hospitalda əməliyyat keçirmiş, Müdafiə Nazirliyinin HHKnın qərarı ilə onun aldığı travma aşaığıdakı kimi şəhadətləndirilmişdir: «Sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (10.01.11) cərrahi əməliyytından sonrakı vəziyyət. Travmadır, hərbi xidmət dövründə alınmışdır…» Göründüyü kimi, aldığı travma barədə hərbi-həkim komissiyasının qərarı ilə iddiaçıya arayış verilmişdir ki, belə olan halda da o, həmin arayışdan və hərbi-həkim komissiyasının qərarından, zərurətdən irəli gələrək öz məqsədləri çərçivəsində, hərbi hissədə qulluq etdiyi dövrdə xəsarət alması faktını təsdiq edən sənəd kimi istənilən vaxt istifadə etmək hüququna malikdir. İkincisi, konkret halda, iddiaçı mübahisəli arayışı əldə etməkdə hüquqi marağının nədən ibarət olduğunu da əsaslandırmamışdır. Halbuki, arayışın kimə və nə üçün verildiyi, nə məqsədlə tərtib edilməsi, sonunda isə hara təqdim olunacağı göstərilməlidir. Üçüncü bir tərəfdən, cavabdehin işə əlavə olunmuş 13 iyun 2023-cü il tarixli Cavabdeh arayışından görünür ki, zədələnmələrin qeydiyyat kitabı (1520 nömrəli xx.xx.2013-cü il tarixli F-7) məhv edilmişdir. Eyni zamanda, hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi izahatında qeyd etmişdir ki, araşdırma materialları hərbi hissədə 3-5 il saxlanılır, sonra məhv edilir. İddiaçının qulluq etdiyi dövrdən bu yana hərbi hissə dislokasiya yerini N dəfə dəyişmiş və müvafiq əmrlə arxiv materialları məhv edilmişdir. Başqa sözlə, hadisədən 14 il keçdikdən sonra, iddiaçıya xəsarət alması barədə araşdırma materiallarının saxılınlmadığı halda, arxiv materialı olmadan, yəni, konkret arxiv sənədinə istinad olunmadan mübahisələndirilən arayışın verilməsi mümkünsüzdür. Beləliklə də, iddiaçının cavabdehə qarşı “xəsarət alması barədə arayışın verilməsi tələbinə dair” iddiasının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından hazrıkı iddianın əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Sözügedən Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən iddia ərizəsinə tam həcmdə baxmadan və araşdırmanı yekunlaşdırmadan əsassız olaraq yekun nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2542/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2542/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver